Təranə ARİFQIZI
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Təranə ARİFQIZI
BƏLKƏ
Bəlkə, qayıdıb gələsən
Almadığın nəfəs kimi.
Bəlkə, yenidən üzümə
Dəyə əlin xoş səs kimi.
***
Bəlkə, bir də “alo” deyib
Telefonu dindirəsən…
Zarafatla hirsləndirib
Bir ürəkdən güldürəsən.
***
Boğazımda düyümlənən
Sözümə açar gələsən.
Uzun bir yolun sonunda
Qapıma naçar gələsən.
***
Bəlkə, sən bu ürəyimin
Qanına qəltan olasan.
Sonra hər zamankı kimi
Taxtına sultan olasan.
***
Aylar keçib, il dolanıb,
Saz üstündə tel yatmışam.
Bəlkə, yolun düşər deyə,
Qapıya dəmir atmışam.
XƏBƏRİN VARMI
Uzaq yaxın bir yoldayam
sonumdan xəbərin varmı?
gündə beş vaxt üzüm göyə
yönümdən xəbərin varmı?
***
Ağır-ağır nəfəs alan,
öz içinə qəfəs olan,
ətrafına heç kəs olan
özümdən xəbərin varmı?
***
Gündüzləri gecə gedən,
hər addımı heçə gedən,
hara gedən, necə gedən
sozümdən xəbərin varmı?
***
Üz tutmuşam sağ-soluma,
qılınc vermişəm qoluma,
çıxanda yezid yoluma
suyumdan xəbərin varmı?
***
Quyulara əsir salan,
yaxınlığı bir sirr olan,
inamında kəsir qalan
huyumdan xəbərin varmı?
***
“Ol”!- deyəndə olmuşam mən
“Öl!”!- deyəndə ölmüşəm mən,
dünyanı SƏN bilmişəm mən,
deyimdən xəbərin varmı?
***
Sənsən mənim içimdə, Sən,
Çölüm də sən, içim də sən,
Sən elə Mən biçimdəsən,
Özündən xəbərin varmı?
SƏNSİZLİK..
Nəfəsimi dəniz tək
içimə çəkmişəm mən…
dalğaları damarda
qanıma bükmüşəm mən…
***
qağayılar baş çəkir
duzsuz gülüşlərimə…
balıqlar yer saxlayıb
səssiz yerişlərimə…
***
qumların arasında
sevənlərin ayağı.
addımımı dəng edib
dilsiz balıqqulağı…
***
gəmilər də açılıb
bu sabah sonsuzluğa.
addımlar yola çıxıb
su altda sənsizliyə.
***
Yosunlar yosun kimi
saçlarıma dolaşır…
ölüm necə sərindi,
yanır ruhum, alışır.
YANAĞIN NƏM VƏRƏQLƏYƏR
Cavabsız qoyma sən suallarımı,
İndi hər bir sözə cavab tapılır.
İndi səhv edənin dili uzundu,
İndi hər günaha savab tapılır.
***
Qısılıb içinin uzaqlarına,
Bizi addım-addım tərk eləmə sən.
Kim harda, nə təhər çəkir yükünü,
Özündən uzaq tut, görk eləmə sən.
***
Bir hüzurlu həyat, bir sakit küçə..
Dolar səsli-küylü iş otağına.
Kəpənək ürəyin titrək qanadı
Toxunar susamış dil-dodağına.
***
Gözlərin yumular, bir də görərsən
əlindən tutublar yıxılan anda…
Cəhənnəm oduna su səpər bəxtin,
Qovrulub atəşdə yaxılan anda…
***
Diksinib adımı tutarsan bəlkə,
Hardasan?- soruşub, çox axtararsan.
Bəxtini əlinlə geriyə itib,
Ardınca verilmiş söz tək baxarsan.
***
Köhnə bir kitabı, köhnə bir sözü
Həsrət su tək içər, qəm vərəqləyər.
Yenə o səhifəyə qayıtmaq üçün
Gözün yaş, yanağın nəm vərəqləyər…
DOĞUM GÜNU ŞEİRİ
Çapıb keçdim zamanı
bir qələmin ucunda,
Ruhumu yaralayıb
buraxdı bəndələrin.
***
Daha yox ürəyimdə
zamanın itən yeri,
Bir günün, bir saatın,
bir anın bitən yeri…
***
Nə vaxt keçib getmişəm
gözlərinin önündən..
Baxışının altında
tutmamısan məni sən…
***
Əyilib qədd-qamətim,
pozulub dəngələrim…
deyəsən üzüyola
tanımısan məni Sən…
***
Sevmirəm dediyim an
hamıdan çox sevmişəm.
kimə kül olan ocaq,
kimə xoşbəxt evmişəm.
***
Uşaqlar soruşduğu
uşaqlarım var imiş.
yolda uzən ilğıma
taleyi avar imiş…
***
Məndən istəmə Tanrım,
əlli ilin xəracın.
yaşatmağa məcbursan,
yoxdu başqa əlacın…
***
Köçüb gedən illəri
gəlin tək bəzəmək var.
qarşıdan gələn nədir?
bilmirəm heç, demək var..
***
İlimə yağış yağır
yaşımın ayrıcında.
yuyur, qovurur məni,
taleyimin sacında…
***
Yamanca darıxıram,
illərim ötsün deyə…
bir yerə, bir də göyə-
ünvana çatsın deyə..
DƏNİZ YUXUSU
Dəniz havasıydı mənim yazdığım,
İcimdə dənizin qoxusu vardı
Bir az duzlu idi, bir az da acı
Gözündə qərib bir yuxusu vardi.
***
Bəzən sakit idi, bəzən dalğalı,
Bəzən ölü gəlir, bəzən sağ qalır,
Bəzən yosunlara elə dağ salır
Bilmir balıqların axısı vardı…
***
Sonsuzdu yer üzü, amma son deyil,
Geyinir, soyunur, amma don deyil,
Damarda qırmızı, amma qan deyil,
Çatlamış dodağın yaxusı vardı…
***
Bir az cənub idi, bir az qərb idi,
Qanunsuz qanuna bir az sərt idi,
Qınına çəkilmək acı şərt idi,
Yazıb unutduğum çoxusu vardı….
GÖZÜMÜ QANLA OVURAM…
Məni məndə əsir tutan
Nəsə gəlmir ki ağlıma.
Nəsə yazmaq istəyirəm,
Kəsəsi, gəlmir ağlıma.
***
Oyanıb yuxu görürəm,
Diksindirir səs gecəni.
Atıb dalıma qaçıram
Yanvar adlı dərs gecəni..
***
Əlimdə bir cüt qərənfil,
Qapının zəngin vururam.
Qırmızı gün doğub gecə,
Gözümü qanla ovuram..
***
Baxıram ki, göy üzündən
Ağ ələnir ələk-ələk.
Bir körpə uşaq ağlımda
İməkləyir bələk-bələk.
***
Ağ paltarlı gəlinin də
Yuxusunu qatıb Tanrım.
Onun əllərindən tutub
Yarına aparıb Tanrım…
***
Bir azca o tərəfdəsə
Qan ağzında qan görürəm.
Donub daşa dönənlərdə
Özümdən bir an görürəm…
***
Soyuq addımlı gecədə
İsidir qarlı qış məni.
Bir mübarək yol üstündə
Bağrına basır daş məni.
***
Mələklərin görüş günü
Qanadını açıb gəlir.
Otuz illik yorğunluqdan
Üzlərə nur saçıb gəlir….
***
Qovub qatır qabağına
Güllə səsin azan səsi..
Dualarım uçur göyə,
Rahatlanır hürr nəfəsim…
***
Azadlığınanasına
Müjdəverinbalasını…
Səndəndoğulaniğidlər
Aldısəninqisasını.
***
Əlimdə bir cüt qərənfil,
Qapının zəngin vururam.
Qırmızı gün doğub gecə,
Gözümü qanla ovuram…
TALE OGRUSU
Tale yazdın qaçaraq,
Addımlar yorğun-arğın.
Bəxtimi oğurlayıb
zamanın oğruları.
***
Dodaqdan yox, ürəkdən
Aldın gülüş payımı,
Ortadan sındırmısan
Ox atmağa yayımı.
***
Darıxanda dərdimi
Dərdə qonaq edirəm.
Verdiyin xoşbəxtliyi
Ömrə sınaq edirəm.
***
Bir yazıb, min pozursan,
Mənə çatmır yazdığın.
Alnıma möhür vurub
Qələminlə qazdığın…
SÜKUTU YANDIRIRAM
İçimdəki ağrıyla
sükütu yandırıram…
Tüstü gözümdən çıxır,
baxışım buza dönür.
***
Sən dolu yoxluqlarla
özümü qandırıram…
Sözüm sözümdən çıxır,
yandırır, duza dönür…
***
Getmədiyim yollara
səni güvən biçirəm…
Cismə sevgi düşsə də,
ruhumda qan kiçilir…
***
Daha mən mən deyiləm,
özümü tərk etmişəm…
Tanrıya dualarım
dodağımla içilir…