Genel

Rəfiqə Qasımqızı –  Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Rəfiqə Qasımqızı

           Şeirlər

 Dünya, səndən nə istədim

Bir az sevinc, bir az gülüş,

dünya, səndən nə istədim,

Aydın səma, bir də günəş,

dünya, səndən nə istədim.

                ***

Gəl üzümə baxma soyuq,

yuva olmaz hər bir oyuq,

diksinib düşmüsən duyuq,

dünya, səndən nə istədim.

                ***

Nələr görüb yorğun gözüm,

sənə hələ çoxdu sözüm,

bir az səbir, bir az dözüm,

Dünya, səndən nə istədim.

              ***

Gülüşümü qaytar dedim,

nə verdinsə onu yedim,

saxlama qoy çıxım gedim,

dünya, səndən nə istədim.

              ***

Günüm keçib qara, ağlı,

çox sınələr qalıb dağlı,

sirrin müəmmalı, bağlı,

dünya, səndən nə istədim.

           ***

Nə mən nökər, nə sən ağa,

döndün, dünya, sən durağa,

yaxanı çəkmə qırağa,

dünya, səndən nə istədim.

          ***

Ağ günüm beş, qarası on,

sözlərimə geydirmə don,

ölüm haqdı, yaxındı son,

dünya, səndən nə istədim.

 Yeni il arzularım

Ömrümün günəş ili,

çağrılaydı kaş adı.

Hamıya pay düşəydi,

sevinc, xoşbəxtlik dadı.

         ***

Qələbə, zəfər bizə,

ömürlük ad olaydı.

Ürəkləri isidən,

tək Günəş- od olaydı.

         ***

Yorulmasın yol gələn,

sayalı ayaqların.

Hər qapıya ərməğan,

gətir, al boyaqları.

           ***

Üzümə zillənməsin,

nə bircə qəmli baxış.

Bir daha bu yerlərə,

yağmasın “leysan yağış”.

        ***

Qoy çırpıb çilikləsin,

külək qəmi, kədəri.

Pay eləsin hamıya,

yeni il xoş qədəri.

           ***

Əskik olmasın sevinc,

nə üzlərdən, nə gözdən.

Ruzi – bərəkət, sağlıq,

asılmasın tək sözdən.

         ***

Xoş niyyətim, xoş arzum,

tək sülh, əmin-amanlıq.

Xalqım daha heç kəsdən,

görməsin bir yamanlıq.

             ***

Gəl yeni il, açmışıq,

qapıları  taybatay.

Evlərdə barış olsun,

könüllərdə bahar, yay.

Ümidlənim sabaha

Bu da bir ömür idi,

pis-yaxşı yaşamışıq.

Ötənləri xatirə,

adıyla daşımışıq.

               ***

Bəxt ağ atda yüyürüb,

əldə naməlum yazı.

Aldadıb üzə gülüb,

gah razı, gah narazı.

           ***

Bir eşqin son mənzili,

niyə qürbət olsun ki.

Məhəbbət nəğmələri,

niyə qəmli olsun ki.

           ***

Yük altında inləyir,

amma əli boş gedir.

Ah, bu dolanbac yollar,

adamı girinc edir.

          ***

Bu gün yaşayıramsa,

arzularım hələ çox.

Allaha sığınmışam,

hər qapıya getmək yox.

         ***

Durub məktub yazacam,

elə bu gün Allaha.

Mənə düz yol göstərsin,

ümidlənim sabaha.

         Tənha çətir

Qəmli görünürsən tənha qalandan,

duruşun hissimi, ruhumu bölür.

Yağış damcıları sənə toxunub,

param-parça olub bölünüb ölür.

                     ***

Yəqin tənhalıqdan bezən buludun,

ümdə arzusu da qovuşmaq olur.

Yağışa dönməklə təsəlli tapıb,

tökülüb torpağın gözünə dolur.

                     ***

Gözlə sahibini tək qalan çətir,

gözlə, dözə bilsən sən neçə illər.

Onsuz yan yörəndən ötüb keçəcək,

laqeyid insanlar, laqeyid əllər.

                     ***

Ömrünə güvənib heç ərk eləmə,

elə vəfasızı ömür doğulur.

Dəniz sevdasıyla qovrulan çaylar,

özünü dənizə atıb boğulur.

                     ***

Daha gözləmə ki, qoruyacaqsan,

kimsəni yağışdan, günəşdən bəlkə.

Vətəninə dönüb ölməyə  gələn,

qoyur uzaqlarda bir qərib ölkə.

 Nur yağır

Qəfil yağan yağışdan,

diksinər çəmən, çiçək.

Kəndimizin qızları,

yağışdan sonra göyçək.

              ***

Yuyur dərəni, dağı,

canlanır ana torpaq.

Şimşəklərin əmrinə,

baş əyməz bircə yarpaq.

          ***

Buludların gözündən,

damla-damla nur yağır.

Yağış hər yerdən sanki,

kəndimizə  gur yağır.

         ***

Qəlbimə fərəh verir,

allı,güllü naxışlar.

Kaş xəbis ürəkləri,

tez-tez yuya yağışlar.

            ***

Yağış yuyub aparsın,

nə dərd qalsın, nə qada.

Niyyətim xoşbəxt görmək,

insanları dünyada.

    Şahid oldum

Çiçəklərin önündə mən,

durdum sayqı duruşuna.

Şahid oldum bir çiçəyin,

küləklərlə vuruşuna.

            ***

Döyüşlərdə haldan düşüb,

yenilməyib amma yenə.

İllərə yük olan ömrə,

divan qurur dönə-dönə.

            ***

Ağacları yıxan külək,

bir çiçəyə güc edəmməz.

Çünki kökü torpağımda,

külək belə suç  edəmməz.

            ***

Torpağıma yad bir çiçək,

gəlib düşər, amma solar.

Hər gələnə qucaq açsa,

yadellilər gəlib dolar.

            ***

Gərək torpaq qəbul edə,

çörəyimi hər yeyəni.

Torpağım heç qəbul etməz,

vətənə zor eləyəni.

           ***

Əsli, kökü yurda bağlı,

olur, bitən hər çiçəyin.

Qəlbən vətən torpağına,

bağlanıbdı hər ürəyim.

Xəzəldən nə yaraşıq

Səbrimi dəstəkləyər,

atlas olan yarpağı.

Ruh halı qaralanda,

üstün bilər torpağı.

             ***

Sərçələr şərik olmaz,

dərdinə yarpaqların.

Xəzəldən nə yaraşıq,

üzünə torpaqların.

         ***

Yoxuş yollara bəzək,

uymuşam xəyallara.

Yeni doğulan ruhum,

həvva hara, mən hara.

             ***

Bir budağı ağacın,

ruhuma həyan olar.

Pıçıldaşsa yarpaqlar,

sirlərim bəyan olar.

           ***

Yayılar göy üzünə,

təəssüf, kaş nidası.

Qurtarar son pərdədə,

möhtəşəmlik ədası.

              ***

Niyə toplanmır fikrim,

günah olar intihar.

Üç-beş günlük dünyada,

ömür dadlı bir nübar.

Bənövşə

Çiçək aldanıb yenə,

açılıbdı bu səhər.

Pəjmürdə halı dəyir,

gözlərimə bir təhər.

            ***

Gözəl gözlü bənövşəm,

niyə əydin boynunu?

Yoxsa sən də  uduzdun,

oum, qalım oynunu.

            ***

Səni yenə baharın,

parıltlsı aldadıb?

Özü bivec dünyanın,

yalanları bal dadıb?

           ***

Ləçəklərin büzüşüb,

yatmadın naz balışda.

Səni aldadıb yenə,

bivaxt yağan yağış da.

           ***

Əlində deyil axı,

bu dünyaya gəlməyin.

Sənə dünya öyrədib,

gülə- gülə ölməyi?

          ***

Gözəl doğulmaq özü,

olurmuş başa bəla.

Öz bəxtinin qınağı,

salıb səni nə hala.

          ***

Aldanma nəğmələrə,

adın göyə cızılıb.

Bir də gəlmə dünyaya,

nəğmədir də yazılıb.

Bunun adı sevgidir

Nur çiləsə təbəssüm,

gözlərinə, üzünə.

Çiyin-çiyinə dursan,

qüvvət gəlsə dizinə,

Bunun adı sevgidir.

           ***

Duman dağdan sürünsə,

Qəm gülüşə bürünsə,

Dünya gözəl görünsə,

Bunun adı sevgidir

         ***

Ahəngi, adı birsə,

şirinin dadı birsə,

doğması yadı birsə,

alışan odu birsə,

bunun adı sevgidir.

            ***

Görəndə göz gülürsə,

öpəndə üz gülürsə,

yolunda iz gülürsə,

dilində söz gülürsə,

bunun adı sevgidir.

          ***

Yalan şərəf gətirməz,

ürək yanlış ötürməz,

insan haqqı itirməz,

müqəddəs çirk götürməz,

bunun adı sevgidir.

            ***

Hər əməli  dadlı bar,

ürəksizə dünya dar,

dağ başında qalar qar,

dünya elə dadlanar,

bunun adı sevgidir.

Dünya, məni aldatdın

Mümkündürmü həyatı,

elə belə yaşamaq.

Səhvsiz, günahsız olmur,

insan adı daşımaq.

         ***

Üzü nurlu körpə də,

hərdən qatır aranı.

Nurani bir qoca da,

qatır ağla qaranı.

         ***

Dünya dayanacaqdır,

kimlər daldalanmayıb.

Ömür dedik yaşadıq,

ehh.. kimlər aldanmayıb.

         ***

Gah qəpiklə, quruşla,

mücadilə apardıq.

Ölüm yada düşmədi,

ucuz hay-küy qopardıq.

         ***

Yenə qaşqabaqlısan,

balıma zəhər qatdın.

Hər günə məcun deyib,

dünya, məni aldatdın.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest