Güncel

Sübhan Talıblı: Qarabağ bölgəsi ölkəmizin inkişafında böyük rol oynayacaq

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri planlı, sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdıraraq bildirmişdir ki, Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir.”

Bu sözləri “İki sahil”ə açıqlamasında AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib. 

S.Talıblı bildirib ki, bundan başqa, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilən ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsindən 2,2 milyard manat, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb: “Əsrarəngiz təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağımız iqtisadiyyatımıza böyük dividendlər gətirəcək, yenidən regionun elm, mədəniyyət, turizm, incəsənət, ticarət mərkəzi olacaqdır. Gözəl Qarabağımızda quruculuq, abadlıq işləri həyata keçiriləndən, xalqımızın öz yurduna qayıtmasından, torpaqların əkilib-becərilməsindən, azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpasından, sosial, iqtisadi, mədəni, elmi və s. infrastrukturun, məşğulluğun yaradılmasından,  xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasından sonra bu bölgə Azərbaycanın inkişafında böyük rol oynayacaq.”

Həmsöhbətimiz qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bir neçə mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsi,  eləcə də regionun təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulmuşdur: “Bundan başqa əsas məsəsələ kimi Ermənistanın işğalı və vandalizmi nəticəsində ölkəmizə dəymiş maddi, mənəvi, iqtisadi, ekoloji və s. ziyanın qiymətlənidirilib Ermənistan hökumətindən tələb edilməsi mühüm məsələlərdəndir. Təbii ki, Azərbaycan dövlətinin müvafiq qurumları istər işğalçı Ermənistana, istərsə də beynəlxalq qurumlara bununla bağlı hesabatlar, sənədlər, kadrlar, şəkillər, istintaq materialları və s. təqdim edəcək.”

S.Talıblı son olaraq qeyd edib ki, Müzəffər ordunun və qalib xalqın Ali Baş Komandanı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin və qazilərin qanı-canı bahasına azad olunmuş ərazilərə, eləcə də Şuşaya səfərləri, öz tarixi və siyasi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə başlanması da əhəmiyyətli hadisədir: “Bundan başqa, Füzuli-Şuşa avtomobil yolunun, Füzuli rayonu ərazisində Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə start verilməsi, yaşıllıqların salınması, yeni əkin sahələri ilə tanışlıq, uzunluğu 100 km olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilməsi, vətəndaşlarımızın gediş-gəlişini asanlaşdıracaq, Naxçıvanla birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradılmasını təmin edəcək.”

Röya Rasimqızı, “İki sahil”

Pin It on Pinterest