Genel

Rəşad MƏCİD

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

 Şuşa gör nələr eylər…


“Dünyanın çox şəhərlərində olmuşam, amma Şuşa kimi gözəl şəhər görməmişəm”.

Cənab Prezident hər dəfə Şuşada olarkən müqəddəs şəhərimiz barədə dərin mənalı, sevgi dolu fikirlər səsləndirir. Mayın 12-də Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının açılışındakı çıxışına “Biz Şuşanın azadlığını Qəhrəman əsgərlərimizə borcluyuq” sözləriylə başlayan dövlət başçısı bir az sonra Şuşa barədə bu fikirləri səsləndirdi.

Müzəffər Ali Baş Komandanın Şuşa sevgisi ilahi sevgidir. O, Şuşa haqqında danışanda çöhrəsini ilahi bir nur bürüyür. Hələ bu ilin yanvar ayında Şuşada olarkən bildirdi ki, Azərbaycan Prezidenti Şuşaya gəlib və gecəni də Şuşada qalmalıdır. Sonra Şuşanın təbiəti, tarixi, fərqli aurasından danışdı. Şuşanın vəsfi cənab Prezidentin təqdimatında xüsusi məna kəsb edir.

30 ildir, hər dəfə Şuşa barədə danışanda mədəniyyət xadimlərimizin – Anar müəllimin, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin fikirlərindən sitatlar gətirirəm. Son aylar bu fikirlərin məcmusu, cəmi kimi bir müdrik kəlam dilimdən düşmür. O dəqiq müşahidənin, o dəqiq kəlamın da müəllifi Ali Baş Komandan İlham Əliyevdir: “Sözün düzü, adam heç Şuşadan getmək istəmir!”

Bu, çox böyük və çox dəqiq həqiqətdir – gerçəkdən də adam Şuşaya gələndə ondan ayrıla bilmir.

***

Azərbaycan mədəniyyətinin dünyada təbliğində və yüksək səviyyəli təqdimatında Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir. Müstəqilliyimizin 20 illiyi ilə bağlı dünyanın böyük şəhərlərində, nüfuzlu salonlarında Fondun təşkil etdiyi konsert proqramlarının səviyyəsi barədə çox danışmışam. O tədbirlərin dinləyicisi olmuş insanların, əsasən də xaricilərin heyrətamiz təəssüratlarını indi də eşidirik. Fond hər dəfə mədəniyyətimizin yüksək səviyyəli təqdimatıyla bizi heyrətləndirir, qürurlandırır. 

“Xarıbülbül” musiqi festivalının təşkili də yüksək səviyyədəydi. Bunu cənab Prezident də qeyd etdi. Festivalın ilk günündə – mayın 12-də ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığının “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdimatının ideya müəllifinin özü olduğunu qeyd edən dövlət başçısı proqramın yüksək səviyyədə hazırlanmasında Heydər Əliyev Fondunun xüsusi əməyini vurğuladı. Hər iki konsert Azərbaycan mədəniyyətinin, multikultural dəyərlərinin yüksək səviyyəli nümayişi idi. Bu tədbirlər böyük ruh, incə zövq, mədəniyyətimizə, xalqımıza dərin sevgiylə yoğrulmuşdu.

Bütün bunların müəllifi isə heç şübhəsiz, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadır. Qürur və göz yaşları içində izlədiyimiz, istedadlı sənət adamlarımızın içdən, ürəkdən gələn ifalarının möhtəşəm duyğular yaşatdığı bu dərin mənalı, təsirli, qəlb titrədən təqdimata – bu möhtəşəm sənət nümunələrinə, unudulmaz konsert proqramlarına görə Mehriban xanıma sonsuz minnətdarlıq və kübar təzim düşür.

***

– Gecə də Şuşada qalacayıq?

– Aha, əlbəttə!

(Belə dialoqdan kim sevinməz? Həm də mayın 8-də).

***

“Bütün gecəni yol gedəcəyik, bir az yatıb gözümün acısını alım” düşüncəsiylə gün uzunu nə qədər əlləşdim, xeyiri olmadı. Nə illah eləsəm də, tanış küçələr, doğma mənzərələr hərlənib-firlanıb yenə gəlib durdu gözlərimin qabağında. Şuşanı görmək duyğusunun yaratdığı həyəcan, ürək çırpıntısı çimir eləməyə imkan vermədi.

… Əziz Şuşa! Səni görmək, sənə qovuşmaq yanğısından üstün nə ola bilər? Hansı hiss bu həyəcana tən gələr? Az qala, Daşaltıda əks-səda verən, Cıdır düzündə eşidilən bu ürək çırpıntılarını necə duymamaq olar?

Əlimi uzadıb ulduzlarını sığallasam, daşını-torpağını oxşayıb gözlərimin üstünə qoysam, günahımdan keçərsənmi? Son dəfə 1991-ci ilin payızında tək-tənha baş çəkdiyim, hüznlü, bənizi saralmış Cıdır düzü məni əfv edərmi? Şuşa məni bağışlayarmı?

Kim bilir, bəlkə, bağışlanmamaq qorxusu itirmək qorxusundan daha ağırdır.

Fərhad Bədəlbəyli kimi hamılıqla hüzurunda diz çökərək, “Bizi bağışla, Şuşa!” deyib bəraət istəsək, bizi əfv edərsənmi?!.

Mərhəmətinə sığınaraq hüzuruna gəlirik!..

***

Musiqi proqramı bitən kimi Cıdır düzünün qayalıqlarına tərəf çəkildim, Fərhad Bədəlbəyli kimi dizlərimi yerə qoyub, sal daşları öpdüm, “Bağışla bizi, Şuşa” – dedim.

***

 Cıdır düzündə Anar müəllimlə gəzmək, İbrahim xanla, Mirmöhsün Nəvvabla bağlı məkanlara onun təqdimatıyla baxmaq, sevincindən qanadlanan insanlarla birgə şəkil çəkdirmək, yaşıl, nəm otların üzərində buludların üstündə yeriyirmiş kimi addımlamaq…

Xoşbəxtliyin başqa şəkli ola bilərmi?

***

Mayın 12-si axşam, “Xarıbülbül” musiqi festivalının açılışı münasibətiylə Şuşada 15 dəqiqəyə yaxın atəşfəşanlıq oldu. Atılan rəngbərəng fişəng topalarının, cələnglərinin işığı bütün Qarabağı nura boyadı.

Yağıya, düşmənə göz dağı oldu…

***

Səfər yoldaşım, əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova yolboyu həyəcanını gizlədə bilmirdi, Cıdır düzünə çatan kimi torpağı öpəcəyini deyirdi. Onun torpağa səcdəsini müşahidə etmək çox təsirliydi.

15 il öncə Türkiyəyə səfərə gedirdik, Şuşadan söhbət düşdü, Firəngiz xanım xalasının əriylə bağlı bir əhvalat danışmışdı: Ölüm ayağında olan Tofiq kişi canını tapşıra bilmirdi, “Məni Şuşaya aparın” – deyirdi. Övladları onu təcili yardım maşınına mindirib Bakıda Sovetskinin dolambaclarını gəzdiriblər ki, Şuşaya qalxırıq, fişəng atıblar ki, Şuşanı aldıq. Soyuducudan buz kimi su çıxarıb veriblər ki, İsa bulağının suyudur, iç. Tofiq kişi bundan sonra gözlərini yumub, son nəfəsini verib.

Şuşada o hadisəni Firəngiz xanımın yadına saldım, bir də danışdı, Xalq artisti Həmidə Ömərova ilə birlikdə dinlədik, Tofiq kişinin ölüm səhnəsini düşünüb, Şuşa həsrətiylə dünyadan köçən bütün insanlarımızın ruhunu yad etdik.

***

Mayın 12-də Şuşada, Cıdır düzündə Fərhad Bədəlbəylinin qanadları çıxmışdı. O qanadlarla Topxananın üzərindən uçurdu, musiqiçilərlə, həmkarlarıyla, dostlarıyla rəqs edirdi – xoşbəxtliyə qərq olmuşdu.

Gözlərində qürur, sevinc göz yaşları görünürdü. Ona qoşulub sevincdən ağlamaq da bir səadət idi.

***

Şuşada səhər tezdən Alim Qasımovun azan səsi kimi canlı muğam ifasına yuxudan oyanmaq….

İçdən gələn bu qəfil ifa bal kimi şirin havaya qarışıb Şuşanın sakit görkəminə ilahi, mistik çalarlar əlavə edirdi.

Deyirlər, 30 ildi Şuşada quşlar da susmuşdu. Cıdır düzündən gələn əsrarəngiz musiqi səsləri sanki quşları da ayıltdı.

Alim Qasımovun ifasından sonra quşların oyanmasının, “dirilməsinin”, oxumağa başlamasının canlı şahidi oldum. Şuşanın 13 may səhərini quşların səsi bürüdü.

Səs səsə qovuşdu Şuşada…

***

Mayın 13-ü səhər konsert proqramı başlamazdan öncə bir qədər  boş vaxt vardı. Düşüb Şuşanı gəzmək istədim. Yusif Rzayev və başqa dostlar xatirə üçün Şuşadan daş gətirməyimi istəmişdilər. Əyilib bir neçə daş seçdim.

Cıdır düzündən piyada enib Molla Pənah Vaqifin məqbərəsinə gəldim. Qızğın təmir işləri gedir. Məqbərənin əvvəlki görkəmi qalmaqla daha möhtəşəm bir xiyabana çevriləcəyi hiss olunur. Sonra daş döşənmiş yolla üzü aşağı endim. Yolboyu əsgərlərlə, orada xidmətdə olan polislərlə hal-əhval tuta-tuta, sorğu-sual edə-edə sola dönüb bərpa olunmuş Mamayi bulağına tərəf gəldim, dupduru suyuyla əl-üzümü yudum. Bulaqlar bərpa olunub. Orada işləyənlərin sözlərinə görə, ermənilərin bulaqlarımıza sonradan çəkdikləri xaç işarələrini çətinliklə silib təmizləyiblər. Yəqin ki, qısa zaman sonra bulaqların üzərinə adları da qeyd olunacaq: Mamayi bulağı, Xan qızı bulağı və s.

Köhnə, xatirimdə olan binalardan qalanı da var, uçub dağılanı da.

Mamayi bulağının yanıyla Yuxarı Gövhər ağa məscidinin arxa hissəsinə döndüm. 1988-ci ilin yayında burada kirayə qaldığımız evi görmək istəyirdim. Həmin yay oğlum Mirhacibin, bacım oğlu Səmədin bir yaşları vardı. O vaxt Cıdır düzündə çəkilən şəkilləri indi də qalır.

Şuşada axırıncı dəfə yaşadığımız ev. Ötən il o evi yuxuda görmüşdüm, status yazmışdım:

“Şuşanı yuxuda gördüm…

32 il əvvəl qaldığımız evin səliqəli həyətindəydim. Güllərin, ləklərin yanıyla, daş pillələrlə darvazaya tərəf getdim. Həyətin balaca qapısını açıb daş döşənmiş küçəyə çıxdım. Sağa dönsəm, Gövhər ağa məscidinin yanından Bazarbaşı meydanına, oradan da Güllü bağa gedə bilərdim. Sol tərəf Vaqifin məqbərəsinə, Cıdır düzünə aparırdı.

Düşündüm, hansı səmtə gedim?! Səhərin bu çağı ikisi də əvəzsiz olur.

Sonrası yadımda qalmadı, həyəcan içində ayıldım…”

İndi Gövhər ağa məscidinin arxasıyla, daş döşənmiş küçəylə aşağı enib o evi axtarıram. Evlərin əksəriyyəti dağıdılıb, uçuq divarları, qalın, qədim hasarları qalıb. Şuşaya belə qəddar münasibət ağlasığmazdır. Prezident İlham Əliyevin dediyi kimi, elə bil, vəhşi tayfa keçib buralardan. Prezidentin qənaəti də haqlıdır: Əgər Şuşa həqiqətən də sizin olsaydı, ona qayğı göstərər, baxardınız, bu günə qoymazdınız.

Açıq görünür ki, evlərdə, həyətlərdə işlərinə yarayan nə varsa –  taxta pəncərələrə, məhəccərəcən söküb aparıblar. Yaddaşında dipdiri qalan, hər hissəsini xatırladığı doğma məkanları belə viran halda görmək insanı sarsıdır, ürəyini parçalayır, cızdağını çıxarır. Amma heç olmasa, şükr edirsən ki, Şuşada həyətlər qalıb, ev özü dağılsa da, həyət-bacanı kol-kos basıb, böyürtkən, moruq kolları bürüsə də, yeri bilinir, tapmaq olur. Ağdama getmək isə ona görə mənimçün ağır və iztirablıdır ki, orada heç bunlar da qalmayıb.

Beləcə, yaddaşımın köməyiylə o evi tapıram. Kol-kosun qarışıqlığından içəri girə bilməsəm də, əvvəllər həyətində olan çardağın yerini tanıdım, evin uçuqlarını görə bildim.

1988-dən sonra Şuşada çox olsam da, bura bizim Şuşada qaldığımız son ev kimi əziz idi.

Həyəti uzaqdan videoya çəkirəm, internet açılan kimi Mirhacibə göndərirəm.

Təbii ki, Şuşalı xatirələrimizin son ünvanını belə miskin, dağılmış görmək çox ağrıdıcı, əzabverici haldır. Dayanmaq isə olmaz. Görmək istədiyim çox yer var və Şuşanın kimsəsiz, tənha, adamsız, sakinsiz məhlələri məni çağırır… 

Şuşalı axtarışı

Uşaqlıq dostum Vaqifin ana nənəsi Tubu xanım köklü şuşalıydı. Torpaq meydanında qədim, qalın divarlı evləri vardı. Evin tağbəndli taxta qapısı da, həyəti də, tez-tez yığışdığımız kitablarla dolu dərin taxçalı otaq da, qədimi pəncərələr də yadımdadı. O evdəki kitab taxçasından bir dəfə Cəmşid Əmirovun “Qara volqa” əsərini gizlincə götürmüşdüm. Sonra Vaqifə zarafatla deyirdim ki, kitab oğurluğu oğurluq deyil. Tubu nənənin qədim şuşalı qadınlara xas təmkinli xanım obrazını indi də yaxşı xatırlayıram.

Yay aylarında o evə tez-tez gedərdik. Evin yeri təxminən yadımda idi, fikirləşirdim ki, tapmaq çətin olmayacaq. Vaqif Şuşaya getməyimi biləndə xahiş etmişdi ki, evi tapıb çəkim, görək Tubu nənənin evi dururmu, salamatdımı? Demişdi ki, Bazarbaşı meydanından, Yuxarı Gövhər ağa məscidinin qarşısından 500 metr üzüaşağı gedib sola dönəndə Hacıqulular məhləsi var, oradan Torpaq meydanına çıxacaqsan.

Yadımdadır ki, mən o evə çox vaxt bir az irəlidən – raykomun binasına çatmamış sağa dönüb gedirdim. İndi Bazarbaşından bir az aşağı düşdüm, sola buruldum, gedib Aşağı Gövhər ağa məscidinə çıxdım. Məscidin həyətində su içdim, əl-üzümü yudum. Hava sərin olsa da, enişli-yoxuşlu yollar bir az məni yormuşdu. Amma hiss etmirdim. Bir azdan Cıdır düzündə telefonumda baxıb, 3 saata 21 min addım gəzdiyimi görəndə təəccüblənəcəkdim.

Məsciddə əsgərlərlə görüşdüm, Onlardan Torpaq meydanının yerini xəbər aldım. Yerli deyildilər, Şuşanı yaxşı tanımırdılar. Amma irəlidə geniş sahə var deyə, yolu göstərdilər, həmin istiqamətdə getdim. Bir az oxşatsam da, tam əmin olmadım və Vaqifə zəng elədim. Telefonumun enerjisi də azalırdı. Vaqif anlatmağa çalışırdı, amma nədənsə, evi tapa bilmirdim. Gəzə-gəzə yuxarı dönüb bir şuşalı tapmaq ümidilə keçmiş raykomun binasının yanına çıxdım. Əsgərlərdən, yol polislərindən elə hey soruşurdum ki, burada şuşalı var? Torpaq meydanının yerini bilən var? Şuşada şuşalı axtarırdım!

Yolüstü heykəllərin yanında gəzdim, videolar çəkdim, Natəvan bulağına enib, su içdim, əl-üzümü yudum. Keçmiş xatirələr də yol yoldaşım… Qarşıma çıxanlardan isə soruşurdum ki, indi burada bir şuşalı yoxdur ki, mənə Torpaq meydanının harada olduğunu göstərsin? Bir mağaza var, əsasən əsgərlər alış-veriş edir, yanında da çörək sexi. Soruşdum, orada işləyənlər də şuşalı deyildilər. Amma Natəvan bulağının yanında bir polis dedi ki, burada bir qadın var, şuşalıdır, oğlu burada işləyir, onunla qalır, hər yeri tanıyır! Dediyinə görə, qadın elə daima buralarda olur, şəhərin hər qarışına bələddir, hər binanın, hər evin yerini bilir.

Soraqlaşa-soraqlaşa Güllü bağdan üzüaşağı endim və gəzə-gəzə bir az daha aşağı tərəflərə düşdüm. Deyəsən, Torpaq meydanını tapmışdım. Qədim evin yerində qalın, köhnə divarların uçuqları qalıb. Tağlı taxta darvazanın yerinə bir paslı dəmir qoyublar. Kol-kosun əlindən içəri keçmək mümkün olmadı. Amma hər halda videosunu ürək ağrısıyla da olsa, çəkə bildim.

Yaddaşım yerinə qayıdırdı – Məhərin balaca mağazasını, ətrafındakı evləri də xatırlayırdım. 

Polis Fərid

Torpaq meydanını, Tubu nənənin evini tapandan sonra dincəlmək üçün bir az aralıda bir daşın üstündə oturdum. Bu məqamda əslən Şuşadan olan, tədbirə bu gün qatılan İqtisad Universitetin müəllimiylə rastlaşdım. Şuşaya təzəcə çatmışdı və öz evlərini görməyə gedirdi. Buraları yaxşı tanıyırdı. Tubu nənənin evini tanıdığını dedi. Məlum oldu ki, mən də düz tanımışam.

Müəllim yoluna davam etdi, bir az aralıda bizim söhbətimizi eşidən bir polis nəfəri mənə yaxınlaşdı:

– Bayaqdan sizi müşahidə edirəm, üzdən də tanış gəlirsiniz. Görürəm bütün bulaqlardan su içirsiz. Burada bulaqlar üzrə mütəxəssislər var. Fikirləşdim, yəqin siz də bulaqlara baxırsız. Müəllimlə söhbətinizi eşitdim. Tapdınızmı evi? Bəlkə, birgə axtaraq?

Fərid Şuşada doğulub, Ağdamda yaşayıb. Uşaqlığında Şuşaya çox gəlib-gediblər. Danışdıqca tanış çıxdıq. Atasını, babasını tanıdım. Fərid deyir ki, Bakıda polisdə çalışanda bəzən başqa rayonlarda iş təklifi olurdu, amma ailəm razılaşmırdı ki, onsuz da üzünü görmürük, elə burada işləsən yaxşıdır. Şuşada xidmət etmək təklifi gələndə isə evdə bu xəbəri bayram kimi qarşıladılar, uğur olsun, get, razılaş dedilər. Şuşa müqəddəsdir bizim evdə. Çox sevindilər, hamı bir ağızdan dedi ki, “Şuşaya get”.

Fərid bunları danışdıqca, ailənin timsalında insanlarımızın Şuşaya olan belə böyük sevgisi gözlərimi yaşartdı, fikirləşdim ki, Şuşadan ötrü tamarzı, onun həsrətiylə dodaqları çatlayan, o torpağa ayaq basmaq arzusuyla yaşayan, orada işləməyi arzulayan nə qədər insan var. Ona görə də könüllü şəkildə Şuşada çalışmaq, fikrimcə, bu gün ən böyük vətən sevgisidir. Fəridin də beləcə Şuşaya gəlməsinə, burada çalışmasına çox sevindim. Onun söhbətlərindən Şuşa haqqında xeyli məlumatlar əldə etdim və sözlərindən belə başa düşdüm ki, Şuşa çox böyük incəliklə və yüksək səviyyədə bərpa olunacaq.

Aqil Abbasın zəngi

Aqil Abbas özü Şuşaya gedə bilməsə də, ürəyi orada idi. Tez-tez zəng vururdu. Növbəti zənglərinin birində Şuşanı gəzirdim.

“Aqil, elə bil, Cıdır düzü balacalaşıb” – dedim.

Qayıtdı ki:

– Hə, mən də gördüm televizorda, hiss olunur. Cıdır düzünün aşağı tərəfində ağac əkiblər.

Bu fikri Anar müəllimdən də eşitdim. Qulu Məhərrəmlinin də Cıdır düzüylə bağlı təəssüratı eyni idi.

Bəs bunun izahı nədir deyə, xeyli düşündüm. Əvvəllər bu yerlərin mənzərəsi başqa idi. Cıdır düzünə qalxan kimi dağın başında, ən hündürdə möhtəşəm bir genişlik vardı. Sol tərəfdə, aşağıda Ağdam yolu, Xankəndi, qarşıda isə Topxana görünürdü. İndi Topxana meşəsi olan tərəf açıqdır, sağ və sol tərəflərdə isə ağaclar əkiblər. O ağaclar həm Cıdır düzünü bir az daraldıb, həm də yoxuş bitən kimi açılan geniş ənginliyi görməyə mane olur. Aqil Abbas da bunu televizordan görüb hiss eləmişdi.

Aqilin zəngi məni Güllü bağda yaxalamışdı.  9 mərtəbəli “Qarabağ” mehmanxanası təmir olunurdu. Qarşısındakı Güllü bağ isə sanki balacalaşmışdı. Adına ona görə “Güllü bağ” deyirdilər ki, orada rəngbərəng müxtəlif güllər əkilərdi. Yayda Şuşanı gəzməyə gələn qonaqların ən gözəl istirahət məkanlarından biri idi Güllü bağ. O rəngbərəng, gözəl ətirli güllər insana xüsusi zövq verirdi. Təəssüf ki, indi o bağı da kol-kos basıb.

Bu möcüzə şəhəri gəzəndə məndə belə bir təəssürat yarandı: Şuşa məhz baxımsızlıq, laqeydlik ucbatından görkəmcə xeyli balacalaşıb.

Bütün bunları telefonda Aqil Abbasa danışanda hiss etdim ki, onun da ürəyi Şuşada, bizim yanımızdadır. Elə oradaca arzuladım ki, inşallah, yaxın zamanlarda keçiriləcək Vaqif Poeziya Günlərinə Aqil Abbasla, xanımı İradə Tuncayla birlikdə gələrik.

1986-cı ildə Xalq şairi Məmməd Arazla birgə Şuşaya gəlişimizi xatırladım. Onunla Cıdır düzünü gəzmiş, İsa bulağına getmişdik. O vaxt Məmməd Araza İsa bulağında bir şeir də yazmışdım. Dedim, Məmməd müəllim, gəlin bulağın üstünə tərəf keçək. Dedi, yox, tanıyan olar. O vaxt Məmməd müəllimin səhhətində problemlər vardı və istəmirdi ki, həmişəki şax, əzəmətli, vüqarlı Məmməd Arazı indi kimsə xəstəhal vəziyyətdə görsün. O hadisəni şeirə çevirmişdim: 

İsa bulağının soyuq suyundan
Yaxın gəl, əyil iç, bu da bir dərman.
Yaxın gəl bir az,
bu səs-küydə səni,

Şair Məmməd Araz, tanıyan olmaz.

Aqilin zəngi həmin illəri, Məmməd Arazla Şuşada keçirdiyimiz o qənimət günü yenidən yadıma saldı…

Radioya dediklərimdən:

Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan xalqının həyatında çox mühüm hadisələrdən biridir. Biz 30 ildir Şuşa həsrətiylə qovrulub yanırdıq. Bu sevinci, bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman əsgərlərimizə, Ali Baş Komandanımıza minnətdarıq. Şuşanın ilahi havasında, Cıdır düzündə, bir vaxtlar böyük mədəniyyət xadimlərimizin gəzdiyi məkanda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqiləri səsləndi, canlı korifeylərimiz Polad Bülbüloğlu, Alim Qasımov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, eləcə də gənc xanəndə və müğənnilərimizin ifaları bizlərə unudulmaz anlar bəxş etdi. Şuşada olmaq, Şuşanın havasını udmaq, belə bir festivalda iştirak eləmək böyük xoşbəxtlik idi. Hesab edirəm ki, hər bir iştirakçının yaddaşında bu gün uzun illər qalacaq və əbədi yaşayacaq. Hazırda Şuşada quruculuq və bərpa işləri sürətlə davam etməkdədir. İnanıram ki, Şuşa qısa müddətdən sonra öz gözəl görkəmiylə bütün ziyarətçilərin könlünü oxşayacaq və Şuşanın timsalında həqiqətən də, “Mədəniyyət paytaxtı” adına layiq, bütün dünyanın sənət adamlarını qəbul edib öz incəsənətimizi, milli-mənəvi dəyərlərimizi təqdim edə biləcəyimiz bir şəhər görəcəyik. Əminəm ki, Prezidentimizin Şuşaya dərin sevgisi nəticəsində Şuşa qədimliyini və özünəməxsusluğunu qorumaqla, həm də müasir və gözəl bir şəhərə çevriləcək. Çünki Şuşanın bərpasının özülü incə zövq və möhkəm sevgi ilə qoyulur.

***

Adı iştirakçılar sırasında olub, üzürlü-üzürsüz səbəbdən Şuşaya gedə bilməyənlərə, təəccüb, təəssüf hissiylə, bir az da incik baxıram. Axı, Şuşanı görmək həsrətiylə yanıb-yaxılan o qədər insanların olduğu halda sən niyə bu yeri boş qoydun?

***

Görünür, bu yarıuçuq evlər arasında, adamsız küçələrdə gəzən Rəşad və bu mənzərə heç vaxt gözümün önündən getməyəcək.

***

Şuşanı məhlə-məhlə, ev-ev, adam-adam tanıyanlar var hələ.

***

Şuşada olmağın verdiyi mənəvi və fiziki güc inanılmazdır. Şuşa ovqatı, Şuşa aurası adamı Bakıda da tərk etmir, güc, enerji getdikcə artır, çoxalır.

***

Ermənilər yaşayan kəndlərdən sırayla, ard-arda keçən, içərisi azərbaycanlılarla dolu 20-dən artıq “Mersedes” markalı mikroavtobuslara baxan bərəlmiş gözlərdən bir ifadə oxunurdu:

Onlar inanmırdılar ki, BİZ QAYIDACAĞIQ.

***

Sonda şeirsiz olmaz

Şuşa

Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.

Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest