Şamaxıda ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şamaxıda İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilən “Azərbaycanın Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, davamlı inkişaf” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət mərkəzində təşkil olunan tədbirin iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçən parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxışında qeyd edib ki, şəhər və rayonlarımızdakı Heydər Əliyev mərkəzləri məhz Ulu Öndərin zəngin dövlətçilik irsinin, eyni zamanda Azərbaycan mədəniyyətinin fəal təbliğatçılarıdır. Dahi liderin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin təbliği bu mərkəzlərin əsas vəzifəsidir. Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Elmi–praktik konfransda çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Heydər Əliyev və Azərbaycan diplomatiyasından bəhs edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xarici siyasətinin konseptual əsaslarını müəyyənləşdirib. Onun diplomatiyası Azərbaycanın dünya miqyasında tanıdılmasına, milli mənafelərin müdafiəsinə xidmət edib. Məhz həmin diplomatiya və onun uğurlu davamçısı sayəsində, bu gün Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Eyni zamanda, Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsi böyük öndər Heydər Əliyevin xarici siyasət konsepsiyasında mühüm yer tutub.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Azərbaycan dövlətinin memarı və qurucu lideri Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən bəhs edib.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli azərbaycançılığın ümummilli ideologiya səviyyəsinə qaldırılmasında ulu öndər Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.

Pin It on Pinterest