Genel

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi “Varlıq” jurnalında dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Şeyx Məhəmməd Xiyabani hərəkatının müasir Azərbaycan və İran tarixşünaslığı və elmi ədəbiyyatında öyrənilməsi” adlı məqaləsi İranda “Varlıq” jurnalında dərc olunub.

Məqalədə Azərbaycanın azadlıq, müstəqillik və dövlətçilik tarixində yer tutmuş şəxsiyyətlərdən Şeyx Məhəmməd Xiyabaniylə bağlı tədqiqatlardan bəhs edilir. Məqalə müəlifi İran tarixşünaslığından Ə.Kəsrəvinin, T.Atabəkinin, Z.Qiyaminin, H.Məkkinin, B.Kavənin və s. əsərlərində, eləcə də İran mətbuatında “Nəvide Azərbaycan”, “Şəmse Təbriz”, “Azərbaycanın səsi”, “Əxtər” kimi qəzetlər, “Varlıq”, “Tribun”, “Xudafərin”, “Azərbaycanın günəşi”, “Yol” və s. dərgilərdə Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi hərəkat haqqında çoxsaylı yazıları araşdırıb.

Eyni zamanda məqalədə xarici tarixşünaslıq və elmi ədəbiyyatda, xüsusilə də sovet dövründə Xiyabani hərəkatı və Xiyabaninin siyasi fəaliyyətini əks etdirən A.A.Vişneqradovanın “İran Azərbaycanında inqilabi hərəkat”, Q.Q.İlyinskinin “Şeyx Məhəmməd Xiyabani” adlı məqalələrində, eləcə də amerikalı tarixçi T.Svietoxovskinin “Rusiya Azərbaycanı. 1905-1920” əsərində verilən məlumatlar nəzərdən keçirilib. 

Yazıda Azərbaycan tarixşünaslığı və elmi ədəbiyyatında da Şeyx Məhəmməd Xiyabani hərəkatının öyrənilməsi haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Pin It on Pinterest