Genel

Vladimir AQENOSOV

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Vladimir AQENOSOV

RF Əməkdar elm xadimi,

filoloji elmlər doktoru, professor

Azərbaycanjurnalının 1960-cı il 12-ci nömrəsində AnarınKeçən ilin son gecəsivə “Bayram həsrətində” adlı iki hekayələri dərc olunmuşdu. Bu, yazıçının mətbuatda çıxan ilk yazıları idi. Beləliklə, bu il dekabr ayında Anarın ədəbiyyat, teatr, kino, publisistika, mətbuat sahəsində yaradıcılıq fəaliyyətinin 60 ili tamam olur.

         Son illərdə Moskvada Xalq yazıçısının bir neçə kitabı nəşr olunmuşdur. Mötəbər “Qoslitizdat” nəşriyyatı iki cilddə nəsr “Əsərləri”ni, “Vremya” nəşriyyatı “Bez vas” (“Sizsiz”) adıyla eyniadlı sənədli romandan, “Gecə düşüncələri” və esselərindən ibarət kitabını çap etmişdir. Populyar “Biblioteka “Oqonka” seriyasında “Mən, sən, o və telefon” adlı hekayələr kitabı böyük tirajla buraxılmışdır. “Roman-qazeta” seriyasında çap olunmuş “Göz muncuğu” kitabına eyniadlı povest, habelə “Otel otağı” və “Ağ qoç, qara qoç” əsərləri daxil edilmişdir.

          Bu nəşrlər haqqında Moskva mətbuatında rəylər çap edilmişdir. Elə son aylarda “Literaturnaya qazeta”da məşhur rus tənqidçisi Yevgeni Sidorovun “Gecə düşüncələri” barədə məqaləsi, qəzetin başqa nömrəsində “Roman-qazeta”da çıxan povestlər haqqında professor Vladimir Aqenosovun yazısı dərc olunmuşdur. Oxucuları bu mətnlərlə tanış edirik.

Sonsuz qaranlıqda sayrışan işıqlar

Anar. Göz muncuğu. Roman-qəzet-2020

           Demək olmaz ki, Azərbaycanın Xalq yazıçısı Anarın adı rus oxucularına tanış deyil. Anarın məhəbbət haqqında və adi adamların taleləri barədə yazdığı povest və hekayələri hələ sovet illərində Rusiyada məşhur idi.

           Kitabın əvvəlində verilmiş “Otel otağı” povestinin qəhrəmanı Kərim Bakıda Ali məktəb müəllimidir. O, Azərbaycan torpaqlarında iki min il bundan qadaq Qorqudun və böyük Füzulinin mənsub olduqları Bayat qəbiləsinin məskunlaşması haqqında dəlil tapır, türk dilində danışan bu qəbilənin yazısı olduğunu kəşf edir. Kəşfinə əsaslanaraq əvvəllərdə düşünüldüyü kimi türklərin əcdadlarının Şərqdən         Qərbə deyil, Qərbdən Şərqə köçməsi barədə fərziyyə irəli sürür. Belə güman olunur ki, pantürkistlərlə və panislamistlərlə mübarizə uzaq keçmişdə qalmışdır, amma Kərim kimi təvazökar alimi bu gün də susdurur, onun fikirlərini elələri mənimsəyir ki, vaxtilə türk xalqlarının birliyini inkar edirdilər.

              İstanbula qızının cehizi üçün pul qazanmağa gələn Kərimin vaxtilə onu İstanbula dərs deməyə dəvət edən dekan Bəhicə xanımın üzünün necə döndüyünü oxuyanda adamın gözü yaşarır.

             Ömrünün son saatlarında Kərim İstanbul mehmanxanasının miskin odasında həyatla vidalaşanda, xeyir və şər haqqında, Allahın lütfü və həyatın mənası haqqında düşünür.

            “Otel otağı” povestinin son nikbin nöqtəsi isə bir qəzet məlumatı olur: “Kainatın sonsuz qaranlığında istedadlı Azərbaycan alimi Kərim Əsgəroğlunun adını daşıyan səma cismi də bərq vurur”.

            Sonrakı iki povestində Anar postmodernist nəsrinin uğurlarından, türk folklorunun əsatiri poetik obrazlarından istifadə edərək dünya ədəbiyyatının əbədi fiqurlarına da müraciət edir.

