Unutdum o qızı – Nazim Əhmədli
Nazim Əhmədli
Unutdum o qızı
Unutdum o qızı bir payız günü,
atdım ürəyimin daş arxivinə;
həsrəti göndərdim ağarıb gedən,
qara saçlarımın qış arxivinə;
*****
bığ yerim hələ də tərləməmişdi,
saçlarım qap-qara gecə kimiydi;
xəyalım göylərdə bulud qovlayan,
kola-kosa düşən beçə kimiydi;
*****
onda sevməyi də bilmirdim, hələ;
mənə uşaq kimi baxırmış, qızlar;
özümün xəbərim yoxuymuş, vallah,
demə, ürəyimi yaxırmış qızlar;
*****
biri dəcəl idi, biri utancaq,
biri də qaş-qabaq tökürdü mənə;
yanından da ötüb keçə bilmirdim,
baxışları xəncər çəkirdi mənə;
*****
bir az ürkək idi, gülümsər idi,
gözünü çəkmirdi, mənim gözümdən;
özüm də bilmirdim, o nəyə baxır,
bəlkə, şeytan tükü varmış üzümdə;
*****
bir də ayıldım ki, o qız yox olub,
elə bil, quş olub, uçub gedibdi;
dedilər, məktəbi bitirməmişdi,
bu payız qoşulub, qaçıb gedibdi;
*****
unutdum o qızı, o payız günü,
üstümə yağırdı, payız yağışı;
unutdum üzünü, saçlarını da,
təkcə yadımdaydı, ürkək baxışı.