Şərqşünas alimin azərbaycanlıların Ermənistandan deportasiyasına dair məqaləsi Tehranda çap olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə azərbaycanlıların 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, elmi ədəbiyyata və qəbul edilmiş qərarlara istinadla elmi cəhətdən sübut edilir.
Müəllif məqalədə qeyd edir ki, sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü planlı və düşünülmüş şəkildə davam etdirilib. Belə ki, bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənib və SSRİ-nin süqutuna qədər davamlı olaraq həyata keçirilib. 1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ xarici işlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
Bundan başqa, məqalədə azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin qərarları əksini tapıb. Həmçinin azərbaycanlıların tarixi və əzəli torpaqlarından deportasiya edilməsi, eləcə də Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanılması məsələləri qeyd olunub.
S.Talıblı məqalədə yazır ki, “1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı Fərmanla azərbaycanlıların tarixi və dədə-baba yurdları olan Ermənistandan 1948-1953-cü illərdəki deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan SSR rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı qeyd olunur”.
Şərqşünas alim məqalədə yazır ki, “tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan SSR-dən, öz tarixi etnik torpaqlarından 1948-1956-cı illərdə deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli, dünya ictimaiyyətinə, beynəlxalq və regional təşkilatlara çatdırılmalı, dünyanın aparıcı KİV-də məqalələr yazılmalı, xarici ölkələrdə konfrans, seminarlar təşkil edilməlidir”.