Xəyalə Zərrabqızı: Bitməyən Savaşın Əbədi Əsgəri… Qənirə xanım

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xəyalə Zərrabqızı

Filologiya üzrə fəlsəfə doktoru

Bitməyən Savaşın Əbədi Əsgəri…

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”


– deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən uca qadın olasan.
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi… Qənirə xanım məhz o insanlardandır…
***
Adamı çətin gündə tanıyarlar… Ölkəmizin həyatındakı ən həlledici məqamlarda müzəffər ordunun ön cəbhədə gördüyü işə mənəvi dayaq kimi arxa cəbhədə əlindən gələni böyük ürəklə, milli qürur və təəssübkeşlik hissi ilə həyata keçirməsi, bu qədər gənc yaşında bir ordunun görə biləcəyi işi mənəvi-ideoloji cəbhədə mətinliklə üstlənməsi və o şərəfli missiyanın öhdəsindən layiqincə gəlməsi Qənirə xanımın fədakar xarakterindən, ləyaqətli vətəndaşlığından və ən əsası İnsanlığından xəbər verir.

Bu gün ölkəmizin həyatındakı ən həlledici məqamlarda bu qədər gənc yaşında Azərbaycanın Haqq səsinə çevrilən və bir ordunun görə biləcəyi işi ideoloji cəbhədə mətinliklə üstlənən Qənirə xanımın yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Qənirə xanım məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən vətəndaş ziyalı…

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir… Və hətta bəzən sevincdən hönkürürəm də…

Qəribədir… heç özüm də bilmədən nədənsə hər dəfə “Su savaşları”nın son kadrlarını izləyəndə Qənirə xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə həmişə belə  assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Qənirə xanım mənim bu dünyadakı ən böyük tapıntımdı…

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Qənirə xanım kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Müharibə ilə, terrorla, pandemiya ilə bizi sınağa çəkən çətin günləri səmimi etiraf edim ki, mən Qənirə xanımın insanların ruhuna məlhəm olan, hüzur dolu səsi, sakitləşdirici intonasiyası, təskinliyi, təmkini – sözün həqiqi mənasında bu möhtəşəm, qənirsiz bir uca Qadının varlığı ilə unuda bildim. Ruhumuza, mənəvi ağrılarımıza varlığı ilə məlhəm olan Adam… Böyük hərflərlə ADAM…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Qənirə xanım öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti ilə ürəklərə gedən o yolu çoxdan fəth edib və peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, sevgisi, vicdanı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlin Doğmasına çevrilib…

Görkəmli yazıçımız Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir. 

Nədənsə, Qənirə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Onun özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim  çatmasa da”,  peşə vicdanı,  mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Qənirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Qənirə xanim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Mən Qənirə xanımı dünyaya gətirən o Müdrik Anamızın qarşısında baş əyirəm!

Yaxşı ki varsınız, Mənəvi Anam kimi, Böyük Bacım kimi, Bilgə bir ziyalı kimi işığını hiss etdiyim Doğma Adam! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Qənirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi  öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Qənirə Paşayeva ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərlim Qənirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı bütün Türk dünyasına doyunca versin!

Savaş bitsə də hələ də ideoloji cəbhədə savaşan və hər daim  qalib olan  Arslan misallı Türk xatunu!… Bitməyən Savaşın Əbədi Əsgəri! Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyi, sonsuz sayğı və sevgilərimlə…

31 may 2021-ci il

Pin It on Pinterest