Rüstəm Kamal – Qapımızın alın yazısı
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Rüstəm Kamal
Qapımızın alın yazısı
…Atam və əmilərim qurşağa qədər soyunub köhnə evimizin sal daşlarını linglə uçurub dağıdırdılar. Növbə qapıya çatanda işə kənardan rəhbərlik və nəzarət edən babam dedi: “Ay Kamal, qapının üstündəki daşı bu yana qoy, o biri evdə lazım olacaq”. Atam onsuz da istidən lap təntimişdi. Tozdan və tərdən kirpikləri bir-birinə yapışmışdı. Qorxusundan kişiyə cavab qaytarmadı…
Babam dediyi daşın üzərində kufi xətti ilə nəsə yazılmışdı. Kişi hər dəfə bizə gələndə qapının ağzında bir anlığa dayanır, çəliklərinə dirənib (müharibədə bir ayağını itirmişdi), başını qaldırıb həmin yazını pıçıltı ilə oxuyurdu. Ondan sonra içəri girirdi. Babamın savadı yox idi. Yazını molla Xaloğlu Musaya oxutmuşdu. Sağ ayağı olmadığına görə evə birinci çəliyi girirdi.
Dəmir qapılara, meşin qapılara öyrəşə, isinişə bilmədim. Gözlükləri olan qapıları heç sevmədim.
Köhnə qapıları xatırlayırsınızmı? Köhnə qapıların qəmli səsini eşidibsinizmi?..
Gəlin etiraf edək: sevdiklərimizin qapılarını sonuncu dəfə nə vaxt ziyarət etmişik? Axı, qapılar övladlarının və nəvələrinin yolunu gözləyən yaşlı ata-analar kimidir.
Hər qapının mütləq ziyarətə ehtiyacı var.
Getmədiyiniz, açmadığınız, döymədiyiniz qapılara sayğınızı, sevginizi bildirin və etiraflarınızı söyləyin. İnanın: qapılar da sizi anlayar və bağışlayar…
Fikir veribsinizsə, dərgahların, hücrələrin qapıları alçaq olur. Möminlər camelərin qapı alınlığındakı yazıların – kitabələrin altından əyilib qutsal məkana daxil olurlar. Çünki təkəbbürünüzü, yekəxanalığınızı qapının o tərəfində buraxmalısınız. Qorqud Ata necə söyləmiş: “Könlü təkəbbürlü olanı Tanrı sevməz”.
Türk şairi Behcet Necatigilin “Gece vakti bir sokağı düşünmek” adlı gözəl bir şeiri var.
O, aydınlık yerlerde anlardı beni,
Eger anlamaksa bu.
Egildiyimdendi,
Alçak kapılardan demin benim geçişim.
İncə dərəsində Hacı Mahmud əfəndi türbəsinin (“Göy türbə”) qapısından həmişə boynumuzu büküb keçdik. Hər dəfə də içimizin ilahi işıq ilə dolduğuna inandıq.
Bizdə qapının üstünə “alınlıq” deyirlər. Nə gözəl sözdür! Oğuz bəyləri ağ alınlarını yerə qoyub ibadət edirlər. “Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!” (“Kitabi-Dədə Qorqud”).
Qapıların alınlığı Qaşqay-Kərkük nişanlı qızlarının alınlarını süsləməsinə bənzəyir. Deyəsən, o da “alınlıq” adlanır.
Qapının alınlığı – qapının alnı. Qapıların da alın yazısı olur! İnsanın alnına nə yazılırsa, o da baş verir. Ev də belədir – qədəri-yığvalı qapı alınlığındadır…
Qapı alınlığındakı (alnındakı) mübarək yazı evi, binanı qutsal mətnə, qutsal mənalar məkanına çevirir. M.Kayahan Özgülün bir məqaləsində oxumuşdum ki, İstanbulun Nuruosmaniyyə Kitabxanasının qapısının alınlığında ərəbcə bu mübarək hədis yazılıb. “Utlubül-ilme minel mehdi ilel-lahdi” (“Beşikdən məzara qədər elm tələb edin”).
Bəlkə də evlərimizi şər qüvvələrdən, bədnəzərdən qapıların alın yazıları qoruyur?! Ona görə də bu yazıları magiyanın elementi kimi qavrayırıq. Qapı alınlığında yazılar mütləq söz kimi qəbul olunur.
Şuşada İbrahimxəlil xan Cavanşirin tikdirdiyi, qızı Gövhər ağanın da əsaslı təmir etdirdiyi Cümə məscidinin girəcəyindəki “qapıların hər üçünün üstündə daş lövhələr vardır ki, bu lövhələrdə müxtəlif kitabələr həkk olunmuşdur.
Birinci balaca qapı üzərində (Şərq tərəfdə) yazılmışdır: Peyğəmbər, – Allahın ona salam və salavatı olsun, – dedi: Allaha ibadət edin! Guya sən onu görürsən, əgər görməsən, o səni görür və əbd sözündə üç hərfdən – (ayn), (be), (dal) hərflərindən ibarətdir. Əbd sözündəki ayn (onun Allah bəndəsinin) Allaha aid olmasını, be onun (Allah bəndəsinin – R.K.) başqasına qarşı olan fəzilətdir. Dal isə onun görünməyən və pərdəsiz Allaha yaxın olmasıdır. Həqiqəti olmayan (yəni inamı olmayan – R.K.) yalan ibadət köynəyini geymək iddiasında olmaqdan şiddətli (ağır) günah yoxdur”.
Orta qapı üzərində kitabədə isə yazılıb: “Doğrudan da, Allah kərimdir. Onu razı salmaqdan ötəri qapısına əyilən əlacsız bəndələr üçün kəramət arzulayır”. Ortada olan böyük qapının yuxarısında balaca lövhələrdə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” sözləri yazılmışdır. İki kiçik lövhə arasındakı böyük lövhədə farsca aşağıdakı mənzumə həkk olunub.
“Şişə şəhərinin banisi ki,
həşəmət və mərtəbə etibarilə,
Onun taxtının qübbəsi
ayın sərapərdəsinə tənə vururdu.
Yəni fələk şövkətli olan sərdar İbrahim xan
Ki, onun qapısına
bütün dünya xanlarının sığınacağı idi.
Onun parlaq və mübarək günlü
bir Gövhəri var idi ki,
Bunun üzünün işığı günəşin başına tac idi.
Bu məscid və mehrabı bina edən
həmin pak olan Gövhər oldu.
Behişt əhli tamamilə buna şahiddirlər.
Dua edənlərin qələmi onun tarixini belə yazır:
Bu Gövhər həmişə Allahın sədəfi içərisində olsun” (bax: Həsən İxfa Əlizadə “Şuşa şəhərinin tarixi”).
…Köhnə evin daşlarını, o cümlədən qapının alınlığındakı o daşı neynədilər? Yadında qalmayıb.
Ağ mişar daşından evimiz tikildi. Evi iki dəfə sel basdı. Atam və qardaşım dünyalarını dəyişdilər. Atam həmişə peşmançılıqla deyərdi ki, gərək o daşı qapının alınlığına qoyaydım?! Kişinin sözünə baxmadım…