Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı
XIX əsrin görkəmli Azərbaycan şairi,
türkdilli poeziyamızın sonuncu mogikanı,
Seyid Əzim Şirvaninin
türk dünyasına tanıtdığı təhsil ocağı
Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
1970-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxuduğum illərdə o vaxtkı ölkənin müxtəlif şəhərlərindəki arxiv və kitabxanalarında Azərbaycanın məktəb və maarifçilik tarixinə aid çoxlu sənəd və elmi dəyərli materiallarla rastlaşmışdım.
Bunların çoxu tədqiqat mövzumla -“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzetinin
(1879-1884-cü illər) dili” ilə əlaqəli olduğundan məktəb və maarifçilik məsələlərindən bəhs edən onlarla məqalədə fikir və düşüncələrimi elmi ictimaiyyətin diqqətinə çatdırmışdım. “Məclis məktəbini kim yaratmışdır?”, “Sabirin oxuduğu məclis məktəbi”,”Maarifə həsr olunmuş ömür”, “Ziya”nın işığı “, “Tərcüman”ın təcrübə məktəbi”, “Ziya”nın fransız müxbiri”, ” Siz kimsiniz, müsyö Berje? “, “Unudulmuş Səid Ünsizadə” və s. bu qəbildəndir.
Kürdəmirin ilk dövlət məktəbi haqqında yazdığım yazılar da bu silsilədəndir.
Kürdəmirin təhsil tarixi Rus imperiyasının burada açdığı məktəblə başlamır. Kürdəmirin ilk məktəb və mədrəsələrinin tarixi qədim əsrlərə gedib çıxır. Zəngin biliyi, yüksək intellektual səviyyəsi olan kürdəmirli müəllimlərin adına orta əsr mənbələrində rast gəlinir. Bu da təbiidir. Kürdəmirdə dövlətçilik ənənələrinin nişanəlləri çoxdur. Qədim şəhər yaşayış abidələrin qalıqları, islam dinini yayan ərəblərin burada məskunlaşması, yeni qohumluq əlaqələrinin yaranması, ərəblərin adı ilə bağlı yaşayış məntəqələrinin salınması, Şərq ölkələri ilə ticarət əlaqələrinin güclənməsi bunun tutarlı sübutudur. Kürdəmir bir vaxtlar Kaspi vilayətinin, 1846-cı illən–2 dekabr 1859-cu ulədək Şamaxı quberniyasının tərkibində olmuşdur. Zəlzələdən sonra paytaxt Bakıya köçürüldüyünə görə quberniyanın adı dəyişdirimiş, əvvəllər Şamaxıya aid olan bütün qəryələr (kəndlər) yeni inzibati -ərazı qurumuna daxil edilmişdir. Kürdəmirin Bakı quberniyasının tərkibində olması bu torpağın məktəbçilik tatixində müəyyən yaddaqalan izlər buraxmışdır.
Kürdəmirdə dövlət tərfindən məktəb açılacağı haqqında türk dünyasına ilk xəbəri “Ziya” qəzetinin Şamaxı müxbiri S.Ə.Şirvani vermişdir. Onun müxbir məktubu Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin 29 may 1880-ci il tatixli 26-cı nömrəsində çap olunmuşdur.Məktubda müxtəlif məsələləri özünəməxsus şəkildə, ezop manerası ilə oxucuların diqqətinə çatdıran müxbir may ayının 15-də Dağıstan ( əslində Bakı- Dağıstan olmalıdır- N.N.) Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoru S.İ. Rıjovun müavini Bekler Martıniç Stepanovun Şamaxıya gəlişindən də söz açır.
Dövlət məmuru ilə şəxsən tanış olan Şamaxı şəhərindəki rus məktəbinin və məşhur “Məclis məktəbi”nin müəllimi (müdiri yox-N.N.) müxbir S.Ə.Şirvani– B.M.Stepanovun sözlərinə əsaslanaraq yazır :
“Dövlət bu fikirdədir ki, bir parə qəryələrdə (kəndlərdə ) xəlaiqin təlim və tərbiyəsindən ötəri (ötrü-N.N.) məktəbxanələr açsın…
Bu il Şamaxının qəryələrindən iki qəryədə uşkola güşad olacaq: biri qəryeyi-Kürdəmirdə, biri də qəryeyi-Kərkəncdə”.
S.Ə.Şirvani məktubunun sonunda Kürdəmirdə açılacaq məktəblə əlaqədar, Bekler Martıniçin oraya- Kürdəmirə gedəcəyini yazır , məktəbin xərc və məsarifindən ötrü əhalini əlbirliyə çağırır.
Tiflsdə rus dilində çap olunan “Qafqaz” qəzetinin 11 mart 1881-ci il tarixli 55-ci nömrəsində verilən xəbərə görə Kürdəmirdə dövlət tərəfindən ilk məktəb 1881-ci il fevralın 9-da açılmışdır.Qəzet ilk dərs günü burada 18 şagirdin oxuduğunu xəbər verirdi.
Kürdəmirin ilk dövləti məktəbi haqqında 1977-ci il fevralın 2-də “İrəli ” qəzetində çap olunmuş “Kürdəmir haqqında qeydlər” adlı yazım Kürdəmirin öz torpagının və maarifçilik tarixinin təəssübünü çəkən ziyalılarının marağına səbəb oldu. “İrəli” qəzetində müzakirə təriqi ilə bir neçə yazı dərc olundu.
Ən çox qabardılan məsələ ilk məktəbin Kürdəmirin hansı kəndində açılması barədə idi. Müzakirədə iştirak edənlərin bir neçəsi məktəbin indi Köhnəbazar adlanan kənddə açıldığıını israr edirdi. Bu fikir tarixi faktlarla sübut olunur. Belə ki Bakı-Tiflis dəmir yolu çəkilənədək Kürdəmir adlanan qəryə-yaşayış məntəqəsi dəmir yolundan bir neçə kilometr aralıda – Şamaxıya doğru uzanan yolun kənarında idi.
” Qafqaz ” qəzetinin 28 avqust 1882-ci il tarixli 227-ci nömrəsindəki bir xəbərdən məlum olur ki, Kürdəmirin həftə bazarı buradan (Kürdəmir kəndindən -N.N.) Bakı -Tiflis dəmir yoluna köçürülür”. Deməli, dəmir yolu stansiyası yerləşən məkan inzibati ərazi mərkəzi seçilir.
Kürdəmir məktəbinin tarixini öyrənmək üçün “Ziya” qəzetinin 1 fevral 1881-ci il tarixli 5-ci nömrəsində dərc edilmiş maraqlı bir yazı-yol qeydləri diqqəti cəlb edir.
Qəzetin iki səhifəsində “M.B.” imzası ilə yerləşdirilmiş bu məqalənin dili, ələlxüsus maarifçilik terminləri ilə zəngin olan leksikası, çevik sintaksisi “Ziya ” qəzetinin sahibi-imtiyazı, XIX əsr Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi Səid Əfəndi Ünsizadənin ( 1825, Şamaxı-1905, İstanbul ) yazı üslubunu xatırladır. Məqalənin rus dilindən o dövrün özünəməxsus ənənələri əsasında Azərbaycan dilinə tərcümə olunduğu hiss olunur. Yazının məzmunundan məlum olur ki, “M.B.” əslən avropalıdır, Şərq dillərini, o cümlədən ərəb dilini gözəl bilir, bu dildə yazılmış ədəbi əsərlər haqqında müsahibini inandıra biləcək dərəcədə fikirlər söyləməyə qadirdir.
Yazıdan hiss olunur ki,“M.B.” məktəb və mədrəsələrin işinə nəzarət edən, qayğı göstərən səlahiyət və vəzifə sahibidir.
Uzun müddət “M.B.”-nin kimliyi haqqında heç nə demək mümkün olmasa da, sonralar, onun Tiflisdə mühüm dövlət işində çalışan Adolf Petroviç Berje (Qafqazda onu “Müsjö Berje” kimi daha çox tanıyırdılar) olduğunu müəyyənləşdirdik.
A.P.Berje milliyyətcə fransızdır. Onun atası Pyotr Berje 1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda kübar ailələrdən olan uşaqlara dərs demişdir. Professor Pyotr Berje 1820-ci ildə əsli Meklenburqdan olan varlı bir alman qızlı ilə evlənmiş, onun bu izdivacdan dörd oğlu və bir qızı dünyaya gəlmişdir. Gərgin zehni əmək, böyük bir ailənin qayğıları P.Berjenin sağlamlığına ciddi fəsadlar yaratmış və o, dörd övladını xeyirxah adamların ümidinə buraxaraq, 1838-ci ildə ruhi xəstəliklər xəstəxanasında dünyasını dəyişmişdir.
Adolf- Berjelər ailəsinin ikinci oğludur.O, 1828-ci il iyul ayının 28-də Peterburqda
anadan olmuş , əvvəlcə pansionatda, sonra isə reformat məktəbində oxumuşdur. Ata Berje vəfat edəndən sonra qardaşlar Fransanın Rusiyadakı səfirinin xanımı Barantın köməyi ilə Peterburq yaxınlığındakı Qatçina Yetimlər İnstitutuna daxil olmuşlar.
A.Berje 1847-ci ildə Sankt- Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil olmuş, burada – universitetdə Azərbaycanlı Mirzə Cəfər Topçubaşovdan dərs almış , dilimizin ilk elmi qrammatikasımın müəllifi Mirzə Kazım bəyin rus, fars , türk və s. dillərdə yazdığı əsərlərini mükəmməl öyrənmişdir.Rusiya Dövlət Şurasının üzvü C.C.Lanski A.P.Berjenin Şərqi Asiya ölkələrinin birində işləmək arzusunu universitet məzunlarının işlə təminatına ciddi nəzarət edən çar I Nikolaya çatdıranda çar çox soyuqqanlıqla demişdir: “Xaricə – Şərqə getmək A.P.Berjenin nəyinə lazımdır? Rusiyanın öz Şərqi var. Bura, Qafqazdır. Qoy elə ora yola düşsün”.
A.P.Berje 1851-ci il dekabrın 24-də Tiflisə gəlir. O, Qafqaz canişinliyində müxtəlif vəzifələrdə çalışır, bir müddətdən sonra Təbriz, Qəzvin və Tehrana gedir, İranı öyrənməyə başlayır, qafqazşünas alim kimi geniş fəaliyyət göstərir. A.P.Berje məşhur tarixçi Mirzə Camal Cavanşirin “Qarabağnamə” əsərini fars dilindən rus dilinə tərcümə edərək çap etdirir.O, Tiflis Mərkəzi Kitabxanasının və Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin müdiri vəzifələrində çalışır, elmi ekspedisiyalar zamanı topladığı dil, folklor və ölkəşünaslıq materiallarını rus və xarici dillərdə çap etdirirdi.
Hərtərəfli biliyə,ensiklopedik savada malik olan A.P.Berje 1864-cü ildə Qafqaz Arxeologiya Komissiyasının sədri vəzifəsinə təyin olunur.
Qafqazın öyrənilməsində çox qiymətli məşhur elmi mənbə olan “Qafqaz Arxeologiya Komissiyasının Aktları”nın 10 cildi A.Berjenin rəhbərliyi altında çap edilmişdir.Ona bu əzəmətli yaradıcılıq fəaliyyətində qələminə və savadına inandığı və güvəndiyi əqidə dostları-tarixçi N.Q.Berzenov, görkəmli filosof və dramaturq M.F.Axundov , canişinliyin məmuru Nırkov daha çox kömək edirdilər . Təkcə bu faktı xatırladaq ki, “Aktlar”ın ilk beş cildi üçün hazırlanan materialların 700 səhifəyə qədərini A.P.Berjenin köməyi ilə müxtəlif Şərq dillərindən rus dilinə M.F.Axundov tərcümə etmişdir. A.P.Berje tutduğu vəzifə çərçivəsində Zaqafqaziya dini idarələrinə və müsəlman məktəblərinə himayədarlıq edirdi. Zaqafqaziyada məktəb və maarifçilik işlərinin tərəqqisi, Azərbaycan ədəbiyyatının Avropada yayılması, Qori şəhərində Müəllimlər Seminariyasının açılması, Azərbaycan mətbuatının təşəkkülü və inkişafı yolunda A.P.Berjenin xidmətləri xüsusi tədqiqat tələb edir.
Zaqafqaziyanın nüfuzlu fikir adamları– şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, görkəmli söz ustası Mirzə Fətəli Axundov, cəfakeş maarif xadimi Səid Ünsizadə ilə A.P.Berjenin işgüzar münasibətlərini əks etdirən arxiv materiallarının hərtərəfli öyrənilməsi XIX əsr ictimai-siyasi fikir tariximizin bir çox qaranlıq səhifələrini işıqlandıra bilər.
A.P.Berje həmişə səfərdə idi. İran, Zaqafqaziya, Dağıstan , Şimali Qafqaz onun dövlət məmuru kimi gəzib-dolaşdığı, geniş elmi tədqiqatlar üçüm material topladığı regionlar idi.
A.P.Berjenin Kürdəmirə gəlişi də bu məqsədlə əlaqədar idi. “Ziya” qəzetinin 1 fevral 1881-ci il tarixli 5-ci nömrəindəki yol qeydlərindən məlum olur ki, o , burada yanvarın 15-də olmuşdur.
Kürdəmirin adlı – sanlı, mötəbər adamlarından biri olan X…əfəndinin (çox güman ki, bu, Xəlil əfəndidir-N.N.) qonağı olan A.P.Berje bu yerlərin təbiəti, əhalisi və onların məşğuliyyəti, qonaqpərvərliyi haqqında oxuculara maraqlı məlumatlar verir.
Yol qeydləri belə başlaır:
“15 yanvar.(Şamaxı uyezdində). Kürdəmir qəryəsindən (kəndindən-N.N.) . (Təhrirati-“Ziya”). Bu ayın əvvəllərində Kürdəmirə müvasilət elədik (qovuşduq -N.N. ) . Şamaxıdan məzkur qəryəyə 70 verst məsafə edir. Küdrü düzünün aran zəmin yer olduğu aşkardır.Amma bu gözəl və vəsi (geniş-N.N.) səhrada məkaniyyətə və abadanlığa müstəid bir nöqtə var isə, o da Kürdəmir dedikləri qəryə olacaqdır.Ərazisi münbit və məhsulavər olmağını hər kəs nəql etməkdədir…Tut və üzüm bağçalarını ki burada gördüm , cümləsi şəhadət edir ki, kürdəmirlilər əbrişim və ənkur (üzüm) məhsulatından dəxi məhrum qalmayurlar. Əhalinin saf bə təndürüstlüyü (sağlam vücudlu olması- N.N.) burada təravə və etidal ( mülayim-N.N. ) hava olmağına ümdə dəlil tutula bilər”.
Müəllif daha sonra yerli əhalinin mehribanlığından və qonaqpərvərliyindən söz açır :
“Hər bir daxma və xanə əcnəbidən ötrü bəlaqeyd (bəlasız), biacir
(icarəsiz, havayı ), bikirayə mehmanxaneyi- ümumi kibidir ki, kim mehman gəlirsə, özü və məpkəbi ( minik heyvanı ) hər xüsusda rahət və asudə tutulmağını mehmanı olduğum X… əfəndi nəql və təsdiq edir”.
Yazıda X… əfəndi öz elinin, yurdunun təəssübünü çəkən , igidliyi və qoçaqlığı qiymətləndirməyi bacaran kənd ağsaqqalı kimi tənqim olunur.Onun fikrincə, canında hərəkət və cünbüş (qımıldanma,tərpəniş ) olmayan qövmdən bir ac qövm yaxşıraqdır. Əfəndi əcnəbi qonağa bu torpağın zehinli və zəkavətli adamlarından söz açsa da, hiss olunur ki, qonaq daha çox onu qiymətləndirir. Əcnəbi qonaq Kürdəmirdə olduğu bir neçə gündə ev sahibinin alimliyindən, nəsrlə və nəzmlə yazdığı mühərriratından, ruhani və təsəvvüfdən (sufilik məsləki təriqətindən -N.N.) etdiyi söhbətlərdən çox məmnun qalır:
” Mən onun danişmənd və hünərvərliginə təəccüb etməkdə ikən o dəxi bənim əlsəneyi-şərqiyyəyə, xüsusən ərəb lisanına aşina olmağımdan heyrətdə qalmışdı. Avropalı(nın) əlsəneyi-şərqiyyəyə (şərq dillərinə -N.N.) hərif ( həmməslək ) olmağı əfəndiyə görə qəraibdən imiş”.
Əcnəbi qonaq kürdəmirli əfəndinin ərəb ədəbiyyatına bələdliyini, ərəb dilini şeir yazmaq səviyyəsində bildiyini vurğulamaq üçün onun oxuduğu şeirin bir beytini məmurə dəftərinə yazır.
“M.B.” Kürdəmir bazarını izdiham və qələbəliyinə görə ” Tiflisin “Soldat bazarı” adı ilə tanınan gürcü bazarı ilə müqayisə edir:
“Bu növ təcəmmö (toplanma, cəmləşmə -N.N.) və ticarət burada həftədə bir dəfə olduğu üçün buna “Kürdəmir bazarı” və ya “Həftə bazarı” adı veriblər…Müskiratdan ((spirtli içkilərdən) başqa, hər növ zərurəti burada satırlar”.
“M.B.” yazısının sonunda təəssüf edir ki, “min evdən ibarət olan bu kibi böyük qəryədə ki əhalisi cümlən sahibi – ovza və baistedaddır (savadlıdır-N.N.), nə millət və nə dövlət tərəfindən bir mübtədi (ibtidai-N.N.) məktəbi olsa da açılmayıbdır”.
“M.B.”- nin Kürdəmirə gəlişindən cəmi bir ay sonra- 1881-ci il fevralin 9-da- burada– Şamaxıya gedən yolun üstündə qədim Şirvanın ilk dövləti ibtidai məktəbi açılır. Bundan bir neçə gün sonra isə Şamaxının Kərkənc kəndində ibtidai məktəbin açılışı olur.
Görünür, ölkəni səyahət edəndən sonra Tiflisə qayıdan “M.B.” (A.P.Berje) öz hesabatı ilə Zaqafqaziya rəhbərliyinə mərkəzdən uzaq yaşayış yerlərində kənd ibtidai təhsil məktəblərinin açılmasnın vacibliyini inandıra bilmişdir.
1883-cü ildə Bakı – Tiflis dəmir yolu istifadə veriləndən sonra Kürdəmir kəndi ərazi mərkəzi rolunu və mövqeyini itirir. Şamaxı uyezd məhkəməsinin kənddəki şöbəsi və bir neçə inzibati idarə stansiya ətrafına köçürülür, məktəb isə öz yerində–sonralar Köhnəbazar adı ilə tanınan inzibati ərazidə qalır.
XIX əsr Azərbaycan məktəblərinin ən yaxşı tədqiqatçılarından biri professor Hüseyn Əhmədov özünün ən sanballı tədqiqat əsərində–” XIX əsr Azərbaycan məktəbi” monoqrafiyasında Şamaxı qəzasında açılan, yazıda adı çəkilən kənd məktəblərinin xronoloji cədvəlində Kürdəmir məktəbinin tarixi “1885 -ci il” kimi göstərir Sonrakı araşdırmalar bu tarixi dəqiqləşdiməyə , Kürdəmir məktəbinin tarixini 9 fevral 1881-ci ildən hesablamağa imkan vermişdir.
Kürdəmir məktəbinin ilk müəllimi -rus dili müəllimi Nəcəf bəy Nəzərov , şəriət müəllimi isə əvvəllər Cəbrayıl Əfəndi Hacı Əbdürrəhim Əfəndi oğlu olmuşdur. Bir neçə ildən sonra şəriət müəllimli vəzifəsinə Molla Xəlil Əfəndi Hacı Əhməd Əfəndi oğlu təyin olunmuşdur. Onlar haqqında arxivlərdən heç bir məlumat toplaya bilmədik. Kürdəmirin zəngin ailə arxivi olan ziyalılarına müraciətimiz də heç bir nəticə vermədi.Amma Nəcəf bəy Nəzərov , Cəbrayıl Əfəndi Hacı Əbdürrəhim Əfəndi oflu və Molla Xəlil Əfəndi Əhməd Əfəndi oğlu haqqında sənəd və foto -şəkillərin tapılacağına inanırıq.
Kürdəmir məktəbinin ilk müəllimlərinin sırasında Əsədulla bəy Muradxanov, B.İ.Çixvalidze, Aleksandr İvanoviç Durkin, Ağaəli Cavad oğlu Qasımov və başqalarının adı çəkilir.
1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Kürdəmirdə yaşayan qohumlarının yanına köçməyə məcbur olan 23 yaşlı Məhəmməd Hadi də bir müddət burada dərs demişdir.
Məhəmməd Hadinin Kürdəmirdə işləməsini eşidən Q.Doluxanov soyadlı bir müəllif “Molodeжь Aзербайджана” qəzetinin 15 mart 1980-ci il tarixli 33-cü nömrəsində “Kürd Əmir və yaxud 2 №-li fərziyyə” adlı məqaləsində 1879-cu ildə anadan olan Məhəmməd Hadinin 1881-ci ildə ( iki yaşında ikən–?) Kürdəmirdə məktəb açmasından şövqlə danışır.
Jürnalist Rəşid Fərəcov “İrəli” qəzetinin 16 oktyabr 1991-ci il tarixli 79-cu nömrəsindəki “Kürdəmirdə ilk məktəb” adlı məqaləsində bir sıra maraqlı faktları sadalayır, sovet dövrünün ilk illərində burada dərs deyən qabaqcıl müəllimlərin adını çəkir. Müəllif indi Köhnəbazar kənd məktəbi kimi tanınan məktəbin məşhur məzunlarını da oxuculara tanıdır:
coğrafiya elmləri doktoru Osman Osmanov, biologiya elmləri doktoru Qara Mustafayev, filologiya elmləri doktoru Fəxrəddin Veysəlov, texnika elmləri namizədi Ağaməhəmməd Kərimov, kimya elmləri namizədi Abdulla Abdullayev, iqtisad elmləri namizədi Akif Məmmədov, filologiya elmləri namizədi Vaqif Verdiyev və başqaları.
Müəllif nədənsə bu məktəbin məzunlarından biri olan Mustafa Hacı Musa oğlu Mahmudovun adını çəkmir. M.Mahmudov (1878-1937) Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur. Seminariyanı qurtarandan sonra Vəndam kənd məktəbinə təyinat alsa da, pedaqoji fəaliyyətinə Bakıdakı 3 nömrəli rus-tatar məktəbində başlamış, ibtidai siniflərdə müəllim vəzifəsində işləmişdir. Zaqafqaziya Müəllimlər Seminariyasının bütün məzunları kimi, kənd məktəbində işləməli olan M.Mahmudova şəhər məktəbində işləmək üçün Bakı Şəhər Dumasının üzvləri-Həsən bəy Məlikzadə (Zərdabi ) və Əlimərdan bəy Topçubaşov zəmanət vermişlər. M.Mahmudov sonralar 1 nömrəli rus-tatar məktəbinin müdiri vəzifəsinə təyin olunmuş, 1907-ci ilin fevralında II Dövlət Dumasına deputat seçilmişdir. O, Zaqafqaziya Seyminin və ADR parlamentinin üzvü seçilmiş, 1920-ci il hadisələrindən sonra, repressiyaya məruz qalana qədər, Bakıdakı 132 nömrəli orta məktəbdə müəllim işləmişdir.
Zəngin məktəbçilik ənənələri, şərəfli tarixi, nadir istedadlı yetirmələri olan Kürdəmir məktəbinin yaranmasından düz 137 il keçir.
Qocaman məktəbin şərəfli yubileyini keçirmək pedaqoji fikir tariximizə göstərilən qayğı kimi dəyərləndirilə bilər.
İstifadə olunmuş ədəbiyyat
- Hacı Seyyid Əzim Şirvani. Şamaxıdan məktub- “Ziya qəzeti-“29may,1880 -ci il 2.” M.B.”. 15 yanvar. (Şamaxı uyezdində) Kürdəmir qəryəsindən-” Ziya” qəzeti, N 26 , 1 fevral 1881-ci il, N 5.
- “Qafqaz” qəzeti, 11 mart 1881-ci il,N 55.
- Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi- Bakı,1985
- Nazim Nəsrəddinov. Kürdəmir haqqında qeydlər- “İrəli” qəzeti,3 fevral 1977-ci il.
- Nazim Nəsrəddinov. Xalq müəllimi, millət vəkili-“Xalq” qəzeti,18 dekabr 1992-ci il.
7 . Nazim Nəsrəddinov. Siz kimsiniz, Müsyö Berje?-“Ana sözü ” jurnalı,1995- ci il , N 1-6, səhifə 47-48.
- Rəşid Fərəcov. Kürdəmirdə ilk məktəb- “İrəli” qəzeti,16 oktyabr 1991-ci il .
- Nazim Nəsrəddinov. Bir daha Kürdəmir məktəbi haqqında- “İrəli” qəzeti ,
- Məhəmməd Məhəmmədcəlil,Fariz Xəlilli. Mövlanə İsmayıl Siracəddin Şirvani -Bakı, 2003.
- Nazim Nəsrəddinov. Qədim Şirvanın iki məktəbi haqqında- “Təhsil problemləpi” qəzeti, 21-31 mart 2009-cu il, N 17-18.
12.Назим Насреддинов. Почему забыт Мустафа Махмудов? Отзовитесь родственники друга и соратника М .Э. Расулзаде.-
Газетa «Ваку» oт 6 апреля 1993 г.
- Назим Насреддинов. Гриф«Совершенно секретно»снят.
(О М.Махмудове )- Газета «Баку»
от 26 июня 1993 г. 30 oktyabr 1991-ci il.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq