Genel

Təcavüzkar ölkənin qanunsuz məskunlaşdırma cəhdləri…

Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılması bu faktorun reallığıdır

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanmışdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında bildirilir. Həmçinin, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır. Verilən məlumatda Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulması olduğu qeyd olunur. Bildirilir ki, Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşmışdır. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası mühüm əhəmiyyət kəsb edir.

Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirmişdir. Həmçinin, müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi haqda da fikir mübadiləsi aparılmışdır. Artıq Livandan ilk iki ailə Dağlıq Qarabağa yerləşdirilib və bu prosesin davamlı olacağı istisna edilmir.

İşğalçı dövlətin köçürmə siyasəti tarixin saxtalaşdırılması kontekstində

Bu heç də təəccüb doğurmur. Yer üzünə onun-bunun qoltuğuna sığınmaqla yaranaraq, adları da özlərinə uyğun olan Ermənistan adlı hiyləgər, oğru, təcavüzkar dövlətə çevrilən işğalçılar həmişə saxtakar olub. Bu haqda erməni tarixçisi alim Kerop Patkanov da təsdiqləyib: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç

bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”.

Amerika tarixçiləri Castin və Kerolin Makkartnilər də bildirirlər ki, Ermənistanın müasir ərazisi ermənilərə deyil, azərbaycanlılara mənsubdur. Məhz buna görə Ermənistan ərazisində coğrafi adların böyük hissəsi azərbaycanlılara aiddir.

Göründüyü kimi, deyilən faktlar da bir daha təsdiqləyir ki, Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə və tarixin saxtalaşdırılması kontekstində aparılır. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir.

Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu işğal edilmiş torpaqlarda aparılan qeyr-qanuni süni köçlə bağlı niyə susurlar?

Qabil Hüseynli: “Əgər faktaraşdırıcı missiya 10 ildən çoxdur ki, işğal olunmuş ərazilərə səfər etmirsə, belə olan halda onun hansı fəaliyyətindən danışmaq olar?

Sözügedən məsələ ilə bağlı politoloq Qabil Hüseynli bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, xüsusilə həm də qeyri-qanuni iqtisadi fəaliyyət, məsələn Kəlbəcər rayonunda yeni su anbarının və su elektrik stansiyasının tikintisi ilə bağlı cəhdlər həyəcan doğuran siqnallardır: “Əgər indiyədək işğal edilmiş ərazilərin meşə təsərrüfatını kəsib, doğrayıb aparırdılarsa, faydalı qazıntılarını çıxarıb başqa ölkələrə sayırdılarsa və ya özləri istifadə edirdilərsə indi özləri sözün həqiqi mənasında məskunlaşma prosesi gedir. Məskunlaşma prosesi ilə yanaşı həmin bölgələrdə iqtisadi fəaliyyət növləri dirçəldilir və nəticə etibarilə belə təsəvvür yaradılmasına çalışılır ki, Dağlıq Qarabağın hüdudlarından kənarda belə işğal edilmiş torpaqlar ermənilər tərəfindən əbədilik işğal edilib və bunların geri qaytarılması haqında düşünülmür. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə ATƏT-in faktaraşdırıcı missiyasına müraciət edib. Onlar da gəliblər, baxıb görüblər ki, evlər tikilir, məskunlaşdırma prosesi həyata keçirilir və sair. Bunların hamısını qeydə alaraq ümumiləşdirilmiş arayışlar hazırlayıb və bu arayışlar nəticəsində bir növ başqatıcı məlumatlar verib. Bütün bunlar onu göstərir ki, ATƏT-in həm Minsk qrupu, həm onun tərkibində fəaliyyət göstərən faktaraşdırıcı missiya öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələ bilmir. Bəzən qanun pozuntuları ilə bağlı Ermənistan tərəfinə güclü təzyiq edə bilmir, yaxud hadisələrin üzərindən sükutla ötüb keçirlər”.

Q.Hüseynli onu da vurğulayıb ki, Prezident İlham Əliyev iyulun 6-da yerli televiziya kanallarına müsahibəsində bir sıra vacib məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyi ilə bağlı həyəcan siqnalı verdi və bildirdi ki, belə qeyri-qanuni məskunlaşmalar və iqtisadi fəaliyyətlər son nəticədə ciddi qarşıdurmalara və hətta müharibə vəziyyətinin yaranmasına gətirib çıxara bilər.

Politoloq onu da bildirib ki, əgər fakt araşdırıcı missiya artıq 10 ildən çoxdur ki, işğal olunmuş ərazilərə səfər etmir. Belə olan təqdirdə onun hansı fəaliyyətindən danışmaq olar: “Bəli, fakt araşdırıcı missiya yaradıldıqdan sonra bir neçə dəfə işğal olunmuş bölgələrə baş çəkdi. Orada məskunlaşma, qeyri-qanuni iqtisadi fəaliyyət, hətta fauna və floranın amansızlıqla talan edilməsi ilə bağlı faktları aşkara çıxardı. Hesabata saldı. Amma nə bunların müqayisəsi təşkil edildi, nə də bununla bağlı Ermənistanın siyasi rəhbərlyinə müəyyən məcbiredici, təlqinedici tövsiyələr söylənildi. Yəni bunlar əslində cinayət tərkibi yaradan faktlar idi. Bu məsələlər beynəlxalq məhkəmələrə verilməli və orada müzakirə edilməli idi. Ermənistan tərəfinin bu qeyri-qanuni fəaliyyətinə bir sədd çəkilməli idi. Əfsuslar olsun ki, bu sədd çəkilmədi”.

Q.Hüseynli uzun müddətdir ATƏT-in Minsk “rupunun fəaliyyətinin heç bir səmərə vermədiyini vurğulayıb və bildirib ki, danışıqlar prosesi artıq erməni işğalını pərdələyən bir vasitəyə çevrilib.

Sübhan Talıblı: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bildirib ki, bu gün Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və hesabatlarda, xarici və yerli KİV-də, bir sıra aparılan araşdırma və tədqiqatlarda, öz əksini tapıb: “Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib».

Tarixçinin sözlərinə görə, ATƏT-in Fakt araşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. S.Talıblı bildirib ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: «Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı”.

S.Talıblı qeyd edib ki, erməni tərəfinin rəsmi məlumatlarına və qondarma “DQ” hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər.

S.Talıblı bildirib ki, Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır. 2000-ci ildən etibarən “Artsaxa qayıdış” adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, “DQR”-in Statistika İdarəsinin rəhbəri Serj Amirxanyan, “Kənd Təsərrüfatı naziri” Vaqram Baqdasaryan, “Milli Yığıncağın Maliyyə, Büdcə Məsələləri üzrə Komissiyası”nın sədri Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin “Yerkir” İctimai təşkilatı aktiv şəkildə məşğul olmuşlar”.

Məzahir Əfəndiyev: “Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır”

“Ermənistan dövləti 30 ildən artıq ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasətini davam etdirir. 27 ildən artıqdır təcavüzkar Ermənistan aparılan danışıqlarda həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək prosesi süni surətdə uzatmağa çalışır. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti hələ ki, dəyişməyib. Belə ki, münaqişənin ədalətli həlli ilə əlaqədar konkret planların müzakirə olunduğu bütün vaxtlarda Ermənistan tərəfi daim siyasi və hərbi təxribatlara əl atıb”. Bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev bildirib ki, biz Aprel döyüşlərini, Şuşada keçirilən qondarma “prezident seçkilərini”, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş verən hadisələri göstərə bilərik: “Bu proseslərin qarşısının alınmasında Azərbaycan öz prinsipial mövqelərindən bir addım belə geri çəkilmədi, Ermənistanın bütün həmlələrini dəf edərək onların təxribatlarına layiqli cavab verdi. Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın münaqişə tərəflərini yenidən danışıqlar stolu arxasına dəvət etdiyi bir vaxtda Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən də Livandan erməni qaçqınların məqsədli şəkildə yerləşdirilməsi, qeyri-qanuni məskunlaşma aparılması və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olacağını şübhə altına alır. Bütün bunlar yolverilməzdir və hesab edirəm ki, Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır”.

R.HÜSEYNOVA

Pin It on Pinterest