Genel

Türk dünyasının ən şox oxuduğu yazıçılardan biri- Amerika yazıçısı Harriet Biçer Stou (14.06.1811

Amerika yazıçısı Harriet Biçer Stou haqqında Bakıda nəşr olunan türkdilli “İşıq” qəzetində1911-ci ildə  dərc edilmişbir tanıtma oçerkin təəssüratları


Görkəmli Amerika yazıçısı Harriet Biçer Stounun adına ilk dəfə 1970-ci illərin əvvəllərində “Ziya” və “Ziyayi-Qafqasiyyə” qəzetlərinin dili ” mövzusunda dissertasiya işi üzərində çalışarkən 1911-1912-ci illərdə Bakıda həftədə bir dəfə nəşr olunan “İşıq” qəzetinin 8 oktyabr 1911-ci il tarixli 29-cu nömrəsində rast gəldim.

Məqaləsini “Alimi-nisvana (alim qadınlara-N.N.) bir nəzər” adı ilə Şəkidən göndərən bu yazının müəllifi oxuculara “Z.Muradova ” kimi tanıdılırdı. Nə qədər araşdırmalar aparsam da, Z.Muradovanın kimliyi haqqında əlavə məlumat toplaya bilmədim.
“İşıq”da bu mövzuda çap olunan yazıların çoxu Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, uzun müddət pedaqoji və ədəbi fəaliyyətlə məşğul olan , bir neçə dərslik və müntəxəbat müəllifi Rəşid bəy Əfəndizadəyə məxsus idi. Güman etmək olardı ki, bu yazı da R.Əfəndizadə ilə ilgilidir: Z.Muradova Rəşid bəyin elmə, maarifə və təhsil məsələlərinə rəğbət bəsləyən qohumlarından biri ola bilərdi.Müəllifin kimliyinə aydınlıq gətirmək, şəkili müəllifin Amerika ilə bağlılığını öyrənmək niyyəti ilə “Şəki fələsi!” qəzetinə yazı göndərdim.Yazı “Şəki fəhləsi”nin 27 iyul 1991-ci il tarixli 73-cü nömrəsində “Şəkili müəllif -Harriet Biçer Stou haqqında ” adı ilə dərc olundu.
Yazının Şəkildə necə rezonans yaratmasını deyə bilməsəm də, mənə göndərilən razılıq və məmnunluq məktublarından mən çox razı qaldım. Amma Z.Muradovadan xəbər verən yox idi.Bir müddətdən sonra-1992-ciilin iyununda “Dalğa” qəzetində Dilarə xanım Vəkilovanın köməkliyi ilə H.B.Stou haqqında “Azadlıq nəğməkarı” adlı məqalə çap etdirdim.Sonralar da Azərbaycan və rus dillərində çap etdirdiyim maarif və məktəb məsələlərinə aid silsilə yazılarımda dönə-dönə bu məsələyə qayıtdım, H.B.Stou haqqında çoxlu yazılar oxudum, amma onların heç birində Z.Muradovanın yazısındakı elmi müşahidəni, tənqidçi mədəniyyətini, başqalarına adi görünə bilən məsələləri ictimailəşdirmək məharətini görmədim. Müəllif , çox güman ki, rus ədəbiyyatından xəbərdar ziyalı idi. O, rus mədəniyyətindən, rus ədəbiyyatşünaslıq elmindən çox xəbərdar olan ziyalı təəssüratı yaradırdı.
Ərəb yazılı xəttimizlə Bakıda nəşr olunan “İşıq” qəzetində rubrikadan-ümumi başlıqdan sonra məqalənin adı rus qrafikası ilə “Xanım Biçer Stou” kimi göstərilmişdir. Harriet Biçer Stou 1811-ci il iyunun 14-də (Z.Muradova Elizabet Stounun təvəllüdünü səhvən 1812-ci ilə aid edirdi -N.N.) Amerikanın şimalındakı kiçik bir şəhərdə-Liçfilddə məşhur din xadimi Layman Biçerin ailəsində dünyaya göz açmışdır. Atası ABŞ-ın az-çox tanınan adamlarından biri idi. Layman ailənin uşaqlarının hamısına-on üçünə də yaxşı tərbiyə və təhsil vermiş, onların cəmiyyətdə layiqli insan kimi yaşamalarına qayğı və nəvaziş göstərmişdir.
“Xanım Biçer Stou” məqaləsinin elə ilk sətirlərində qadınların cəmiyyətdəki rolu və mövqeyi yüksək qiymətləndirilir: “Kişilərdə qadınların haqqı çoxdur. Onlar dünyada çox yaxşılıqlar etmişlər. Məşhur qadınlar hər bir vilayətdə və hər bir əsrdə olmuşlar. Belə ki, bunların hər birindən bir əhvalat yazılmış olsa, neçə cild kitab meydana çıxar. Həmin qadınlardan ən mötəbərlərindən və bizə bilinməsi lazım olanın biri də ədibə Harriet Biçer Stoudur”.
Müəllif daha sonra Harrietin çox zirək və fəhmli qız olduğundan söz açır, onun 5 yaşında məktəbə getdiyini, lap kiçik yaşlarından humanizmə meyilli olduğunu göstərir: ” Səbilik vəqtində (yeniyetməlik vaxtında-N.N.) mülkədarların Afrikadan pul ilə alıb işlətdikləri neğrlərə, qara qullara etdikləri zülm və sitəmi görüb, zəhmli Harriet ziyada ğəmnak olardı”. Z.Muradovanın yazdığına görə bu xasiyyət Harrietə atasından keçmişdi. Belə ki, Layman “kəlisada vəz elədiyi vəqt mülkədarların öz qulları ilə etdikləri bəd rəftarlarını söyləyirdi. Harriet məzlum qulların halını görüb öz-özünə söz verərdi ki, böyüyəndə bütün ömrünü o binəvaların məişətlərini asanlaşdırmağa sərf eləsin. Bu beş yaşında bir tifilin ümidi, necə ki, axırda məlum oldu, fəna sözlərdən olmadı”.
H.B.Stou haqqında yazılanlardan məlum olur ki, o,ibtidai məktəbi qurtarandan sonra təhsilini böyük bacısının açdığı məktəbdə davam etdirir. Bu məktəbi qurtarandan sonra elə oradaca- Qərbi Qadın İnstitutunda müəllimliyə başlayır. Onun ədəbiyyat aləminə gəlişi həyatının bu dövrü ilə bağlıdır. Gənc müəllim məktəbyaşlı uşaqlar üçün hekayələr yazır və bu bədii yazılar Amerikanın bir sıra mətbu orqanlarında çap olunur.
Harriet Biçer Stou 1836-cı ildə atasının iş yoldaşı olan bir professora ərə gedir. Bir ilin tamamında Stouların əkiz qızları anadan olur. Altı ildən sonra Harriet artıq yeddi uşaq anası idi..Boyük bir ailənin qayğıların baxmayaraq, H.B.Stou ədəbi yaradıcılığını həvəslə davam etdirir. 1843-cü ildə onun Yeni İngiltərənin həyatından bəhs edən kitabı “Meyflauer, yaxud pliqrimlərin adət-ənənələri” adlı kitabı çap olunur.
Stoular ailəsi sonralar Meyn ştatının Branzvik şəhərinə köçür. Böyük bacı burada Boduyen kollejinə yüksək maaşla kafedra müdiri vəzifəsinə təyin olunur. Harriet Biçer Stou Boduyendə qulların ağır həyatına aid bir çox hadisələrin şahidi olur, təhkimçilik hüququnu pisləyən mətbu çıxışları ilə diqqəti cəlb edir.O, bu yolda ərindən və qardaşı Edvard Biçerdən daha fəal görünür.
Gərgin zehni əməkdən yorulsa da, Harriet Biçer Stou Amerika zəncilərini öz azadlığı uğrunda mübarizəyə çağırir, ciddi mütaliə edir, fürsət tapdıqca zəncilərin həyatına aid bir-birindən maraqlı yazılar yazırdı.
Stoular ailəsi Nyu-York yaxınlığındakı kiçik bir əyalət şəhərində yaşayarkən, Harriet əyalətdəki qara dərili qulların ağır və dözülməz həyatı, Amerika zəncilərinin hüquqsuzluqları barədə “Tom dayının daxması” adlı iri bir roman yazmaq fikrinə düşür.

H.B.Stonun bu əsərinin adı Azərbatcan dilinə fərqli şəkildə tərcümə olunur. Onu bəziləri ” Tom dayının daxması”, bəziləri “Tom dayının komasıı”, bəziləri isə “Tom dayının dəgəsi” kimi tərcümə edirlər.
Z.Muradova “İşıq” qəzetində romanın adını “Tom dayının koması” kimi tərcümə etmişdir. Şəkili müəllif tərcüməsinin dəqiqliyinə işarə təriqilə ərəb qrafikalı qəzetdə romanın adını rus qrafikası ilə göstərməyi də unutmur: ” ХИЖИНА ДЯДИ ТОМА”.
“İşıq” qəzetinin yazdığına görə “bu əsəri bir şəxs müəllifəsinin razılığı ilə komediya şəklində təbdil edib səhneyi-tamaşaya qoymuşdur”. Maraqlıdır ki, bu fakta “İşıq”dan başqa, heç bir yerdə təsadüf edilmir. Hər halda tədqiqatları genişləndirərək, “Tom dayının daxması” komediyasını (əgər, varsa- N.N.) tapmaq lazımdır. Bəzi mənbələrdə 1930-cu illərdə “Tom dayının dəgəsi ” adı ilə Azərbaycan səhnəsində belə bir əsərin oynanıldığını yazılır.Onun nə vaxt tərcümə olunması və hansı janrda olması faktlarını araşdırmaq hələ də öz tədqiqatçısını gözləyir.
“Tom dayının daxması” ilk dəfə 1852-ci ildə 350 000 tirajla çap edilmişdir. Bu roman İngiltərədə 35 dəfə nəşr olunmuşdur. Roman ilk nəşrindən bir müddət sonra dünyanın 20 dilinə tərcümə edilmiş, oxucuların maraq dünyasına daxil olmuşdur.
“İşıq” qəzetində oxuyuruq: “…romanın çapından sonra Harriet Biçer Stou Avropada və Amerikada həm qadınlar, həm də erkəklər arasında nam və şöhrət tapır, hər yerdə o vəqtə qədər baməşhur olan bir ədibədən danışırlar: “Əcəba, o kitab nə qəribə kitabdır ki, onun müəllifəsi dillərdə söylənilir?”
Müəllif bu ritorik suala cavab verməyi vacib bilir: “O kitabda məzlum neğrlərin qəlbi parça-parça edici ovzayi yazılmış idi…”.
Maraqlıdır ki, XIX əsrin mətbuat dilində durğu işarələrindən ədəbi priyom kimi istifadə olunmasına “İşıq” qəzetində də (1911-1912) rast gəlirik. Yuxarıdakı cümlədə üç nöqtə işarəsi deyilməsi mümkün olmayan mətləblərə işarədir. Sonrakı cümlələr də bu fikri təsdiqləyə bilər: ” Neğrlərə olan zülm və sitəm bu kitabı oxuyanlara aşkar oldu. Kəndlərdə, şəhərlərdə bu kitabı oxuduqdan sonra neğrləri əsarətdən, yəni mülkədar əlindən azad etməkdən ötrü çalışmaq fikrinə düşdülər. Bu kitabı oxuyan kəslər, ələlxüsus neğrlər kitabı yazana səmimi-qəlbdən məmnuniyyyət və təşəkkür məktubları yazmaqda idilər. Mülkədarlar dəxi buna nalayiq sözlər və pis lüğəzlər (atmacalar, gülməli sözlər-N.N.) ilə dolu məktublar göndərirdilər. Harriet Biçer Stou öz kitabında neğrlərin əsarətdən azad edilməsini və əsarətliyin insana layiq olmadığını bəyan etdiyinə görə mülkədarlar böyük bir təşvişə düşdülər və anladılar ki, gələcəkdə neğrlər onların istibdadından , zülmündən xilas olacaqlar.Ona binaən (görə-N.N.) bunlar hərəkət edirdilər ki, hər nə tövr olsa,bu atəşi söndürsünlər”.
Lakin artıq gec idi. Harriet Biçer Stou kimi ideoloqların xalq azadlıq hərəkatının aparıcı qüvvələri ilə birlikdə gördükləri iş öz bəhrəsini verdi.1860-cı ildə yoxsul fermer oğlu Avraam Linkoln ABŞ-ın prezidenti seçildi.Quldarlar üsyana qalxdılar. Ölkənin Cənub ştatları Şimaldan ayrılıb müharibəyə başladılar. 1861-ci ildən 1864-cü ilədək qan tökülsə də, quldarlığı məhv etmək mümkün oldu.
Zəncilər azadlıq qazanandan sonra da Harriet Biçer Stou yorulmaq bilmədən çalışırdı. O, şəhər və kəndlərdə, obalarda kütlələr qarşısında odlu-alovlu nitqlər söyləyir, insanları qardaşlığa, müsavata çağırırdı.
Ədibənin 70 yaşı Amerikada böyük təntənə ilə qeyd olunmuş, hətta Avropa şəhərlərindən də yubilyara minlərlə təbrik məktubu göndərilmişdi. H.B.Stounun təntənəli gecədəki nitqi azadlıq nəğməkarının həyat müvqeyini aydın işıqlandırır:“Biz insanların bir-birinə qarşı olmaqlarını qanub, neşə müddətdən bəri əsarətdə qalan neğrləri azad edüb, özlərimiz ilə bərabər 
vətən balaları elədük. Neğrlərin çoxu bu saat bitərbiyə və cahildirlər.Amma onlarda bilmərrə (tamamilə- N.N.) təqsir yoxdur. Bundan sonra bizim borcumuz onlara elm və tərbiyə vermək yolunda çalışmaqdır”.
Apardığı ağır mübarizənin çətinlikləri, bir-birinin ardınca ərinin, bacısının və qardaşının vəfatı Harriet Biçer Stounun sağlamlığını pozur və o,1896-cı il iyulun 1-də 85 yaşında dünyasını dəyişir.
Şəkili müəllif Z.Muradova dərin məhəbbətlə yazdığı oçerkini belə bitirir: “Allah təala …lütf və mərhəmətini ondan əskik eləməsin”.

 110 il bundan əvvəl görkəmli yazıçı, söz ustası, məzlumların dostu Harriet Biçer Stounu Azərbaycan oxucularına ilk dəfə böyük məhəbbətlə tanıdan Azərbaycan  qadınının  tanıtma öçerki türk düntasımda maraqla qarşılanmədr.

Zaqafqazia Müəllimlər Süminaritasının məzunu,Bakıdakı Rus0tatar məktəblərinin birində çalışan,dövri mətbuatda maraqlı yazılarla çıxış edən S.S.Axundov Qarqca qız hekatəsini H.B.Stounun “Tom dayının dəgəsi” (daxmasl,koması ) əsərinin təsiri ilə yazmışdır.Başqa sözlə ,H.B.Stounun “Tom dayının dəgəsi” əsərindəki Topsi S.S.Axundovun “Qaraca qız”adlı hekayəsindəki   Tutu’nun böyük bacısı  kimi düşünülə bilər. “Tom dayının dəgəsi” əsəri 1830-cu illərdə rus dilindən Azərbaycabn dilinə tərcümə edilərək,səhnələşdirilmiş,  Azərbaycan tamaşaçılarına göstərilmışdir
Azadlıq nəğməkarının yaradıcılığına sonralar  da dəfələrlə müraciət olunmuşdur.,bir sıra əsərləri  türkdilli oxucuların mütaliəsinə  yönəldilmişdir. 
Maraqlıdır ki, türk dümyasının fazillərindən biri olan İsmayıl bəy Qaspıralı  da  “Tərcüman” qəzetində  Harriet Biçer Stounu və onun “Tom dayının daxması” əsərini  dəfələrlə fürk dünyasının   oxucularına böyük məhəbbətlə tanıtmışdır.

Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının Əməkdar  müəllimi,
Azərbatcan Respublikası Prezidrntinin Sərəncamı ilə keçirilən
ƏN TAXŞI MÜƏLLİM
müsabiqəsinin qalibi türkoloq


P.S Məqaləyə Avropa Azərbaycan Məktəbinin tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov rəy vermişdir. 
Təşəkkür edirik.  Ədəbiyyat

1. Xanım Biçer Stou. “İşıq” qəzeti. 08.10.1911-ci il, N29.
2. Rəşid bəy Əfəndizadə. “İşıq” qəzeti. 1912-ci il, N9
3.DUƏK seriyası- Harriet Biçer Stou. “Tom dayının daxmacı”. Roman. Bakı,1986
4.Harriet Biçer Stou. Tom dayının daxması(Tərcümə edəni -Hidayət) , Bakı,1991.
5.Nazim Nəsrəddinov.. Şəkili müəllif Biçer Stou haqqında. “Şəki fəhləsi” qəzeti, 27.07.1991, N 73.
6.Nazim Nəsrəddinov. Azadlıq nəğməkarı. “Dalğa” qəzeti, 17-23 iyun1992-ci il, N 23.
7.Nazim Nəsrəddinov. “İşığ”ın ziyası. “Azərbaycan müəllimi” qəzeti, 03.06.1992, N 44

Pin It on Pinterest