           “Ağ qoç, qara qoç” povesti Məlikməmməd haqqında Azərbaycan nağılının süjeti əsasında qurulur. Ağ qoç – xeyirin, qara qoç – şərin rəmzidir. Povestin birinci hissəsi uzaq gələcəkdə Novruz bayramının qeyd olunması barədədir. Telejurnalist və telerejissor Məlik Məmmədli ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda yaşayır. Bu ölkədə əhalinin rifahı Ərəb Əmirliklərini üstələyib. Ölkədə işsizlik yoxdur. Məliyin ailəsi bayramı ayrı-ayrı yerlərdə qeyd etsə də xoşbəxtdir. Məliyin arvadı rəssam kimi Təbrizdə “Koroğlu” operasının tamaşasını hazırlayır. Məlik də bayramla bağlı əhəmiyyətli bir televeriliş hazırlayır: Ağ atlı igid Yanardağdan alışdırdığı məşəllə çapıb Bakıya gəlir və əfsanəvi Qız qalasının zirvəsində alov yandırır. Bütün Azərbaycan boyu odlar alovlandırılır. Meydanda kəndirbazlar, pəhləvanlar, qılıncoynadanlar yarışır. Müfəssəl (bəlkə də rus oxucusu üçün ifrat müfəssəl) şəkildə Bakının məşhur tarixi məkanları və gələcəkdə yaradılacaq obyektləri təsvir olunur: Disneystan, Panteon, Türk muzeyi.

           Birinci hissənin finalı son dərəcə nikbindir:

           “Biz dözdük, yaşadıq, halal zəhmətimizlə işıqlı günlərə çatdıq, rifah içində ömür sürürük. Qoy əsrlərcə belə olsun”.

            İkinci hissənin hadisələri elə həmin vaxt, həmin personajla davam etdirilir. Amma burada qara qoç Məliyi zülmət dünyasına aparır.

         Bakı üç zonaya bölünüb: birinci zona köhnə adını daşıyır: Badi-Kubə, ikincisi Bakı kommunası, üçüncüsü Bakı-siti. Məliyin dağılmış ailəsinin üzvləri – arvadı, oğlu, qızı – hərəsi bir zonaya düşüb. Məliyi isə sehrbaz Erxan hər üç şonaya giriş vəsiqəsilə təmin edir.

           Şəhərin müsəlman zonasında küçələrin adları dəyişdirilib, əlyazmalar xəzinəsi dağıdılıb. Əski ərəb əlifbasıyla yazıb-pozurlar. Məliyin bu zonaya düşmüş arvadı halal zövcəsi sayıla bilməz, çünki şəriətlə kəbin kəsməyiblər. Ana uşaqlarından imtina edib ki, onlar kafirlərin xidmətindədirlər. Məliyin hər addımını güdücü izləyir.

               Bakı kommunasında yazılar kiril əlifbasıyladır. Millət xadimlərinin adlarını daşıyan küçələrin adları dəyişdirilib. Millilik inkar olunur. Məşhur “Dədə Qorqud” dastanı xalqa zidd olan əsər kimi damğalanıb, qədim şairlərin yaradıcılığı qadağan olunub. Kommunanın gizli xəfiyyəsi Proletar Patrulu hər şeyə və hər kəsə göz qoyur. Asiləri həbs düşərgəsinə – adaya yollayırlar.

              Yazıçı baş vermiş hadisələr haqqında danışır: Bakıda vətəndaş müharibəsi, Ermənistanda Atom elektrik stansiyasının partladılması, Mingəçevir bəndinin uçurulması…

             Bakı-siti də belə fantastik və dəhşətli haldadır. Əksəriyyət ingiliscə danışır. Məliyin istəkli qızı çörəyini striptizlə qazanır, musiqini brik-brak əvəz edib. Qəhrəmanın – Məliyin “nə keçmişi, nə gələcəyi, nə evi-eşiyi, nə ailəsə, nə vətəni qalmışdı”.

                Amma Erxan deyir ki, Məlikməmməd ağ qoçun belinə sıçrayıb işıqlı dünyaya çıxdı. Sizin də hələ bu şansınız var. Povestin sonunda Məlik ağ qoça çatmaq, belinə minmək üçün yüyürməyə başlayır.

              Folklora və “Quran”a müraciət son povestdə – “Göz muncuğu”nda daha da qəlizləşir. Povestin bel sütunu şər Allahı Əhriman və xeyir Allahı Hörmüzd haqqında əfsanənin müasir təfsiridir. Əhriman təxəllüsüylə Əhliman həyatda çox əzab-əziyyətlərə məruz qalıb – varlı qonşu oğlu tərəfindən alçaldılması, atası tərəfindən kəmərlə döyülməsi, elmi şura üzvlərinin xəyanəti… Bütün bunlar Əhlimanı qəddarlaşdırır və o, mistik gözdəymə (daha doğrusu, gözə gətirmək) məharətinə malik olduğu üçün onu incidənlərdən qisas alır. Povestin mistik qəribəlikləri çoxdur. Hətta qəbrinin içində də qəhrəman Xeyir və Şər haqqında düşünür. Əhliman Əshabi-Kəhf dağına qalxır. Bu dağ mağarasında yuxuya getmiş səyyahlar əsrlərlə yatdıqdan sonra başqa bir dünyada, başqa bir əyyamda yuxudan ayılırlar. Əhliman ölüb sonra həyata qayıdan Diri Babayla görüşür. Müdrik qoca qəhrəmanı başa salır ki, hər bir insanda həm Əhriman, həm də Hörmüzd var. Povestdə qəhrəmanın taleyinə üzü çapıq çekist də daxil olur və əfsanəvi xalçanı məhv etməyi tapşırır.

              Povestin finalında gecələr Ay rəqsi ifa edən gözəl Aydan sürüşüb eyvandan həyətə yıxılır və məhv olur. Onun həlak olduğu anlarda Diri Babanın bağışladığı Göz muncuğu da divardan yerə düşüb parçalanır. Xəyal qırıqlığına uğramış Əhliman özünü eyvandan həyətə atır. Qəhrəmanın ölümüylə bitən povest yenidən ilk fəsillərə üz tutur – bu fəsillərdə dəfn olunmuş Əhlimanı qəbrindən çıxararaq həyata qaytarırlar. Amma bu kimin həyata qayıtmasıdır, – deyə müəllif soruşur – Hörmüzdün, ya Əhrimanın? Xeyirin, ya Şərin? Ya hər ikisinin… 

              Povestlərin mütaliəsi oxucudan Şərq əfsanələri və Avropa klassiklərindən gətirilən sitatlarla tutuşdurma aparmağı təklif edir. Povestdən povestə möhtəşəm “Kitabi-Dədəm Qorqud” xatırlanır. Böyük Şərq müdriklərilə (Məhəmməd, Budda, Konfutsi, Nizami) bərabər Anar öz yaradıcılığında avropalılara da üz tutur: Monten, Şekspir, Dostoyevski, M.Prust, Freyd, Tomazo Albinyonu və b.).

           Bəzən bu adlar o qədər çoxdur ki, hələ üstəlik, rus oxucusu üçün izahı tələb olunan şərhləri də əlavə etsək – mütaliənin tamlıq təəssüratı pozulur.

            Amma əgər oxucu bu kiçik çətinlikləri dəf edib keçsə, böyük Azərbaycan yazıçısı Anarın keçmiş və yeni yaradıcılığıyla tanışlıqdan böyük zövq alacaqdır.

“Literaturnaya qazeta”,

23-29 sentyabr 2020

Yevgeni SİDOROV

Duyğularla Şərqdə,

düşünclərlə Qərbdə

Anarı oxuyarkən

            Ədəbi altmışıncılardan olan Anar gəncliyinin ideallarına sadiqdir.

            Gecələr tələsmədən onu oxuyarkən kitabdan gözlərimi çəkir və qarşımda füsunkar Bakı bulvarlarının geniş mənzərələri, səmaya ucalmış göydələnlər, küçə reklamlarının əlvan işıqları deyil, vətəninin həyatında dramatik dəyişikliklərin çağdaşı olan tənha mütəfəkkirin obrazı canlanır. Ədəbi altmışıncılardan olan Anar gəncliyinin ideallarına sadiq qalsa da heç bir vaxt bu idealları ilahiləşdirməmiş və kütləvi rəyin günahına batmamışdır.

           Mənim həyatda bəxtim gətirib. Sovet İttifaqı respublikalarından yaşıdlarımın əsərlərini bilir və sevirdim. Qazax Oljas Süleymenov və erməni Qrant Matevosyan, gürcü Otar Çiladze və ukraynalı İvan Draç ancaq kitablarıyla deyil, simaları və davranışlarıyla da içimdə yer tutublar. Anarın da bu sırada layiqli yeri var. O, Azərbaycanın övladı, vətənin nüfuzlu səsi, onun ən dəruni ümidlərinin ifadəçisi, ölkədə və dünyada baş verənlərin diqqətli təhlilçisidir. Onun qəlbində sənətkarla mütəfəkkir bir-birinə tərəf gəlirlər.

            Zəmanəmizin bir çox məşhur yazıçılarının yolu bədii yaradıcılıqdan publisistika və siyasi esseistikaya doğru yönəlib. Elə günlər olur ki, şair döyüşçü olmağa məcburdur – Bayron, Petefi, Mayakovski kimi. Mən miqyasları müqayisə etmirəm, ümumi həyata və onun ayrıclarına aparan yolu nəzərdə tuturam. Anar bu yolda qəlbini tam açır. O, başqalarını agah etmək üçün deyil, qəlbində yaşayan əbədi bir kəlamı təsdiq edir: “Beləyəm və ayrı cür ola bilmirəm”.

            Söhbət, ələxüsus, onun gündəlik fikirlərinin etirafnaməsi olan “Gecə düşüncələri”ndən gedir.

            Oxuyuram və müəlliflə mübahisə edirəm, bəzən onun qəti fikirləriylə razılaşmıram, ələlxüsus da ayrı-ayrı milli xarakterləri və dünyanı səciyyələndirməsilə. Ən çox tənələr ermənilərə və ruslara düşür. Əzizim Anar, höcətə düşüb xalqla hakimiyyəti eyniləşdirmək olmaz axı… Mədəniyyətə və siyasətə eyni gözlə baxmaq da düz deyil. Amma insafən deyim ki, Anar özününkülərə qarşı da amansızdır. Fikirlərində yetərincə azaddır və hər hansı siyasi, ya digər konyunkturaya rəğmən düşündüklərini redaktə etmədən deyir. Və yəqin, onu da dərk edir ki, bu azadlıq və sərbəstlik həmin o imperiya “Ali Sovetinə” görə baş verdi, o Ali Sovetdə azərbaycanlı Anar rus Qorbaçovla bir yerdə iştirak edirdilər.

           Amma qələmi mübahisə üçün almamışam əlimə. Anarın yazdıqlarının çoxunu mən qanımla, canımla duyuram, sanki o, mənim öz düşüncələrimə qardaşcasına uyğundur. Anar üçün altmışıncılar ictimai ümidlər və vətəndaş nikbinliyinin təkrarsız dövrü kimi son dərəcə vacibdir. O yazır: “Kim nə deyir desin, mən qəti əminəm ki, altmışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi”.

           Sonra ətrafına boylanaraq yazıçı ağrılı bir rişxəndlə əlavə edir: “Bizimlə bizdən sonra gələn nəsil arasında fərq ondadır ki, bizim deyəsi sözümüz çoxdu, amma bunları deməyə imkanlarımız yoxdu, indiki nəsillərin düşündüklərini deməyə yeri də, imkanı da var. Amma, görünür, deməyə sözləri yoxdur”.

           Bu sözləri yalnız nəsil həmrəyliyi və öz gəncliyinə həsrət ifadəsi kimi qəbul etməyək. Bu hisslər həmişə haqlıdır. Anarla həmyaşıq, o, öz ölkəsinin ədəbiyyatından yazır, amma məgər bizim evimizdə məsələ başqa cürdür? “Öz nəslimə kədərlə baxıram” deyənlərin vətəndaş ağrısı bizim indi dəbdə olan bəzi nasir və şairlərimizin heç yuxusuna da girməzdi. Çünkü onlar üçün praqmatiklik və sərbəst quraşdırmaq məharəti çox vaxt rəsmi yalanların və gündəlik bayağılığın üzücü girdabında çapalayan müasir insanın taleyini kölgədə qoyur.

           Həqiqətən də poeziyanın vacibliyi yalnız şeirə ehtiyacdan doğmur, bu həm də mənəvi tələbatdır. Elə bilirəm Anar mənimlə razılaşar. Postsovet məkanının ağır böhranı əsas etibarilə şəxsiyyətə qarşı yönəlib. Ədəbiyyat və sənət tədricən satdıq mala çevrilir, sənətkar isə dəllala. Poeziyanın ömrü birtəhər gün keçirmək olur. Söhbət bax bundan gedir. Geniş anlamda sənət barədə. İtirilmiş ideal haqqında, O ideal ki, insanın da, millətin də tərəqqisi üçün ümdədir. Kommunist imperiyasını darmadağın edərək, çoxmillətli mədəniyyət quruculuğunun təcrübəsini itirərək biz əxlaqi çərçivələri, görünməyən azadlığı, bir tərəfdən də dirçələn stalinizmi (insan sifətli stalinizmi?) əldə etdik. Azadlıq da get-gedə daralır. Rusiyada və ətrafında müxtəlif çeşidli avtoritar rejimlər totalitar ünsürlərdən də xali deyillər. Yerli, qeyri-sivil bazar yalnız peyvənd quruluşa deyil, həm də daha əvvəlki dövrlərə, hətta kapitalizmdən öncəki əyyamlara – tayfaçılıq və ictimai bərabərsizlik əyyamına aparır.

             Bəs ölkədə və dünyada baş verənlərlə qayğılanmış namuslu yaşıçı Anar neyləməlidir? Onun səsini eşidir, sözünə inanırlar. O, məşhur nasir, dramaturq, siyasi və ictimai xadimdir. O Sov.İKP-nin sabiq üzvü mənəvi dayağı milli mədəniyyətin dərinliklərində axtarır. Allah haqqında düşünür. Dindarlığını məbəddə şam qoymaqla nümayiş etdirmək üçün yox, dünyəvi mütəfəkkir və ədəbiyyat adamı kimi. İslam, xristianlıq, iudaizm – Anar bu dinlərin tarixinə və təcrübəsinə nəzər salır, zen-buddizmə maraq göstərir, müqəddəs kitabları vərəqləyir və nəticədə mənə elə gəlir ki, humanizm və demokratiya dəyərlərinə tapınır.

           Xisləti etibarilə Anar estet, melomandır. Kübar şəhərlidir, bütün varlığıyla utopik zəminçilik dünyaduyumundan uzaqdır. Müəyyən postsovet dairələrində dəbdə olan xəlqi millətçilik ona yaddır. Bu barədə özü qəti fikir söyləyir: “Mən Şərq insanı kimi duymaq və Qərb insanı kimi düşünmək istəyirəm”. Burda “və” bağlayıcısı çox önəmlidir, çünki o, bu iki anlayışı ayırmır, tam şəkildə birləşdirir.

          “Nəyə görə mən bu cahillər qarşısında öz vətənpərvərliyim haqqında hesabat verməliyəm? Nədir, onlar bədbəxt vətənimizi məndən çox istəyirlər, onun yolunda məndən çox iş görüblər?”. Onu da əlavə edir ki, “populist millətçilik – lümpenlərin ziyalılarla haqq-hesab çəkməyin ən asan vasitəsidir”.

        Sərt deyilsə də mahiyyət etibarilə doğrudur.

Rus dilini kamil bilən Anar ikidilli yazıçı olmaq istəmir. Pyeslərini və nəsrini Azərbaycan dilində yazır, yalnız esseistikasında rus dilinə müraciət edir ki, bu da onun oxucu dairəsini xeyli genişləndirir.

              Öz təcrübəsinə isnad edərək yazır ki, bir vaxt kənd nəsrini milli ədəbiyyatın etalonu sayırdılar, istər-istəməz onu “şəhər” ədəbiyyatına qarşı qoyurdular. Amma şəhər ədəbiyyatının ən parlaq örnəkləri nə vicdanlılıq baxımından, nə bədii dəyərlərilə kənd nəsrindən geri qalmırdı.

           Anar yerində Yuri Trifonovu xatırlayır, çünki bu müəllif ona yazıçı xarakterilə yaxındır.

        Düşüncələrində dəmir məntiq aramaq lazım deyil, bəzən onlar ani hisslərin nəticəsində meydana çıxır. Detallarda Anar ziddiyyətli ola bilər, amma düşüncələrinin əsas məğzində möhkəm və sabit, dəyişməzdir. Bəzən onun ifadələri moizə səciyyəsi alır: “Mən xalqlar arasında binədəngəlmə, fatal düşmənçiliyə inanmıram. Xalqların, insanların, siniflərin, dinlərin bir-birinə qənim kəsilməsinə inanmıram. Buna görə də ədəbiyyatın məqsədi insanlara onlar kimi başqa insanlar haqqında, başqa siniflər, xalqlar, dinlər haqqında danışmaqdır. Axı onlar da Allahın məxluqlarıdır. Ədəbiyyat anlamağa çağırışdır”.

          Fikir də, sözlər də yeni deyil, burda mübahisə etməli bir şey də yoxdur, amma yazıçıyla oxucu arasında bu anlaşmaya nail olmaq necə də çətindir. Bu işdə dərrakə, savad, bilik, istedad azdır, burda vacib insanın duyğularıdır, qəlbidir. Buna görə də Anarın sentimentalizm haqqında sözləri mənə yaxındır. Sentimentallıq sözünün bayağılaşdırılmış anlamında deyil ilkin, duyğusallıq mənasında.

            Duyğularsız, emosiyalarsız ədəbiyyat oxucuyla birbaşa və dərin əlaqəsini qeyb edir. Bu, ümumiyyətlə, sənətə də aiddir. Tamaşa salonunda əyləşərkən, ya müasir romanı mütaliə edərkən biz sevinmirik, kədərlənmirik, ağlamırıq və gülmürüksə, belə əsərlərin təsiri bir qara qəpikdir. Oyun nə qədər desəz, amma ürəyi heç nə titrətmir.

            Bir də o barədə düşünürsən ki, doxsanıncı illərin ortalarında yeni əsaslarla, “böyük” və “kiçik” qardaşlar olmadan, Birlik ölkələri arasında mədəni əlaqələr uğurla inkişaf etməyə başladı. Ədəbi tərcümələr bərpa olundu, Moskvada və Sankt-Peterburqda, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan, Belarus günləri təmtəraqsız keçirildi, Rusiya incəsənət xadimlərini Azərbaycanda və Gürcüstanda qəbul etdilər. İyirmi beş il keçdi, Anar, bəs bütün bunlar harda itib-batdı? Bağışla, İlahi, harda qaldı “xalqlar dostluğu”? Bunda biz də səninlə bir az günahkar deyilikmi? Məgər biz faktik olaraq mübarizədən kənara çəkilmədik, mövqelərimizi təhvil vermədik, müxtəlif hücrələrə çəkilib öz içimizə qapılmadıqmı? Bəli, əziz dostum, sən özün də bu barədə düşünürsən.

             Mədəniyyət siyasətdən üstündür, çünki gündəlik yox, əbədi dəyərlərə əsaslanır. Mədəniyyətin hədəfi insandır, onun dünyasıdır, taleyidir və onun xalqının taleyidir. Siyasət yanıla da bilər. Həqiqi humanist mədəniyyət heç vaxt yanılmır.

           Bizim Turgenev kimi, Anar da 2015-ci ildə yazır: Dünyanı başına götürmüş ədalətsizlik barədə düşünəndə, mən böyük rus ədəbiyyatına ümidlə müraciət edirəm. Tez-tez təkrar edilən düstura inanmıram ki, “Rus ədəbiyyatının gələcəcəyi-onun keçmişidir”.

           Mən də rus ədəbi Sözünün ləyaqətli gələcəyinə inanıram, dünya haqqında və öz ölkəsi haqqında səmimi rus düşüncəsinə inanıram.

        Amma bunun üçün böyük dövlətçilik iddiasından əl çəkmək lazımdır, yalançı telepatriotlıqdan imtina etmək gərəkdir. Hər addımda xarici düşmən axtarmamalıyıq. Ancaq azad, demokratik ölkələr ailəsinə daxil olan Rusiya və onun mədəniyyəti qəddini düzəldəcək və ümumdünya tarixinə qayıdacaqdır.

“Literaturnaya qazeta”,

27 may-2 iyun 2020

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest