Genel

Krımın Türk tarixi – Cavanşir Feyziyev

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Cavanşir Feyziyev

                             Krımın Türk tarixi

               2014-cü ilin fevralından başlamış məlum Ukrayna hadisələri Krım problemini artıq bir xalqın taleyinə təsir göstərən lokal xarakterli məsələ çərçivəsindən çıxararaq, regional və qlobal sabitliyə real təhlükə yaradan qlobal problemə çevirmişdir. Təəssüf ki, bu proseslərdə ən böyük zərbəyə məruz qalan geo-siyasi mübarizənin əks cinahlarında dayanan supergüclər deyil, məhz Krım türkləridir. SSRİ dağıldıqdan sonra Krım yarımadası muxtar qurum kimi Ukraynanın tərkibində geniş hüquq və azadlıqlar əldə etmişdi. Belə bir şəraitdə Krım türklərinin öz mədəniyyətini, tarixini, dilini qorumaq və inkişaf etdirmək üçün ciddi maneə yox idi. Obyektivlik naminə qeyd etməliyik ki, tam istiqlaliyyətə qovuşmasalar da, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək, Krım türkləri Ukraynanın tərkibində özlərini daha rahat hiss edirdilər. Lakin Ukraynanın Qərbə doğru geopolitik seçim etməsi ilk növbədə regionun ən həssas bölgəsi olan Krımı növbəti dəfə faciəyə uğratdı. Öz dil və din qardaşına revanşist mövqe sərgiləyən Rusiya yenidən oyanmış imperialist maraqlarını bölgədə təmin etməyin bir vasitəsi kimi Krımı hədəf seçdi. Tarixin vurduğu yaraları sarımağa macal tapmamış Krım türkləri yenidən imperiya boyunduruğu altına düşdülər. Hadisələrə yalnız XX əsr prizmasından, yəni yalnız öz mənafeyinə uyğunluq mövqeyindən baxaraq, Krımın 1954-cü ildə Sovet İttifaqı tərkibində Ukrayna Sovet Sosialist Respublikasına verildiyini bəhanə gətirən Rusiya Krımı yenidən işğal etdi. Tarixi gerçəklikləri saxtalaşdırmaqdan çəkinməyən rus millətçiləri bu işğalı Rusiyanın “tarixi qələbəsi” adlandırsa da, Krımın türk tarixi qarşısında istər hüquqi və istərsə də mənəvi müstəvidə bu işğala haqq qazandırmaq mümkün deyil.

                2014-cü ilin martında Krım yarımadasında təşkil edilmiş qondarma referendum Krımı yenidən Rusiyanın inzibati sərhədləri çərçivəsinə qaytardı. Rusiyanın hakim dairələri bu referendumun “şəffaf”, əhalinin böyük əksəriyyətinin iştirakı ilə keçirildiyini iddia etdilər. Iki yüz ildən artıq müddətdə Rusiya imperiyasının tərkibində təqiblərə, işgəncələrə, ayrı-seçkiliyə məruz qalmış bir toplum hansı əsaslarla yenidən imperiya asılılığına düşməyə “hə” deyə bilərdi?! Odur ki, qondarma referendumun keçirilməsindən dərhal sonra Krım Tatarları Məclisi Baxçasarayda toplaşaraq yarımadanın ərazisində Krım Tatar Muxtar Vilayətinin yaradıldığını elan etdi. Bu addım əslində, heç bir beynəlxalq hüquq normasına sığmayan qeyri-qanuni anneksiyaya etiraz nümayişi idi. Muxtariyyət elan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni, Avropa Şurasını, ATƏT-i, İslam Konfransı Təşkilatını rəsmi şəkildə məlumatlandırmaqla Məclis yarımadada baş verən ilhaq prosesinin Krım türklərinin iradəsi xaricində baş verdiyini bir daha bəyan etdi. Məhz o gündən etibarən Krım türklərinin hüquq və azadlıqları uğrunda mübarizə aparan şəxslərin öz doğma yurdlarını tərk etməyə məcbur edilməsi və Krım Tatar Milli Məclisinin sədri Mustafa Krımoğlunun yarımadaya qayıdışına yasaq qoyulması hazırda Krımda real durumun nə qədər acınacaqlı olduğunu göstərir. Bu barədə Britaniynın məşhur “The Sunday Times” qəzeti yerli əhaliyə istinadən məlumat verir ki, “… Krım tatarlarının hüquqlarının kobudcasına pozulmasına qarşı hər hansı formada etiraz edilməsi insanların həyatı bahasına baş gələ bilər. Krımın qeyri-qanuni anneksiyasına qarşı çıxan bir çox fəalların itkin düşməsi və ya qeyri-müəyyən şəraitdə öldürülməsi hallarına tez-tez rast gəlinir.” Bu, artıq Krım türklərinə qarşı başlanan repressiya siyasətinin yeni dalğasından xəbər verir.

          Təəssüf doğuran digər məqam ondan ibarətdir ki, müasir dünya siyasətinin əsas oyunçuları Ukrayna ətrafında baş verən proseslərdən maksimum siyasi divident əldə etməyə çalışmaqdadırlar. Bu isə son nəticədə Krım türklərinin hüquq və azadlıqlarının beynəlxalq miqyasda müdafiəsini arxa plana keçirir. Həmin dairələr Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini, Rusiyanın beynəlxalq hüquq normalarını pozmasını pafoslu şəkildə bildirsələr də, siyasi gərginliyin mərkəzində dayanan Krım türklərinin bir millət olaraq muxtariyyət statusunda mövcudluq haqqının tanınmasına, onların pozulmuş hüquqlarının bərpasına dəstək verməyə heç də həvəsli görünmürlər. Avropa İttifaqı Parlamentinin qəbul etdiyi 13 mart 2014-cü il tarixli Qətnamədə Krımda keçirilmiş referendumun qeyri-qanuni olduğu bildirilsə də, etnik azlıq adlandırılan, əslində, yarımadanın əhalisinin əhəmiyyətli qismini təşkil edən Krım türklərinin hüquq və azadlıqlarının təmin edilməsinin zəruriliyi barədə heç bir müddəaya rast gəlinmir. Yalnız BMT Baş Assambleyası tərəfindən 27 mart 2014-cü ildə qəbul edilmiş Bəyannamədə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edilməklə yanaşı Krım türklərinin pozulmuş hüquqlarının da bərpa edilməsinin vacibliyi qeyd edilmişdir.

           Krımın türk tarixinin formalaşmasında böyük rol oynamış Osmanlı imperiyasının sələfi kimi Türkiyənin Krım məsələsində qəti mövqe nümayiş etdirməməsi də təəssüf hissi doğurur. Krım türkləri haqlı olaraq Türkiyədən daha ciddi dəstək əldə edəcəklərini gözləyirdilər. Bu, həm də böyük türk dünyasının aparıcı dövləti kimi Türkiyənin tarixi-mənəvi borcu idi. Lakin Türkiyənin Krım böhranı meydana çıxdığı zamandan bu günədək sərgilədiyi siyasi mövqe onu deməyə əsas verir ki, Türkiyənin Ukrayna və Rusiyaya münasibətdə yürütdüyü xarici siyasət koordinatlarında Krım türkləri həlledici amil kimi nəzərə çarpmır. Halbuki təkcə türk dünyasının bir parçası olan Krımın deyil, eyni zamanda, Türkiyənin özünün geopolitik maraqları və beynəlxalq siyasətdə Türkiyənin mövqeyinin güclənməsi baxımından bu məsələyə daha konstruktiv və daha qətiyyətli yanaşmaq zərurəti aydın görünür. Dünya türklüyünə bu haqqı tanıyan və tanıdan ən kəsərli arqument isə elə Krımın türk tarixidir.

            Krımın türk tarixi – türk birliklərinin Avrasiyanın şərqindən qərbinə doğru yayılmalarının ilk dövrlərindən başlayır. XIII əsrə qədər Krım yarımadası, əsasən, Roma və Bizans imperiyalarının təsir dairəsində olsa da, bir çox tarixi mənbələr bu bölgəyə türksoylu qıpçaqların gəlişinin hələ V-VI əsrlərdən etibarən başladığını təsdiq edir. Sonrakı əsrlərdə digər türk tayfalarının da Krım yarımadasına yayılması daha geniş vüsət alaraq, yarımadanın etnik mənzərəsini tamamilə türklərin xeyrinə dəyişmişdi. Nəticədə, XIII əsrin əvvəllərindən Krım ərazisində ardıcıl olaraq Türk, Monqol, Qızıl Orda hakimiyyətləri mövcud olmuşdur. Tarixən türklərin yayıldıqları ərazilərdə zəngin dövlətçilik ənənələrinin əsasını qoyması Krımdan da yan keçməmişdi. Qızıl Ordanın əhəmiyyətli dərəcədə zəifləməsindən istifadə edən Krım türkləri I Hacı Girayın rəhbərliyi ilə 1441-ci ildə tarixdə ilk dəfə müstəqil Krım xanlığının əsasını qoydular. 1453-cü ildə Konstantinopolun fəthi bütün regionda geosiyasi durumu türklərin xeyrinə dəyişdi. Yaranmış əlverişli şəraitdən istifadə edən Krım xanlığı Osmanlı imperiyası ilə ittifaqa girməklə düşmənlərə qarşı güclü cəbhə formalaşdırmağa nail oldu. 1475-ci ildə Krım xanlığı Osmanlı imperiyasının təbəəliyinə keçsə də, geniş miqyasda muxtariyyət hüquqları əldə edərək, XVIII əsrin sonlarına qədər öz dövlətçiliyini qoruyub saxlaya bildi. Beləliklə, ötən ən azı beş yüz il ərzində bu regiona türklərin ruhu hopmuşdu.

           Özünün avantürist çıxışları ilə tanınan rus siyasətçisi V. Jirinovskinin Krımın adının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif də təsadüfən səsləndirilmir.Türklərin Krım yarımadasında uzun müddətdən bəri məskunlaşdığını göstərən başlıca faktlardan biri elə bu yarımadanın adı ilə bağlıdır. Zaman keçdikcə linqvistik transformasiyaya uğrayan türk kökənli “Qırım” (qala), “Qurum” (müdafiə), “Qurimaq” (qorumaq) ifadələri sonda Krım olaraq türk toponimləri arasında özünə yer tapmışdır. Bu coğrafi məkanın istər mədəniyyətində, istər tarixində türk izləri çox aydın şəkildə indi də görünməkdədir. Krımın özünəməxsus cəhətlərindən biri də tarixən burada məskunlaşmış müxtəlif türk qollarının və qruplarının qaynayıb-qarışmasından yaranmış türk birliyinin təşəkkül tapması idi. Bu baxımdan, Krımı böyük və rəngarəng türk dünyasının bütün zənginliklərini özündə əks etdirən unikal etnotarixi və etnomədəni məkan hesab etmək olar.

            İslam dininin türklərin məskunlaşdığı bütün ərazilərdə əsas etiqad vasitəsinə çevrilməsi də Krımdan yan keçməmişdi. İslam dini Krım xanlığında dövlət dini statusuna malik idi. Lakin islamın yayıldığı digər ərazilərdə fəaliyyət göstərən mədrəsələrdən fərqli olaraq, Krım mədrəsələrində təkcə Quran öyrədilmirdi, eyni zamanda, astronomiya, ritorika, hüquq elmi də tədris olunurdu. Krım xanlığının paytaxtı olmuş, toponim kimi türk dilinin estetik gözəlliyini bu günədək yaşadan Baxçasaray həm də məşhur elm və ədəbiyyat mərkəzi kimi tanınırdı.

             Krım xanlığının ərazisi Krım türklərinin kompakt yaşadığı bugünkü Krım yarımadasından daha geniş ərazini əhatə edirdi. XVII əsrdə Krım xanlığı Ukraynanın cənub ərazilərinin böyük qismini və Rusiyanın hazırki cənub-qərb ərazilərini əhatə edirdi. Hətta orta əsrlərə aid bir çox mənbələr Krım xanlığının yüksəlişindən təşvişə düşən rusların XVI-XVII yüzilliklərdə Moskvanın müdafiə qalalarını möhkəmləndirdiyi, Moskva ətrafında əlavə istehkamlar inşa etdiklərii barədə məlumat verirlər. O zamankı Krım türklərinin heç ağlına da gəlməzdi ki, nə vaxtsa bu qala divarlarının içində Krımın türk tarixini dəyişməyə yönəlmiş, insanların doğma yurdlarından kütləvi sürgününə səbəb olacaq çirkin və xəyanətkar qərarlar veriləcək. Bu proses isə artıq XVIII əsrin sonundan etibarən özünü göstərirdi. Krım xanlığının 1784-cü ildə Rusiya imperiyasının asılılığına düşməsi ilə bölgənin inzibati sərhədləri imperiya maraqlarına uyğun şəkildə dəyişdirildi, parçalandı, etnik rusların bu əraziyə kütləvi şəkildə köçürülməsi ilə Krım türklərinin assimilyasiya siyasətinə start verildi.

            Əslində Avropanın bu ərazisində geopolitik üstünlük uğrunda mübarizənin tarixi daha əvvəllərə söykənir. Yerləşdiyi əlverişli geopolitik məkan Krımı daim diqqət mərkəzində, təlatümlü siyasi proseslərin içində saxlamışdır. Hələ orta əsr Avropasının müharibə strateqləri Krımı regionda hərbi, siyasi üstünlüyün əldə edilməsi üçün açar nöqtələrdən biri hesab edirdilər. Orta əsrlərdən bu günədək Avropanın siyasi xəritəsi, bütövlükdə siyasi münasibətlərin xarakteri tamamilə dəyişsə də, Krım yarımadası əlverişli geopolitik məkan kimi öz aktuallığını bu günə qədər saxlamaqdadır. Krıma nəzarət bütün Qara dəniz hövzəsinə nəzarət etmək anlamını verir. 1853-1856-cı illərdə müttəfiq Fransa, Britaniya və Osmanlı imperiyaları ilə Rusiya imperiyası arasında baş vermiş məşhur Krım müharibəsinin də əsas səbəbi elə bu idi. Müharibənin əsas məqsədi Rusiya imperiyasının Qərbə qarşı ekspansiyasının qarşısını almaq olsa da, Krım türklərinə münasibətdə daha ciddi əks effekt verdi. Müttəfiq güclər bu müharibədən üstünlüklə ayrılsa da, Krım türkləri növbəti müharibə alovundan, Rusiyanın imperialist qəzəbindən yaxa qurtarmaq üçün digər qonşu dövlətlərə köç etmək məcburiyyətində qaldılar. Əslində, Krım türklərinin kütləvi şəkildə digər ərazilərə məcburi qaydada köçürülməsi də elə bu dövrlərdən başlayıb. O zamandan 150 ildən çox vaxt keçsə də, bu çəkişmələrin doğurduğu yaralar Krım türklərinin köksündə bu gün də hiss olunmaqdadır.

             Çar Rusiyasının süqutuna səbəb olmuş 1917-ci il Oktyabr İnqilabı digər türk toplumları kimi Krım türklərinin də dövlətçiliyinin bərpası üçün tarixi fürsət yaratmışdı. Krım azadlıq hərəkatının nümayəndələri bu fürsətdən yararlanaraq qısa müddətə olsa da, Krım türklərinin azadlıq arzusunu gerçəyə çevirməyi bacardılar. 1917-ci ilin dekabrında Krım Tatarları Qurultayının təşəbbüsü ilə Krım Xalq Respublikasının yaradıldığı elan edildi. Lakin bolşeviklərin yarımadada baş verən prosesləri ideoloji təhlükə mənbəyi kimi gördüklərindən tezliklə Krım Xalq Respublikasının süqutu üçün bütün imkanlar səfərbər edildi. Krım türklərinin istiqlal mübarizəsini elə beşiyindəcə boğmaq üçün yarımadada növbəti repressiya dalğası başladı. Təsadüfi deyil ki, bu hadisələrdən sonra bölgədə etnik təmizləmə və ruslaşdırma siyasəti daha ardıcıl və daha qəddarcasına həyata keçirilməyə başladı. Sonrakı onilliklərdə də bu repressiyaları davam etdirmək üçün Stalin rejimi hətta müharibə şəraitindən sui-istifadə etməkdən belə çəkinmədi. Stalin rejimi Krım yarımadasının SSRİ üçün geopolitik önəmini anlayaraq, sərəncamında olan bütün şər vasitələrlə bu bölgədə rusların sözsüz hegemonluğunu təmin etməyi qarşısına məqsəd qoymuşdu. Türk dünyasının Qərbə açılan pəncərəsi rolunu oynayan Krımın türk əsilli əhalisi isə bu yolda əsas maneə kimi görülürdü. Eyni zamanda, Krım türklərinin Türkiyə ilə olan coğrafi və mənəvi yaxınlığı Stalin rejimini narahat etməyə bilməzdi. Gələcəkdə bu bağlılıqdan doğa biləcək istiqlal mübarizəsini istisna etmək üçün totalitar hakimiyyət Krım türklərinin kütləvi deportasiyası yolunu seçdi. O zaman “vətənə xəyanət” kimi qondarma ittihamla üz-üzə qalan Krım türkləri onlara qarşı yürüdülən çirkin siyasətə müqavimət göstərmək iqtidarında deyildilər. 10 may 1944-cü ildə Beriya tərəfindən Krım türklərinin guya Hitler Almaniyası ilə əməkdaşlıq etməsi haqqında saxta iddia irəli sürüldü. Bu iddia ilə rəsmi olaraq Krım türklərinin deportasiyasına başlanıldı, kütləvi köçürmə planı çox qısa zaman kəsiyində həyata keçirildi. Təkcə 18-22 may tarixlərində (cəmi 4 gün ərzində!) 200 min türk (bəzi mənbələr bu rəqəmin 400 min olduğunu bildirir) öz dogma torpaqlarından sürgün edildi. Sərt iqlimi ilə seçilən Daşkənd, Səmərqənd, Əndican, Fərqanə vilayətləri Krım türklərinin məcburi yaşayış məskənlərinə çevrildi. SSRİ Dövlət Müdafiə Komitəsinin qərarında Krım türklərinin Özbəkistana köçürülməsi qeyd olunsa da, onların bir hissəsi, eyni zamanda, Qazaxıstan, Tacikistan və Urala sürgün edilmişdi. Deportasiya qurbanlarının təxminən yarısı köçürmə planının həyata keçirildiyi müddət ərzində öz həyatını itirdi. Əslində bir toplumun total məhvinə hədəflənmiş bu iyrənc akta soyqırımdan başqa bir ad vermək mümkün deyildi. Bir türk yurdundan ucsuz-bucaqsız ölkənin hər tərəfinə sürgün edilmiş Krım türkləri 40 ildən çox müddətdə yurd həsrəti ilə yaşamağa məcbur oldular. Sovet rejimi bununla kifayətlənməyərək, daha bir tarixi ədalətsizliyə qərar verdi: Krım və Türk məfhumlarını birdəfəlik bir-birindən ayırmaq və deportasiya edilmiş yerli əhalinin gələcək nəsillərini bu torpaqlara yadlaşdırmaq üçün Krım yarımadasında mövcud olan əksər türk toponimləri dəyişdirildi. Əsas məqsəd nəyin bahasına olursa olsun tarixi gerçəkliyi saxtalaşdırmaqla yarımadada türk izini itirmək idi.

            Lakin amansız repressiya dalğası Krım türklərinin mənəviyyatını, iradəsini sındıra bilmədi, öz tarixi köklərinə bağlılığını qıra bilmədi. Bəlkə də Krım türklərinin yerinə digər toplum olsa idi, assimilyasiya təhlükəsindən qurtula bilməzdi. Amma Krım türkləri daha şərəfli və keşməkeşli mübarizə yolunu seçdilər: Öz kimliklərinə və tarixi keçmişlərinə sadiqlik nümayiş etdirərək nəyin bahasına olursa olsun vətənlərinə qayıtmaq yolunu!

            Keçən əsrin 80-ci illərində Sovet imperiyasının zəifləməsi ilə Krım türklərinin milli mübarizəsi aktiv fazaya keçdi. SSRİ-nin dörd bir tərəfinə səpələnmiş Krım türklərinin təşkilatlanaraq Moskvada davamlı nümayişlər təşkil etməsi sonda öz bəhrəsini verdi. SSRİ rəhbərliyi Krım türklərinin vətənə xəyanət “ittihamını” rəsmən ləğv etdi. Beləliklə, öz yurdlarından didərgin salınmış Krım türkləri 43 ildən sonra doğma torpaqlarına qayıtmağa başladılar. Onlar geri qayıtdığı zaman heç də hər şey əvvəlki kimi deyildi. Dağıdılmış, simasını itirmiş ata yurdları, sonradan məskunlaşdırılmış yabançı toplum, rusdilli əhalinin dominantlığı, Krımın həqiqi keçmişini silmək məqsədilə sistemli şəkildə həyata keçirilmiş tədbirlərin doğurduğu acı mənzərə… Lakin ağrılı-acılı günlərə tarixin sınaq gözü ilə baxan Krım türkləri özlərinin yenilməz ruhu ilə təkcə türk insanının deyil, bütövlükdə bəşər övladının əyilməzlik, qəhrəmanlıq və nikbinlik nümunəsinə çevrilməyi bacardılar.

           Krım, eyni zamanda, ümumtürk intellektual hərəkatının ocaqlarından biri kimi tanınır. Krım türk dünyasına bir sıra parlaq zəka sahibləri, siyasi fikir xadimləri bəxş etmişdir. Təkcə türk dünyasının deyil, eyni zamanda, bütün islam coğrafiyasının siyasi, mədəni islahatlara, müasirləşməyə ehtiyacı olduğunu açıq dillə, aydın bir məntiqlə ifadə etmiş və bütün həyatını bu zərurətin gercəkləşməsinə həsr etmiş İsmayıl bəy Qaspıralı həmin mütəfəkkirlərdən biri olmuşdur. Onun təsis etdiyi və 35 il ərzində fəaliyyət göstərmiş “Tərcüman” qəzeti türk xalqlarının birliyi ideyasının yayılmasında xüsusi rol oynamışdır. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” şüarı həmin birliyin yaradılmasının rasional əsaslarını və istiqamətlərini müəyyən etmişdir. Eyni zamanda, İsmayıl bəy Qaspıralı türk və islam dünyasının maarifçilik hərəkatının nümayəndələri ilə sıx münasibət yaradaraq bu coğrafiyada təhsil sisteminin universal və dünyəvi xarakter almasına öz töhfəsini vermişdir. Məkanca nə qədər bir-birindən uzaq olsa da, eyni amal uğrunda mübarizə İsmayıl bəy Qaspıralının türk dünyasının digər görkəmli şəxsiyyətləri olan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov ilə münasibətlərini sarsılmaz dostluğa çevirmişdir. İki qədim türk yurdu olan Krım və Azərbaycanın mənəvi bağlılığını göstərən digər tarixi fakt türk dilçiliyinin inkişafında önəmli yer tutmuş Bəkir Çobanzadənin 14 il ərzində Krım-tatar-türk ədəbiyyatı və dilçiliyi sahəsində fəaliyyətini məhz Bakıda davam etdirməsidir. Keçmiş Sovetlər məkanında türkologiya sahəsində ilk elmlər doktoru olmuş Bəkir Çobanzadə də təəssüf ki, digər aydınlar kimi Stalin repressiyalarının ilk qurbanlarından oldu.

           Krım torpağının yetişdirdiyi III İslam Geray (29-cu Krım xanı, 1644-1654), İsmayıl bəy Qaspıralı, Noman Çelebicihan (1917-1918-ci illərdə Krım türkləri milli hərəkatının lideri, Krım Milli Hökumətinin sədri), Bəkir Çobanzadə, Cengiz Dağcı (müasir Krım yazıçısı) kimi görkəmli şəxsiyyətlər təkcə Krım yarımadasında yaşayan türklərin özünüdərki, mədəniyyəti, ictimai-siyasi fikrinin inkişafı üçün deyil, bütövlükdə türk dünyasının intibahı üçün çalışmışlar. Bu, həm də Krımın tarixən türk coğrafiyasının ayrılmaz parçası olduğunu tam aydınlığı və genetik bağlılığı ilə sübut edir.

            Krım ətrafında cərəyan edən proseslərin beynəlxalq hüquq normalarının, xüsusilə də Krım türklərinin hüquq və azadlıqlarının kobud surətdə pozulması fonunda baş verdiyi bu günün danılmaz gerçəyidir. Digər bir gerçəklik isə ondan ibarətdir ki, bu gün Krım türkləri öz iradəsi ilə formalaşmayan siyasi mühitdə yaşamaq məcburiyyətindədirlər. Ukraynanın tərkibində olduğu dövrdə də Krım türkləri onlara verilmiş muxtariyyət hüquqlarından istifadə etsələr də, faktiki olaraq onların hüquq və azadlıqları tam təmin edilməmişdi. Krım türklərini məyus edən Ukrayna hökumətinin Krım ətrafında baş verən proseslərə çox gec reaksiya verməsi, guya Rusiya ilə açıq konfliktə girməmək üçün hərbi qüvvələrini Krımdan asanlıqla çıxarması, ölkənin parçalanmasına gətirib çıxaran hadisələr fonunda təslimçiliyə bərabər qətiyyətsizlik nümayiş etdirməsidir. Ukrayna parlamenti tərəfindən Krım türklərinin Ukraynanın yerli əhalisi kimi hüquq və azadlıqlarına tam təminat verilməsi haqqında qərar da yalnız Krımın ilhaqı prosesinə start verildikdən sonra qəbul edildi. Proseslər artıq geridönməz xarakter almışdı və bu çox gecikmiş bir qərar oldu. Beləliklə, Krım ətrafında yaranmış hazırki situasiya onu deməyə əsas verir ki, Krım türkləri üçün artıq Ukrayna hakimiyyəti də nə zamansa onların hüquq və azadlıqlarını tam təmin edəcək qədər səmimi görünmür. Krımda keçirilmiş qondarma referendumu dəstəkləməməsi isə Kremlin Krım türklərinə qarşı revanş götürməsinə əsas vermişdir. Rus imperializminin öz siyasi opponentlərinə qarşı amansızlığı onun cəmi 300 illik dövlətçilik tarixindən yaxşı məlumdur. Bu baxımdan, Krım türklərinin hüquq və azadlıqlarının təmin olunması uğrunda apardıqları mübarizə yeni mərhələyə – “Olum ya Ölüm” mərhələsinə qədəm qoymaqdadır. Qüvvələr nisbəti müqayisə gəlməz dərəcədə fərqli olsa da, “ümid ən sonda ölür” deyiblər. Dünya dəyişir. Bu gün Rusiya ətrafında baş verənlər təsadüfi deyil. Bu hadisələr keçən əsrin 90-cı illərində başlamış imperiya süqutunun sonundan xəbər verir. O zaman Sovet İttifaqının çökməsi hələ imperiyanın çökməsi deyildi. Hələ indi Ukraynanın Avropa Birliyinə inteqrasiya yolunu seçməsi ilə imperiyanın dirçəlməsinə bəslənən son ümid ölməkdədir. Krımın işğalını, Ukraynanın cənub-şərq vilayətlərinin təsir altında saxlanmasını şərtləndirən əsas səbəb də məhz budur. Lakin bu gün beynəlxalq siyasətdə cərəyan edən proseslər elə məcrada dərinləşə bilər ki, mövcud tendensiya Krım türklərinin tarixən yaşadığı etnocoğrafi ərazidə daha geniş müstəqillik uğrunda mübarizəsinə və bu mübarizənin real nəticələr verməsinə yol aça bilər. Gələcəyin siyasi tarixi bu imkanların gerçəkləşməsi istiqamətindədir. Bu gün və gələcəkdə Krım türklərinin qarşısında dayanan ən ümdə məqsəd tarixi ədaləti bərpa etmək – Krımın türk tarixini yenidən onun özünə qaytarmaqdır. İndiyə qədər tarixin bütün acı sınaqlarından keçmiş krımlılar bu çətin missiyanın da öhdəsindən gəlməkdə israrlı görünürlər. Sözsüz ki, Krım türkləri bu mübarizədə bilavasitə türk dövlətlərinin, bütövlükdə isə beynəlxalq birliyin dəstəyini bütün gücü ilə hiss etməlidir. Yalnız bu yolla Krım türkləri qarşılarına qoyduqları missiyanı gələcəkdə gerçəkləşdirə və hələliksə getdikcə daha təhlükəli xarakter almaqda olan yeni repressiya dalğasını önləyə bilərlər. Bu müqəddəs mübarizə yollarında dünya türklüyünə və Krım türklərinə tükənməz güc və yenilməz iradə arzusu ilə…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest