Vilayət QULİYEV: Bəkir Çobanzadə macar mətbuatında
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Vilayət QULİYEV
Bəkir Çobanzadə macar mətbuatında
XX əsrdə Azərbaycanda humanitar elm sahəsinin görkəmli simalarından olan professor Bəkir Vahab oğlu Çobanzadə (1893-1937) böyük ənənələrə malik macar türkologiya məktəbinin yetirməsi idi.
Ən başlıcası isə XX yüzilliyin əvvəllərində Avropanın mühüm elm və mədəniyyət mərkəzlərindən biri sayılan Budapeştdə tək elmi deyil, həm də böyük həyat universiteti keçmişdi. Macarıstan paytaxtında yaşadığı beş ilə yaxın müddət ərzində bir tərəfdən Avropa tipli ali təhsil, digər tərəfdən isə daimi özünü təkmilləşdirmə yolu ilə müasir düşüncəyə və siyasi biliklərə yiyələnmişdi. Qərblə Şərqi öz şəxsində sintez etmiş insan kimi yetişməyi, yeni təfəkkür sahibi olmağı bacarmışdı. Fərqli coğrafiya, intellektual mühit, demokratik ab-hava onun mədəni-mənəvi, habelə siyasi baxımdan püxtələşməsinə əhəmiyyətli təsir göstərmişdi. Məhz elmi çevrənin təsiri ilə mənsub olduğu Krım tatarlarının, bütünlükdə türk xalqlarının tarixi keçmişinə, çağdaş həyatına və gələcəyinə marağı stimullaşmışdı.
Macarcanın bütün çətinliyinə baxmayaraq (təbii daşıyıcıları yumor qarışıq qürur hissi ilə öz dillərini “sirli şifrə” adlandırırlar – V.Q.), onu bir neçə ay ərzində universitet mühazirələrini dinləmək səviyyəsində mənimsəyə bilmişdi. Qeyri-adi istedadı, inadı, zəhmətə qatlaşmaq bacarığı sayəsində çoxəsrlik macar tarixini, ədəbiyyat və mədəniyyətini ölkənin irəli gələn insanları, onun öz bağrından qopan yetirmələri qədər dərindən öyrənmək fürsətini də əldən qaçırmamışdı. Təbii ki, bütün bunlar asanlıqla başa gəlməmişdi. Budapeştə gəlişinin ikinci ilində istanbullu dostu Həmdi Atamana məktubunda təhsil həyatının ilk günündən özünə necə yüksək tələbkarlıqla yanaşmasından söz açaraq yazırdı:
“İlin sonunda müdhiş imtahanlarım var. Fövqəladə bir qeyrətlə çalışmağım lazımdır. Macarıstanda doğulan və 12 il macar dilində oxuyan, öyrənən macarlarla bərabər macar ədəbiyyatından, tarixindən imtahan verməliyəm. Müvəffəq olduğum təqdirdə məni böyük şərəf və etibar, başarısızlığa uğradığım təqdirdə isə səfehlik tənəsi və xəcalət təri gözləyir. İndiyə qədər bütün qeyrətim macar dilini bacardığım qədər mükəmməl öyrənməyə sərf olundu. Artıq dil məsələsində başqalarından o qədər də fərqlənmirəm. Bəzən qüvvəm tükənsə də, inadım və arzularım tükənmir”
Şübhəsiz, fərdləri və toplumları yaxınlaşdırmağın, təmas qurmağın ən sınanmış yolu dil bilgisidir. Aydın məsələdir ki, Bəkir Çobanzadə xüsusi bir inadla təhsil almaq üçün gəldiyi ölkənin dilinə yiyələnməsəydi, uğurlarının çoxu əlçatmaz olardı. Macarcasının səlisliyini isə dilin təbii daşıyıcıları da etiraf edirdilər. Məsələn, aparıcı macar qəzetlərindən birinin – “Budapeşti Hirlap”ın müxbiri Gyula Pekar 16 mart 1918-ci il tarixli sayda yazırdı: “Qarasubazardan (Krım) olan gənc şair Bəkir Sidqi Odessadakı rus və Konstantinopoldakı türk universitetini bitirdikdən sonra əvvəlcə Eötvöş kollecinin tələbəsi olmuş, indi isə Budapeşt universitetini başa vurmaqdadur. O, macarca Peştin yoxsul məhəllələrindəki yerli sakinlərin çoxundan daha yaxşı danışır”.
Başlanğıc mərhələdən uğurlu həllini tapan dil amili Bəkir Çobanzadənin qarşısında türk və macar xalqları arasında daha sıx münasibətlər yaratmaq üçün ölkə mətbuatından yararlanmaq imkanı açmışdı. Tələbə gəncin ciddi mətləblərlə bağlı məqalələrini həm Budapeşt, həm də İstanbul və Krım ziyalıları, ictimai-siyasi xadimləri eyni dərəcədə maraqla qarşılayırdılar.
Təəssüf ki, Bəkir Çobanzadənin türkoloq və ədəbiyyatşünas, siyasətçi və publisist kimi macar mətbuatında dərc olunan yazıları barəsində indiyə qədər dəqiq məlumat və səhih bilgilər mövcud deyil. Ümumiyyətlə, belə mübhəmlik aurası alimin bütün həyat yolu və şəxsiyyəti üçün səciyyəvidir. Bu baxımdan onu “əfsanələrə bürünmüş adam” adlandıran ukraynalı tədqiqatçı, professor D. P.Ursunun fikri ilə qeyd-şərtsiz razılaşmaq mümkündür. Alim “Bəkir Çobanzadə. Həyatı. Taleyi. Dövrü” adlı qiymətli monoqrafiyasında (Simferopol, 2013, ikinci nəşr) yazır: “Bəkir Çobanzadənin adı ilə bağlı mif və əfsanələrin keçmişdə qaldığını düşünmək böyük və yersiz nikbinlik olardı. Yox, elmi cəhətdən məhsuldar və faydalı adlandırılması heç cür mümkün olmayan bu ənənə günümüzdə də yaşayır. Məsələn, diribaş bir publisist lap bu günlərdə artıq dəqiq elmi araşdırmalar nəticəsində çoxdan rədd edilmiş bir uydurmanı yenidən təkrarlayır: guya Birinci Dünya müharibəsi zamanı Çobanzadə avstriyalılara əsir düşmüş, sonra da hansı sehrli yollarlasa Budapeşt universitetinin tələbəsinə çevrilmişdi. Başqa bir mif də ortalıqda dolaşmaqda davam edir: guya o, SSRİ EA-nın müxbir üzvü seçilib. Tanınmış jurnalist özünün məzmunlu siyasi məqaləsində sanki sözarası ortaya belə bir xəbər buraxır ki, guya Çobanzadə məşhur Zincirli mədrəsə qəbiristanlığında İsmayıl Qaspralı ilə yanbayan dəfn olunub. Doğrudur, orada həqiqətən də bir görkəmli Krım-tatar vətənpərvəri uyuyur. Lakin onun adı Bəkir Çobanzadə deyil, Əhməd Özənbaşlıdır”.
Bu cür “mif yaradıcılığı” digər müəlliflər kimi Bəkir Çobanzadə haqqında bir sıra dəyərli araşdırmaların müəllifi olan Krım-tatar tədqiqatçısı Səftər Naqayevin yazıları və elmi yanaşma tərzi üçün də eyni dərəcədə səciyyəvidir. İlk dəfə böyük həmvətəninin əsərlərinin tam biblioqrafiyasını hazırlayan Səftər Naqayev Budapeştdəki təhsil illərində onun “Rusiya tatarlarının mədəni həyatlarının inkişafı” (1915), “Türk ədəbiyyatında yeni istiqamətlər” (1916), “Türk-tatar dillərində jurnalistikanın inkişafının əsas dövrləri” (1918) adlı kitab və broşüralar yazdığını iddia edir. Lakin iddialarını irəli sürərkən bir sıra prinsipial sualları cavabsız buraxır- bu yazılar hansı dildə qələmə alınmışdı? Hansı mətbu orqanlarda çap olunmuşdu? Digər mənbələrdə bu barədə məlumatlara təsadüf edilirmi? Əlyazmaları, yaxud çap nüsxələri qalıbmı? Əgər tədqiqatçı onları görməyibsə, mövcudluqlarından hansı əsasla danışır? Və s. və i.a…
Bəri başdan qeyd edim ki, Səftər Naqayevin biblioqrafiasında istər xronoloji, istərsə də faktiki baxımdan bir sıra ciddi yanlışlıqlara yol verilib. Türk, macar, Ukrayna və polyak türkoloqlarının son araşdırmalarından bəlli olduğu kimi, Bəkir Çobanzadə Macarıstan paytaxtına 1915-ci ilin sonlarında gəlmiş, universitetdə təhsil həyatına isə növbəti ilin oktyabr ayında başlamışdı. Amma Səftər Naqayevin yazdığından belə çıxır ki, o, hələ İstanbulda olarkən macar mətbuatında əsərlər çap etdirib. Təbii ki, bu, mümkün olan iş deyildi. Biblioqrafiyada adı çəkilən ilk yazıya bir qədər sonra qayıdacağam. Digər iki “əsərə” gəldikdə isə uydurma çap ilinə baxmayaraq, nəşr yeri və dilinin göstərilməməsi onların konkret mövcudluğundan daha çox fantaziya məhsulu olduğunu söyləməyə əsas verir.
Amma bir məsələ var ki, bəzi irreal versiyaların meydana çıxmasında Bəkir Çobanzadənin özünün də “xidməti” olmuşdu. Çünki həyatının faciəli sonluğundan iki il əvvəl yazdığı tərcümeyi-halında 1911-ci ildə İstanbulda “Gənc tatar yazıçılarının əsərləri” kitabçasının çapdan çıxdığını, 1915-1916-cı illərdə isə Budapeştdə ədəbiyyat və dilçiliyə dair elmi etüdlər nəşr etdirdiyini göstərmişdi.
Çox güman ki, İstanbulda Krım tatarları Cəmiyyətinin yardımı ilə belə bir məqalə, yaxud broşüranın çapı baş tuta bilərdi. Lakin eyni sözləri heç bir vəchlə 1915-1916-cı illərin Budapeşti haqqında demək mümkün deyildir.
Yaxud başqa bir məqam. Bəkir Çobanzadə yalnız elmi-publisist deyil, naşirlik və redaktorluq fəaliyyətinin də Budapeştdə başladığını əsas gətirərək 1931-ci ilə aid “Elmi işçilərin siyahıyaalma anketi”ndə 1919-cu ildə “üç ay Macarıstan sovet hakimiyyətinin türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olduğunu göstərmişdi. “Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik” (Simferopol, 1929) broşürasında isə yazırdı: “Macarıstan Sovet Respublikası dövründə mən macar kommunasının orqanı “Şərq” qəzetini redaktə edirdim. III Beynəlmiləl dəstələrinin (Hansı dəstələrin? Çox güman, Budapeştdə təhsil alan Anadolu türkləri və Krım tatarlarından ibarət tələbə gənclər topluluğu nəzərdə tutulur – V.Q.) siyasi rəhbərlərindən və təşkilatçılarından idim. Eyni zamanda, Macarıstanda milli azlıqların “Lenin evi” adlı Şərq bölməsinin rəhbərliyini həyata keçirirdim”.
Görkəmli Krım-tatar alimi haqda hələlik son və şübhəsiz, daha mükəmməl tədqiqat əsərlərindən birinin – “Bəkir Çobanzadə. Həyatı. Taleyi. Dövrü” kitabının (Simferopol, 2013) müəllifi professor D.P.Ursu yuxarıdakı məlumatı şübhə altına alır. Onu həmin dövrdə təzyiqlərə məruz qalan, millətçilikdə ittiham olunan Bəkir Çobanzadənin kommunist idealları ilə daha əskidən bağlılığını göstərmək, özünü duruya çıxarmaq məqsədi ilə dövriyyəyə buraxdığını ehtimal edir.
Macar türkologiya məktəbinin yetirməsi olan polyak alimi, professor Henrix Yankovski də “Bəkir Çobanzadənin Macarıstandakı həyat və fəaliyyəti haqda qeydlər” məqaləsində (Acta Orientalia Academiae Scientiarum Hungaricae, c.XLVII, 1994, s.129-141) Macarıstanda belə mətbu orqanın mövcudluğu fikrini qətiyyətlə rədd edir. Ölkə arxivlərində və kitabxanalarında “Orient” qəzeti ilə bağlı apardığı axtarışların heç bir nəticə vermədiyini bildirir.
Lakin macar turançılarının “Turan” dərgisində çap edilmiş “Turan” cəmiyyətinin maarifçilik fəaliyyətinə dair” adlı material (1921, say 1, s. 67-71) həm D.P.Ursunun, həm də H.Yankovskinin şübhələrində haqlı olmadıqlarını, ən azı ittihamlarının tam əsaslandırılmadığını söyləməyə əsas verir.
Məsələ belədir ki, uğursuz vəkil və siyasi avantürist Bela Kunun rəhbərliyi altında Rusiyanın ardınca Macarıstanda da qısa ömürlü sovet respublikasının elan olunduğu 1919-cu ildə ölkədə Turan cəmiyyətinin xətti ilə gəlmiş 150 nəfərə yaxın türk tələbə təhsil alırdı. Bəzi qaynaqlar 30 nəfərə yaxın Krım tatarının da onların sıralarına qoşulduğunu göstərir. “Macar inqilabının” beynəlmiləl xarakterini sübuta yetirmək üçün türk-tatar gənclərinin yeni hakimiyyətlə, “sovet orqanları” ilə əməkdaşlığı görüntüsünü yaratmaq vacib idi. Bu həm də macar və rus sovet quruluşlarını biri-biri ilə yaxınlaşdıran bağ, digər tərəfdən isə türk-tatarlarınhər iki sosialist ölkəsində inqilabın tərəfində olduqlarını göstərən etnik-siyasi bir dəlil kimi mənalandırıla bilərdi.
Hadisələrin şahidi yazırdı: “Macar Sovet Respublikasının Xarici Əlaqələr Bürosunun təşəbbüsü ilə Şərq Sosialist Partiyası quruldu və sıralarını bizim türk tələbələrlə doldurmaq istədilər. Ölkələrindən, ata-analarından uzun müddətdən bəri beş quruş almayan gənclər üçün Xarici Əlaqələr Bürosunun verdiyi 300-400 kron vəsait ələdüşməz fürsət idi. Beləliklə, onların bir qismi sözdə partiyaya üzv oldu. Amma 2-3 nəfəri çıxmaq şərti ilə öyrəncilərimiz bu oyuna getmədilər. Demaqoq şüarlara rəğmən bizimlə (turançılar nəzərdə tutulur – V.Q.) əlaqəni kəsmədilər və yanımıza gəlib atdıqları hər addımı müzakirə elədilər. Partiya “Kelet” (“Şərq”) adı ilə türkcə bir dərgi çap edirdi. Amma dərgi də eynən partiya kimi yetərincə maraq doğurmadığından yavaş-yavaş meydandan çəkildi”
Göründüyü kimi, H.Yankovskinin “Orient”, D.P.Ursunun “Vostok” adı altında axtardıqları və mövcudluğuna şübhə ilə yanaşdıqları nəşr macar dilində eyni mənanı bildirən “Kelet”-“Şərq” adı ilə çıxmışdı. Doğrudur, bu məsələdə fikirlər haçalanır: Bəkir Çobanzadə qəzetin “Şərq”, “Turan” dərgisinin naməlum müəllifi isə “Kelet” adlandığını iddia edirlər. Təbii ki, türkcə qəzet “Kelet” adını daşıya bilməzdi. Amma hər iki adın sərlövhəyə paralel çıxarılması mümkün idi. XX əsrin əvvəllərindəki Azərbaycan mətbuatında bu nümunəyə təsadüf edilir. Təəssüf ki, “Şərq” -“Kelet”in hələlik heç bir sayı aşkara çıxarılmadığından Bəkir Çobanzadənin oradakı iştirak səviyyəsi haqda nə isə demək çətindir.
Professor Ursunun fikrincə, tərcümeyi-halda xatırladılan başqa bir inqilabi qurumun -“Lenin haza”, yəni “Lenin evinin” mövcudluğu da heç bir sənədlə təsdiq olunmur. “Turan”dakı məqalə isə bu məsələdə də Çobanzadəni haqlı çıxarır. Orada deyilir: “Proletar diktaturası adlanan dövrdə işlərimiz (sağ mühafizəkar mövqedə dayanan turançılar nəzərdə tutulur -V.Q.) daha da çətinləşdi. Dərnəyimiz Parlament binasında yerləşirdi. Qırmızılar bizi bayıra atdılar. Yerimizi “Lenin gənclərinin” məşğul olduğu otaqlar kimi istifadə eləməyə başladılar”.
Əgər Bəkir Çobanzadə həqiqətən də qısa ömürlü “Kelet” – “Şərq” qəzetinin redaktoru və “Lenin evi”nin rəhbəri vəzifələrində çalışmışdısa (ideoloji təqiblərin gücləndiyi, sovet çekistlərinin əlində dəqiq məlumat olmadığı şəraitdə “kommunist keçmişini zənginləşdirmək” üçün özünü çox asanlıqla bəlkə də yalnız kənardan müşahidə etdiyi proseslərin mərkəzi simasına çevirə də bilərdi!), deməli 1919-cu ildə onun ictimai-siyasi baxışlarında ciddi təbəddülat baş vermişdi. Həmin dövrə qədər sağ-mühafikar millətçi qüvvələrlə və macar turançıları ilə əlaqə saxlayan, Rusiya imperiyasındakı türk xalqlarının, ilk növbədə isə doğma Krım tatarlarının milli dövlətçilik ideyasının atəşin təbliğatçısı kimi tanınan gənc alim əks cəbhəyə -sosialist və kommunistlər alyansının tərəfinə keçmişdi. Hətta dünənki turançı dostlarının öz isti yerlərindən çıxarılmasına, burada “Lenin evi” təşkil olunmasına da, sakit nəzərlərlə baxmış, bəlkə də prosesdə şəxsən iştirak etmişdi.
Bəzi məlumatlara görə, Bəkir Çobanzadə 1920-ci, yaxud 1921-ci ildə 133 günlük mövcudluqdan sonra fiaskoya uğramış Macarıstan Sovet Respublikasının lideri Bela Kunla (1886-1938) vətəni Krımda görüşmüşdü. Macar inqilabının labüd məğlubiyyəti keçmiş kommunist liderini Moskvaya sığınmaq məcburiyyəti qarşısında qoymuşdu. Burada isə köhnə xidmətləri nəzərə alınaraq o, 1920-ci ilin noyabrında Krım Respublikası Hərbi İnqilab Komitəsinin sədri vəzifəsinə təyin olunmuş, qəddar bolşevik Rozaliya Zemlyaçka ilə birlikdə Vrangel ordusuna və antibolşevik ünsürlərə qarşı dəhşətli “qırmızı terrorun” həyata keçirilməsinə rəhbərlik etmişdi. Deyilənə görə, Krımda köhnə həmkarlar -macar kommunistlərinin lideri ilə “Şərq-Kelet” qəzetinin keçmiş redaktoru təsadüfən görüşmüşdülər. Bela Kun onun hazırkı siyasi təmayülü və partiya mənsubiyyəti ilə maraqlanmışdı. Avropadan Krıma qayıdandan dərhal Milli Firqənin fəal üzvləri, hətta liderləri sırasında yer alan Bəkir Çobanzadə isə qətiyyən qorxub- çəkinmədən “Macarıstanda kommunist idim, burada isə milliyyətçiyəm” cavabını vermişdi. Hərçənd, müəyyən səbəblərdən belə dialoqun mövcudluğu mənə çox da inandırıcı görünmür. Lakin istənilən halda o həqiqətən də baş vermişdisə, o zaman əslində gerçəkliyi əks etdirirdi. Çünki deyildiyi kimi, doğrudan da Bəkir Çobanzadə vətənə dönəndən sonra nisbətən qısa müddətə də olsa, siyasi baxışlarını radikal şəkildə dəyişmişdi. Siyasi təqiblərin şiddətləndiyi 1930 -cu illərdən fərqli olaraq, həmin dövrdə o, Şərq kommunistləri üçün nəşr edilən macar qəzetinin baş redaktoru və “Lenin evinin” rəhbəri olması ilə xüsusi qürrələnmirdi. Macarıstan Sovet Respublikasının lideri Bela Kunun özünün edam kötüyünə sürükləndiyi 1937-ci ildə isə bu cür xidmətlərin qabardılmasına ümumiyyətlə ehtiyac qalmamışdı… Çünki “qara siyahıya” düşənlərə heç vəchlə aman verilmirdi.
Çox güman, aclıq və məhrumiyyətlərin at oynatdığı 1918-ci ildə qürbət məmləkətdə üzləşdiyi dəhşətli maddi çətinliklər, sıxıntı və ehtiyac artıq neçə illər boyu ailəsi də daxil olmaqla heç yerdən heç bir maddi yardım almayan Bəkir Çobanzadəni də türk-tatar tələbələrin bəziləri ilə birlikdə “Macarıstan Sovet Respublikasının Şərq siyasəti”nə bağlı yalnız görüntü xarakterli oyunlara çəkmişdi. Nəzərlərin məhz ona zillənməsi, türk əsillilər arasından məhz onun seçilməsi isə tamamilə təbii idi. Çünki təhsilini başa vurduğu 1918-ci ildə ədəbi-ictimai dairələrdə və mətbuat aləmində müəyyən qədər tanınırdı. Həm də kommunistlərlə zahiri əməkdaşlıq yolunu tutana qədər sağ təmayüllü, millətçi əhval-ruhiyyəli qəzet və məcmuələrdə müəyyən iş təcrübəsinə malik idi. Digər tərəfdən, qeydlərindən də göründüyü kimi, tanışları arasında həmin təmayülün bəzi görkəmli nümayəndələri, tanınmş simalar da vardı.Bir sözlə, ədəbi-siyasi təcrübəsi və cəmiyyətdəki əlaqələri nəzərə alındıqda macar kommunistlərinin türkcə nəşr edəcəkləri qəzetin ən layiqli redaktoru yalnız Bəkir Çobanzadə ola bilərdi.
Amma karikatur Macarıstan Sovet Respublikasının süqutundan sonra da qəzet redaktoru, “Lenin evləri”nin rəhbəri, hətta macar Qırmızı ordusunda Xarici legionun təşkilatçısı kimi Bəkir Çobanzadənin üzdə qalmağı bacarması, Bela Kun tərəfdarlarına qarşı amansız mövqe tutan admiral Xorti diktaturasının təqiblərinə uğramaması bütün bu fəaliyyət sahələrinin həqiqiliyi üzərinə şübhə salır.
Milli qüvvələrlə əlaqəsi, iş birliyi və əməkdaşlığı isə tam gerçəkdir və hər cür şübhədən uzaqdır. Tanış olduğu, işgüzar əlaqələr saxladığı macar ictimai-siyasi fikri və mədəniyyətinin aparıcı simalarına gəldikdə isə onların sırasında, heç şübhəsiz, ilk növbədə qraf Albert Apponyinin (1846-1933) adı çəkilməlidir. O, tarixi XIII əsrdən başlayan macar əsilzadə ailəsinin nümayəndəsi, dövlət xadimi və siyasətçi idi. Həyatının son illərində dövrün ABŞ və Britaniya mətbuatı bu müdrik siyasətçidən bir qayda olaraq “The Grand Old Man of Central Europe” (“Mərkəzi Avropanın böyük ağsaqqalı”) kimi söz açırdı. Vətənində isə “Günümüzün ən böyük macarı”) adını qazanmışdı. Bəkir Çobanzadənin təhsil aldığı dövrdə – 1917-ci il iyunun 15-dən 1918-ci il mayın 8-nə qədər qraf Apponyi ikinci dəfə (ilk dəfə 8 aprel 1906 – 17 yanvar 1910-cu il) Macarıstan krallığının dini işlər və təhsil naziri olmuşdu. Ölkədə məktəb sisteminin milliləşdirilməsi, təhsilin istisnasız olaraq ana dilində aparılması sahəsində böyük işlər görmüşdü. Kiçik fasilə ilə 40 ildən çox üzv seçildiyi Macarıstan parlamentində vitse-spiker, birləşmiş müxalifətin və ayrı-ayrı siyasi partiyaların lideri kimi ölkə həyatında mühüm rol oynamışdı. Müstəqil macar dövlətinin tarixində başqa bir önəmli xidməti isə Versal Sülh konfransında ölkəsinin nümayəndə heyətinə rəhbərlik etməsi idi. Altı xarici dildə sərbəst danışan, tarix və ədəbiyyat, fəlsəfə və musiqi sahəsində dərin biliyi ilə seçilən qraf Apponyi 1911-1932-ci illərdə beş dəfə Nobel mükafatına nominant göstərilmişdi. Uzaq Krımdan gəlmiş tələbə gəncin çağdaş tarixə möhürünü vurmuş belə şəxslə görüşməsi, sıxılıb-çəkinmədən onunla Macarıstanın türk dünyası ilə əməkdaşlığı və birgə nəşr ideyasını müzakirə etməsi həm özünə, bilik və qüvvəsinə əminliyinin, həm də macar cəmiyyətindəki nüfuzunun göstəricisi sayıla bilər.Eyni əsasla bunu Macarıstanın qabaqcıl adamlarının türk dünyasına soy-kök və mənşə birliyində irəli gələn həqiqi marağı kimi də mənalandırmaq mümkündür.
Bəkir Çobanzadə həmvətəni Süleyman Sudi bəyin İstanbulda nəşr etdiyi “Krım Mecmuası”nın 1918-ci il 7-ci sayında çap olunan “Macar qardaşlar” məqaləsində macar siyasətinin patriarxı ilə həmin görüşündən söz açaraq yazmışdı: “Keçənlərdə bundan bir neçə ay əvvəl maarif naziri olmuş və hazırda da macar parlamentində mühüm bir partiyaya rəhbərlik edən qraf Apponyi Albertlə Krım və digər tatar məmləkətlərinin siyasi və mədəni vəziyyəti haqqında saatlarla fikir mübadiləsi aparmış və macar mətbuatında bu məsələlələrlə ayrıca məşğul olacaq bir orqan, bir vasitə bulunmadığından təəssüfümü bəyan etmişdim”.
Şübhəsiz, belə yüksək səviyyəli ünsiyyət öz-özlüyündə diqqətəlayiq hadisə idi. Daha mühüm və diqqəti çəkən cəhət isə qraf Apponyi ilə söhbət zamanı səslənən təkliflərin sadəcə söz olaraq qalmaması idi. Çünki üstündən az keçməmiş birgə macar-tatar mətbu orqanının təsisi istiqamətində əməli təşəbbüs göstərilmişdi. Bəkir Çobanzadə hətta nəzərdə tutulan birgə nəşrin adını da qeyd etmişdi: “Bu gün artıq bir çox macar ailələrinin birləşərək “Gönsöl” – “Ülkər yıldızı” (“Dan ulduzu”) adında üç yüz-dörd yüz min kron sərmayəsi və bir kaç yüz min kron da aksiyonla bir gündəlik qəzetə çıxarmaq üzrə fəaliyyətdə bulunduqlarını məmnuniyyət üzrə yaza bilirəm. Bu qəzetə türk-tatar və macar kamu oyunu (ictimai-fikrini -V.Q.) bir-birinə tanıdacaq və hər iki millətin ədəbiyyatından bir çox şeylər tərcümə edəcək”. Daha sonra “Yaxında çıxacağına ümid bəslənilən” qəzetin qurucuları sırasında tələbə Bəkir Sıdkı və türk əsilli iş adamı Əhməd Hikmət Bəyəfəndi göstərilirdi. Yeni nəşr ilk sayında oxucuları Abdulla Tokay, Ayaz İshaki, Səid Sünceley kimi tatar müəlliflərin əsərləri ilə tanış etməyi planlaşdırırdı. Lakin mənbələrdə niyyətin gerçəkləşməsi ilə bağlı hər hansı məlumata rast gəlinmir. Çox güman, hərb dövrünün ağı mənəvi-iqtisadi şəraiti və Macarıstanda hökm sürən xaos buna imkan verməmişdi.
Macar cəmiyyətinin yüksək təbələrinin nümayəndələri ilə bərabərhüquqlu işgüzar əlaqələrindən qürur hissi ilə söz açan müəllif hələlik daha çox aristokrat salonlarına xas türk-tatar marağının artıq daha geniş ölçüdə yayılaraq universitet auditoriyalarına ayaq açmasını, elmi araşdırma mövzusuna çevrilməsini xüsusi məmnunluqla vurğulayırdı. Bir neçə ay əvvəl Budapeştdə “Türk-tatar və macar etüdləri klubu”nun təsis olunduğu, krımlı tələbənin özündən xəbərsiz həmin klubun fəxri katibi vəzifəsinə gətirildiyi bildirilirdi. Təbii ki, Bəkir Çobanzadə şəxsinə göstərilən ehtiramdan xüsusi məmnunluq duymuşdu. Amma yenə də gəncliyi və təcrübəsizliyi ilə bir araya sığmayan tərəfsizlik göstərib belə həssas məsələlərdə ifrata varmamağı özünə alim deyən şəxsin ümdə vəzifələrindən biri sayırdı: “Bununla bərabər, mən də elmdə hər türlü həyəcanlardan, nüfuzlardan azadə olmaq tərəfdarıyam. Bizim üçün önəmli olan bu soyuqqanlılıqdır!”
Unversitet təhsilini başa vurduğu ərəfədə Bəkir Çobanzadə macar ədəbi cameəsində yalnız türkoloq-alim və publisist deyil, həm də istedadlı şair kimi tanınırdı. Gənc macar türkoloqları David Geza və Fodor Pal onun ölümünün 60 illiyi münasibətilə Körösi Çoma Cəmiyyətinin “Şərq Tədqiqləri ” (“Keletikutatas”) məcmuəsində işıq üzü görən “Bəkir Sidqi Çobanzadənin tərcümeyi-halı, Macarıstanla bağlı ədəbi yaradıcılığı və yeddi çap olunmamış şeiri” məqaləsində yazırlar: “Bəkir Çobanzadə macar cəmiyyəti tərəfindən qəbul olunmuşdu. Bunu iki macar şairinin – Dyula Yuxas və Arpad Zempleninin öz şeirlərində ona həmkarları kimi müraciət etmələri də sübuta yetirir. Bu müraciətlər haqqında indiyə qədər Çobanzadə ilə bağlı tədqiqatlarda heç bir söz deyilməmişdir. Əslində isə macar ədəbiyyatı tarixinin öyrənilməsi baxımından bu ciddi faktdır. Çünki son vaxtlara qədər Dyula Yuxasın öz şeirində məhz kimə, hansı həmkarına müraciət etdiyi bilinmirdi. Həmin fakt eyni dərəcədə Çobanzadənin tədqiqi üçün də səciyyəvidir. Ona görə ki, Dyula Yuxasın 13 may 1920-ci ildə yazdığı şeir Bəkir Çobanzadənin orijinalı ilk dəfə 1993-cü ildə Ankarada çap olunan “Müsəlman balası,müsəlman balası” (həmin şeir mənim Azərbaycan türkcəsinə çevirimdə “Müsəlman balası, islam cocuğu” adı altında “525-ci qəzetdə dərc olunmuşdur-V.Q.) şeirinə macar şairinin poerik cavabıdır”.
Prosesləri məntiqi ardıcıllıqla sıralamaq istəsək belə bir mənzərə alınır: Bəkir Çobanzadə macar cəmiyyətində müəyyən qədər tanınsa da, daha ciddi söz sahibi olmaq, imkanlardan yararlanaraq Krım tatarlarını və türk dünyasını təbliğ etmək üçün “öz” mətbu orqanının olmasını vacib sayırdı. Əvvəlcə bu fikrini sağ təmayüllü, milli-mühafizəkar qüvvələrlə iş birliyi şəraitində həyata keçirməyə can atmışdı. Lakin macar inqilabı bir tərəfdən bütün planlarını pozmuş, digər tərəfdən isə qarşısında yeni imkanlar açmışdı. Yəqin ki, kommunistlər tərəfindən nəşr olunacağına baxmayaraq, ilk növbədə türk-tatar xalqının tanıdılmasına, təbliğinə xidmət edəcək “Şərq” -“Kelet” qəzetinin redaktorluğunu da bu məntiqə əsaslanaraq üzərinə götürmüşdü. Və təbii ki, bu zaman yuxarıda da qeyd olunduğu kimi, mətbuatla bağlılığı da işinə yaramışdı.
Macar mətbuatında bir müəllif kimi fəal iştirakı universitet təhsilini başa vurduğu 1918-ci ildən başlanmışdı. Yuliuş Moravçik tərəfindən hazırlanan və 1914-1925-ci illərin macar türkoloji nəşrlərini əhatə edən biblioqrafiyada Bəkir Çobanzadənin iki məqaləsinin adı çəkilir: “Yeniləşən tatarlıq” (“Az ujjaebredo tatarsag”,) “Magyar Figyelö” dərgisində, “Rusiya tatarlarının mədəni həmlələri” (“Az oroszorsagi tatarok kulturalis törekvesei”, 1918, № 1, s.216-230) isə macar turançılarının eyni adlı “Turan” məcmuəsində işıq üzü görmüşdü.
Macar türkologiya məktəbinin yetirməsi olan polyak alimi, Poznan universitetinin professoru Henrix Yankovskinin Budapeştin kitabxana və arxivlərindəki axtarışları da səmərəsiz qalmamışdır. O, daha iki naməlum yazı aşkara çıxarmışdır. Bunlardan birincisi “Budapesti Hirlap” qəzetindəki “Bir tatar gəncinin ana yurdundan” (“Egy tatar ifju a hazajarol”, 28. 03. 1918, № 72) , digəri isə “Magyar Figyelö” jurnalında çıxan “Tatar mədəniyyəti. Qeydlər.” (“Kulturalis tatarjaras, Fölyegyzesek” 1918, № 7-8, s. 169-172) məqalələridir. Eyni zamanda təqdim edilən siyahının tam olmadığını düşünmək üçün əldə kifayət qədər əsas var. Çünki Suleyman Sudi bəyin “Kırım Mecmuası”nda (İstanbul) dərc olunan yuxarıda xatırlatdığım “Macar qardaşlar” adlı tarixi-publisist qeydlərində müəllif yerli mətbuatla fəal əməkdaşlığına və mətbu çıxışlarına göstərilən marağa diqqət çəkərək yazmışdı: “Rusiya ixtilalından sonra yuxarıda zikr etdiyim qəzetə və məcmuələrdə əski, yeni mədəniyyətimizə, Kırımın son zamanlardakı əhvalına dair bir çox məqalələr yazmaq mümkün oldu. Məqalələr ümid etdiyim təsiri yapmaqda gecikmədilər. Birinci məqaləmin nəşrindən sonra öyrətmənlərdən, zabitlərdən, qəzetçilərdən bir çox məktublar aldım…”
Yaxud əski türk yurdu Krımı getman Ukraynasının tarixi torpağı adlandıran lvovlu professor İvan Rodnitski ilə polemikaya diqqət yetirək. Bu məsələdə macar mətbuatının imkanlarından yararlandığını yada salan Bəkir Çobanzadə ironik tonla yazırdı: “Möhtərəm professora Budapeşt qəzetlərində də cavab verdim. Bilmirəm, yazmaqdan oxumağa vaxtı oldumu?” Cavabın meydana çıxma səbəbi ukraynalı alimin “macarlar Avropanı türklərdən qoruyanda biz də tatarların yolunu bağladıq və bu gün Asiya çöllərinin sakini barbarlar Qərbi təhdid edərkən macar milləti ukraynalı qardaşlarını və Avropa mədəniyyətini düşünsün” – sözləri olmuşdu.
O, aşkar qürur hissi ilə macar mətbuatı və ictimai fikri ilə ilə əlaqələr məsələsində özünə bağlı duyğusal məqama toxunaraq yazırdı: “Bilxassə macar basınının (mətbuatın) mənim şəxsimdə millətimizə göstərdiyi böyük məhəbbəti burada ayrıca qeyd etməyə borcluyam. Avropa mətbuatının məsələlərimizə, hissiyyatımıza qarşı nə qədər yabançı və nöqteyi-nəzərlərimizdən nə qədər uzaq olduqlarını bilənlər bunun qiymətini anlarlar”.
Krımlı tələbənin Budapeşt mətbuatında iştirakı prinsipial bir suala cavab tapmağı da zərurətə çevirir: Bəkir Çobanzadə məqalələrini macarca qələmə alırdı, yoxsa kimsə onun türk, yaxud tatar dilində yazdıqlarını tərcümə edirdi? Bu suala müəllifin “Krım Mecmuasi” dərgisindəki sətirləri birmənalı şəkildə anlamlı cavab verir: “İki ildən bəridir ki, macarların arasındayam. Dillərini birinci ilin ilk yarısında öyrənməyə müvəffəq oldum. Əvvəla, bir çox türk, tatar, slavyan kəlmələrinin olması, o biri tərəfdən isə ədatlarının, səslərinin ana dilimizi andırması nəticəsində az zaman içərisində macarcanı imtahana girməyə, sonra isə nitq deməyə və məqalə yazmağa imkan verən bir səviyyədə mənimsədim. Macarların içərisində fransızlardan, almanlardan, hətta daim türk-tatar millətləri ilə birgə yaşayan erməni, rumlu və yəhudilərdən daha sərrast və doğru-dürüst türk-tatar dilində danışanlara təsadüf etdim”. İki xalqın biri-birinin dilinə asanlıqla yiyələnməsində qarşılıqlı maraqla yanaşı etnik köklərin yaxınlığı da ya az rol oynamamışdı: “Budapeştdən bir az kənara çıxan, təmiz irqli macarların yaşadığı kəndlərə, kiçik şəhərlərə səyahət edən adam dərhal Avropanın bu hissəsində məskunlaşmış slavyan və germanlardan tam fərqlənən insan tipinə rast gəlir. Bu tipin özünə nə qədər bənzədiyini “Vay, siz necə macara oxşayırsınız”- deyən macarın öz dilindən eşitməli olur”. Macarıstanda əsrlər boyu türk etnosunun (Karçak bölgəsindəki qazax-qıpçaq əsilli kunlar nəzərdə tutulur -V.Q.) yaşaması və macarların bir millət kimi formalaşmasında önəmli amilə çevrilməsi daxili və zahiri bənzərliyin yaranmasında mühüm təsirə malik olmuşdu.
Budapeşt mətbuatındakı ilk yazısında – “Bir tatar gəncinin ana yurdundan” essesində müəllif şəxsi həyatı fonunda vətəni Krımı macarlara tanıtmağa çalışmışdı. Məqalənin işıq üzü gördüyü dövrdə yarımada uğrunda şiddətli mübarizə gedirdi. Rusiya imperiyasının süqutundan sonra “ağ” və “qırmızı” ruslar, ukraynalılar, almanlar Krıma nəzarəti ələ keçirməyə can atırdılar. Çətin, qeyri-bərabər mübarizə şəraitində milli müstəqilliklərini elan edən və əsas ümid yeri kimi özləri də çətin durumda olan Osmanlı imperiyası və Azərbaycan Cümhuriyyətindən yardım uman Krım türkləri yurd və milli ləyaqət naminə qeyri-bərabər savaşa atılmışdılar. Təbii ki, Bəkir Çobanzadə həqiqi vətənpərvər kimi bütün varlığı ilə soydaşlarının yanında idi. “Rusiyanın Riviyera”sı adlandırdığı məmləkətinin taleyinin sahibi olması, azad yaşaması mücadiləsinə Macarıstanda töhfəsini verməyə can atırdı.
“Bütün Rusiyada olduğu kimi, Krımda da rus inqilabı əskidən təzyiq altında qalan milli hərəkətləri yenidən canlandırdı. İnqilab başlanar-başlanmaz əsgərlərimiz vətənə dönüb yad ünsürləri qovaraq bütün hakimiyyəti aydın kimsələrə verdilər. Ordumuz Yaşıl Adada Xan sarayını ələ keçirdikdən sonra Krım milli bayrağını qaldırdı və Teymurləng marşı ilə Ağməscidə girdi. Vəqflər yenidən xalqa qaytarıldı. Böyük Qurultay çağırıldı, Məclis quruldu. Hələ ki, adıçəkilən Məclis bütün mühüm məsələlərlə bağlı qərar verir. Milli qurumlarımız o qədər mütəşəkkil və düzənli idi ki, ilk gündən qarşımıza çıxan rus ordusunun təzyiqlərini dəf edə bildik” – məqalədən götürülmüş bu sətirlər Bəkir Çobanzadənin dövrün şərtləri daxilində vətənlə intensiv əlaqə saxladığını, özünü məmləkətindəki azadlıq mücahidlərinin Avropa sözçüsü kimi hiss etdiyini söyləməyə əsas verir.
Müəllif çarizmin basqılarına rəğmən, Krım türklərinin İsmayıl Qaspralının rəhbərliyi altında onilliklər boyu milli mənlik şüurunu qoruyub qüvvətləndirməyə, ana dilini yaşatmağa, müasir təhsil şəbəkəsi qurmağa çalışdıqlarını və bu yolda həqiqətən də müəyyən nailiyyət qazandıqlarını macar ictimaiyyətinin diqqətinə çatdırırdı. Eyni zamanda, Avropada səsləri duyulan bir xalq kimi onları çətin müstəqillik savaşında soydaşlarına köməyə çağırırdı: “Mücadiləmiz hala davam etməkdə. Uzun illər boyu təzyiq altında saxlanan Tatar ulusumuz bəlkə də istiqlala qovuşmayıb işğalçı yığınların birinə, yaxud digərinə daha uzun müddətə məğlub olacaq. Bu üzdən tatarlar macar qardaşlarına deyəcəyim sözlərlə müraciət edirlər: “Yardım əlini uzatsana, qardaşım. Sən bəlaya uğrayınca biz də sənə yardım edərik!” Yazı tatar milli şairi Abdulla Tukayın gələcəyə ümid dolu məşhur misrası ilə başa çatırdı: “Ölkəmizdə dan çabuk atar!” (“Ölkəmizdə sübh tez açılar!”)
Güman etmək olar ki, Bəkir Çobanzadə bəzi məqalələrini macar və tatar dillərində qələmə almış, yaxud bir dildən digərinə özü çevirmişdi. Belə yazılardan biri də macar variantı “Magyar Figyelö” jurnalında, türk variantı isə Krım-Tatar Xeyriyyə Cəmiyyətinin “Göy kitab”ında çıxan “Yeni oyanan tatarlıq” idi.
Burada haşiyə çıxaraq qeyd etməliyəm ki, avropalılar üçün daha anlaşıqlı “tatarlıq” məhfumu altında Bəkir Çobanzadə əslində türk xalqlarını, türk dünyasını nəzərdə tutur və bu zaman təbii ki, ağırlıq nöqtəsini daha çox Rusiya imperiyası türklərinin üzərinə salırdı. Müəllifin nəzərində “türk” və “tatar” etnonimlərinin eyniliyi, paralelliyi Budapeşt dövrü poetik yaradıcılığının bəhrəsi olan “Ana dilim” şeirində öz əksini aşağıdakı şəkildə tapmışdı: “Bilmirəm, Türkdür, ya Tatardır adın, Amma çox şirinsən, Tanrıdan dadın!”
“Göy kitab”da “Kırımlı Çobanoğlu Bəkir Sıdkı” imzası iə çap etdirdiyi yazıda (macarca mətni “Az ujjaebredo tatarsağ. İrta Bekir Szidki) o, uzun əsrlərin inadlı mübarizəsi sayəsində böyük tərəqqiyə qovuşan Macarıstanı türk-tatar soylarına ibrətamiz nümunə kimi göstərirdi: “Qiymətli macar professorlarından Frederik Lilin macarların böhranlı, qaranlıq dövrləri ilə əlaqədar söylədiyi “Hər kəsin uyuduğu otağın içərisində bir nəfər oyanırsa, çox keçmədən o birilər də oyanır” (burada “Molla Nəsrəddin” jurnalının ilk sayının üz qabığındakı məşhur rəsm xatirə gəlir – V.Q.) misalındakı sadə olduğu qədər də müdrik həqiqəti bizimkilər də başa düşdülər” – deyə, 1905-ci ildən sonra başlanan milli oyanışın Volqaboyu və Krım tatarları, Qafqaz və Mərkəzi Asiya türkləri arasında artıq qaçılmaz prosesə çevrildiyini yazırdı. Kazan tatarları içərisində yenilikçi fikirlərin yayılmasına mühüm xidmət göstərmiş Abdulla Tukay macar xalqının azadlıq mübarizəsinin carçısı, döyüşçü-şair Şandor Pötefi ilə müqayisə edilirdi. Bəkir Çobanzadə “yeni oyanan tatarlığın” bariz nümayəndəsi kimi türk uluslarında milli dirçəliş hərəkatını, ictimai-siyasi canlanmanı Qərbin diqqətinə çatdırmağı ümdə vəzifəsi sayırdı. Budapeştdə poetik yaradıcılığı ilə bir sırada siyasi publisistikaya daha ciddi maraq göstərməsi, mətbuatla əlaqələr yaratması da bundan irəli gəlirdi.
Siyasi-publisist yazılarında Bəkir Çobanzadə Krım tatarlarını və ümumən türk soyunu tanıtmaqla bir sırada, macarlarla türklərin tarixi-etnik yaxınlığı məsələsini də diqqət mərkəzinə çəkməyə çalışırdı. Amma əsas diqqət Avropada xoşagəlməz şöhrət qazanmış tatar soyunun müsbət cəhətləri ilə tanıdılmasına yönəldilirdi: “Ümumiyyətlə, Avropanın hər tərəfində və hətta mədəni dünyada tatarları ya heç tanımırlar, yaxud çox az tanıyırlar. Çox təəssüf ki, bu günə qədər tatar adı ancaq lənətlə yad olunan bir qanlı afəti xatırlatmaqdadır” – sözləri ilə özünün də dəfələrlə üzləşdiyi tarixi ədalətsizliyi göz önünə gətirirdi. Həm də yalnız acınacaqlı vəziyyətin statik təsviri ilə kifayətlənmirdi. Artıq macar cəmiyyətində yarada bildiyi əlaqələrdən yararlanıb müəyyən reseptlər verməyə, çıxış yolu göstərməyə çalışırdı. İstər məqalələrində,istərsə də şeirlərində Avropa alimlərini tarixi kin və qəzəbdən birdəfəlik xilas olmağa çağırırdı.
Bunun üçün ilk növbədə türk-tatar tarixinin daha dərindən, ən başlıcası isə obyektivlik meyarları ilə öyrənilməsinə ehtiyac vardı. Xüsusən Avropa elmi fikri antitürk, antitatar əhval-ruhiyyəsindən xilas olmaqla bir sırada pravoslavlıq və panslavyanizm üzərində köklənmiş rəsmi rus tarixçiliyinin yanlış, qərəzli müddəalarına daha ehtiyatlı və həssaslıq yanaşmaq yolunu tutmalı idi. Müəllifin fikrincə, 1380-ci il məşhur Kulikov döyüşündən sonra artıq hakim millətə çevrilən ruslar deyil, məhz türk soyu, tatar xalqı şiddətli assimlyasiyaya məruz qalmışdı. Həmin dövrdən etibarən monqol-tatar zülmündən deyil, rus zülmündən danışmaq daha məntiqidir. Çünki məhz rus ağalığı altına düşən tatarlar dinlərini, dillərini və tarixi torpaqlarını həmişəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdılar. Ən acınacaqlısı isə bu idi ki, assimlyasiya daha böyük inkişafa və yüksək həyat şərtlərinə malik hakim xalqın mədəniyyətinin təsiri altında baş verməmişdi. Çünki Birinci Pyotr islahatlarına qədər ruslar özü bir sıra parametrlərə görə tatarlardan geri qalırdılar və bu mənada hətta istəsələr belə onlara yeni, mütərəqqi nə isə verə bilməzdilər. Sadəcə inzibati yolla, güc və təzyiqlə ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirə bilərdilər. Zorakı ruslaşdırma siyasəti isə bu və ya digər dərəcədə əsarət altına düşən onlarla türk-tatar boyunu əhatə etmişdi. Bəkir Çobanzadə miqyasın genişliyinə diqqəti çəkərək yazırdı: “Üç əsr əvvəl on beş milyonu keçməyən rusluq bu gün tam səksən miyon təşkil edir. Bu da türk-tatar, fin-uqor millətlərinin rusluq içərisində nə qədər sürətlə əridiklərini göstərir”. 1848-ci il üsyanı yatırılan zaman dövrün “Avropa jandarmının”- Rusiya imperiyasının vurduğu yaralar Macarıstanda hələ də yaddan çıxmadığından, nəhayət Birinci Dünya savaşında çar Rusiyası ilə Avstriya-Macarıstan imperiyası cəbhənin əks tərəflərində dayandıqlarından yerli auditoriyanın rus çarizminin əsarət altına düşmüş xalqlara münasibəti ilə bağlı xüsusi izahata ehtiyacı yox idi…
Lakin müəllif yalnız bədbin, şikayətçi notlarla kifayətlənmirdi. Əksinə,türk-tatar xalqlarının iradəsini qırmağın o qədər də asan olmadığını tarixi faktlarla açıb göstərirdi. Çünki nəticə etibarı ilə təsir əks-təsir doğurmuşdu. Rus silahının bütün vəhşətinə, İlminski və Pobedonostsev kimi türk düşməni missionerlərin bütün səylərinə baxmayaraq, xalq yüzilliklər boyu ayaqda durmuş, milli və dini müqavimət bahasına özünü yaşada bilmişdi. Bəkir Çobanzadə bu yaşarılıq örnəyini daha çox Volqaboyu və Krım tatarlarının timsalında görmüşdü. Və öz fikrində ümumən haqlı idi. Çünki, Rusiya işğalı altına düşən digər türk torpaqları ilə müqayisədə bu iki coğrafiyanın insanları həm zaman, həm də məsafə baxımından təzyiqlərə daha öncə və daha sərt şəkildə məruz qalmışdılar. Onlarda özünüqoruma instinkti də Qafqazın, yaxud Mərkəzi Asiyanın türk əhalisi ilə müqayisədə daha böyük tarixə və təcrübəyə malik idi.
Avstriya-Macarıstan dual imperiyasının bir hissəsi olan Macarıstan krallığı yalnız turançılıq ideyalarına ənənəvi rəğbət baxımından deyil, yuxarıda da qeyd etdiyim kimi, həm də Birinci Dünya müharibəsində Rusiya ilə rəqib, Osmanlı imperiyası ilə müttəfiqlik səbəbindən rus əsarəti altındakı türk-tatar xalqlarına xüsusi maraq göstərirdi. Təsadüfi deyil ki, cahan hərbinin qızğın çağında- 1916-cı ildə Budapeştdə əsir türk xalqlarının konqresi keçirilmiş və Əli bəy Hüseynzadə bu mühüm toplantıda əsas məruzəçi qismində çıxış etmişdi. Təsadüfi deyil ki, tərkibinə Azərbaycan əsilli görkəmli ictimai-siyasi xadim Əhməd Ağaoğlunun daxil olduğu Osmanlı Məclisi-Müəssisan (Parlament) üzvlərindən ibarət nümayəndə heyəti 1916-cı ildə Budapeşt və Vyananı ziyarət etmiş, türk xalqlarının müstəqillik uğrunda mübarizəsinə Avstriya-Macarıstanın dəstəyini qazanmaq istiqamətində müəyyən məsləhətləşmə və danışıqlar aparmışdı.
Bəkir Çobanzadənin həmin tarixi hadisələrdən nə dərəcədə xəbərdar olması barədə əlimizdə səhih məlumat yoxdur. Məqalələrində də bu haqda bir şey deyilmir. Lakin mövcud situasiyada macar ictimai-siyasi fikrinə təsir göstərmək, yerli mətbuatın imkanlarından maksimum yararlanmaq istəyi göz önündədir. Son dərəcə mürəkkəb dövrdə özünü həm də siyasi xadim, milli maraqların müdafiəçisi hiss edən gənc alim sanki Vyana və Budapeşti rus sarayına qarşı daha qətiyyətli mövqe tutmağa ruhlandırmaq üçün onlara Rusiya türklərinin simasında güclü müttəfiq qazanacaqlarını anlatmağa çalışırdı: “Krım, Qafqaz, Türküstan və Sibiryada yeni yaranan cümhuriyyətlər hamısı tatarların əlindədir. Krım qərbdəki digər türk məmləkətlərindən məcburi köç qaydası ilə təcrid edilmiş kimi görünsə də, şərq tərəfdən Qafqasiya ilə, yəni islam məmləkətləri ilə bağlıdır. Kerç ilə qarşı-qarşıya olan yerlər yalnız tatarlar – Qaraçay, Kabarda, Ləzgistan və b. məskun bulunur. Qafqaz tatarları ( Azərbaycan türkləri – V.Q.) ilə birlikdə dini, yaxud milliyyəti ayrı olan 15 milyonluq əcnəbiyə qarşı 7 milyonluq bir əksəriyyət təşkil edirlər. Qafqazın arxasına düşən müştərək mənşəyimiz Türkistan da eyni vəchlə Volqa civarı ilə sıx rabitədə bulunur. Orada da çoxluğu təşkil etməkdədirlər”
Geniş və məhsuldar ərazilərlə malik olmaqla bir sırada daha iki mühüm amil böyük coğrafiyaya yayılmış türklərin çiçəklənən, qüdrətli dövlət qurmasına imkan yarada bilərdi. Bunlardan birincisi iqtisadi zənginlik, türk insanının zəhmətə olan məhəbbəti idi. Rusiya türklərinin gələcək siyasi və iqtisadi qüdrəti üçün zəruri şərtlər və təbii sərvətlər sırasında müəllif Bakı neftinin əhəmiyyətini xüsusi vurğulayırdı. Digər həlledici məsələ isə dil faktoru idi. Dil yaxınlığı bu qardaş xalqlara ən çətin zamanlarda da ünsiyyət saxlamağa imkan vermişdi. Vahid dövlətin mövcudluğu şəraitində isə ortaq dil ümumi məqsəd uğrunda mübarizənin aparıcı qüvvəsinə, birləşdirici amilə çevrilə bilərdi. Müəllifin fikrincə, dil yaxınlığı baxımından türklər Rusiyanın panslavizm ideyası ətrafında birləşdirməyə çalışdığı slavyanlardan daha şanslı idilər: “Tatarlar qəbilələrin arasını ayıran müxtəlif coğrafi divarlara rəğmən yenə yek-digərləri ilə daimi təmas içində yaşayırlar. Yekvücud bir hökumət təşkil edə bilmələri üçün müştərək kültür əsasları, müştərək dilləri var. Bir krımlı tatarla bir kaşqarlı, bir buxaralı tatar bir serblə bir bolqardan daha tez və daha asan anlaşa bilər. Çünki dilləri, hissləri, irqləri eynidir”.
Təbii ki, məlumat kasadlığı ucbatından Budapeşt dövrü yazılarında Bəkir Çobanzadə çar Rusiyasının süqutundan sonra türklər arasında milli oyanışın siyasi aspektlərini dəqiq və ardıcıl işıqlandırmaq imkanından məhrum idi. Ona görə də daha çox ümumi mülahizələrə və yaxşı bələd olduğu dil, ədəbiyyat, mədəniyyət məsələlərinə üstünlük vermişdi. Lakin burada da nabələdlik, yaxud məlumat qıtlığı ucbatından yanlışlıqlardan tam xilas ola bilməmişdi. Çox güman, həmin dövrdə hələ Həsən bəy Zərdabinin və “Əkinçi” qəzetinin adını eşitmədiyindən səmimi inancla “Tərcüman” redaktoru İsmayıl Qaspralını Rusiyada türk mətbuatının banisi sayırdı. Teatr və musiqi sahəsində Azərbaycanın uğurlarından, müsəlman Şərqinin ilk milli operasının yaranmasından xəbərsizliyi də göz önündədir. Ən azı Üzeyir bəyin dahiyanə bəstəkarlıq fəaliyyətindən, “Leyli və Məcnun”un qeyri-adi populyarlığından, “Arşın mal alan”ın dünya şöhrətindən xəbərdar olsaydı, 1918-ci ilə aid yazısında türk dünyasının ünvanına “fənni-musiqimiz hənuz beşikdədir” ifadəsini işlətməzdi.
Üzərində bu qədər geniş dayandığım siyasi çəkili və proqram mahiyyətli “Yeni oyanan tatarlıq” məqaləsi Rusiyada qırmızılarla ağlar arasında ölüm-dirim savaşının getdiyi bir şəraitdə qələmə alınmışdı. Həmin dövrdə daxili çəkişmələrin keçmiş imperiya qüvvələrini və bolşevikləri üzüb əldən salacağı, yeni milli dövlətlərin müstəqilliyinin qarşısını almaq üçün gücün qalmayacağı ilə bağlı ümid və gözləntilər lər hələ qüvvətli idi. Ona görə Bəkir Çobanzadə gələcəyə bəlli şərtlər daxilində nikbin nəzərlərlə baxırdı: “Çingiz xandan qalan mavi bayrağın dikiləcəyi yer Kırm, Qafqaz, Kazan, Orenburq, Ufa və bütün Türkistandan ibarət qitə olsa, tatar milləti-nəcibəsi sülh və sükun içində məsud və mədəni həyatlarını əcdadlarının vətənlərində qura bilərlər” -deyə vəcdlə yazırdı.
“Macarıstanla siyasi, ədəbi, elmi pək çox sahədə müştərək ehtiyaclarımız, müştərək məsələlərimiz və eyni səbəbdən dolayı bənzər və qardaş duyğularımız var”- hökmünün ardınca Bəkir Çobanzadə soy-kök ümumiliyinə, tarixi bağlılığa əsaslanıb mövcud problemlərinin həll yollarını da birlikdə aramağı ən münasib vasitə kimi ortaya atırdı. Macarlar onun nəzərində yüzilliklər boyu yan-yana yaşadıqları ruslardan, digər bölgə xalqlarından qat-qat yaxın və doğma görünürdülər. Bu ölkədə yaşanan illər hər gün onu yerli xalqa daha sıx tellərlə bağlayırdı. Az qala hər addımda üzləşdiyi bənzərliklərin miqyası və dərinliyi ilə xoş bir şəkildə heyrətləndirirdi: “Vəlhasil, macarların çöhrəsində, naxışlarında, şərqilərində, rəqslərində, daha sonra müstəhzi və məntiqçi təbiətlərində bizim Çonqar tatarlarından lap çox şey var. Bunun səbəbləri ancaq elmi üsulla və hər elmdən bir çox məlumatla kəşf edilə bilər. Yalnız bu bir çox səbəblərdən birisi olmaq üzərə macarlar arasına qarışan bir çox türk-tatar qəbilələrini, nəhayət, macarlıq içərisində əriyən kunları, kumanları yada salmaq gərəkdir”. İlk mühüm linqvistik tədqiqatında macar türklərinin – kumanların dilini araşdırması da məhz sorağına düşdüyü doğmalığın sirlərinə yaxından vaqif olmaq, macar ruhunun dərinliklərinə baş vurmaq istəyindən irəli gəlmişdi…
Bəkir Çobanzadə digər Avropa ölkələrini gəzib-dolaşmasa da, Şərqə, ilk növbədə türklərə münasibətdə Macarıstanın yaxşı mənada istisna təşkil etdiyini anlayırdı. Marko Polodan üzü bəri əksər avropalıların, hətta Armin Vamberi, Pyer Loti kimi “Şərqin küncünü-bucağını gəzmiş və Şərq ədəbiyyatını, tarixini bir şərqli qədər mənimsəmiş səyyahların, mühərrirlərin belə” öz əsərlərində sələflərinin ənənələrini davam etdirib “maraq oyandırmaq, heyrətləndirmək” xatirinə ekzotika axtarışlarına çıxdıqlarını yaxşı bilirdi. Ona görə də müsəlman Şərqini orta əsrlərdə daha çox ehtişam və zənginlik diyarı, “Min bir gecə” ölkəsi kimi, son dövrlərdə isə yalnız cəhalət və səfalət məskəni kimi təsvir edənlərin qarşısına gerçək həqiqətlərin qoyulmasını Şərq alim və siyasilərinin, ilk növbədə isə “yeniləşən tatarlıq” nümayəndələrinin ümdə vəzifələrdən sayırdı. Onun fikrincə, “Avropa ədəbiyyatında və zehniyyətində Şərq” mövzusu müasir tədqiqat metodlarına yiyələnmiş türk tarixçi və filoloqları üçün prioitet mövzulardan olmalı idi.
Bu da öz növbəsində türk-tatar gənclərinin Avropa ölkələrində, eləcə də Macarıstanda mükəmməl təhsil almalarını, elmi axtarışlar aparmalarını gündəmə gətirir və zərurətə çevirirdi. Eyni zamanda təhsil və elmi-mədəni əməkdaşlıq məsələsində hər iki tərəfin üzərinə ciddi vəzifələr düşürdü. Macar aydınlarının səyi yalnız türk-tatar gəncliyinin maarif istəyi, cağdaş elmlərə yiyələnmək yanğısı olduğu təqdirdə səmərə verə bilərdi. “Son əsrin macarları müəzzəm, dilrüba paytaxtları ilə bərabər dil bilgisindəki şayani-heyrət müvəffəqiyyətləri ilə heç çəkinmədən iftixar edə bilərlər” – deyə müəllif onlardan öyrənməyə və bütün bunları milli zəminə köçürməyə çağırırdı: “Millətimizin ən böyük və ən mühüm məsələsinin dil məsələsi olduğunu bilən və bu xüsusda söz sahibi olmaq istəyən türk-tatar gənclərinə orada qafiyə aramaqla (istər-istəməz yada böyük Mirzə Cəlilin ovuclarına bir parça kağız alıb gözlərini göyə axıdaraq qafiyə axtaran müsəlman gəncləri haqqındakı sözləri düşür-V.Q.) keçirəcəkləri bir neçə ili macar universitetini və kitabxanalarını fəth etmələrini cani-könüldən istərəm”.
Sözdən işə keçmək üçün onları Macarıstana, əsrlər boyu basqı altında qalsa da, inkişafın formulunu tapmış dost ölkəyə səsləyirdi: “Əminəm ki, bilxassə Krım, Kazan, Anadolu gəncləri macar ovalarına gələrlərsə, şaşaraq deyil, anlayaraq dolaşacaq və çalışacaqlar. Sonra digər millətlərin müəssisələrində, professorlarında gördükləri soyuqluğu burada heç görməyəcəklər və bu surətlə Avropa elmini üşüyərək və qorxaraq deyil, isinib sevərək öyrənə biləcəklər”
Yeri gəlmişkən, bu məsələdə macar hökumətinin və ictimaiyyətinin mövqeyi də kifayət qədər aydın və səmimi idi. Ölkənin gələcək baş naziri Pal Telekinin təşəbbüsü ilə hələ 1910-cu ildə qurulmuş “Turan” cəmiyyəti türk-tatar kökənli gənclərin Macarıstan universitetlərində təhsil almalarına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə ayrıca proqram hazırlanmış, müharibə və inqilablar dövrünün bütün çətinliklərinə baxmayaraq, uğurla həyata keçirilmişdi.
Təsadüfi deyil ki, türk xalqlarının yenidən bir araya gəlib vahid qüvvəyə çevrilmə imkanları, “dildə, fikirdə və əməldə birliyə nail olmaları” ideyası çarizmin süqutundan sonra daha böyük aktuallıq qazanmışdı. 1917-1920-ci illərdə keçmiş Rusiya ərazisindəki mürəkkəb prosesləri Macarıstanda izləyən Bəkir Çobanzadəyə belə birliyin yaranması və türklərin yenidən söz sahibi olmaları real görünürdü. Dövrün sürətlə cərəyan edən dəyişiklikləri nəticəsində onun dünyagörüşündə, ictimai-siyasi baxışlarında, həyat mövqeyində maraqlı və qanunauyğun təbəddülat baş vermişdi: krımlı gənc tədricən özünü Macarıstanda bütün Rusiya türklərinin, bəzi hallarda isə hətta “Türk irqinin” sözçüsü kimi hiss etməyə başlamışdı. Həm də məsələ yalnız fərdi romantik duyğularla tamamlanmamışdı. Yeni tendensiya müəllifin macar mətbuatındakı yazılarında da əksini tapmağa başlamışdı. Bu cəhətdən konseptual əhəmiyyətə malik “Rusiya tatarlarının mədəniyyət həmlələri” məqaləsi üzərində ayrıca dayanmağa ehtiyac var. “Eötvöş Lorand kollecinin üzvü Bəkir Sidki” imzası ilə çap olunan yazıda “türk dünyasından çoxdan qopub ayrılmış çuvaşlar və yakutlar istisna olmaq şərti ilə bir vəhdət təşkil edən və mədəniyyətə doğru addımlarını birlikdə atan türk-tatar xalqlarının” bəşər tarixinin müasir mərhələsindəki mədəni tələbatı və can atdıqları siyasi məqsədlər öz əksini tapmışdı.
Məqalənin “Turan” dərgisində çapı müəllifin turançılarla əlaqələrindən, onların mövqelərinə yaxınlaşmadan xəbər verməkdədir. Bu yaxınlaşma çox güman ki, yuxarıda adını xatırlatdığım dostu, tanınmış şair və publisist Arpad Zemplenyi vasitəsi ilə baş tutmuşdu. Zemplenyi özü də dərginin fəal müəlliflərindən idi və 1917-ci il “Turan salnaməsini”ndə “Turan birliyi” adlı yazı ilə çıxış etmişdi.
Heç bir xalqın mədəniyyəti qapalı mühitdə formalaşmır. Türk xalqları da bu cəhətdən istisna deyildilər. Bəkir Çobanzadə yuxarıda adıçəkilən yazısında bir neçə amilə əsaslanaraq tarix boyu ümumtürk mədəniyyətinin təmasa girdiyi digər mədəni təmayülləri, yaxud məruz qaldığı təsirləri müəyyənləşdirməyə çalışmışdı. Müəllifin fikrincə, din birliyi zəminində ərəb, qonşuluq və tarixi tale birliyi zəminində İran mədəniyyəti bəlli dövrlərdə türklərdən qətiyyən yan keçə bilməzdi. Qədim Çində, yaxud Hindistanda imperiyalarını quran qədim dövr türkləri də Çin, yaxud hind mədəniyyətinin təsirini üzərlərində hiss etmişdilər.
“Səthi ərəb təsiri ilə müqayisədə fars mədəniyyətinin etkisi daha güclü və dərin olmuşdu, – müəllif fikrinə davam edərək yazırdı: – Hətta deyərdik ki, türk-tatarların dünyagörüşünü əhəmiyyətli dərəcədə dəyişdirmişdi. Türk-tatar eposlarının, nağıllarının, əfsanələrinin, məhəbbət novellalarının motivlərini fars folklor poeziyasında tapmaq mümkündür. Bir sıra türk-tatar mahnılarında fars şəhərlərindən olan gözəllər yada salınır. Novellalarda hadisələrin baş verdiyi yer də əksərən fars şəhərləridir. Süjet də əsasən fars elementlərindən təşəkkül tapmışdır”.
Lakin təbii ki, fars ünsürləri eyni dərəcədə bütün türk mədəniyyətinə nüfuz edə bilməzdi. Belə təsir daha çox regional xarakter daşımışdı və özünü tarixən İran mədəniyyətinə yaxın ərazilərdə yerləşən türk torpaqlarında göstərmişdi. Bəkir Çobanzadə bu baxımdan Qafqazda Azərbaycanı, Türküstanda isə Buxaranı xüsusi fərqləndirirdi. Və etiraf etmək lazımdır ki, ümumən düzgün siyasi-tarixi qənaətlərə gəlirdi. Bunu aşağıdakı sətirlərdən də sezmək mümkündür:
“Bu çoxəsrlik təsir nəticəsində azərbaycanlılar və Qafqaz türkləri (Cənubi və Şimali Azərbaycan nəzərdə tutulur – V.Q.) islamı “fars libasında” qəbul etmişdilər. Yəni onların arasında fars milli ənənələrinin və tarixi şəraitin təsiri altında formalaşan islam yayılmışdı. Azərbaycanlılar və Qafqaz müsəlmanları şiə (əslində şiəlik məzhəbi Qafqazda yalnız Azərbaycan türkləri arasında yayılmışdı -V.Q.) olduqlarından onların dini hissləri bəzi hallarda milli hissləri üstələyirdi. Bu baxımdan da lap son zamanlara qədər özlərini iranlı, yaxud ən yaxşı halda sadəcə şiə hesab edirdilər. Lakin həmişə türk mədəniyyətinin əsas ünsürlərini qoruyub saxlamışdılar. Yəni əvvəlki dövrlərdəki kimi yalnız türkcə danışır, türk şərqiləri oxuyurdular. Bir sözlə, heç vaxt tam iranlı olmamışdılar”.
Maraqlıdır ki, Bəkir Çobanzadədən təxminən iyirmi il əvvəl ali təhsil ardınca Fransaya, Parisə yollanan Əhməd Ağaoğlu da özünü türk milliyyətçisi kimi təsdiq edənə qədər şiə-iranlı və rus təbəəsi mərhələlərindən keçmişdi…
Buxara türkləri (sartlar) sünni idilər. Lakin fars təsiri onların arasında irandilli taciklər vasitəsi ilə yayılırdı və Bəkir Çobanzadənin dəqiq müşahidə etdiyi kimi, milli-mədəni müqavimət hissinin kifayət qədər güclü olduğu Azərbaycanla müqayisədə daha məhvedici xarakterə malik idi.
Müəllifin fikrincə, qismən fars mədəniyyəti orbitinə daxil olan iki türk arealından başqa Kazan, Krım, Sibir, qərbi və şərqi Türküstan tatarları arasında Osmanlı təsiri daha geniş yayılmışdı. Osmanlıya yaxınlıq baxımından təbii ki, adları çəkilən ərazilər bir-birlərindən fərqlənirdilər: “Osmanlı-türk ədəbiyyatı Krım və Kazan tatarlarının poeziyasına son dərəcə fövqəladə təsir göstərmişdi. Bu son zamanlara qədər yalnız osmanlı-türk dili onların arasında yeganə düzgün və təqlidə layiq dil sayılırdı. Ədəbiyyatın dili, “kitab dili” (bu ifadə məqalədə türkcə verilmişdi – V.Q.), yəni ədəbi dil osmanlı türkcəsi idi”
Bəkir Çobanzadə türkcənin dolğun və mükəmməl bir şeir, sənət dili kimi farscanın qarşısına çıxarılmasını əsərlərini mükəmməl Cağatay şivəsində yazmış böyük özbək şairi Əlişir Nəvainin (1441-1501) xidməti sayırdı. Təbii ki, bu gün kifayət qədər mübahisəli görünən fikirlərini də ilk növbədə onun “Mühakimətül-lüğəteyn” əsərinə istinadla əsaslandırırdı. Həm də Nəvainin yalnız ana dilinə böyük, ülvi məhəbbətinə görə təqdir etmirdi. Onun türk olduqları halda fars dilində yazmağa üstünlük verən soydaşlarına kəskin tənqidi, hətta inkarçı münasibətini şairin vətən ədəbiyyatı və türklük qarşısında son dərəcə mühüm, hətta tarixi xidməti sayırdı. Eyni zamanda, Nəvainin türkcənin zəngin lüğət tərkibindən, xalq danışıq dilinin imkanlarından istifadə yolu ilə ən mürəkkəb mətləbləri, ali hiss və duyğuları ifadə etmək məharətini yüksək qiymətləndirirdi.
Əlbəttə, şeir dili olaraq türkcəyə kimin birinci müraciət etməsi məsələsində Bəkir Çobanzadə ilə mübahisə aparmaq mümkündür. Çünki həmin proses müəllifin davamlı olaraq fars ədəbiyyatı orbitində saydığı Azərbaycan türkləri arasında daha erkən başlamışdı. Nəvaiyə qədər türk şeir dilinin İzəddin Həsən oğlu (XIII əsr), Qazi Bürhanəddin (1345-1398), İmadəddin Nəsimi (1369-1417) kimi görkəmli sənətkarları yetirmişdi. “Ol səbəbdən fars ləfzilə çoxdur nəzm kim, Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur” – deyən Məhəmməd Füzuli (1494-1560) isə Azərbaycan türkcəsi ilə təkrarsız poeziya inciləri yaradaraq bu çətinliyi birdəfəlik və həmişəlik aradan qaldırmışdı. 1920-ci illərin ikinci yarısında, Bakı Universitetinin professoru kimi Bəkir Çobanzadə bütün bu məsələləri elmi dərinlik və obyektivliklə işıqlandıracaq, Azərbaycan ədəbiyyatının klassikləri haqqında monoqrafiyalar qələmə alacaqdı. Budapeştdə isə təbii ki, tədqiqatçının əlinin altında kifayət qədər material yox idi. Digər tərəfdən, mənbələr olduğu təqdirdə də, ümumi məlumat xarakterli jurnal məqaləsində bütün məsələlərdən geniş şəkildə söz açmaq da, təbii ki, mümkün deyildi.
“Rusiya tatarlarının mədəniyyət həmlələri” məqaləsinin mühüm hissəsi XVI-XIX əsrlərdə Volqaboyundan Mərkəzi Asiyaya qədər ucsuz-bucaqsız türk torpaqlarının rus idarəçiliyi altına keçməsi və çarizmin bu ərazilərdə yerli xalqlara qarşı yürütdüyü ruslaşdırma siyasətinə həsr olunmuşdu. Rus təsiri tamamilə yeni tipli hadisə idi. Əgər ərəblər və farslarla ümumi din, Hindistan və Çinlə qismən əski dini inanclar, qismən ümumi Şərq çətiri altında bir araya gəlmək mümkün idisə, Asiya köklərini inadla inkar edən ruslar bu qəliblərin heç birisinə sığmırdı. Bəlli bir dövrə qədər müstəqil, yaxud yarımmüstəqil tatar xanlıqlarının mövcudluğu da əlaqələrin daha geniş müstəvidə, cəmiyyətlər və xalqlar səviyyəsində yayılmasına imkan vermirdi.
Müəllifin fikrincə, imperiya tərkibində türk-tatar kütlələrinin uzun müddət təcrid şəraitində yaşaması onlara hansısa fayda gətirməmişdi. Doğrudur, xalq bütün mümkün vasitələrlə milli varlığını, ilk növbədə isə ana dilini, folklorunu, adət-ənənələrini qoruyub saxlamağa çalışmışdı. Lakin gələcəyə yönəlik ictimai tərəqqi meyarları ilə yanaşıldıqda, bu, əslində qapalı dairə daxilində hərəkətdən başqa bir şey deyildi. Yeniləşmə sehrli dairənin hüdudlarından kənara çıxmağı, yad görünsə də yeniliyi, mütərəqqiliyi ilə seçilən mədəni arealla əlaqələr yaratmağı tələb edirdi. Bəkir Çobanzadə proseslərdən bir qayda olaraq və daha çox Kazan tatarlarının timsalında söz açsa da, onun aşağıdakı müşahidəsi Rusiya imperiyasının digər türk xalqları üçün də səciyyəvi sayıla bilər: “Tatarlar ötən əsrin ortalarına qədər əllərini yanlarına salıb baş verən tənəzzülə adi seyrçi kimi baxır və xilaskar Mehdinin nazil olacağını gözləyirdilər”.
Lakin qabaqcıl rus ictimai fikri və mədəniyyəti ilə əlaqə yaratmaq da ilk baxışdan göründüyü qədər asan məsələ deyildi. İmperiyanın rəsmi dairələri öz xalqının tərəqqisini istəyən milli qüvvələrlə əməkdaşlığa xüsusi həvəs göstərmirdi. Əksinə, cahil və irticaçılar arasında istinad nöqtəsi axtarırdı. Müəllif yerli xalqların tərəqqiyə qovuşması yolunda ciddi maneəyə çevrilən siyasətin mahiyyətini açaraq yazırdı: “Missioner İlminski öyrədirdi ki, hökumət vəhşilərin dünyanın xəritəsindən silinməsi üçün fanatik din xadimlərinə yardım etməlidir. Bunun da nəticəsində rus iqtidarı ilə əski fanatiklər ordusu arasındakı iş birliyi get-gedə möhkəmlənmişdi. Növbəti addımlar yeni məktəblərin bağlanması, müəllimlərin həbsə, yaxud sürgünə göndərilməsi, şagirdlərin müxtəlif yollarla təhsildən uzaqlaşdırılması idi. Bax, ruslar tatarları sivilizasiyaya belə qovuşdururdular”
Məkrli siyasətin qarşısında duruş gətirmək üçün tatarlar milli simalarını qorumaq şərti ilə rus dilini öyrənmək, rus mədəniyyətinə dərindən yiyələnmək qərarına gəldilər. XIX əsrin ikinci yarısından etibarən Azərbaycan türkləri də eyni yolu seçdilər. Elementar yaşam mücadiləsi, haqq və hüquqların mühafizəsi də bunu tələb edirdi. Çünki hakim xalqın dilini bilməmək, qanunlarından bixəbər qalmaq zaman keçdikcə türk-tatarların vəziyyətini daha da çətinləşdirir, onları bütünlüklə oyundankənar vəziyyətə salırdı. Lakin Bəkir Çobanzadənin fikrincə, rus dilini öyrənmək Rusiyanın apologetinə çevrilmək, bu dildə yaranmış mədəniyyəti qeyd-şərtsiz və kor-koranə yamsılamaq olmamalı idi: “Tatarlar hər növbəti addımı atmazdan əvvəl öz keçmiş tarixlərini, babalardan irsən almış olduqları adət-ənənələri əsaslı şəkildə gözdən keçirirdilər. Onlar həmin ənənələrin mövcudluğunu bir an da olsun unutmurdular”. Başqa bir mühüm cəhət isə ağıllı şəkildə aparılmış “iş bölgüsü” idi: əgər rus dilinə yiyələnmiş tatarlar gələcəyə aparan yolları tapmağa çalışırdılarsa, “köhnələr”, məsələn, Kazan tatarları arasından çıxan Şihabəddin Mərcani, Kayum Nasıri kimi məktəb və mədrəsələrdə yetişmiş alimlər keçmişlə, əski tarixlə etibarlı körpülər yaradılması qayğısına qalırdılar. Eyni zamanda, ruslaşma təhlükəsinin də güclü olduğu, tatarlar arasında milli həyat şərtlərinin, dil və məişətin bir sıra dəyişikliklərə məruz qaldığı da etiraf edilirdi”.
Gənc Bəkir Çobanzadə türklərin, ümumən müsəlmanların modernləşmə və müasir mədəniyyətə hansı yollarla qovuşmaları məsələsində məşhur türkoloq, macar paytaxtının elmi brendlərindən biri sayılan professor Armin Vamberi ilə polemikadan çəkinməmişdi. Onun “Qərb mədəniyyəti Şərqdə” adlı kitabında türklərin yeni sivilizasiyanı İngiltərə, yaxud Rusiyadan əxz etmələrinin zəruriliyi haqqındakı fikirlərinə qətiyyətlə etirazını bildirmişdi. Və müstəqil şəkildə belə məntiqi nəticəyə gəlmişdi ki, “kənardan alınan mədəniyyət xalqın tam assimlyasiya olunmasına, habelə əski dəyərlərin itirilməsinə gətirib çıxara bilər”. Son otuz ildə milli potensialı sayəsində böyük mədəni tərəqqiyə nail olmuş Hindistan, Şərqi Türküstan (Çin), Yaponiya kimi ölkələrin təcrübəsini nümunə göstərən müəllif kənardan ixrac edilən deyil, milli tarixi nailiyyətlərə və ənənələrə əsaslanan mədəni inkişafı üstün tuturdu. Eyni zamanda böyük dövlətlərin mədəniyyət ixracı əvəzinə müstəmləkəyə çevirdikləri ölkələrə sadəcə öz qüvvələri hesabına geriliyi aradan qaldırmağa, maarif və mədəniyyətlərini inkişaf etdirməyə şərait yaratmaqla bəşəriyyəti yeni milli-mənəvi dəyərlərlə daha geniş çapda zənginləşdirəcəklərini yazırdı. Həssaslığı ilə seçilən digər dəqiq müşahidə isə zorakı assimlyasiya cəhdlərinin, süni mədəniyyət ixracı təşəbbüslərinin xalqın öz əlində olanlardan daha möhkəm yapışmasına stimul yaratması ilə bağlı idi. Necə deyərlər, təsir mütləq əks təsir doğururdu.
Müəllifin qənaətinə görə, XIX əsrin ortalarından etibarən türk-tatar xalqları mədəni tərəqqi baxımından mühüm mərhələyə qədəm qoymuşdular. Bu mərhələ üç inqilabi yeniliyin meydana gəlməsində özünü göstərmişdi: milli mətbuat, teatr və müxtəlif istiqamətli ictimai təşkilatlar yaranmışdı. Təbii ki, Azərbaycanla bağlı məlumatlarının məhdudluğu ucbatından Bəkir Çobanzadə mətbuat, teatr və xeyriyyə cəmiyyətlərinin fəaliyyətini daha çox Volqaboyu və Krım tatarları arasında izləmiş və bu bölgə türkləri üçün səciyyəvi saymışdı. Amma gəldiyi nəticələr ümumilikdə, Rusiyanın türk mətbuatına müncər edilə bilərdi. Məsələn, aşağıdakı müşahidələri eyni ilə XX yüzilliyin əvvəllərində Bakıdakı mətbu nəşrlərə də şamil etmək mümkündür: “Tatar qəzetləri üçün qısa ömürlülük və adlarının tez-tez dəyişməsi səciyyəvidir. Bunun səbəbini ilk öncə mövcud Rusiya gerçəkliyində axtarmaq lazımdır”. Yaxud: “Siyasət məsələlərindən başqa qəzetlərdə tatar həyatının mühüm və maraqlı aspektləri – məsələn, tatar dilindən istifadə, tatar ədəbiyyatının, iqtisadi vəziyyətin təhlili başlıca yer tuturdu”.
Məqalədə anadilli mətbuatın yaranması və milli məktəblər şəbəkəsinin genişlənməsi biri-birinə bağlı olan, biri digərinə stimul verən proseslər kimi nəzərdən keçirilmişdi. Şübhəsiz, əhalinin savadlı qisminin çoxalması qəzetlərə, kitab nəşrinə, yaxud xeyriyyəçilik fəaliyyətinə və teatr tamaşalarına marağı artırırdı. Mətbuat da öz növbəsində maarifin yayılmasını, ictimai institutların fəaliyyətini daim əhatə dairəsinin fokusunda saxlayırdı.
Yenə də təkrar etməyə lüzum var ki, həyatının Budapeşt mərhələsində Azərbaycanla bağlı bilikləri məhdud olsa da, Bəkir Çobanzadə türk-müsəlman dünyasına dramaturgiya və teatrın bizim məmləkətimizdən yayıldığının fərqində idi. Həmin dövrdə bir sıra Avropa ölkələrində məşhur olan “tatar Molyeri” – M. F. Axundzadə haqda macarlara ilk məlumatı da o çatdırmışdı. Türk dünyasında teatrın nə üçün məhz Azərbaycanda yaranmasının səbəblərinə toxunan müəllif yazırdı: “Bu mənada Qafqaz şiələrində vəziyyət daha yaxşı idi. Onların dini ritualları parlaqlığı və cah-cəlalı ilə seçilir. Aşura günü Peyğəmbərin nəvəsi, Kərbəla yaxınlığında həlak olan Hüseynin şərəfinə şəbih tamaşası göstərilir. Xarakterinə görə bu tamaşada teatrallıq ünsürləri kifayət qədər çoxdur. Tamaşa iştirakçılarından biri şəhid İmam Hüseynin, digəri Yezidin, üçüncüsü çaparın obrazını canlandırır. Mühüm dini ənənə heç şübhəsiz, teatr tamaşalarının ilk dəfə Qafqazda meydana çıxmasına öz güclü təsirini göstərmişdi. Burada artıq 1850-ci ildə Fətəli Axundzadə pyeslər yazmağa başlamışdı. Çoxları onun komediyalarını oxusalar da, dram yaradıcılığından xəbərdar olsalar da, bu əsərlər səhnəyə nisbətən gec qoyulmuşdu. Çünki Qafqaz tatarlarının öz teatrları yox idi. Digər yazıçılar da Axundzadənin ənənələrini davam etdirdilər və sonradan onların əsərləri milyonçu Abdulla Tağıyevin (söhbət məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən gedir, lakin ad orijinalın mətnində yanlış olaraq bu şəkildə verilmişdir – V.Q.) vəsaiti hesabına tikilmiş Bakı teatrının binasında tamaşaya qoyulmuşdu”
Bəkir Çobanzadə özünün də mənsub olduğu xalqı macarlara təqdim edərkən iki mühüm məsələnin üzərində xüsusi dayanmışdı. Bunlardan biri türk-tatarların xarakter və təbiətlərinə, həyat şərtlərinə görə tarixən dini fanatizmə yad olmaları, digəri isə qadının ailə və cəmiyyətdəki mövqeyi ilə bağlı idi. Şübhəsiz, ikinci məsələ Macarıstanda daha çox marağa səbəb olduğundan müəllif təfərrüatlı izahlara ehtiyac görmüşdü. O, yazırdı: “Mən hər bir avropalıda xüsusi maraq doğuran mühüm məsələdən – cəmiyyətimizdə qadının vəziyyətindən indiyə qədər bəhs etməmişəm. Sözə ondan başlamalıyam ki, avropalılar arasında bu qədər qızğın polemika doğuran poliqamiya (çoxnikahlılıq) geniş yayılmış islami adət kimi bizdə yoxdur və heç əvvəllər də mövcud olmayıb. Qadınlarımız türklərin məşhur dostu Pyer Lotinin öz “Ümidsizlər” (“Desenchantees”) romanında təsvir etdiyi kimi, həyatlarından narazı, ruh düşkünlüyünə qapılmış deyillər. Doğrudur,bir insan kimi onların da şikayətləri var. Lakin bu ərlərindən, yaxud ailə münasibətlərindən doğan narazılıq deyil. Uşaqlarını erkən yaşda itirmələri, həyat şərtlərinin get-gedə ağırlaşması onları narazı salan başlıca səbəblərdir”. Türk qadının öz evində söz sahibi olması, övladlarının, ilk növbədə isə qız uşaqlarının gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynaması nisbi hüquq bərabərliyindən və ailə harmoniyasından xəbər verən məqamlar kimi önə çəkilirdi. Başqa sözlə desək, qadın türk-müsəlman cəmiyyətində həm də mənəvi-hüquqi bərabərliyin müəyyən ünsürlərinə malik idi. Onun fikri ilə hesablaşır, hətta bəzi məqamlarda ondan məsləhət alırdılar.
Qadın problemlərindən danışarkən Azərbaycan realist ədəbiyyatında, xüsusən də Sabir poeziyasında “Fatma-Tükəzban problemi” adlandırıla biləcək məsələ də Bəkir Çobanzadənin diqqətindən yayınmamışdı. Maraqlıdır ki, o da rus təhsili alan, evlənməyə savadlı müsəlman qızı tapmayıb “Anyaları, Sonyaları” yanlayan tatar gənclərinin diqqətindən kənarda qalmış “zavallı Fatimələrdən” söz açmışdı. Eyni zamanda, Kazan və Krım tatarları arasında qadın təhsilinin ağıllı və uzaqgörən şəkildə qurulması sayəsində son dövrlərdə qızların mədəni-ictimai həyatın əksər sahələrinə cəsarətlə nüfuz edə bildiklərinə diqqət çəkmişdi. Köhnə yaşam şərtlərinə və prinsiplərinə qarşı açıq üsyana qalxmış gənc şairə Fatimə, Sibir türkləri üçün bir çox məktəb və xeyriyyə cəmiyyətləri açmış Əzizə xanım, türk-müsəlman cameəsində ilk dəfə şəriət hakimi-qazı vəzifəsinə yüksəlmiş Müxlisə Bubi kimi qadınların fəaliyyətini ictimai həyatda get-gedə dönməz xarakter alan yeni tendensiyanın uğurlu başlanğıcı kimi dəyərləndirmişdi.
Bəkir Çobanzadənin bir sıra mühüm mesajlarla zəngin olan bu məqaləni qələmə aldığı dövrdə keçmiş Rusiya türkləri arasında yeni milli-mədəni intibah dövrü yaşanırdı. Ona görə də özünü həmin taleyüklü proseslərin Avropadakı azsaylı populyarizatorparından biri kimi görən gənc alim də üzərində bu qədər ətraflı dayandığımız yazısını nikbin, major notlarla başa vurmuşdu: “Tatarların keçmişi və indisi haqqında qısa şəkildə demək istədiklərim bunlardır. Biz öz qonşularımızdan, öz düşmənlərimizdən çox şey öyrənmişik. Doğrudur, bütün bunlar böyük itkilər və məhrumiyyətlər hesabına başa gəlib. Başı müsibətlər çəkmiş hər bir xalq kimi biz də yəqin ki, azadlığa qovuşandan sonra indiki və keçmiş məhrumiyyətlərimizi minnətdarlıq hissi ilə xatırlayacağıq.
İnancımız və əxlaqi prinsiplərimiz hər birimizdən özünü qurban vermə bacarığı tələb edir. Sınaqların saflaşdırıcı alovundan sonra vicdanımız daha da kamilləşəcək. Volqa sahillərində, Qafqaz dağlarının zirvələri arasında, Krımda, Buxarada, Kaşqarda, Xivədə, Sibirin sadə şəhərlərində yeni nəsil yetişir. Onların ümidləri də, can atdıqları amallar da yenidir. Gözlənilən Sahib əz -Zamanın -Mehdinin həqiqi övladları da onlar olacaqlar”.
Gənc Bəkir Çobanzadənin mühüm xidmətlərindən biri də vətəndən uzaqlarda bu yeniliyin ilk carçılarından birinə çevrilməyi bacarması idi.
Nəhayət bir neçə kəlmə də müəllifin macar mətbuatında işıq üzü görmüş və hələlik bizə bəlli olan sonuncu – dördüncü məqaləsi haqqında. Söhbət “Maqyar Figyelo” dərgisində çap olunan “Tatar mədəniyyəti. Qeydlər” adlı yazıdan gedir. Onun müəllifi redaksiya qeydində “Budapeştdə yaşayan tatar gənci” kimi təqdim olunur. Əslində bu yazıda yeniliyi ilə seçiləcək elə mühüm bir mətləb və məqam yoxdur. Onu tam əsasla yuxarıda geniş şəkildə nəzərdən keçirdiyimiz “Yeni oyanan tatarlıq” məqaləsinin qısa konspekti, yaxud özəti də adlandırmaq olar.
Diqqəti çəkən əsas məqam tarixi ədalətsizliklərdən şikayət ruhu və mövcud mərhələdə tatar-macar dostluğunun labüdlüyü haqqında ürəkdən gələn ilhamlı sətirlərdir. Müəllif şikayətlənir ki, türk-tatar xalqları onlara münasibətdə hər cür rəzaləti və alçaqlığı özünə rəva görən Rusiya imperiyasının süqutundan sonra haqq etdiyi ədalətli münasibət əvəzinə yersiz ittihamlarla qarşılaşır. Qarşılarında azadlıq və müstəqillik kimi böyük bir nemətə yiyələnmək imkanı açıldığı dövrdə onları kifayət qədər mədəni olmamaqda, dövlət quruculuğu üçün zəruri insan potensialı yetişdirə bilməməkdə, mədəni dünyadan geri qalmaqda suçlayırlar.
Bu isə gənc tatar vətənpərvərində Avropaya qarşı bir inamsızlıq yaradır. O, türk-tatar qövmünün yaxın gələcəkdə özlərinə müttəfiq seçmək məsələsində xüsusi ilə diqqətli olmalarını, bu məsələdə tarixlərinə, mədəniyyətlərinə sayğı ilə yanaşan, soy-kök yaxınlığına malik xalqlara üstünlük verməyi zəruri sayır. Belə Avropa xalqlarının önündə isə təbii ki, qardaş macarlar gəlir:
“Bir sözlə, bizə elə fundament lazımdır ki, ona əsaslanaraq, ona dayanaraq biz özümüzə dönə bilək, milli varlığımızı qoruya bilək. Avropa qurumlarına və müəssisələrinə qorxu və heyrətlə deyil, inam və anlayışla baxa bilmək üçün həqiqi tatar köklərimizə qayıtmalıyıq, üstün cəhətlərimizə inanmalıyıq. Bəli, Avropa mədəniyyətinin şüaları bizə uzaq və soyuq görünür. Ələlxüsus da bu mədəniyyəti doğmalıqlarını heç cür ağlımıza gətirmədiyimiz ruslar və fransızlar təmsil və təqdim edəndə! Biz avropalılarla ünsiyyətdə yalnız bilik dalınca getməməliyik, həm də onların özümüzə qarşı münasibətində sevgi və xeyirxahlıq görməliyik. Bu isə yalnız bizim mədəniyyətimizi və mənşəyimizi həqiqətən duymağa, millətimizin qayğısına qalmağa hazır olan bir xalqla ittifaq şəraitində mümkündür. Macarıstanda olduğum iki il ərzində qardaş macarların məhz belə bir xalq olduğuna bütün səmimiyyətim ilə inanmışam. Macar folklorunun bir çox nümunələri öz ritmi və ahənginə, temeramentinə görə, işlətdiyi təşbih və müqayisələr, üz tutduğu mövzular, oynaq və yumorlu üslubu, ideya və dünyagörüşü baxımından bizim xalq yaradıcılığına çox bənzəyir…”
Yəqin ki, Bəkir Çobanzadə özü də yazdıqlarının yalnız xoş bir arzu, şirin bir illüziya olduğunun fərqində idi. Çünki 1918-ci ilin Macarıstanı bizim günlərdə olduğu kimi bir dünya dövləti deyildi, dual Avstriya-Macarıstan imperiyasının süqutundan sonra ölkə özü çoxlu sayda problemlərlə üz-üzə dayanmışdı və belə vəziyyyətdə hətta istəsə də, türk-tatar xalqlarına dəstək ola bilməzdi. Ona görə də bu sözləri sadəcə Macarıstana və macarlara bir ehtiram və minnətdarlıq duyğusunun ifadəsi kimi dəyərləndirmək həqiqətə daha çox uyğundur.
Bəkir Çobanzadə bu illüziyalarla bir sırada realist olmağı da bacarır – vəziyyətdən çıxış yolunu milli ruhun yaşadılmasında və gələcək nəsillərin bu ruhda böyüdülməsində görür. Məşhur tatar teoloqu Musa Bigiyevin “Son yüzillikdə Plevna və Adrianopol (Ədirnə) kimi güclü qalalarımızın itirilməsi məni yandırmır, məni yandıran odur ki, çoxumuz son istinadgah yerimizi-milli şüurumuzu itirmişik”- sözlərini misal gətirən müəllif ilk baxışdan maraqlı görünəcək bir nəticəyə gəlir -rus kazaklarının qırmancları tatarlarda milli hissin güclənməsinə xidmət edib, rus məktəbləri isə əksinə, hər vasitə ilə həmin hisslərin kütləşdirilməsinə, yanlış məcraya salınmasına çalışıb.
Bütövlükdə, Bəkir Çobanzadə həyatının Budapeşt dövründə şeir və nəsr məktəbi ilə birlikdə güclü siyasi pubisistika məktəbi də keçmişdi. Lakin vətəni Krıma qayıdandan sonra bolşevik hakimiyyətinin azad sözə necə böyük məhdudiyyətlər qoyduğunu görüb, bu yaradıcılıq sahələrindən könüllü imtina etmişdi. Macar mətbuatında çap olunan yazılarını isə heç yerdə yada salmamışdı…
Budapeşt, dekabr, 2016-cı il