Sevinc QƏRİB – Şeirleri
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Sevinc Qərib Laçın şəhərində doğulub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. 1992- ci ildən məlum işğal hadisələri ilə əlaqadar ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb. Yeniyetmə yaşlarından məcburi köçkünlük həyatı yaşayan, yurd acısı çəkən S.Qərib Sumqayıtda ədəbi yaradıcılığa davam edib. Şeir və məqalələri ilə müxtəlif qəzet səhifələrində görünüb. İş fəaliyyəti və şəxsi həyatındakı problemlərlə bağlı xeyli müddət ədəbi mühitdən uzaq qalıb. Yazmağa davam etsə də dərc olunmaqdan imtina edib. 2016-cı ilin sonlarından təkrar ədəbi mühitdə görünməyə başlayıb. Mütəmadi olaraq dövrü mətbuatda, müxtəlif qəzet və dərgilərdə, saytlarda şeir və digər yazıları ilə çıxış edir. 2017-ci ildə “Hardasa o uzaqlarda…” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitabın ilk və geniş təqdimatı Sumqayıt “Poeziya Evi”ndə keçirilib. Özünəməxsus yaradıcılığı, fərqli üslubu qələm əhli və oxucular tərəfindən rəğbətlə qarşılanır. Yaradıcılığı haqqında müxtəlif müəlliflərin təhlil məqalələri var. Türkiyə türkcəsinə uyğunlaşdırılmış bir neçə şeiri “Baküden Fethiyeye Gönül Körpüsü” adlı antalogiyada yer alıb. Cənubi Azərbaycanda fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq dərgidə dəfələrlə çap olunub. 2021-ci ildə “Ovcun əllərimin isti yuvası…” adlı ikinci şeirlər kitabı ilə oxucularının görüşünə gəlib.”Dəlidağ” Ədəbi Birliyinin sədr müavini, eyni adlı saytın ədəbiyyat şöbəsinin redaktorudu.
Sevinc Qərib
GEDİRƏM KÖNLÜYALIN…
Yenə yollar görünür sən olmayan şəhərə,
Əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki buludu yem edirəm qəhərə,
Bu sərçə ürəyimi ovcuma qondururam.
***
Dualar göndərirəm sevginin Allahına,
Ayrılığın ömrünü bir az gödək eləsin.
Qaranlığa əsirdi hər günüm vallah, inan,
Az qalır ki, öz əlim özümü kötəkləsin.
***
Aydınlığa çıxaram zülməti pusa bilsəm,
Gəncliyinə susayıb qocaltdığım o qız da.
Yaşayardım bəlkə də içimdə susa bilsəm,
Demədiyim nəsnələr boylanır ağ kağızdan.
***
Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,
Qorxuları yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,
Gün darayan bəxtimi dərd gətirdi gözümdən.
***
Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,
Adıma bürünmüşəm əyilmərəm kədərə.
Kif basmış arzuları əlçim-əlçim didirəm,
Yeni ümid əyirib don hörürəm qədərə.
AĞACLARI ZİKR EDİRƏM
OVCUMDA PÖHRƏ ARZULAR…
Həsrətimin hönkürtüsü buludları silkələyir,
Dağ başında qara dönür yanağımı yuyan yaşlar.
Ayrılığın üzü sərtdi ümidimi tikələyir,
Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.
***
Dizimə dayaq etdiyim təpər əsası çatladı,
Ürəyimi calaq etdim rəngə susamış ruhuma.
Off.., uzaqlara yerikləyən duyğularım atlıdı,
Oxuma daha, “olmaz” sətirli nəğmələr oxuma…
***
Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,
Könlüm libasın dəyişib sevinc geyinir əyninə.
Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,
Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə.
***
Ağrıları sınaq bilib qollarımı qucaqladım,
Ağacları zikr edirəm ovcumda pöhrə arzular.
Soyuq dərd yükünü atıb yuvamda ocaq qaladım,
İlahi, eşq bulağından axacaq könlümə ruzular?!!
YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN…
Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
Sən də çıx get, artıq təməl qoyulsun.
***
Nə gördük ki, göz yaşından savayı,
Qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci.
***
Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim.
***
İnanmıram fələk bizi qarğıya,
Bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin.
***
Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı…
***
Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik…
***
Get, sevincin qucaqlasın boyunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu “oyunun”,
Gedişinə yas tutaram gizlində…
NAHAQ ÖLDÜRDÜN MƏNİ…
İşığın izinə düşmüşdüm,
sərmişdim əllərimi qaranlığın
üstünə,
günəş kimi gülümsəyirdi içim.
Qoymuşdum buludları yerinə,
sevinc ələnirdi baxışlarımdan.
Az qalırdı ümidlərimi qovan
ayrılığı keçim,
nahaq öldürdün məni…
***
Təzədən uşaq olmuşdum
yaşamadıqlarını yaşayan,
harda bir sevinc görsə
ürəyinə daşıyan.
Rənglərə boyanmışdı dünyam,
sənin yuva əllərinlə,
bir az ərköyün olmuşdum,
bir az dəcəl qız kimi..,
elə öyünürdüm ki, sevdiyin
tellərimlə
nahaq öldürdün məni…
***
Şeirlərim əlçim-əlçim
arzuya dönürdü,
Duaya sarılırdı dilim,
şükran diləklərim xoşuna
gəlirdi Tanrının.
Könül evimdə qəm çırağı
sönürdü,
sətir-sətir sənə köçürdüm,
heca-heca nur hörürdü
barmaqlarım,
nahaq öldürdün məni…
***
Qu quşu nəğməsiydi
dodaqlarımdan qopan ah,
söz dadında öpüşlərin
süzülürdü gözlərimdən
eşq adına.
Ən gözəl musiqi idi səsin,
xoşbəxt olurdu qulaqlarım
pıçıltılarınla,
nahaq öldürdün məni…
***
Vida məktubuydu üzündən
oxuduqlarım,
çəkdi məni xatirələrin qoynuna.
Qarlı gündə qismətin “toruna”
düşmüşdük,
tapılmayan nemət kimi
görüşmüşdük.
O qar bizi isitmişdi,
bu qar üşütdü məni.
Uddum qəhərimi,
asdım soyuqluğundan
son kəlməmi:
nahaq öldürdün məni.
Ölürdü vallah, ağrılar ölürdü,
nahaq öldürdün məni…
MƏNİM ÜRƏYİM
Mənim ürəyim sənin ürəyin kimi
çoxotaqlı varlı mənzilinə bənzəməz.
Biradamlıq çarpayıda nəfəsini bölüşən
iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.
Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan
pəncərə kimi cansız deyil mənim ürəyim.
***
Mənim ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb komalarının köhnəlmiş damından
yağış daman kimi
göz yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
***
Mənim ürəyim üç-beş dost sığacaq qədər
geniş,
əzablarını içində boğacaq qədər dardı.
Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar
kimi
Mənim də ürəyimin öz laylası var,
sevgidən başlanır, sevgidə bitir bütün notlar.
***
Birnəfərlik kupe kimidi mənim ürəyim,
bileti əlində qalar, keçməyə həddi olmaz
hansısa sərnişinin…
Sən o balaca otağa necə sığmısan bilmirəm,
rahatca gəzib dolaşırsan künc-bucağında.
“Zəbt etdiyin” bütünümün evi, yaşamağa
davam yeri olmusan.
***
Mənim ürəyimin mətbəxi, dincəlmək,
yemək hücrəsi
divarlarına hörülən sən adlı sevda çırağıyla
işıqlanır,
Acanda xatirələrdən süfrə qurur,
hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.
***
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına…
AĞRIYAN GECƏ…
Hamı tərəfindən unudulmaqdı
ağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kipriklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
Şirin yuxu diləməz,
“gecən xeyirə qalsın” deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
***
Ay nə qədər hüznlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır…
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində…
YORMA YOLLARI…
Çıxıb gedərəm ömründən,
Tanrı da tapmaz məni…
yerimdə qalan boşluğa
açılar qolların,
duyğuların ruhundan küsər,
bəlkə yaşayarsan birtəhər
ürəyini buz kəsər.
Yerimi bilməzsən
soraqlayıb gələsən,
təngə gətirərsən küçələri,
ayaqların üzünə durar,
yorğun dabanların baxmaz sözünə…
Öz-özünə danışarsan,
buludlar enər kipriklərinə,
əllərinə hönkürərsən
dizlərində kiriyərsən.
Dönüb-dönüb eyni yerə gələrsən,
görənlər elə bilər dəlisən.
Qəsdinə durar yaddaşın,
unudarsan yuvam olduğunu…
Yorma yolları,
yaddaşını lənətləmə,
ayaqlarına da yazığın gəlsin,
bütün nişanələr yoxluğa aparır..,
qoltuq ağacları iz saxlamır yollarda…
İNADIM VAR “QARA YELƏ
Ölsəm bağışla, sevdiyim,
Düşdüm dərdin yuvasına.
Yenə ağrıyla “kefdəyəm”,
Uçuram həb havasına…
***
Güclüdü dərdin qolları,
Çıxammıram ağuşundan.
Yordum diklənən yolları,
Endim ömrün yoxuşundan…
***
Ağrıyır saçımın dəni,
Boş ovcumda qış qoxusu.
Ötürüb vaxtı-vədəni,
Gəlir ömrümün yuxusu.
***
Yolları dincə qoymuşam,
Çəkmələrim ayaqsızdı.
Dərdin üzünü soymuşam,
Yaralarım boyaqsızdı.
***
Dabanlarım həsrət çəkir,
Bir ovuc torpaq üzünə.
Baxışlarım ümid əkir
Uzaqların qəm düzünə.
***
Can üstəyəm ölmürəm ki,
İnadım var “qara yelə”.
“Razılığa” gəlmirəm ki,
Can borcum var əsir elə.
***
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına…
AĞRIYAN GECƏ…
Hamı tərəfindən unudulmaqdı
ağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kipriklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
***
Şirin yuxu diləməz,
“gecən xeyirə qalsın” deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
***
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
Ay nə qədər hüznlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır…
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində…
YORMA YOLLARI…
Çıxıb gedərəm ömründən,
Tanrı da tapmaz məni…
yerimdə qalan boşluğa
açılar qolların,
duyğuların ruhundan küsər,
bəlkə yaşayarsan birtəhər
ürəyini buz kəsər.
Yerimi bilməzsən
soraqlayıb gələsən,
təngə gətirərsən küçələri,
ayaqların üzünə durar,
yorğun dabanların baxmaz sözünə…
Öz-özünə danışarsan,
buludlar enər kipriklərinə,
əllərinə hönkürərsən
dizlərində kiriyərsən.
Dönüb-dönüb eyni yerə gələrsən,
görənlər elə bilər dəlisən.
Qəsdinə durar yaddaşın,
unudarsan yuvam olduğunu…
Yorma yolları,
yaddaşını lənətləmə,
ayaqlarına da yazığın gəlsin,
bütün nişanələr yoxluğa aparır..,
qoltuq ağacları iz saxlamır yollarda…
İNADIM VAR “QARA YELƏ”
Ölsəm bağışla, sevdiyim,
Düşdüm dərdin yuvasına.
Yenə ağrıyla “kefdəyəm”,
Uçuram həb havasına…
***
Güclüdü dərdin qolları,
Çıxammıram ağuşundan.
Yordum diklənən yolları,
Endim ömrün yoxuşundan…
***
Ağrıyır saçımın dəni,
Boş ovcumda qış qoxusu.
Ötürüb vaxtı-vədəni,
Gəlir ömrümün yuxusu.
***
Yolları dincə qoymuşam,
Çəkmələrim ayaqsızdı.
Dərdin üzünü soymuşam,
Yaralarım boyaqsızdı.
***
Dabanlarım həsrət çəkir,
Bir ovuc torpaq üzünə.
Baxışlarım ümid əkir
Uzaqların qəm düzünə.
***
Can üstəyəm ölmürəm ki,
İnadım var “qara yelə”.
“Razılığa” gəlmirəm ki,
Can borcum var əsir elə.
Sevinc QƏRİB