Söz oyununda
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Xatirə Fərəcli
Söz oyununda
İçimə çəkilib daldalanmışam
Dəli duyğularım öz oyununda,
Təpədən dırnağa misralanmışam
Çarpışan fikirlər söz oyununda.
***
İntizarım bilmir nə hədd, nə hüdud,
Itir, güman itir, üzülür umud,
Yüklənən kirpiklər toqquşan bulud
Yaşlar qıraq gedir göz oyununda.
***
Sən qutsal sandığın kimində oyun,
Aşkarında oyun, sirrində oyun,
Ömrümüz illərin əlində oyun,
Özümüz taleyin boz oyununda.
Darıxmaq
Bilirsənmi,
nədir darıxmaq?
-yaşadığın, qavradığın bir məqamın
ayağına getmək,
özünü unutmaq,
ürəyini didmək.
Rəngi-ruhu
oturub ölümünü gözləyən qocanın
gözündən tökülən ətalət rəngində.
Bir ovuc həsrətin
bir dünya hayqırtısı,
ölümün yarısı.
Bir az da doğmalıqdır
darıxmaq,
bir misqal həzzdir.
Darıxırsan
yaşayırsan, deməli,
itməyib dünyanın dadı.
Bu acının,
belə həzzin
elə darıxmaqdır adı.
Soyuq olar söz
Sevdiyinlə danışmağa
sözün yoxsa,
qurtarıbsa,
çalışma söz axtarıb tapasan.
Sonuna çatdığın ipi dartıb uzadanda qırılar,
söz tükəndisə,
istək də tükənər,
istək tükəndisə,
uzatmaq hədər
uzatdıqca
yaşantılar heçə enər.
…Axtarılıb tapılanda yöndəmsiz olar,
soyuq olar söz,
üşüyər, titrəyər,
istəyi göyə sovuran yellər əsər,
atar sözü boşluğa…
Sapsarı həsrət idin
Sapsarı həsrət idin
gəlib çıxdın qarşıma:
Bir az sakit, bir az səs-küylü.
Gəldin
an kimi
An dediyim,
bəlkə uzun, bəlkə qısa…
Mən həyəcan aramışdım
adı nə oldu o anın,
o sevincin,
o ağrının?
Bəlkə gerçək, bəlkə yalan…
Olanı bağrına basanda
xoşbəxt olur insan.
Basdıqmı bağrımıza o anı,
doya-doya yaşadıqmı?
Bəlkə hə, bəlkə yox…
Havadan asılı qalıb
nisgilli xatirələr.
Götürüb aparacaq
gələn rüzgar,
Bəlkə gec, bəlkə tez…
Ağ üzlü afət
Qar yağır…
sevdalı çağıdır təbiətin,
sevgi öpüşü ilə
göydən yerə endirib,
nazı ilə oynayır
ağ üzlü afətin.
Baxıram
lopa-lopa yağan qara,
qar şələli budaqlar üstündə
ayaqları üşüyən,
bəyaz qardan günü qara quşlara.
Kiminə qayğı bu qar,
kiminə göz eşqidir,
Can verib
canlar alan
bu bəyaz zər, bu afət
dünyanın təmiz üzü,
göylərin qız eşqidir.
Niyə çat vermisən torpaq
Niyə çat vermisən, torpaq,
kimin həsrətin çəkirsən?
Bu nə sevgi?!
Sənin istəyin bəlli,
səni istəmək ağır,
ruhsuz gəlir qucağına
bağrına basdığın adam,
qoynuna gələn fağır.
Üstündə həyat-həyat oynayanlar,
dünyayla başın qatanlar,
səni sevənlər,
səni satanlar,
eyni gözlə baxırsan hamıya
bu nə böyüklük, nə səbr?!
Torpaq, torpaq,
qoynun gülüstan,
için qəbir.
Pəncərəmdən baxan bahar
Pəncərəmdən baxan bahar,
gəl ömrümə-günümə, gəl.
Gəl ərisin qəlbimdə qar
uzaqlardan baxdın yetər.
***
Pəncərəmdən baxan bahar,
bir yol başla, yol içimə,
ruhumu sar, canımı sar,
qayna, qarış, dol içimə.
***
Pəncərəmdən baxan bahar,
isit, isindir ruhumu.
Pəncərənin bu üzü dar
dünya bumu, həyat bumu?!
***
Pəncərəmdən baxan bahar,
yollaşdır məni həyatla,
həsrət çəkdiyim bir gün var
gətir onu bəyaz atla.
İçəri şəhər
İçəri şəhər-
məhdudiyyət
və ümid…
bitirdim deyib nöqtə qoymaq istərkən
təzədən başladığın sevgi kimidir
dar
dalanlar,
hisslər arasında qalmış kimi
qalırsan iki divar arasında.
Təzə həyat, təzə eradır sanki
hər bitən və təzədən başlayan dalan,
çox şeyə əl yelləyib boş verməyi öyrədir,
ələklənib ələkdə qalan dostlara
oxunan fatihə kimidir
arxada qoyduğun küçə.
Küçəyə sığmayan ürəklər görüb,
içində ürək olmayan tənlər
bu dər-divar,
təpiklər, tapdağlar görüb,
məhəbbətlə basılan addımlar,
meh sığalı,
külək öpüşü,
günəş təbəssümü görüb
bu daşlar,
soyuq sifətiylə neçə-neçə
qar, çovğun çöküb sinəsinə.
Kəpənək yuxulu,
köhnəlik qoxulu,
İçəri şəhər, İçəri şəhər…
Anam dəniz
Laylamı dəniz çaldı bu gecə,
anam oldu dəniz:
dalğa-dalğa,
xırçın-xırçın,
həzin-həzin.
Bir başqa olur dəniz gecələr:
nəhəng,
zəhmli,
romantik
yer-göy eyni rəngdə,
dənizdir sanki göy də,
qatlanıb gəlib başım üstünə,
səsi şirin,
nəfəsi şirin
anam dəniz
bu gecə mənimdir
arzularım kimi,
həsrətim kimi…
Elə çox bənzərimiz var ki dənizlə
Elə çox bənzərimiz var ki dənizlə
o da havalı, mən də.
Dəlidir, dəlisovdur dəniz
sıxılır olduğu yerdən mənim kimi,
əl -qol atır,
uzanır sahilə,
çırpır özünü ora-bura.
Dərindir, vahiməlidir dəniz,
amansızdır.
Bəzən içində basdırmağı var
içinə girənləri,
boğub lazımsız əşya kimi
sahilə tullamağı var.
Bəzən həlim, saf, məsum,
nə yükləsən götürən.
Nələri, nələri gizlədib
içinə çəkməyi var.
Etina etmir,
qımışır
ona daş atanlara
gülür,
kimin kimə daş atmağına gülür.
Adaları
sinəsindəki dağlar
gözlərdən boy verən kədər kimi…
Elə çox bənzərimiz var ki dənizlə.
Dünya bir rəngdədir ağrılarımla
İtsəm də itkilər dağıntısında,
Gəzsəm də kəndbəkənd, ölkəbəölkə,
Dünya bir rəngdədir ağrılarımla
Mən elə dünyayla yaşıdam, bəlkə.
***
Ölüm də, unutmaq, unudulmaq da,
Fanidə əvvəlki qaydadır elə.
Ağrının da rəngi, məxsusluğu var
Yaşanar eləcə, gəlməz ki dilə.
***
Zamanı, məkanı, taxtı, gərdişi,
Kim gəlib, kim gedib, hesabımı var?!
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.
Bu bağ
Bu bağ bu səbətin, bu arıların
Görəsən, nə vaxtdan məskəni olub?
Neçə xatirəyə məkan bu bağda
Neçə yol bu səbət boşalıb, dolub?
***
Canını qoymağa yer gəzir yenə,
Neçənci küləkdir üstündən əsən?
Dartılıb kəmərtək belini sıxan
Barını kim belə hörüb, görəsən?
***
Hər gələn özüylə xatirə payın
Yığıb, yığışdırıb, aparıb, bəlkə
Qalıb ağı deyir külək diliylə,
Bu bağın dərdi var özündən yekə.
***
Ürəyim uçunur yaşıllıq deyə,
Laylam, rahatlığım bir odur ancaq.
Ruhuma sığala təbiət gəzib,
Görməyə bir parça gümandı bu bağ.
***
Götürüb gəlmişəm çəkdiklərimi,
Yüküm bu dünyanın qəmi olsa da.
Gələndən-gedənə hey fırlanırıq
Arı səbətində, mən bu dünyada.
MƏNİ ARA
Hər allanıb güləndə dan,
Hər yadına düşdüyüm an,
Ürəyin istəyən zaman
məni ara.
***
Bircə qəfil zəng səsiylə,
Bir “necəsən” kəlməsiylə,
Ürək ilə, həvəs ilə
məni ara.
***
Həzin mehtək əsim-əsim
Titrəməsin kəlmən, səsin,
Təkcə sayğı, diqqət bəsim,
məni ara.
***
Bu, ömürdür, elə-belə,
Ya sevin, gül, ya dərd elə,
Aldanaq bu sevinc ilə,
məni ara.
Təşəkkür edirəm, dəyərli kalemdaşlarım, könlünü sözə bağlayanlar,ədəbiyyata, poeziyaya dəyər verənlər!