Genel

Sevinc YUNUSLU – Şeirler

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Sevinc YUNUSLU

Ağlamaz

Səni kimsə mənim tək görməz

Kimsə sevməz mənim tək.

Bədənindən ruhunadək

söz-söz, şeir-şeir

bir də kimsə əzbərləməz.

              ***

Kimsə səni bilməz mənim tək

Mənim tək kimsə toxunmaz..

Dodaqlarına yazdıqlarım

Umm-el əlifbasıdır

heç yerdə heç vaxt oxunmaz.

             ***

Mənim tək

kimsə gözlərini tutmaz sevişəndə.

Kimsə səni qoxlamaz.

Qoxuna vurulmaz.

Ürəyimin döyüntüsünü

Sənin tək kimsə yoxlamaz.

             ***

İnsanlar kordur,

kardır..laldır…

Mən səni çox sevmişəm,

Gəl, bu qanmaz adamları gücün çatır, inandır.

Mənim tək ağlada bilməzsən heç kimi,

Axı hər qadın

heç gözəl də ağlamaz.

Yox oldum

Qalaq -qalaq divarları bir addımda keçərdim

Damla -damla göz yaşımı bulaqlardan içərdim

Mənə qalsa Tanrıya yox Adına and içərdim

Bağışla ki, mən bu eşqi götürmədim yox oldum.

             ***

Sən ömrümə qış gətirdin, qar payım da ayırdın,

Dünən gecə şərab süzdüm, yar, payın da ayırdım.

Bir adamlıq yatağını çarpayımda ayırdım

Sonra dönüb yastığını ətirlədim yox oldum.

             ***

Qollarında azadlığım, əsarətim az oldu,

Bəlkə dəli eşqin üçün cəsarətim az oldu,

Milyon payız yola saldım, min birinci yaz oldu,

Bu payız da sərçələri ötürmədim yox oldum.

             ***

Mən bu eşqi ən didərgin hallarına yazmışdım,

Unutdunmu öpüşümü qollarına yazmışdım.

Dünən gecə məktubumu yollarına yazmışdım

Oxumadın..mən də yazıb bitirmədim yox oldum.

                     Axı

Danışsam sükutu, sussam səsimi

Hamıdan yaxşı sən duyursan axı.

Mənə hər kəs səni unudum deyir

Girdiyim günaha dəyirsən axı.

                     ***

Nə fərqi sevirsən, sevmirsən, olsun.

Bir dəli məhəbbət vermisən, olsun!

Bir az ətə – qana gəlmisən, olsun-

Ömrümü günümü yeyirsən axı.

                    ***

Dayandır son bahar küləyini də,

Sındırır sərçənin ürəyini də.

Sən göy adamısan, gileyini də

Şeirlə Tanrıya deyirsən axı.

                   ***

Mənə hər kəs səni unudum deyir

Girdiyim günaha dəyirsən axı.

Necə unudum mən bu məhəbbəti

Qurana, Tanrıya, tabuya deyil,

Məni varlığına əyirsə axı.

Girdiyim günaha dəyirsə axı.

                Keçib

Bir küçədə qaraçı qadın oğrasın məni.

El yığışıb önünə qoyub ağlasın məni.

Bir də bu yer üzünə kimsə doğmasın məni

Məni özün sev, yarat və köynəyindən keçirt.

                         ***

Qarışmaz ki, savabım min yol bir xatamgilə

Qoşulub qaçmağım var sevdiyim adamgilə.

Biri xəbər yollasın bu gecə atamgilə,

Anamın dizlərinə ta döyməyindən keçib.

                      ***

Bu nakam məhəbbətə buluda dön gözün sıx,

Söndür bu cəhənnəmi, odu üfür, közün sıx.

Ürəyim yaralıdı son gülləni özün sıx

Nəfəsini bağrımın düz göynəyindən keçirt.

                     ***

Tut ağacı tək sınır, qırıqlarım neçədi..

Xırç ha xırç səslər gəlir qol-budağım, necədi?

Günün aydın , sevdiyim, məndə hər an gecədi

Yaşamağım getdi eh -eh , ölməyimdən keçib.

                  Heç kəs

Mən gözəl qız deyiləm,

gözəl qadın deyiləm,

amma gözəl sevirəm..

Mənim sevdiyim kimi

gözəl sevəmmir heç kəs,

küsüb gedəmmir heç kəs,

susub gedəmmir heç kəs..

             ***

Mənim gözümün yaşı

buluddan boşa dammır..

Heç bir qadın mənim tək

ayrılıq yaşadammır..

             ***

Mən ağlasam güllərin

bükülmək dərdi olur..

Yarpaqların ağacdan

tökülmək dərdi olur.

Tanrının bu dünyadan

çəkilmək dərdi olur..

             ***

Çıxıb getsən, mənim tək

Ana qucağın olmaz..

Gəlsən, öpüşlərinlə

yanan qucağın olmaz..

             ***

Qədərimi ovcuna

qoyan həmin falçıyam.

Yolların mənə çıxsın

hər gecə duaçıyam..

             ***

Amma bir şey də var ki,

Hər toxunuşun mənim

dərdimə dərmanımdı..

Sünbüllər dənə çıxsa

nəfəsin xırmanımdı..

Bu dünyada gördüyün

tək doğru iş varsa o,

yanımda durmağındı..

             ***

Mən gözəl qız deyiləm,

gözəl qadın deyiləm

amma gözəl sevirəm..

Mənim sevdiyim kimi

gözəl sevəmmir heç kəs..

Tanrını taxtdan salıb

Qayıt, hər günahına qurban olduğum, qayıt

Qoyma ağıl oğrayan oğrular sənin olsun.

Sənə sayılan yalan səni inandırdısa –

Sol yanımda çəkdiyim ağrılar qənim olsun.

             ***

Daşıtma bir ömürlük etmədiyim günahı,

Bunun sirat körpüsü, bunun o dünyası var.

Kəsib unutmaq asan, qırıb atmaq iş deyil,

Ayrılığın da axı ağrılı sonrası var.

             ***

Bütün günah yumalar, qoy sonralıqda qalsın

Əllərində əriyim, qollarında təngiyim.

Mənim çıxdığım yolun sonu sən olmadınsa

Nəfəsimə son verim, yaşamağı tərgiyim.

             ***

Həsrətinə dözülmür, həsrətimə dözümlüm

Ölüm olsa dönəcəm, Tanrını taxtdan salıb.

Bütün bəd ayrılıqlar, qara gözü hüzünlüm,

Yollarını ömrümə gəldiyin vaxtdan salıb.

             ***

Mən hansı sərhədləri sənə qədər aşmışam.

Kölgəsində saçını bir zamanlar öpdüyüm 

ağacdan asılmışam.

Dönüb, ölümdən dönüb, qollarına qoşmuşam,

Gözlərinin içində qızıl dan itirdiyim,

Bu ilk savaş deyil ki, belə qan itirdiyim –

Bilirsən ki, dönəcəm, Tanrını taxtdan salıb.

               Oldum

Cəhənnəm qurdular gözümün üstə

Səni sevdim min yol xatalı oldum.

Getdin yetim qaldım, getdin kimsəsiz,

Qayıtdın atalı- analı oldum.

                  ***

Nə odlardan keçdim, sənə əyildim.

Bir dən oldum dəyirmanda döyüldüm.

Mən belə deyildim, belə deyildim-

Bu qərib günaha batalı oldum.

                 ***

Xaraba könlümə bir yuva tikdin,

Cücərtdin xoşbəxtlik toxumu əkdin.

Dünyadan qopardın , bağrına bükdün,

Qollarının üstə yatalı oldum.

                 ***

Sərçə qəfəsində adını çəkdim,

Balıq nəfəsində adını çəkdim

Hər əzan səsində adını çəkdim

Gecəni gündüzə qatalı oldum.

                 ***

Cəhənnəm qurdular gözümün üstə

Bir qərib sevdadan xatalı oldum.

Getdin yetim qaldım, getdin kimsəsiz,

Qayıtdın atalı- analı oldum…

              Sevin

Bir də tövbə, aşiq halım,

Mən qərib, yol uzun, zalım.

Eşqə düşdüm, sındı belim,

Öldüm e, öldüm e, sevin.

             ***

Eşq dedikləri yarəymiş,

Dərviş Yunus nə karəymiş?!

Leyla necə biçarəymiş

Bildim e , bildim e , sevin.

             ***

Mən sənə qoşdum, yoruldum,

Nə dağlar aşdım , yoruldum.

Araz tək daşdım, yoruldum,

Dindim e, dindim e, sevin.

             ***

Xırmanda döyülsəm, gəlmə.

Düşmana əyilsəm gəlmə.

Ta lazım deyilsən, gəlmə

Adını dodaqlarımdan

Sildim e, sildim e, sevin.

             Ətirli

Sən ən dərin ağrım,

Səhrada susuzluq yanğım,

Əllərimin qandalı,

Saçlarımın tumarı –

ütülü..

             ***

Sən ölüm, sən din və xaliq,

Toruma düşməyən balıq,

Sən yetmədiyim ucalıq

bir türlü..

             ***

Sən pəncərə buxarı,

Bulaqların axarı,

Bu dünyadan yuxarı,

xətirli..

             ***

Adiliyə qarışsan,

Gözlərimdən yığışsan.

Kirpikləri yağışdan

Çətirli..

             ***

Sən dünyanı danan yerim,

Ürəyimdə yanan yerin…

Bahar yeli, xəzan yeli

ətirli..

             ***

Burda qərib bir ney inlər,

Telləri dən-dən düyünlər,

Məndən sənə tüm şeirlər

cəmi bircə 

sətirlik..

            Deyilmir

Ruhumun həsrətinə tutduğu yas deyilmir

Qolların günahımı yuyacağım yerdimi?

Kimə deyim dərdimi bəlkə susub anlaya,

Sən olmasan bu dünya duracağım yerdimi?

                    ***

Bir az bizə bənzəyir divardakı qopuqlar.

Geyilmir ki, min ildir aldığın al topuqlar..

Alnındakı qırışlar, üzündəki çapıqlar –

Dönüb yeni xəyallar quracağım yerdimi?

                       ***

Çıxıb getmə, dəyişdik bəlkə bu durumları?

Söndürdü bax keşiş də yandırdığım mumları.

Bizi bağrına basan Xəzərin ağ qumları

Məni qolların üstdə yoracağın yerdimi?

                          ***

 Ağıl vermə, bir ip ver varsa öyüd ağacı.

Al əllərinlə yandır, könlüm nöyüd ağacı..

O ilk görüş yerimiz, o kənd, söyüd ağacı-

Yenə ümidlərimi qıracağın yerdimi?

                    ***

Gözlərinin al -əlvan baxışına yandığım,

Eşqinə bir yol savab, min yol günahlandığım.

Hər gün silahlandığın, hər gün nişan aldığın,

Yenə ürəyim üstdən vuracağın yerdimi?

                      ***

Ruhumun həsrətinə tutduğu yas deyilmir

Qolların günahımı yuyacağım yerdimi?

Kimə deyim dərdimi bəlkə susub anlaya,

Sən olmasan bu dünya duracağım yerdimi?

Pin It on Pinterest