Türkdilli İlk hesab dərsliyimiz – “Risaleyi-hesabiyyə”. Tiflis,1884 və yaxud tarixi dərsliyin unudulmuş yubileyi
Tiflisdə türki Azərbaycan dilində həftədə bir dəfə nəşr olunan “Ziyayi-Qafqasiyyə” qəzetinin 4 mart 1884-cü il tarixli 2-ci nömrəsində maraqlı bir xəbər diqqətimi cəlb etdi.Qəzetin birinci səhifəsində yerləşdirilən kiçik bir redaksiya yazısında oxuculara Tiflisdə Azərbaycan dilində hesab dərsliyi çap olunması xəbər verilirdi:
Risaleyi-hesabiyyə
Məzkur isimdə tazə hesab kitabı (fərqləndirmə mənimdir-N.N) “Kəşkül” mətbəəsi təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq.Xeyli xəvanə (oxunaqlı-N.N.) xətt ilə basılmışdır (çap olunmuşdur-N.N.). İbarəsi (dili-N.N. dəxi sadə, açıq türkcədir. “Risaleyi-hesabiyyə” müsəman məktəblərində (Türkdilli məktəblərdə-N.N.) şagirdlərə hesab elmini ögrətmək üçün yazılmışdır. Müqəddəmat hesabiyyə ilə bir xeyli məsələləri və qaidələri ögrədir.Qiyməti məktəblər üçün biri otuz qəpikdəndir. Məzkur “Kəşkül” qəzetəsinin xidmətindən təşəkkür eləməlidir. (“Kəşkü”ə təşəkkür olunmalıdır-N.N.)”.
Bu xəbərin işığı ilə axtarışlar apardım,Təhsil Nazirliyinin kollegiya iclasında mənə verilmiş imkandan istifadə.edərək bu barədə iclasdakılara məlumat verdim,Türkiyə və Azərbaycan mətbuatında məqalələrlə çıxış etdim. Təhsil Nazirliyinin “Kurikulum” elmi-metodik jurnalındakı ( “Kurikulum” jurnalı. 2010, N3. səh. 36-41) məqaləmə görə tanıdığım bə tanımadığım müəllimlərdən onlarla təşəkkür məktubu aldım.Təəsüf ki, İlk hesab kitabımız ilə rəsmi dairələrdə maraqlanan olmadı.
Bu il ilk “Hesab “kitabımızın 140 yaşı tamam olur.
Rusya vətəndaşları görkəmli rus riyaziyyatçısı L.F.Maqnitskinin 1703-cü ildə çap olunmuş “ARİFMETİKA” (Hesab) kitabının yubileyini keçirmişlər. Gəlin biz də öz “Hesab” kitabımızın 140 yaşını keçirək, dərsliyin müəllifi Cəlal Ünsizadənin maarifçilik xidmətlərini yüksək qiymətləndirək.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan dili fənni üzrə ekspert,türkoloq
25.02.2021