Genel

Sevgi şeirləri yazıram hələ –

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Əşrəf VEYSƏLLİ

 Sevgi şeirləri yazıram hələ

Sevgi şeirləri yazıram hələ

Bir cüt göz boylanar gözlər içindən,

Qırx ilin həsrəti sızlar içimdə.

Onun bənzərini qızlar içində

Görcək,ünvanımı azıram hələ,

Sevgi şeirləri yazıram hələ.

***

Gah havaya həsrət, gah suya həsrət

Neylərdim o zərif duyğuya həsrət?…

Qan sızan gözlərim yuxuya həsrət

Məni sevənlərə, mən sevənlərə

Sevgi şeirləri yazıram hələ.

***

Söz ki məhəbbətə, eşqə söykənər

Dönər ev tikənə, işıq çəkənə.

Sevgi tükənəndə ömür tükənər,

Odur ki,qəlbimlə verib əl-ələ,

Sevgi şeirləri yazıram hələ.

***

Neçə ölümlərdən keçdim,ölmədim,

Ölmədi dərdimdən heç kim,ölmədi.

Özüm öləndə də eşqim ölmədi,

Onun hər cövrünə hazıram hələ,

Sevgi şeirləri yazıram hələ.

***

Dalımca danışıb söyməsin heç kəs,

Düz olan işimi əyməsin heç kəs.

Bu yaşda xətrimə dəyməsin heç kəs,

Getsin öz işinin dalınca hərə,

Sevgi şeirləri yazıram hələ.

***

Eşqim düşürməsin atından məni,

Yansam,ayırmasın odundan məni.

Əzrayıl çıxartsın yadından məni,

Lap belə fələyin özü də gələ

Sevgi şeirləri yazıram hələ.

20.08.2015

Mənim ürəyimin kodu sevgidir

Sevgidir

Canı can istəyir, qanı qan çəkir,

Bu pünhan duyğunun adı sevgidir.

Balıncı başımın altından çəkir,

Bu odur,

Bu odur,

Odur-sevgidir.

***

Haqsız qınaqsa da, nahaq qansa da,

Qəfil sınaqsa da,imtahansa da,

Ondan neçə kərə ağzım yansa da,

Ağzımın ləzzəti,dadı sevgidir.

***

Ey durub qəsdimə,yol kəsən gözəl,

Mənim taleyimsən bəlkə sən,gözəl.

Olsan ürəyimə yol gəzən,gözəl,

Mənim ürəyimin kodu sevgidir.

18.08.2015

Bu gözəl

Ağ geyindi, ağ şəfəqə bələndik,

Ağ günlərin şöləsidir bu gözəl.

Məhəbbətin,sədaqətin,sevginin,

Fəth olunmaz qalasıdır bu gözəl.

***

Ağ sinəsi bəslənibdir kölgədə,

Eşqimizin aynasıdır bəlkə də,

Hava kimi hər yerdə, hər bölgədə,

Köksümüzə dolasıdır bu gözəl.

***

Kəlmələri bir ətirli çiçəkdi,

Mən bir ələm, o əlçatmaz ətəkdi.

Hər kirpiyi bir can alan mələkdi,

Huri-qılman balasıdır bu gözəl.

***

Qorxuram ki, bir söz çıxa dilimdən,

Səadətim uçub gedə əlimdən.

Əcəl bizə macal versə ölümdən,

Canımızı alasıdır bu gözəl.

***

Kim görübsə bu afəti dünyada,

Heç tükənməz məhəbbəti dünyada.

Elə bil ki, müvəqqəti dünyada,

Həmişəlik qalasıdır bu gözəl.

***

Sağalmazmı yar vurduğu yaralar,

Axı bunca zülm eyləməz yara var.

Bir söz desəm,qəzəbindən qaralar,

Dindirməsəm, solasıdır bu gözəl.

***

Didim-didim hicri didib könlümü,

Könül olan vaxtı gedib könlümün.

Bu yaşımda məcnun edib könlümü,

Səhralara salasıdır bu gözəl.

***

Aman allah!-ala gözlər süzüldü.

Əl-ayağım yerdən-göydən üzüldü.

Nöyzənbillah, ya Allahın özüdür,

Ya Allahın bəlasıdır bu gözəl.

Bir ömrün mənzili uzanar hələ

Bir ömrün mənzili uzanar hələ,

Bir qız bu yollarda məni ləngidər.

Qara tül libasda o gülə-gülə

Sevdirər könlümə qara rəngi də.

***

Ulduzlar hüsnünə heyran qalarlar,

Qonmaq istəyirlər çiyninə hərdən.

Qorxar ki, oğlanlar məcnun olarlar,

O qızı qara geyər əyninə hərdən.

***

Dünya,tilsiminə düşübdür,nədir,

O ala gözlərin,qara qaşların.

O qız tül libasda ağ fəvvarədir

Soyuq qucağında qara daşların.

***

Bir duyğu qoymaz ki,danışam,dinəm,

Bağrıma bir həsrət yükü daşınar.

Onsuz yurd yerinə bənzəyər sinəm.

Ürəyim çevrilər ocaq daşına.

***

Çöhrəsi nur dolu səhərə bənzər,

Görsəm, gözlərimin ümidi artar.

Onsuz keçirdiyim günlərə bənzər,

Onun xoşladığı o qara paltar.

***

O gedər-çiçəklər,güllər quruyar,

O gələr-gül açar səkilər indi.

Şimşəktək buludu biçər,doğrayar,

Bir ömrün dan yeri sökülər indi.

***

Onu ömür boyu gözləyərəm mən,

Hərdən şirin-şirin dindirər məni.

Ömrün qürubunda tutub əlimdən,

Gün çıxan tərəfə döndərər məni.

***

Bir ömrün mənzili uzanar hələ,

Bir qız bu yollarda məni ləngidər.

Qara tül libasda o gülə-gülə,

Sevdirər könlümə qara rəngi də.

                       Bilir

O sevda dəmindən uzaqdır hələ,

Məni də özündən çox uzaq bilir.

Mənim sevdiyim gül uşaqdır hələ,

Ülvi hisslərimi oyuncaq bilir.

***

Başına dolanım, dönüm bu eşqin,

Yolunda alışım, yanım bu eşqin.

Məni məndən alıb mənim bu eşqim,

Nə oğul anlayır, nə uşaq bilir.

***

Ömrümün gülşəni bilirəm onu,

Hər gün səcdəsinə gəlirəm onun.

Ölürəm dərdindən, ölürəm onun,

Necə öldüyümü bir Allah bilir.

              Hardasan

Hər yanda, hər yerdə görürəm səni,

Məndən ayrılmırsan xəyallar kimi.

Bütün fəsillərdə görürəm səni-

Yazda günəş kimi, qışda qar kimi.

***

Gah toy yerindəsən, gah yas yerində,

Gözümün ağında, qarasındasan.

Üzdüyüm suların ləpələrində,

Açdığım kitabın arasındasan.

***

Çırağım sönürmü-nura dönürsən,

Durub yandırıram, sən də yanırsan.

Qələm götürürəm, şeir yazam mən,

Galıb misralarda sən dayanırsan.

***

Şirin sözlərintək ətir qoxuyan

Hər səsə, sədaya qatıblar səni.

Yediyim çörəyə,içdiyim suya,

Udduğum havaya qatıblar səni.

***

Dönüb sən olubdur,bu yer, bu aləm,

Dönüb sən olubdur bu cahan, gülüm!

Hər yerdə, hər zaman səni görürəm,

Ancaq bilmirəm ki, hardasan, gülüm!

            İşıqlı ümidlər

İşıqlı ümidlər başımı qatar,

Bir az yaşamağa inamım artar.

Nə könlüm dincələr, nə gözüm yatar

Sən bizim küçədən keçəndən bəri.

***

Yola duman çöküb, dağa çən düşüb,

Bir yersiz deyilən sözümdən düşüb.

Eh, bütün gözəllər gözümdən düşüb,

Mən səni bəyənib seçəndən bəri.

***

Yenə üfüqlərdən asıl,günəşim,

Qanlı tarixlərə yazıl, günəşim.

Sən ey ağ günlərin qızıl günəşi,

Boyunu görmürük haçandan bəri.

Söz var-söyləməyə dilim gələrmi,

Yer var-mən gedərəm,elin gələrmi?

Bir də bağlamağa əlim gələrmi,

Sən bizim qapını açandan bəri.

***

Hicran çəpərindən keçə bilmədik,

Vüsal çeşməsindən içə bilmədik.

Bir çox qanadlandıq,uça bilmədik,

Niyə görünmürsən heç ondan bəri.

***

İndi aramızın arası azdır,

İndi aramızda təkcə Arazdır.

Arazı kələklə, Arazı azdır,

Arazı dilə tut, keç ondan bəri.

Könlüm düşüb bir alova

Könlüm düşüb bir alova, bir oda,

Aça bilir nə qohuma, nə yada.

Mən ölmərəm, yüz yaşaram dünyada,

Canım olsa o gözəlin fədası.

***

Gözüm onu hey axtarır hələ də,

Bəxtim vura- indi birdən gələ də,

Yollar boyu çiçəyə də, gülə də,

Keçib onun naz-qəmzəsi, ədası.

Günəş kimi nur tökülər üzündən,

Danışdıqca dür tökülər sözündən.

Gözlərimə od yağdırar gözündən,

Qulağımda donub qalar sədası.

Heç bilmirəm nə demişəm xoşlanıb,

Ürəyimdə bir təlatüm başlanıb.

Kirpikləri düz sinəmə tuşlanıb.

Axır bir gün xətası var, xətası.

Gülüb baxsa alışaram,yanaram,

Küsüb getsə, soyuğundan donaram.

Qara rəngdə səadətdir sanaram

Şevə kimi tellərinin butası.

Hissim, duyğum, canım, gözüm onundur,

Ürəyimdə varsa dözüm-onundur.

Zərif misram, zərif sözüm sözüm onundur,

Zərif şeirim özümündür, qadası.

Görən varmı gözəllərin mərdini,

Onlar əymiş aşıqlərin qəddini.

Qohumunun, qonşusunun dərdini

Mən alardım, əgər olsa satası.

Bir söz desə bütün aləm şurlanar,

Yeridikcə yollar da qürurlanar.

Gözlərimə gəlsə gözüm nurlanar

O gözəlin gözlərinin qadası.

Baxışımda bir həsrətin buludu,

Məcnun könlüm məhəbbətin quludur.

Varlığıma o qız salıb bu odu,

Gözləyir ki, kimsə atar oda su.

***

Kür olmuram, hey yandırır, hey yaxır,

Nə əl çəkir, nə də yaxın buraxır.

Ömür dağdır-mən enirəm , o qalxır,

Əlim çətin çatasıdır, çatası.

***

Nə eybi var, həsrətində, a zalım,

Gecə-gündüz mən əriyim, azalım.

Dünya görüş dənizidir, məzarım

O dənizdə olar hicran adası.

***

O tər gülün, o nəğməli dodağın

Vüsalına nə uzağam, nə yaxın.

Xoşbəxtəm ki, o gəzdiyi torpağın

Məni qoynunda yatasıyam,yatası.

                   Ayrılıq

Üzgün ürəyimə salıb meylini,

Məni öz həmdəmi sanır ayrılıq.

Çən olub gözümdə yuva bağlayır,

Dən olub saçına qonur ayrılıq.

***

Yarın yollarında eynən ləliyəm,

Onun hicranıyla əylənməliyəm.

Mən bütün dərdlərə öyrəncəliyəm,

Sən Allah, öyrətmə onu, ayrılıq.

***

Hicran qollarını üstümə gərmiş.

Əbədi sandığım gəldi gedərmiş.

Bütün gülüşlərin sonu kədərmiş.

Bütün görüşlərin sonu ayrılıq.

                Sən yanımda olanda

Elə ki yanımda sən olursan, sən

Qəlbimin heç nədən qorxusu olmur.

Təkcə daş asılır kirpiklərimdən,

Təkcə gözlərimin yuxusu olmur.

***

Sevgi-yaraşığı bu göyün, yerin,

Məhəbbət-könlümün bahar gülləri.

Orda gülüşlərin, təbəssümlərin.

Orda baxışların sular gülləri.

***

Nəğmələr səslənər könül tarımda,

Sən ondan ən şirin diləklər istə.

Tez-tez şimşək çaxar dodaqlarımda,

Adın səpələnər çiçəklər üstə.

             Dünən deyildimi

Qəlbini qanadlı arzulara aç,

Anasan, qəm çəkmə beşik başında.

Hamının saçları ağaraydı kaş,

Heç kəs qalmayaydı cavan yaşında.

***

Xəzan yarpağıtək saralan illər

Qara gözlərinə nəm gətirməsin.

Mənim saçlarıma dən salan illər

Sənin ürəyinə qəm gətirməsin.

***

Dünən deyildimi dayanıb gendə,

Məni bir çıxılmaz oda saldığın?

Dünən deyildimi kirpiklərinlə

Sevən ürəyimi nişan aldığın?

***

Dünən deyildimi, dedin ay ömrüm,

“Çəməndə qırmızı xaldı lalələr”

Dünən deyildimi mən səni gördüm,

Ayağım altında qaldı lalələr.

Gördüm, ünvanımı itirdim, azdım,

Qəlbimdə utanacaq bir hiss oyandı.

Odlu siqareti cibimə basdım,

Təzə pencəyimin bir cibi yandı.

***

Dünən deyildimi çıxdın qarşıma,

Ömrümün əlindən tutası oldum.

Tale əllərini çəkdi başıma,

Axır ki, beş uşaq atası oldum.

***

Qəlbini qanadlı arzulara aç,

Anasan, qəm çəkmə beşik başında

Hamının saçları ağaraydı kaş,

Heç kəs qalmayaydı cavan yaşında.

***

Bu da səadətdir, inan, əzizim,

Bunu qəmlənməyin yeri varmı heç?!-

Bir də ki, hər şey,

Hər şey dünən olub, dünən, əzizim.

İnsan da bir gündə qocalarmı heç?!

       Səni görməyəydim gözləri yaşlı

Göylərin çırağı nə vaxt sönübdür,

Nə yer yerindədir, nə göy yerində.

Dünya iki damcı yaşa dönübdür,

Asılıb fikirli kirpiklərindən.

***

Qışın əlindəmi yazın yaxası,

Xəzan tezmi əsib-tez xəzəl düşüb.

Elə bil duyğusuz bir natarazn

Bəxtinə qənirsiz bir gözəl düşüb.

***

Üz vermə, qayıdıb o gələr yenə,

Kədərə nə var ki, üzlü qonaqdır.

Sonra qapını da çırpsan üzünə

Bacadan içəri soxulacaqdır.

***

Ona ürəyində yer vermə barı,

Yoxsa məhv olarsan qəm savaşında.

O gül sinəndəki gül arzuları

Yandırıb kül eylər qönçə yaşında.

***

Olma taleyindən könlü gileyli,

Yoxsa çətin düşər qəmin zirvədən

Çıxar qəm dağına zavallı Leyli,

Füzuli yüksələr həmin zirvədən.

***

Öz Məcnun könlümlə qəm səhrasından

Mən də adlayardım dərdli, təlaşlı,

Təki bu dünyada heç vaxt, heç zaman

Səni görməyəydim gözləri yaşlı.

***

Üz solğun, baş açıq, paltarsa nimdaş…

Qara şal sürüşüb qalıb çiynində.

Qonub gözlərinə iki damla yaş,

Qanmı laxtalanıb gül ləçəyində?

***

Yaxın sandıqlarım daha yan durur,

Bilmirəm heç necə qovum təkliyi.

İndi qəm yandırır, kədər yandırır

Könlümü yaşadan bir gözəlliyi.

***

Həzin bir sükutdan donur təbiət,

Soyuq ürəklərə sanki qar yağır.

Sən baxan yerlərə ayrılıq, həsrət,

Mən gedən yollara intizar yağır.

***

Bəxtim ayrı salıb özümdən məni…

Eh, yenə dərdlərim başımdan aşdı.

Tale eyləyəydi gözümdən məni,

Səni görməyəydim gözləri yaşlı.

              Heykəl

Görcək daşa döndü, heykələ döndü,

Keçdiyin yollara qondu bu heykəl.

Elə ki, uzaqdan kölgən göründü,

Durduğu yerdəcə dondu bu heykəl.

***

Küləklər əlini saçına çəkdi,

Qalmadı şübhəsi, olmadı şəkki.

Onu hər kim görsə zənn edəcək ki,

Əvvəli insanmış, sonluğu heykəl.

***

Gör onu ayrılıq necə sıxıb, gör,

Gündüz vaxtın yoxsa gecə çıxıb gör.

Bir mənə yaxşı bax, necə çıxıb gör-

Sənin həsrətinin yonduğu heykəl.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest