Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları

1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda orada dərs deyəcək azərbaycanlı müəllimlərin də axtarışına başlandı.Seminariyanın yeni şöbəsində oxuyacaq tələbələrə  ana dili və şəriətdən iki müəllimin dərs deyəcəyi müəyyənləşdirildi . Onların biri sünniməzhəb tələbələrə,digəri isə şiəməzhəb tələbələrə dərs deməli idi. Bu məqsədlə görkəmli şərqşünas,  Sankt Peterburq Universitetinin  şərq fakültəsinin  1851-ci il məzunu A.P.Berjenin rəhbərliyi ilə namizədlərin axtarışına başlanır.Sünniməzhəb tələbələrə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi Hüseyn Əfəndi Qayıbovun namizədliyi irəli sürülür.
  H.Ə.Qayıbov A.P.Berjenin yaxşı tanıdığı qələm sahiblərindən biri idi. 1869-cu  ildə Almaniyanın Leypsiq şəhərində A,P.Berjenin

“Die Sanqer  des XVIII und XIX Jahrhunderts in adserbeidshanischer “

 kitabı nəşr olunmuşdu.Kitabda müsəlman (Azərbaycan-N.N.) şairlərinin şeirlərinin toplanməşdı. M.F.Axundovun xahişi ilə bu şeirlərin toplanmasında  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi H,Ə.Qayıbov böyük xidmətlər göstərmişdi. Zaqafqaziyada  təhsil sisteminə nəzarət işində əhəmiyyətli rol oynayan A.P.Berje  birgə ədəbi-şərqşünaslıq işi sahəsində yaxından tanıdığı H.Ə.Qayıbovun  zəhmətini onun vəzifəsini artırmaqla qiymətləndirmişdir. Belə ki  A.P.Berjenin zəmanəti ilə H.Ə.Qayıbov  asanlıqla Zaqafqaziya Müəllimlər Seminariyasına Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskidən təyinat almışdır.
  Seminariyanın  şiəməzhəb tələbələrinə ana dili və şəriətdən dərs demək üçün iki namizədin  sənədləri araşdırılmışdır.Onlardan biri Zaqafqaziya Ruhani İsdarəsinin üzvü Əbdüssəlam Axundzadə, digəri isə Şamaxı şəhər məktəbinin ana dili və şəriət müəllimi Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani idi.

Bu barədə Tiflisdə nəşr olunan “Ziya” qəzetinin 6 sentyabr 1879-cu il tarixli 33-cü

nömrəsində  “Seminariya barəsində “ ətraflı məlumat verilir:

“Əhli-təsənni tərəfindən  əqaidi -diniyyənin təlimi müsəlman müəllimlərinin bu halda Tiflisdə cənab müfti həzrətlərinin  təhti-nəzarətində olan müsəlman məktəbinin  müəllimi Qayıbova həvalə olunur. Və əhli-şiyə tərəfindən ancaq ehkam şəriyyəni təlim etməklik şeyxülislam həzrətlərinin təhti-nəzarəti alilərində olan məktəb müəllimi   Axundzadəyə  və ya ki,Şamaxı rus məktəbinin və Məclis Məktəbinin  müsəlman müəllimi olan  …Hacı Seyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Bu məsələnin həlli Popeçitel İdarəsində (Qafqaz Təhsil İdarəsində-N.N.)həll olunacaqdır.Yuxarıda göstərilən məktəblərin əhvalatından bir növ xəbərdar olduğumuzdan  zikr olunan müəllimləri  təbrik və təhnit  ( mübarəkdarlıq-N.N.)   ) zəminində  acizənəmiz oldur ki,onlara etibar olunan  darülmüəllimün mədrəsəsinin…pişrəftində sai ( çalışan,səyli-N.N.) və cahid (cəhd edən -N.N. ) olalar “.

   Müəllimlik müsabiqəsində iştirak etmək üçün S.Ə.Şirvani  Tiflisə yola düşür.Lakin müsabiqədə dövrünün görkəmli din xadimi, hakim dairələrinə daha yaxın olan Əbdüssəlam Axundzadəyə uduzub geri qayıdır.S.Ə.Şirvani Tiflisdən Şamaxıya qayıdarkən yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyarət edir. Nizaminin baxımsızlıq ucbatından ürək ağrıdan uçuq-sökük məqbərəsi Seyid Əzimi narahat edir.Seyid Əzim şeirə,sənətə göstərən bu biganəliyi öz halı ilə müqayisə edib,məşhur rübahisini söyləyir:
       

Ey Şeyx Nizami, ey nizamı dağılan,
  Ey Gəncədə izzü ehtişamı dağılan,
  Olmuşmu səninlə mən kimi aləmdə
  Beyti,evi,məktəbi,kəlamı dağılan?


  S.Ə.Şirvani Şamaxıya qayıdır və  iəvvəlki kimi iki məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.Zəmanəsinin o vaxtkı dövri mətbuatında – Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetində  müxbirlik fəaliyyətini davam etdirir, Başladığı təzkirə üçün yeni-yeni materiallar toplayır,ölkəşünaslıq materialları üzərində işləyir,Şamaxı ədəbi məclisinin məşğələlərində maraqlı poeziya nümunələri ilə çıxış edir,məktəb yaşlı uşaqlar üçün hnəsihətamiz əsərlər yazır,həm Azərbaycan, həm də fars dillərində yüksək poetik dəyərli  əsərlər yaradır.
   Bu illərdə S.Ə.Şirvaninin beynəlxalq  şeir müsabiqələrində fəal iştirakı da diqqəti cəlb edir.  Müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olan Minif Paşanın  Tiflisdə Azərbaycan  dilində çıxan  “Ziyayi-Qafqasiyyə”  qəzetində açdığı  “Ey bülbül” adlı  Ezop maneralı  şeir  müsabiqəsinə qoşulan  Azərbaycan şairlərindən biri  də Seyid Əzim Şirvani olmuşdur.
  S.Ə.Şirvani zəmanəsinin bəyənilən işıqlı fikir adamlarından biri idi.Onun ayrı-ayrı tarixi şəxsiyyətlərə,şair və din xadimlərinə yazdığı qəsidələr hələ də öz ciddi elmi təhlilini tapmamışdır.
  S.Ə.Şirvani rəmzlər ustası idi. Onun rəmzlərini, adi söz içində dediyi sözləri başa düşmək,anlamaq üçün ədəbiyyatşünaslarımız hələ çox işləməlidirlər.
  Cəmiyyətdə S.Ə.Şirvaninin mövqeyini  hamıya  tanıtmaq üçün dövrün  dini rəhbərləri səmərəli işlər görürdülər. Onlar Seyid Əzimin  maarifçilik fəaliyyətinin  kölgədə qalmasına heç cür razı ola bilmirdilər.Zaqafqaziya şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftilər  Əbdülhəmid Əfəndizadə və Hüseyn Əfəndi Qayıbov S.Ə.Şirvaniyə həmişə qayğıkeşlik etmişlər.Məhz onların qayğısı nəticəsində 1886-cı ilin noyabr  ayında Seid Əzim Şirvaninin  maarifçilik və müəllimlik fəaliyyətini dövlət səviyyəsində qiymətləndirmək haqqında  ciddi addımlar atıldı.Qafqaz Təhsil Dairəsi 27 dekabr 1886-cı il tarixində 11795 nömrəli məktubu ilə Zaqafqaziya Şiə İdarəsinin rəhbərliyinə müraciət edərək, Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə Stanislavski lenti üzərinə  sancaqlanan  “За усердие” (“Səylərinə görə”)  gümüş medalı verilməsi barədə material hazırlayır. Bakı-Dağıstan Xalq Məktəbləri müdiriyyətinin adından  da Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə  təqdimat məktubu göndərilir.  Veriləcək gümüş medal barədə həm Zaqafqaziya Şiə İdarəsinin, ,həm də digər qurumların münasibəti öyrənilir.Heç kəs S.Ə.Şirvaniyə  maarifçilik fəaliyyətinə görə “За усердие”  gümüş medalının  verilməsinə  maneçilik göstərmir.
  Təəssüf ki, S.Ə.Şirvani  Stanislavski lenti üzərindəki bu  gümüş medalı 7 manat 50  qəpiklik poçt rüsumuna görə  uzun müddət ala bilmir.Medal sahibinə çatdırılanda  şairin ölümünə 10 gün qalırdı.

Nazim Nasreddinov
Nazim Nasreddinov

Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin  qalibi,

türkoloq

Bakı, 26.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest