GenelGüncelKültür SanatTürk Dünyası

Ümummilli lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə – Elnarə Qaragözova

Qaragözova Elnarə Elxan qızı

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

 aparıcı elmi işçisi

Ümummilli lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə

         Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi, “Ümumilli lider Heydər Əliyev ili” adlandırılan 2023-cü ilin ədəbiyyatşünaslıq gündəminin əsasını dahi liderin obrazının ədəbiyyatda əksi və bu obrazın ədəbiyyat-tarix kontekstində araşdırılması təşkil edir. Bu prosesçağdaş ədəbiyyatşünaslığımızda daha öncəki illərdə də izlənilirdi. Müstəqillik illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ümummilli liderin obrazı elmi əsaslarla işlənilmiş, bu kontekstdə fərdi araşdırmalarla yanaşı bir neçə kollektiv monoqrafiya da işıq üzü görmüşdür.  1998-ci ildə  çap olunan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı kollektiv monoqrafiyası 2009-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilmiş və bu təkmil  nəşr Dövlət mükafatına layiq görülmüşdür. 2018 və 2019-cu illərdə isə çağdaş ədəbiyyatşünaslıq elmini təmsil edən əsas imzaların birgə əməyinin nəticəsi  olan,akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən idela”ikicildlik kollektiv monoqrafiyası işıq üzü gördü. Bu monoqrafiyada ümummilli liderin  obrazı fərqli aspektlərdən çağdaş  ədəbiyyatın güzgüsündə yeni imzaların qələmində tədqiq olunmuş, Heydər Əliyev obrazının müstəqillik dövrü ədəbiyyatımızda inkişaf dinamikası izlənilmişdir.

2023-cü ilin elmi gündəmində Heydər Əliyev obrazının işıqlandırılmasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının imzaları özəlliklə nəzərə çarpır.Bu ilin may ayına qədər dövrü mətbuatda “Heydər Əliyev ili”nə tövhə olaraq Akademikİsa Həbibbəylinin “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr”, akademiyanın müxbir üzvü Tehran Əlişanoğlunun “Anarın “Unudulmaz görüşlər”ində Heydər Əliyev”, “Ulu öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi”, filologiya elmləri doktoru  Elnarə Akimovanın “Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycan: sevgisi və ağrısı ilə”, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Heydər Əliyev obrazı müstəqillik illərində yazıımış poemalarda”,bu məqalənin müəllifinin “Yunus Oğuzun “Tarix ibrətdir”tarixi-fəlsəfi-publisistikəsərində Ümummilli lider Heydər Əliyev obrazı” məqalələri dərc olunmuşdur.

Çağdaş ədəbiyyatımızda ümummilli lider Heydər Əliyevin obrazının işlənməsi bir neçə aspektdə özünü göstərir:

  • Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi  obrazı
  • Heydər Əliyevin xilaskar obrazı
  • Heydər Əliyevin lider obrazı

Müstəqillik dövründə yaranan ədəbiyyatın ədəbi növlər və janrlar sistemində ümummilli liderin obrazının bu aspektləri müxtəlif səviyyələrdə təzahür edir. Bu sistemdə əsas yeri, üstün mövqeni poetik nümunələr tutur. Zəlimxan Yaqubun Nəriman Həsənzadənin, Fikrət Qocanın, Musa Urudun, Vahid Əzizin, Baba Vəziroğlunun, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Yusif Nəğməkarın, Vüqar Əhmədin, Oqtay Rzanın, Xanım İsmayılqızının, Elxan Zal Qaraxanlının qələmindən süzülən bu nümunələr Heydər Əliyevin bədii-poetik obrazının yaradılmasına rəvac vermişdir. Dramaturgiyada Hidayətin “Burdan min atlı keçdi”, Aqşin Babayevin “Xilaskar”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı”  pyeslərində ümummilli liderin obrazının konturları aydın görünür. Poeziya və dramaturgiyada Heydər Əliyevin xilaskar və lider obrazları əsas vurğulanan məqamdır. Müstəqillik dövrünün memuar ədəbiyyatında isə Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazına diqqət çəkilir. Hafiz Paşayevin “Bir səfirin manifesti”, Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”,İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər” əsərləri ulu öndər haqqında qələmə alınmış dəyərli ədəbi-tarixi nümunələrdir. Əlbəttə ümummilli liderin bədii obrazını  işləmək ədibdən çox böyük məsuliyyət və istedad tələb edir. Sadaladığımız  bədii və sənədli nümunələrin müəllifləri həm də  bu və ya digər şəkildə Heydər Əliyev fenomeni ilə ünsiyyətdə olmuş, yaxud həm gəncliyi, həm də yetkinlik dövrü ulu öndərin siyasi fəaliyyət dövrünə təsadüf etmiş qələm sahibləridir. Bu iki aspekt həmin qələm sahiblərinə ümummilli liderin obrazını yaratmaq şansını nəsib etmişdir.

         Ümummilli lider Heydər Əliyevin obrazı müstəqillik dövrü ədəbiyyatımızın dramatik və lirik növündə öz əksini müəyyən qədər tapmışdır. Epik növün sənədli janrları olan xatirə və oçerkdə də ulu öndərin obrazı mərkəzi mövqedədir. Lakin   epik növün hekayə, roman və povest janrları ədəbi gündəmdə ümummilli lider obrazının təzahürü baxımından çox zəif təmsil olunur. Heydər Əliyev obrazının müəyyən nəsr əsərlərində fraqmentar şəkildə işlənməsi isə obrazın tam açılmasına imkan vermir. Çağdaş nəsrimizdə Heydər Əliyev obrazı bir neçə hekayə ilə təmsil olunur. Bu kontekstdə nəzər saldığımız ilk nümunə Qalib Şəfahətin “İki sahil” qəzetinin 8 may 2021-ci il sayında dərc olunmuş “Xilaskar”hekayəsidir.Hekayənin qəhrəmanı Nurlan 2020-ci ilin şanlı Vətən müharibəsinin iştirakçısı olan döyüşçünün oğludur. Atasının xiffətini çəkən uşaq müharibə günlərində bir arzu ilə – atasına qovuşmaq arzusu ilə yaşayır. Hər şəhid xəbərindən qübarlanan məktəbli dərs zamanı da özünü xəyalən atasının yanında – cəbhədə hiss edir. Nurlan bilir ki, atasına qovuşmağın yeganə yolu Qarabağın düşmən tapdağından xilas edilməsidir. Dərsdə müəllimin Heydər Əliyevin şəkli ilə bağlı sualı və uşaqların bu kontekstdə müzakirəsi yazıçının ümummilli liderin obrazını yaratmaq yolunda maraqlı priyomu kimi yadda qalır. Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, onun davamçısı olan cənab prezident İlham Əliyevin timsalında reallaşdığını Qalib Şəfahət bir məktəblinin saf dünyası fonunda məharətlə vizuallaşdırır. Müəlliminin ümummilli liderin ideyalarının həmişəyaşarlığı ilə bağlı söhbətindən təsirlənən uşağın ağlayaraq Heydər Əliyevin heykəlindən Qarabağın düşməndən tez alınmasını və atasını qayıtmasını xahiş etməsi ilə Şuşanın azadlığı və müharibənin bitməsi xəbəri üst-üstə düşür. Körpə bir azərbaycanlının qəlbindən yüksələn və hekayənin sonunda verilən “Var olsun Heydər baba, mənim sözümü eşidib. Qarabağ bizimdir!”  nidası ümummilli liderə və onun davamçısı olan prezidentimizə ümumxalq məhəbbətini, inamı və etibarı simvolizə edir.  Hekayənin təhlilindən də aydın göründüyü kimi çağdaş nəsrimizdə Heydər Əliyev obrazının xilaskar missiyası davam edir. Lakin ümummilli liderin bu hekayədəki xilaskar obrazı daha öncəki bədii əsərlərdəki xilaskar obrazından fərqlənir. Belə ki, əvvəlki bədii nümunələrdəki xilaskar obrazı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını və müasir Azərbaycanın qurulması yolunda sağlığında atdığı addımları, əməlləri tərənnüm edirdi. Qalib Şəfahətin “Xilaskar ” hekayəsində isə bu xilaskarlıq missiyasının ümummilli liderin əbədiyyətə qovuşmasından sonra da davam etməsi, ideyaların əbədiliyi mövzusu önə çəkilir.

         Nicat Kamranoğlunun “Respublika” qəzetinin 2018-ci il 18, 20, 25 may tarixli saylarında yayımlanmış “Təxəyyül reallığı” hekayəsində isə dostu ilə birgə Bilgəh çimərliyində dincəlməyə gedən və yuxuya dalaraq zamanda keçid edən qəhrəman 1957-ci ilin reallıqları ilə oyanır. Keçmiş zamanda casus kimi qarşılanan qəhrəmanlar sərt sovet reallıqları fonunda ümummilli liderin yaratdığı  müstəqil Azərbaycandakı şəraitin, azadlığın həsrətini çəkirlər. Gənc Heydər Əliyevlə qarşılaşan dostlar ona tarixin sonrakı dönəmlərində keçəcəyi yoldan və gələcəkdə  xalqının ümummilli lideri olmasından bəhs edirlər. Bu zamanda səyahət və gənc Heydər Əliyevlə görüş epizodu  Nicat Kamranoğlunun tapıntısıdır. Yazıçı bu məqam vasitəsilə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı faktları məharətlə bədii mətnə daxil edir və fantastik mətndə ümummilli liderin real obrazını yaradır. Yazıçı dostların bu nəqli vasitəsilə ulu öndərin obrazını yaratmaqla yanaşı müstəqil Azərbaycanın vətəndaşlarının, xalqın ona olan böyük sevgisini və minnətdarlığını obrazlaşdıra bilir. Hekayəni qəhrəmanları olan dostlar yuxudan ayılanda həm Heydər Əliyevlə fantastik görüşün, həm də müstəqil Azərbaycanın vətəndaşı olmağın sevincini və qürurunu yaşayırlar.

         Qalib Şəfahətin realist nəsr nümunəsi olan “Xilaskar” hekayəsindən fərqli olaraq Nicat Kamranoğlunun “Təxəyyül reallığı” hekayəsi fantastik əsərdir. Hər iki əsərdə Heydər Əliyevin xilaskar obrazı yaradılsa da hər müəllif bunu müxtəlif kontekstdə reallaşdırıb. Qalib Şəfahətin əsərində ümummilli liderin xilaskar obrazı Qarabağ uğrunda Vətən müharibəsi kontekstində, Nicat Kamranoğlunun hekayəsində isə müstəqil Azərbaycanın müasir obrazı və inkişafı kontekstində təqdim olunur. Qalib Şəfahət ulu öndərə ümumxalq sevgisini bir məktəbli uşağın düşüncələri, Nicat Kamranoğlu isə müstəqil Azərbaycanın iki gəncinin fantastik röyası vasitəsilə açır.

         Əlbəttə bu hekayələr ümummilli liderin çağdaş nəsrdə tam obrazının yaradıldığını deməyə əsas vermir. Lakin bu nümunələr “nəsrdə Heydər Əliyev obrazı” ifadəsini işlətməyə və bu obrazın gələcək konturları haqqında müəyyən fikir yürütməyə imkan yaradır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest