GenelGüncel

Tehran ƏLİŞANOĞLU: Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75

Görkəmli ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, müasir ədəbi prosesin ən fəal və parlaq simalarından Qurban Fərman oğlu Bayramovun bu günlərdə 75 yaşı tamam olur.

Qurban Bayramovun həyatı, fəaliyyəti, bioqrafiyası Ədəbiyyatda yaşanan bir ömürdür. Görkəmli alim haqqında danışarkən, sözü adətən ordan başlayırlar ki, Qurban müəllim ədəbiyyatda və elmdə xidmətləri olan Bayramovlar nəslinin nümayəndəsidir. Qurban Bayramov Sovet dönəmi ədəbiyyatının ən sanballı simalarından Xalq yazıçısı Bayram Bayramovun və Azərbaycanda sosial psixologiya fənninin əsasını qoyanlardan biri, professor  Əkbər Bayramovun ədəbiyyatda və elmdə layiqli davamçısıdır.

Bəlkə də belə bir ziyalı ailə mühitində yetişməsinin nəticəsidir ki, Qurban Bayramov ədəbiyyata doğru-dürüst yerdən qədəm qoymuş və bütün fəaliyyəti boyu təqib qıldığı yolda heç zaman büdrəməmişdir. Q.Bayramov ədəbiyyatın tədqiqinə köklü bir məqamdan – Səməd Vurğun poeziyasından başlayıb. S.Vurğun şeirindən keçmək müasir ədəbiyyatı, XX əsr poeziyasını bütün əhatəsi ilə anlamağa-bilməyə bərabərdir. 1970-1974-cü illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan Q.Bayramov 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmiş və ömrünü birdəfəlik ədəbiyyata və Ədəbiyyat İnstitutuna bağlamışdır. “Vurğun poeziyası” (B., Elm, 1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (B., Elm, 1986) adlanan ilk kitabları da S.Vurğun şeirinin poetikasına həsr olunub. Qeyd etmək lazımdır ki, həmin kitablar bugün də önəmini saxlayan, S.Vurğun şeiri haqqında yazılmış ən dürüst tədqiqat əsərlərindəndir. 

Qurban Bayramovun monoqrafiyaları S.Vurğun yaradıcılığına 1960-1980-ci illər ədəbiyyatşünaslığının rakursunu ifadə edir və vulqar sosiologizm qalıqlarından tam təmizdir. S.Vurğun şeirinin ideya-qayə etibarilə başlıca olaraq Azərbaycançılıq üzərində durduğunu təsbit edir və ilk addımlarından müdrik çağlarınacan pillə-pillə, mərhələ-mərhələ bu qayəni lirik qəhrəman problemi müstəvisində izləyir və çözür. Şairin qəhrəmanı eyni zamanda milliliyin dar çərçivələrinə sığmır, daha böyük ideallarla yaşayır, bütünlükdə əsri və zamanı məşğul edən problemlərlə çarpışır. Q.Bayramov S.Vurğun şeirində millilikdən, Vətənpərvərlikdən, Azərbaycançılıqdan ümumbəşəriliyə, müasir insani dəyərlərə gedən yolu təfərrüatlı, faktiki, konkret elmi yanaşma əsasında çözə bilir. Heç bir pafosa və konyuktur-populist şüarlara uymadan. Dövrə xas cüzi ictimai-siyasi atributları çıxmaqla, zənnimcə, bu,  S.Vurğun irsinə ən doğru yanaşmadır. Bəzən müşahidə olunduğu kimi, S.Vurğun irsini öz zamanının mürəkkəb kontekstindən ayırıb, yalnız millilik konsepti çərçivəsində çözmək, təkcə şairin nəhəng yaradıcılıq miqyasını kiçiltmək deyil, ümumən Azərbaycanı XX əsr proseslərindən qoparmaq demək olardı. S.Vurğun öz cahanşümul ideallarında bugün də bizdən irəlidədir. 

Q.Bayramov gözəl tarixi poetika araşdırıcısıdır. S.Vurğunun lirik qəhrəmanının    bizim romantizm ədəbiyyatından və canlı həyatdan necə təkamül etdiyini məharətlə üzə çıxarır. Yaxud başqa bir – “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı” tədqiqatında izlədiyi Sabir-C.Cabbarlı əlaqələri bunu sübut edir. Sabirin Cabbarlıya təsirinin “Babayi-Əmir” şeirlərindən daha dərin olduğu, Cabbarlının pyeslərində tipikləşdirmə və fərdiləşdirmə üsullarında üzə çıxdığını ilk olaraq məhz Q.Bayramov tədqiq etmişdir.

Q.Bayramovun alim üslubu Azərbaycan ədəbiyyatşünaslığının intensiv inkişaf dövründə formalaşmış və o, bu zəngin xəzinəni bacarıqla əxz etmişdir. Alimin tənqidşünaslıq bilikləri bütün genişliyi ilə qızı Jalə Qurbanqızı ilə birgə yazdığı “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” (2001) və “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (2014) monoqrafiyalarında üzə çıxdı. Y.Qarayev haqqında hər təzə söz, məqalə, yazı meydana çıxarkən, elə bilirsən ki, daha deyilməmiş söz qalmamışdır. Q.Bayramovun əsəri böyük alim, unudulmaz Yaşar Qarayev haqqında ikinci, həm də ən sanballı  monoqrafiyadır. Burda müəlliflər Yaşar Qarayev fenomeni haqqında fərqli söz deyə bilir; ilk dəfə diqqəti ideoloji faktora – Sovet ideologiyasına rəğmən, ədibin yetişdiyi və eyni zamanda, yaradıcılığı boyu yetirdiyi milli yaddaş təliminə cəlb edirlər.

Bütün bunlardan başqa, Q.Bayramovun geniş, hərtərəfli ədəbiyyatşünaslıq potensialını üzə çıxaran: “Müasir Azərbaycan poeziyasında üslubi meyllər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri var. Və bu tədqiqat işlərinin əsas məğzi-qayəsi alimin XX əsr klassikasını dərindən mənimsəyərək, müasirliyin, müasir ədəbiyyatın xidmətinə yönəltmək cəhdləri, ehtiraslarında görünür. Ümumən Qurban Bayramovun dövri və elmi mətbuatda 300-dən çox məqaləsi, altı monoqrafiya və kitabı çap olunub. Amma çap olunmamış tədqiqatları daha çoxdur.

Qurban Bayramovun ilk tədqiqat işlərindən başlayaraq, ədəbiyyatşünas istedadını görkəmli alimlərimiz yüksək qiymətləndirmiş: akademiklər M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev,  Xalq şairi B.Vahabzadə, Xalq yazıçısı Elçin, professorlar Əkbər Ağayev, Yəhya Seyidov, Kamran Məmmədov, Mirzağa Quluzadə, Cəlal Abdullayev, Şamil Salmanov və onlarla digər alimlərimiz haqqında dəyərli fikirlər söyləmişlər. Eyni zamanda, Q.Bayramovun adekvat olaraq görkəmli alimləri dəyərləndirməsi, haqqında yazıları, fikirləri, deyimləri mövcuddur. Ümumən XX əsr ədəbiyyatımızda yeri olan elə bir imza tapmaq çətindir ki, bu və ya digər şəkildə Q.Bayramovun tənqidçi qələmindən yan ötsün. 

Müstəqillik illərində Qurban Bayramovun yaradıcılığının ikinci dövrü başlayır. Bu mərhələdə o, ədəbi fəaliyyətinin əsas predmetini – müasir ədəbiyyatda, missiyasını isə tənqidçilikdə tapır. Demək lazımdır ki, köhnə ədəbi prosesin kökündən dağılıb, yenisinin hələ kifayət qədər oturuşmadığı müstəqillik illərində ədəbiyyatın ən çətin sahəsi – tənqidlə məşğul olmaq heç də asan məsələ deyil. Ədəbiyyatın, ədəbi dəyərlərin qarşısında böyük məsuliyyətlə yanaşı, bu, həm də tənqidçidən cəsarət tələb edir. Həqiqəti üzə demək cəsarəti; təkcə ədəbiyyat həqiqətlərini yox, həm də ədəbi mühit həqiqətlərini, bəzən üzdə olmayan, amma ədəbiyyatın inkişafına ciddi əngəl olan pərdəarxası kluar həqiqətlərini. Qurban Bayramovun istər xarakterində, istərsə də qələmində sözü birbaşa demək, həqiqətin keşiyində durmaq üstünlüyü var. Bunu tənqidçinin yazıları təsdiq edir. Habelə Q.Bayramov haqqında yazan, söz deyən hər bir kəs bunu tənqidçiyə yaraşan ümdə cəhət kimi vurğulayır.

Digər bir çətinlik ondan ibarətdir ki, klassikadan, bədii təsdiqini tapmış dəyərlərdən yazmaq həmişə uduşludur; yarımçıq, hələ başa çatmamış proseslərdən söz açmaq, zamanın sınağından çıxmamış predmetləri, həqiqətləri çözmək barədə isə bunu demək olmaz. Bununla belə, Q.Bayramovun klassik tədqiqatları ilə yanaşı, “Əli İldırımoğlunun yaradıclıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” (B., “Nurlan”, 2009), “Poeziyanın sirri: … şair Şahməmmədin poeportreti” (B., “MBM”, 2009) kimi monumental və mini-monoqrafiayalarının da adını çəkmək lazım gəlir.   

 Qurban Bayramovun ədəbiyyatşünas maraqları kimi, tənqidçi erudisiyası da genişdir. Ədəbi prosesi ardıcıl izləyən, dövrümüzə xas çoxçeşidliyi, çoxsəsliliyindən baş açan tənqidçi icmal-yazılarında yeri gəldikcə ümumiləşdirmələr aparır, dəyərləndirmələr verir, əsl poeziya bilicisi kimi ədəbi istiqamətləri müəyyənləşdirir. Müasir ədəbiyyatda qabartmağı lazım bildiyi ayrı-ayrı imza sahibləri haqqında portret yazılarla çıxış edir. Və bu zaman bir qayda olaraq Q.Bayramov poetik həqiqətin  mövqeyində durur. Bədiiyyata çevrilməmiş, bədii dəyər kəsb etməmiş fakt onu məşğul etmir. Klassik dəyərlərin məcrasından çıxmış tənqidçi müasir ədəbi prosesdə ənənənin yerini bildiyi kimi, modern tendensiyaları da görür və dəqiq qiymətləndirir.

Heç təsadüfi deyil ki, uzun illər ərzində Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları üzrə Q.Bayramovun hazırladığı poeziya icmalları Azərbaycan ədəbiyyatında son on ilin  poetik mənzərəsini görməyə, analitik süzgəcdən keçirməyə tam imkan verir. O da əlamətdardır ki, Qurban Bayramov akademik İsa Həbibbəylinin ideya rəhbərliyi və baş redaktorluğu ilə N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin (Bakı, Elm və təhsil, 2016) əsas müəlliflərindən olmuş, poeziya icmalları və portret oçerklərin yazılmasında yaxından iştirak etmişdir.

Qurban Bayramov ədəbi yaradıcılığında olduğu kimi, ictimai fəaliyyətində də həmişə fəal və diqqət mərkəzində olmuşdur. Bir çox mükafatlara, o sıradan, Azərbaycan MEA-nın “Fəxri fərman”ına və “Tanınmış Vurğunşünas alim” fəxri diplomuna layiq görülmüşdür.

Qurban Bayramov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ən qocaman əməkdaşlarından olub, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində çalışır. İnstitutda da, şöbəmizdə də Qurban müəllimin böyük hörməti var. Hamımız onu sevir, qədrini bilir, bilik və təcrübəsindən bəhrələnməyə çalışırıq. Qurban Bayramov bugün müdrik çağlarının cavanlığını yaşayır, əvvəlki şövq və əzmlə qələm işlədir, müasir ədəbiyyatımızın qarşısında duran problemləri çözməkdə davam edir. 75 yaşınız mübarək, Qurban müəllim!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest