GenelGüncelKültür Sanat

Şəfa Vəli – ŞEİRLER

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Şəfa Vəli

Nətəhər sevim?

Pəncərə-pəncərə ağladı evim,

Qollarım çatmadı qucaqlamağa…

Sənə yüyürməyə elə tələsdim,

Başladım ömrümü yumaqlamağa…

***
Bir ovuc boyuma sevda dünyaydı,

Süzdü ətəyindən süd əllərimi…

Məni görən, məni bilən Tanrıydı,

Şeytan hardan bilir əməllərimi?

***
… Sənə yar, Tanrıya bəndə olmağa

Nətəhər bükülüm?

Nətəhər sevim?

… Qollarım çatmadı qucaqlamağa,

Pəncərə-pəncərə ağladı evim…

2025

Üşüdük nə oldu?

Üşüdük nə oldu?

Gəldimi gödəkçə-sevgili qoxan?

Ağladıq, üzüldük, iki büküldük,

Sıraya düzüldük eşq qabağında…

Qaldırıb qoymadı bizi başına

Sevgi dastanları qızıl tac kimi…

Baxmadıq yaş gedir, qocalırıq ta,

Düşdük “bəxt” dalınca yalavac kimi…

Bir onda gördük ki, otuza çatdıq,

Bir onu gördük ki, otuz beşdəyik…

Ümidi balınca doldurub, yatdıq,

Bilmədik, ömürdən düşhadüşdəyik…

… Yenə yağış gəlir…

Topa buludlar

İrişir, sırtılır  şimşək şəklində…

Elin qınağından, yadın dilindən,

Doğmanın əlindən düşməyək deyə,

Çox oldu “söz yedik” şirni yerinə…

… Üşüdük nə oldu? Yağış kəsdimi?

Kimsə çətirini bizə qıydımı?

Eh…

Qalsın qoy adımız elin dilində,

Gəl gedək, yağışın gözündən düşək…

2023

Bildi Tanrı

Mən bu gün Tanrının əlindən düşdüm…

Açmadı ovcunu anam ağaclar,

Sıxmadı köksünə atam qayalar…

Atdılar…

Atdılar məni uzun-uzun

Göz yaşları cığırına…

***

Adıma bayatı çəkdilər, ağı oldu…

Adımla həyatı sevdilər, ağrı oldu…

Tanrı gördü, düşürdüyü

Bəndəsi ölən olmadı…

Tanrı güldü…

Üşütdüyü körpə cana

Dualar bələk olmadı…

***

Gəldim çıxdım 35-ə…

Ömür kiliminin altında

Səhvlərim toz topağıdı…

Kirpiyimlə eşə-eşə

Eşqin yeddinci qatında

Oyuq açdım…

… dibi qəbir torpağıdı…

Gördü Tanrı…

Ki, hardayam…

Elə düşürdüyü yerdə-

Sonra da olduğum yeri

Günah bildiyi yerdə…

***

Bildi Tanrı…

Ki, elə buyam…

Peşman olmuş əllərinə,

Verdiyi ömrə baxdı…

Və ağladı…

Və…

Ağladıq…

2023

Qara pişik, sarı çiçək, bir də sən…

Gördükləri yuxuları yozmazlar,

Gözlərimi göz yaşıyla oymazlar,

“Getdim” desəm, yoluma daş qoymazlar,

Aman, aman, mənə “məni sev” deyən

Qara pişiklərlə sarı çiçəklər…

***

Bu səhər də gözlərimə xoş gəlir,

Mürgü döyən ağrılara huş gəlir…

İnsan gülə-gülə dərdə tuş gəlir,

Aman, aman, mənə “məndə öl” deyən

Sarı çiçəklərlə qara pişiklər…

***

Biz dünyadan ummadıq ki, küsək də,

Dünya ilə haqq-salamı kəsək də.

Özümüzü dərddən uca bilsək də,

Aman, aman, mənə “dərdim ol” deyən

Qara pişik, sarı çiçək, bir də sən…

2024

Uçum, uçum da!

Köhnə pəncərələr…

Təzə xəyallar

Tapıb, cız qoyuram barmaq ucumla…

Nə vaxtsa “qal” deyən bir xatirəm var,

Borc alıb sərçədən qanad çırpmağı,

Düşüb şəhər-şəhər,

Mənə “gəl” deyir…

Uçummu?

Uçmayım?

… Uçum, uçum da!

2023

Tanrının xoş vaxtında

Tanrının xoş vaxtında…

Oxudum sonunacan,

“ağ gün” yazılmayıb “yazan” baxtına…

***

… Bir şəkil gizlədim özüm-özümdən:

Qəşəng düşmüşəm…

İki misra götürüm şeirimdən,

Yarım abzasın üstünü örtüm,

Sondakı tarixi silim hekayəmdən…

… Mən oralarda itmişəm…

***

Gedim, özümü oğurlayım yazdıqlarımdan…

… Adım yazılmasın arasına

“gözləri qaraya baxan”

yazıqların…

2022

 Kirayənişin şairlər

 Açın qapıları, küssün açarlar,

Kəsilsin ümidi barmaqlıqların…

Yıxın hasarları,

Kəsə yol tapsın

Gücünü çəlikdən uman qocalar…

Dələlər, sərçələr utanmasınlar

Yuvadan yayılan zümzümələrdən…

Tutuşun əl-ələ,

Qaçın bu küçədən,

Pozun qaydaları,

Yazın sevgini

Bütün şəhərlərin elanlarına…

Sonra da unudun, unudun məni,

Yazın xatirəmi yaddaşsızlığa;

Kirayə ev gəzən tüm şairlərin

İntihar eyləyən  misralarına…

2020

Tanrının oyun yeri

Bütün zəlzələlər, qar uçqunları,

bir insan ruhunun sancısındandı…

şeirlər hisslərin uçurumları,

romanlar ən ucuz intiharlardı…

***

səhər “sevda!”-deyə yansa könlümüz,

axşam can ağrısı qor edir bizi…

uğrunda şeirlər öldürdüyümüz,

bir ağ gün eşqinə öldürür bizi…

***

Nə gözəl aldadır bizi bu dünya;

ayaq tutan hər nə varsa yeridir…

Təbiət Tanrının oyuncağıysa,

ruhumuz ən gözəl oyun yeridir…

2019

Qırmızı papaqlı qız

 Ay qırmızı papaqlı,

Ay hamıdan küsən qız…

Əlləri umacaqlı,

Boy-buxunu süsən qız…

***

Yenə kimə inandın?

Aldadan tapıldımı?

“Dağ haqqı”ydımı andın,

Dağlarda haqq qaldımı?

***

Yazdığın “son mesaj”la

Hansı qarğış yol aldı?

Bir sərçə qayğısıyla

Keçmədiyin yol qaldı?

***

Ay qırmızı papaqlı,

Saçı daraqtanımaz…

Eşqi “başı qapazlı”,

Arzuları gülaçmaz…

***

Ömrün önündən çəkil,

Nə olacaq, olacaq…

İkimizdən bir şəkil,

Bir xatirə qalacaq…

***

Aç saçını, tök üzə,

Qocalmaqdan da qorxma…

Bir bayatı çək bizə,

Və də eşqdən oxuma..

Sonra baxdım…

Sonra baxdım, pəncərəmə qar düşür,

Dam altında iki pişik bürüşür,

Armud ağacında “mak-mak” oynayan

Sərçəcik hamıdan betər üşüyür…

…mən demədim dərdimi təbiətə…

***

Sonra baxdım, qarda xatirə qalıb,

Üzülən də, sevinən də tapılıb…

Oxuduğum son xəbər məhz beləydi:

“asfalt üstə çılpaq körpə atılıb…”

…mən demədim dərdimi təbiətə…

***

Sonra baxdım, yollarda sürüşən çox,

Ürəkdən qovulan, gözdən düşən çox…

Getdilər… Getməyə yeri olanlar…

Qaldı dərdəcərlər… Dərddə bişən çox…

…mən demədim dərdimi təbiətə…

***

Sonra baxdım…

Sonraya saxladığım

Bütün “əlvida”lar ömür sandığım,

ağzının kilidi həyam, abırım…

… Əvvəldə ölmüşdü “bəxtdən” umduğum…

…məni dinləməyə üzü gəlmədi

Təbiət Ananın, Tanrı Atanın…

Şəfa Vəli
Şəfa Vəli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest