GenelGüncelKültür Sanat

Vahid Aslan

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi


Vahid Aslan

 

29 sentyabr 1972-ci ildə Azərbaycan Pespublikası Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. AYB-nin və AJB-nin üzvüdür.  “Yaşıl sevgilər”, “Tənhalıq əlində”,  “Məhəbbət müqəddəsdir”, “Bənövşə ömrü”,  ”Daşlar çiçəkləyəndə”, “Riyaziyyat və Poeziya”, “Əkiz ruhlar”, “Tanrıya dualarla”, “Yağış havası”, “Gədəbəy Rayonunun Şəhidləri”, “Gədəbəydə doğulan şairlər”, “Ürəyim söz yuvasıdı”, “Ləyaqət simvolu” adlı kitabların, 2 metodik vəsaitin, 3 monoqrafiyanın və 350-dən artıq məqalənin müəllifidir. Jurnalistika sahəsində və ədəbi sahədə uğurlu fəaliyyətinə görə bir sıra çeşidli ödüllərə layiq görülmüşdür.  ADPU – nun doktorantıdır. “Müəllim sözü” qəzetinin təsisçisi və baş redaktorudur.

                  Çətindərə yaylağı

Yenə qalxdım at belinə, şimşəklərdən qanadım.

Ey boz duman, ağca bulud ötüb keçərəm sizi.

Üz tutduğum zirvələrdə arzularım, muradım.

Dərələrdən axan çaylar qaldırın səsinizi.

                        ***

Yayın qızmar istisində diş göynədən bulağım,

Dönüb yenə sənə gəldim, gəl görüşək – öpüşək!

Uşaqlığım yada düşdü, həzin-həzin ağladım,

Ya da könlüm cuşa gəldi, aşıb-daşdı çaylar tək.

                        ***

Eşidirəm, havalanır qartalların qıy səsi,

Demək indi çatacağam zirvəsinə dağların.

Dodağımdan axıb gedir bulaqların nəğməsi,

Xatırladır film kimi mənə ötən çağları.

                        ***

Meşəsində çiyələyi, moruğu, quzqulağı,

Çaylarında balıqları varıdır, ey oxucu!

Qoy söyləyim necə yerdi Çətindərə yaylağı,

Buludları dəlib keçir qayaların ox ucu…

                                                             01.08.23

     Bir içim ümid

Közərən ümidlərimi

Üfürürəm alışmayır,

Azadlığım çatışmayır,..

Yollara çıx səfər eylə,

Götürüb də apar məni,

Uzaqlara apar, ruhum!

                        ***

At belində ya piyada

Uzaqlara səfər eylə,

İstəyirəm şimşək çaxa,

Bir dəlisov yağış yağa,

Yağışın səsini dinlə,

Bu sehrli səsdən gözəl

Yer üzündə nə var, ruhum!

                        ***

Zalım-zalım adamlarla

Şəhər elə qarışıb ki,..

Dənizinə, havasına

Zəhər elə qarışıb ki,..

Özümüzü itirmişik,

Boğduqları səsimizi,

Sözümüzü itirmişik,

Gedək özümüz olmağa,

Orda bir dağ ətəyində

Yaxşı ki, bir içim ümid,

Bir də azadlıq var, ruhum!

                                       24.07.23

                    Şuşa

Qayıtdı nəğməsi göyçək dilinə,

Yaxıldı xınası çiçək əlinə,

Bax, indi bənzəyir nazlı gəlinə,

Bu bəxtəvər şəhər, bu gözəl şəhər.

                        ***

Qaməti mərmərdən, əli belində.

Külək dəli olar öpsə telindən…

Çimir gecələrin işıq selində,

Durub ulduzlarla göz-gözə şəhər.

                        ***

Bu yerlər əzəldən cənnətdi deyə,

Xətrinə dəyənlər başına döyər;

Tanrı əlləri tək açılıb göyə,

Qayalar üstündə möcüzə şəhər.

                                        16.07.23

                   Qapı

Hər gün babam gedən yollara baxır,

Həsrəti gözündə dağdağan qapı.

Cadar-cadar olan boyat sinəsi,

Bir paslı qıfılla dağlanan qapı.

                        ***

Hərdən külək döyür, hərdən gün döyür…

Ömrü gödəldikcə dərdi böyüyür.

Qədəri qınayır, bəxtini söyür,

Yetim uşaq kimi ağlağan qapı.

                        ***

Kimsəsiz qalandan evi yıxıldı.

Doğmalar başından uçdu, dağıldı.

Yaşanan ömürdü, qəmli nağıldı,

Kitabı biryolluq bağlanan qapı.

                                             08.07.23

          Bağlı qapılar

Kimin qapısını döyüm, ilahi!

Hayana yığışıb getdi adamlar.

Tək qalıb, darıxır köyüm, ilahi!

Tək qalıb darıxır dərələr, dağlar.

                        ***

İşıqları sönüb, çayı quruyub.

İtib ot altında yollar, cığırlar.

Bu uçuq evləri kimdən qoruyur?

Bağlı qapılarda paslı qıfıllar.

                        ***

Siz ey qapılarda qalan qıfıllar,

Son dəfə bu yoldan kim ötüb, deyin!

Siz ey uzaqlara boylanan yollar,

Ocağı nə zaman söndü bu öyün…

                        ***

Sən ey yol qırağı, uçurum başı

Danışın!

Bu mənəm – o, dəcəl uşaq!

Bağrı susuzluqdan yanan çay daşı,

Ölən çayımızı kimdən soruşaq?

                        ***

Görübkü adamlar vəfasız oldu,

Çaylar da intihar edib, anladım;

Gördümkü göy üzü qaralıb, dolub,

Mən də uşaq kimi bir az ağladım.

                        ***

Qalımmı?..

          Gedimmi?..

Hava qaralır;

Getsəm tək qalacaq köyüm, ilahi!

Əllərim titrəyir, canım üşüyür,

Kimin qapısını döyüm, ilahi!

                                           22.03.23

           Bahar nəğməsi

Belə görməmişdim dağları hələ,

Ey sözüm, nəzər sal çəməndə gülə;

Oxuyan bulağın səsini dinlə,

Nazlanan baharın rəsmini çək, get!

                        ***

Bahar nərgizindi, yaz bənövşənin.

Boyuna biçilib naz bənövşənin.

Ruhum, dərədəki qız bənövşənin

Getsən görüşünə, yığışıb tək get!

                        ***

Yazın havasına oynayan çaya,

Atılmaq istəyir mamırlı qaya;

Gəlimli-gedimli qoca dünyaya,

Şair, qələminlə bir cığır ək, get!

22.03.23

    Kimsəsiz uşaqlara

Atanı müharibə uddu,

Ananı zəlzələ;

Əvvəl arzularının qanadları qırıldı,

Sonra oyuncaqların;

Hələ üç yaşın var,

Hələ səni aldada bilir nağıllar…

Sən dağılmış yuvanıza baxdıqca

Qıvırcıq saçlarını küləklər dağıdar,

Amansız tale göz yaşlarını ürəyinə axıdar,

Uşaq gözlərinə baxdıqca

Göy üzü səndən utanar,

Ağca buludlar ağlar…

Bir cüt göyərçin əllərin

Səmasına – anasına uzalı,

Yanaqların şaxtadan qızarıb,

Lalə dodaqların çat-çat,

Gəl, yavrum, gəl,

Sənə də qıydı zalım həyat…

Gəl aparım səni öz dünyama,

Orada olmasa da yalançı nağıllar,

Orada nə zəlzələ,

Nə də müharibə var;

(… Və mənim öz dünyam olsaydı,

Bütün cocuqları məsud edərdim.)

                                               25.02.23

           Sevgi nağılı

Gözlərim elə ki rəsmini çəkir,

Saçını üzünə çox da dağıtma!

Sənə soyuq olar ürəyimə gir,

Uzanıb sinəmin üstündə yatma!

                        ***

Dodağın gecənin işıqlarıdı,

Söndürə bilmirəm yanır, alışır.

Zamanın içində gecə yarıdı,

Ovcumun içində əlin danışır.

                        ***

Yanağın allanıb qaynar öpüşdən,

Bir az yana dönüb xumarlı başın.

Bulaqdı qaynayır dağın döşündən,

Sinəndən süzülən gözünün yaşı.

                        ***

Sonsuzluq içində nağıl kimiyik,

Arzular qanadlı, xəyallar şirin.

Mavi göy üzündə üzən gəmiyik,

Yelkən tək qıvrılır bulud əllərin.

                        ***

Ömürdən o tayda qalıb qayğılar,

Qayğılar içində ağrı-acılar…

Yox, biz istəmirik bitə nağıllar,

Yox, biz istəmirik səhər açıla…

                                              27.06.22

               Bəzən

Harda gözü yaşlı bir uşaq görsəm,

Ürəyim qırılıb içimə düşər.

Harda iynə ucu bir işıq görsəm,

Kölgələr şığıyıb izimə düşər.

                        ***

Harda bir ev görsəm-

                      Hasarı uçmuş-

Onun həyətində tənha bir qoca;

Sanaram qanadı qırılmış bir quş

Sürünür,.. istəyir göylərə uça.

                        ***

Harda qolu sınmış bir budaq görsəm,

Kədər yuvasına dönər gözlərim.

Harda dağıdılmış bir ocaq görsəm,

Dilimin ucunda donar sözlərim.

                        ***

…Bir zülmət adam var, bir işıq adam,

Biri ümid verər,  biri dərd verər.

Dil var yaralayar, kəsər, qanadar,

Dil var dəmiri də muma döndərər.

                        ***

Geriyə baxıram,..

Ömrümün yolu

Bir az əzablıdı, bir az daşlıdı.

Bəzən gündüzlərim yarı yuxulu,

Bəzən gecələrim oyaq yaşadı.

                                       23.04.22

           Yağışı sevirsən

Mənim otağımda kitab qoxusu,

Sənin otağında yasəmən ətri;

Sənin gözlərinin qaçıb yuxusu,

Mən yaza bilmirəm sonuncu sətri;

                        ***

Mənim otağımda payız fəslidi,

Sənin otağına yaz gəlib artıq;

Sənin arzuların gül nəfəslidi,

Mənim duyğularım köhnəlib artıq;

                        ***

Mən şair babayam, bir az əhlikef,..

Sən isə uzanan romantik gecə!

Nə qədər söz verib aldatmışam, eh,..

Yenə inanırsan mənə eləcə;

                        ***

Nə sözlər yaxamdan əl çəkəcəkdir,

Nə sən yatacaqsan səhərə kimi.

Tək bircə misralıq aşırım qalıb,

Mənim otağımdan şəhərə kimi.

                        ***

… Yağış səsi gəlir bayırdan hələ,

Bəlkə pəncərəmdə hıçqıran sənsən!

Yağışa qoşulub gəlirəm, gözlə!

Bilirəm, yağışı sən də sevirsən!..

                                           27.04.21

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest