GenelKırım TarihiKültür SanatTürk Dünyası

ANAR – Azərbaycanın Xalq Yazıçısı

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

anar
anar

Azərbaycanın Xalq Yazıçısı

Yaralı xalqın nisgilli yazarı

cengiz dagci
cengiz dagci

Krım tatarlarının böyük yazıçısı Çingiz Dağçı haqqında 

 Baxçasaray güzarım,

Həm sevib, həm bəzərim.

Səndən ayrı düşərsəm

Atəş olsun məzarım.

Krım tatarlarının böyük yazıçısı Çingiz Dağçı (1919-2011) bu başıbəlalı xalqın taleyini həm öz şəxsi həyatında, həm də yaradıcılığında yaşamış faciəvi bir şəxsiyyətdir. Adını ilk dəfə Türkiyədə eşitdiyim Ç.Dağçının bəzi əsərləriylə, özəlliklə avtobioqrafik “Yurdunu qeyb edən adam” romanıyla tanışlıqdan sonra bu yazıçı barədə nəsə yazmaq istədim. Amma müxtəlif səbəblərdən bu niyyətimi uzun zaman həyat keçirə bilmədim.

Bu günlərdə “525-ci qəzet”də (25 noyabr 2023) görkəmli alimimiz Vilayət Quliyevin “Çingiz Dağçı fenomeni” adlı yazısıyla tanış olarkən bu əsgi niyyətimi mütləq həyata keçirmək istədim.

“Çingiz Dağçı fenomeni” essesi məni həm bilmədiyim bir çox faktlarla tanış etdi, həm də müəyyən qədər çətinliyə saldı. Bir çox hallarda eyni məxəzlərdən faydalandığım üçün necə edəsən ki, həm bu mühüm məqamların üstündə durasan, eyni zamanda Vilayətin dəyərli yazısını təkrar etməyəsən?

Odur ki, V.Quliyevin yazısında təbii ki, olmayan bir məsələdən başlayıram.

Bizim ailədə Krım tatarlarına, onların acı talelərinə xüsusi həssas münasibət vardı. Otuzuncu illərdə, hələ Krım tatarlarının öz əzəli torpaqlarında az-çox rahat yaşadıqları illərdə atam da, anam da oradakı Yarıdıcılıq evlərində dincəlmişdilər və ruhən bizə çox doğma olan, dilini dilimiz kimi anladığımız bu xalqa qəlbən bağlanmışdılar. Atam mənə həsr etdiyi iki şeirini müxtəlif vaxtlarda məhz Krımda yazıb. Mən bir yaşında olarkən mənə həsr etdiyi “Yadıma düşdü” rədifli şeirini Yaltada yazmışdı. Bir neçə il sonra Krım İkinci dünya hərbinin odu-alovu içində çırpınanda burada çıxan ordu qəzetinin hərbi müxbiri kimi Rəsul Rzanın Kerçdə yazdığı bir neçə şeirinin içində 4 yaşlı oğlunun ad gününə həsr etdiyi şeir də vardı.

Krım cəbhəsindən qəzetlərə yolladığı yazılarda, “Leytenant Bayramın gündəliyi” povestində, anama göndərdiyi məktublarda vəhşi alman təcavüzünə məruz qalmış Krımın dəhşətli mənzərələri əks olunur.

Ömrünün son ilində – 1981-ci ildə də Rəsul Rza “Krım xatirələri” adlı silsilə şeirlər yazır, müharibə illərinin döyüşən Krımda keçən ağır günlərini xatırlayır. Atamın “Krım” adlı bir şeiri də var və bu şeirin altında yazılma tarixi belə göstərilir: 1945-1961.

O qədər də uzun olmayan bu şeir 16 il ərzindəmi yazılıb? İzahı çox sadədir. 1945-ci ildə Krım haqqında yazdığı şeirə 1961-ci ildə iki misra əlavə edib:

Neçə-neçə evladın həsrətinə yanırsan,

Daş olsaydın ərirdin, torpaqsan dayanırsan.

 Aydındır ki, bu beyt doğma torpaqlarından didərgin salınmış biçarə Krım tatarlarının aqibətinə işarədir.

Krım tatar xalqının sürgün faciəsi ailəmizdə ovunmaz Türkiyə həsrəti kimi qövr eləyən mövzulardandır.

Gənclik illərində dəfələrlə Krımda olmuş Nigar Rəfibəyli bu yarımadanın təbiət löhvələrindən elə canlı şəkildə danışırdı ki, sanki o vaxt hələ görmədiyim Ayudağını (Ayı dağı), Çadır dağını, Uçan su şəlaləsini, Aypetrini (Ay bədri), Koktebeli (Köytəpəeli) öz gözlərimlə görürdüm. İlk dəfə Krıma avtomobil yoluyla gələn anam danışırdı: – bomboz səhra, göz oxşayan bir ot, bir ağac yox… Və birdən Baydar qapılarından keçirsən və qarşında füsunkar mənzərə açılır – yamyaşıl meşələrə bürünmüş dağlar, mavidən mavi dəniz…

Anam Krımdan yaddaşında gətirdiyi bir neçə xalq mahnısını hərdən həzin səslə zümzümə edərdi:

Gəlinə bax gəlinə,

Əlin qoyub belinə.

Gəlinə söz deməyin,

Küsər gedər elinə.

Yaxud başqa bir mahnı

Qədifə biçim-biçim,

Ölürəm sənin için.

Dostlarım düşmən oldu

Səni sevdiyim için.

Və nəhayət, bir mahnı da ki, onun sözlərini təkrar edəndə kövrəlirəm:

Baxçasaray güzarım

Həm sevib, həm bəzərim.

Səndən ayrı düşərsəm

Atəş olsun məzarım.

Haçansa bu mahnını yaradan xalq düşünə bilərdimi ki, bir vaxt cəlladların hökmüylə Baxçasarayından uzaq düşən insanların məzarları atəşə dönəcək.

Və mən həmin mahnını anamın dilindən dinləyərkən düşünə bilərdimmi ki, haçansa bu faciəvi sözləri Çingiz Dağçı haqqında yazdığım mətnə epiqraf qoyacam?

Çingiz Dağçının müfəssəl bioqrafiyasıyla türkiyəli tədqiqatçı İsa Kocakaplanın “Krımdan Londraya. Çengiz Dağçı” kitabı vasitəsiylə tanış oldum. Kitab yazıçının həyatına, şəxsiyyətinə, sənətinə, fikirlərinə və əsərlərinin, özəlliklə dörd romanının – “Qorxunc illər”, “Yurdunu qeyb edən adam”, “Onlar da insandır” və “O torpaqlar bizimdir” romanlarının geniş təhlilinə həsr olunub.

Kitabın ilk səhifələrində Çingiz Dağçının tədqiqatçısına yolladığı məktub verilir:

“Sayın İsa Kocakaplan! Əsərlərimin incələndiyi kitabınızı aldım. Böyük, böyük olduğu qədər də xoş bir sürpriz oldu. Gerçəkdən bəklənmədikdi (gözlənilməzdi) mənim üçün. Sizə nasıl təşəkkür edəcəyimi bilmiyorum. Əsərlərimin Türkiyə ədəbiyyatı çərçivəsi içində və bu şəkildə dəyərləndirilməsi ayrı bir önəm daşır mənim üçün. Əskik olmayın”.

İ.Kocakaplan kitabının Birinci bölümündə Krım tarixinin qısa xülasəsini verir. Yazıçının öz taleyini və yaradıcılığını dərk etmək baxımından xalqının başıbəlalı keçmişinə nəzər atmaq önəmlidir. Bu xülasədən bəzi parçaları gətirirəm:

“Krım xanlığı 1478-ci ildə Krım xanı Məngli Giray xandan başlayaraq 1774-cü il 21 temmuz (iyul) tarixində Rusiya ilə imzalanan Küçük Qaynarca anlaşmasına qədər Osmanlı Dövlətinə bağlı qalmışdır. Bu anlaşmaya görə Krım bağımsız (müstəqil) dövlət statusuna malik olur”.

Aydındır ki, bu “bağımsızlıq” oyunu ənənəvi rus siyasətinin növbəti tələsidir – məqsəd “müstəqil” Krımı əvvəlcə Osmanlı Dövlətindən qoparmaq, az sonra isə Rusiyaya qatmaqdır. Belə də olur. İsa Koçakaplan davam edir:

“Krım xanlığının bağımsızlıq dönəmi fazla sürmədi. Son Krım xanı Şahin Giray ruslara heyran birisiydi. Xalq ayaqlandı (üsyan etdi) və onu xanlıqdan endirdi (1782). Şahin Giray Rusiyaya qaçdı. Bir rus ordusu ilə birlikdə təkrar Krıma girdi və taxta oturdu (1783)”.

Əsrdən əsrə rus siyasətinin qonşularla rəftar modeli necə də eyni şəkildə təkrar olunur! Yenə Kocakaplandan sitat:

“Bir sıra sonra general Potyomkin 70 min əsgərlə bütün Krımı işğal etdi, Potyomkin kraliça II Yekaterinaya “Krımın Rusiyaya ilhaq edildiyini bildirən” bir kaç (bir neçə) ay öncədən hazırlanmış bəyannaməsini oxudu.

(9 temmuz 1783). Şahin Giray xanlıqdan alındı. Bir kaç il sonra ruslardan gördüyü ağır müamilələrə dayanmayaraq (dözməyərək) Osmanlı Dövlətinə sığındı. Rodos adasında 4 sənə sürgün hayatı yaşadıqdan sonra edam edildi”.

Bu da tanış aqibətdir, deyilmi?

“1897-ci ildə ruslar tərəfindən yapılan nüfuz sayımı sonuclarna görə Krımda 200 mini aşkın tatar nüfuzu (əhalisi) bulunurdu. 1904-1905 rus-yapon savaşının Rusiyanın yenilməsiylə sonuclanması Rusiyada ayaqlanmalara və genel qrevlərə (ümumi tətillərə) yol açdı. 30 ekim (oktyabr) 1905 tarixli fərmanıyla Çar II Nikolay seçilmiş millət vəkillərindən ibarət olan bir məclisin qurulmasına və söz, vicdan, toplanma və dərnək qurma (təşkilatlanma) hürriyyətini qəbul və elan etdi. 1 eylül (sentyabr) 1906 tarixləri arasında Nijni Novqorodda Üçüncü Bütün Rusiya müsəlmanları Konqresi toplandı. Konqresdə “İttifaqı müslimin” adıyla bir partiya qurulması qəbul edildi”. Partiyanın Mərkəzi Komitəsinə seçilən 15 üzv arasında İsmayıl Qaspıralı, Abdurrəşid İbrahim, Yusif Akçura və başqaları vardı.

Daha sonra İ.Kocakaplan yazır ki, 1917-ci ilin Oktyabr bolşevik çevrilişindən sonra 1917-ci ilin 9 dekabrında Baxçasarayda Krım-tatar Milli Parlamenti toplanır və həmin ayın 26-da Krım Demokratik Cümhuriyyətini elan edir. Amma Krım-tatar xalqının həqiqi müstəqillik sevinci çox çəkmədi. Birinci dünya müharibəsi zamanı – 1918-ci ilin may ayında Krımı almanlar işğal edirlər, Almanlar məğlubiyyətə uğrayandan sonra isə Krımda Ağ qvardiya generalları Vrangel və Denikinlə Qızıl ordunun qanlı savaşları başlanır. Bolşeviklər zəfər çalandan sonra Krım Demokratik Respublikasının rəhbərlərini güllələyirlər. 1921-ci il oktyabrın 18-də Rusiya tərkibində Krım Muxtar Respublikası elan edilir. Rəsmi dil türkcə olur. Krımın Mərkəzi İcra Komitəsinin sədri Vəli İbrahim kasıb kəndlilərə torpaq ayırdığı üçün və yəhudilərin Krımda yerləşdirilməsinin əleyhinə olduğu üçün edam edilir.

(40-cı illərin ikinci yarısında yəhudilərə Krımda muxtariyyət verilməsi təklifini irəli sürdüklərinə görə bu xalqın bir çox görkəmli nümayəndələri Stalin rejimi tərəfindən qətl edildi).

40 min Krım tatarı isə hələ 1928-1931-ci ildə sürgün edilir. 1933-1938-ci illər arasında Krımda kütləvi qətliam baş verir.

Axı bu bədbəxt Krım tatar xalqının günahı nəydi ki, başına belə oyunlar açılırdı? Günahı doğma yurdlarının belə cazibədar olmasıydı, mülayim iqlimi, isti dənizi, səfalı sularıydı və bütün bunlara tamah salanların iştahıydı.

İkinci Dünya müharibəsi illərində Krımı alman faşistləri tutur. 128 tatar kəndini yerlə-yeksan edirlər. Müharibə SSRİ-nin zəfəriylə bitəndən sonra isə, daha doğrusu, qələbə ərəfəsində 1944-cü il mayın 18-də vətənə xəyanət suçuyla bütün Krım tatar xalqı 15 dəqiqə ərzində mal-qara vaqonlarına doldurulub Qazaxıstana və Özbəkistana sürgün edilir. Aralarında 70 yaşlı qocalar, qadınlar, uşaqlar da olan Krım tatarlarından 118789 insan sürgün yollarında tələf oldular. Krımda tatarlara aid bütün yer adları dəyişdirildi, məzarları dağıdıldı. Müharibə iştirakçısı, İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış döyüşçünün yalnız büstünü saxlamışdılar – iki dəfə qəhrəman adına layiq görülmüş insanlara qanuna görə büst qoyulduğuna görəmi ya haçansa bu torpaqda yaşamış xalqdan bir nam nişani kimimi? 1945-ci il iyulun 30-da Krım Muxtar Sovet Sosialist Respublikası fərmanla ləğv olunur. 1954-cü ildə isə Xruşşov əsl əsgi sahiblərindən “təmizlənmiş” Krımı fərmansız-filansız cəm halında Rusiya adından Ukraynaya hədiyyə etmişdi. Ta bizim günlərdə Rusiya “hədiyyəsini” geri alana qədər Krım Ukraynanın tərkibində idi.

Özbəkistana sürgün edilmiş Krım tatar şairi Xalid Rizo mənə danışırdı ki orda məskunlaşmış krımlılara şeirində “dəniz” sözünü işlətmək yasaq edilibmiş. “Özbəkistanda dəniz yoxdur. Dənizdən yazırsansa Qara dənizi, deməli, Krımı nəzərdə tutursan. Krımı isə bir dəfəlik unutmalısınız”.

Amansız və acımasız Stalin rejiminin dədə-baba yurd-yuvalarından didərgin salınmış, başqa xalqlara Xruşşov yumşalma dövründə öz doğma torpaqlarına qayıtmağa, inzibatı quruluşlarını bərpa etməyə izin verildi. Sürgünlərdən Vətənlərinə dönmüş Qaraçay Balkarlar, Çeçenlər, İnquşlar öz inzibatı vahidlərini bərpa etdilər, amma Məshəti (Ahıska) türklərinə və Krım tatarlarına bu tətbiq olunmadı.

Krım tatarları qismən öz doğma yurdlarına qayıtsalar da, əsgi Muxtar Respublika statusunun bərpa olunmasına izin verilmədi. Belə cənnət məkanın bu qədər qolu zorlu müştərisi olduğu halda onu əsl sahibinə qaytarmaq mümkündürmü? Bu gün 2 milyon beş yüz mindən artıq əhalisi olan Krımda tatarlar yalnız 8 faizi təşkil edirlər.

Bax belə bir müztərib xalqın oğlu və yazıçısıydı Çingiz Dağçı. Özü etiraf edirdi ki, Krım tatarlarının başqa gözəl yazıçıları da var. Amma onun qədər – Çingiz Dağçı qədər – xalqının taleyini yaşamış və yazmış ikinci bir müəllif yoxdur.

Doğrudan da, tək Çingiz Dağçının deyil, ailəsinin də aqibəti Krım tatarlarının bütün məşəqqətli taleyini əks etdirir. Atası Əmir Hüseyn Dağçı ilk dəfə 1931-ci ilin qışında həbs olunur və həmin ilin baharında azad edilir. Suçu nəymiş? Bu sorunun cavabını Çingiz Dağçının romanında tapmaq olar. 

Çingiz Dağçının iki romanının baş qəhrəmanı Sadiq Turan yazıçının özünün prototipi, alter eqosudur. “Yurdunu qeyb edən adam” romanında Sadiqin atasını tuturlar. Sovet əsgərləri çadırlarını tatar kəndinin qəbirstanlığında qurub orda məskunlaşıblarmış. Təbii ehtiyaclarını ödəmək üçün də məzarları murdarlayıblar. Əsgərlər çəkilib gedəndən sonra Sadiqin atası məzarları təmizləyənlərdən olur. “Cinayəti” də elə buymuş, buna görə həbs edilibmiş. Yəqin ki, elə Çingiz Dağçının atasının da suçu buymuş.

Yazıçının üç qardaşı və dörd bacısı varmış. Az qala hamısı – ixtiyar ata və anaları kimi – 1944-cü ildə vətənlərindən didərgin salınır və sürgündə dünyalarını dəyişirlər.

Çingiz Dağçı 1937-ci ildə Ağ məscid (Simferopol) şəhərində Pedaqoji İnstituta girir. 1940-cı il dekabrın 22-ə ordu sıralarına çağrılır. Müharibənin elə ilk ilində -1941-ci il avqust ayında almanlara əsir düşür, həbs düşərgəsinə gətirilir. “Qorxunc illər” romanında təsvir etdiyi cəhənnəm həyatı başlanır.

Bu cəhənnəm illərini yaşamış Sadiq Turan – romanlarının baş qəhrəmanı – almanların təşəbbüsüylə qurulmuş “Türküstan” silahlı qüvvələrinin döyüşçüsü, hətta komandanlarından biri olur. Bu seçimini SadiqTuran belə izah edir ki, əks halda türk müsəlman əsilli əsgərlərin hamsının aqibəti ölüm düşərgələri və qaz sobaları olacaqdı. Amma Sadiqin də, başqa arkadaşları kimi seçiminin əsas səbəbi tək ölüm qorxusu deyildi, həm də sadəlöhv ümidləri idi. Onları – aldatmışdılar ki, almanların yardımıyla türk, müsəlman xalqları – Türküstanda, Qafqazda, İdil-Uralda, və əlbəttə, Krımda bolşevik əsarətindən xilas olacaq, öz müstəqil həyatlarını yaşayacaqlar. Çingiz Dağçının romanlarında əsas faciə ondan ibarətdir ki, sovet zülmündən xilası almanlarda görənlər iki qat aldanırmışlar, romanlarda alman faşistlərinin, hətta onların tərəfində döyüşən türk-tatarlarla rəftarı qəddarlığın ən ağır şəklidir. “Yurdunu qeyb edən adam” romanında “Türküstan” döyüşçülərinin SS-çilərin təhrikiylə öz sıralarından olan dostlarını güllələməyə məcbur olunmaları əsərin ən təsirli səhnələrindəndir.

Bu dözülməz gerçəkliyi öz taleyində yaşamış Çingiz Dağçı müharibənin son illərində həm almanlarla, həm sovet qoşunlarıyla  savaşan polyak ordusuna – general Andersin ordusuna qoşulur. “Ölüm və qorxu günləri” romanında təsvir olunan hadisələr Çingiz Dağçının Polşada yaşadığı günlərlə bağlıdır.

Romanda Tereza adıyla təqdim olunan polyak qızı yəqin ki, real həyatda Çingiz bəyin Polşada rastlaşdığı və sonra onun arvadı olmuş Reginanın prototipidir. Varşavada tanış olduğu Reginayla 1945-ci ilin iyun ayında evlənirlər. 1946-ci ildə general Andersin gəmisiylə – başqa Şərqi Avropa mühacirləriylə bir yerdə İngiltərəyə gedirlər. Bütün iztirablı illərdən keçəndən sonra ömrünün qalan dövrünü Çingiz Dağçı rahat ailə mühitində İngiltərədə yaşayır. 1946-cı ildə Çingizlə Reginanın adını Arzu qoyduqları qızları dünyaya gəlir. Çingiz bəydən daha əvvəl vəfat etmiş Regina 53 il ərzində yazıçının sadiq və vəfalı həyat yoldaşı olur, Londonda ən yaxın insanı, köməkçisi, əsərlərinin yaranmasına şərait yaradan Reginaya minnətdarlıq hissiylə Ç.Dağçı yazır: “Regina anam kimi, Regina sevgilim kimi, Regina “Anama məktubları”nda (əsərinin adıdır) Xalidə kimidir”.

Ədəbiyyat sahəsində uğurlarına qədər İngiltərədə də çox çətinlikləri olub. 1946-cı ildən 1949-cu ilə qədər başqalarının əli altında işləmiş, o ildən sonra isə alt mərtəbəsi lokanta olan ikimərtəbəli evində həm yaşamaq parasını qazanmış, həm romanlarını yazmışdır. Səhərin erkən saatlarından axşam səkkizə qədər lokantada çalışır, sonra gecənin gec saatlarına qədər romanlarını yazırmış.

İsa Kocakaplan yazır:

“Polonyalı (polşalı) yazar Çeslav Miloşun bir cümləsi Londonda Çingiz Dağçını dərindən düşündürəcəkdir. Bir yazar üçün əsər verə bilmənin ən qiymətli və temel ünsürü dili bula bilməkdir. Çingiz Dağçı əsərlərini Türkiyə türkcəsi ilə yazır. Bunda Krımın yalı boyunda (Qara dəniz sahilində) konuşulan dilin Türkiyə türkcəsinə yaxın olmasının əlbəttə payı vardır”.

Bu sözlərə onu da əlavə etmək olar ki Çingiz Dağçının əsərləri də ilk öncə Türkiyədə tanınmağa başlamışdır.

Yazıçının Çingiz xana həsr olunmuş “Gənc Timuçin” adlı yalnız bir tarixi romanı var (1969). Bir romanı isə sırf İngiltərə həyatındandır: “Bay Markus Burtonun köpəyi” (1998), İki romanı – “Onlar da insandır” (1958) və “O torpaqlar bizimdir” (1966) Krım tatarlarının kənd həyatındandır.

Bu əsərləri təəssüf ki, oxumamışam. Onlar haqqında məlumatları da İsa Kocakaplanın kitabından almışam. Oxuduğum üç romanı isə yazıçının Polşadakı həyatından bəhs edən “Ölüm və qorxu günləri” (1962) və müəllifin prototipi Sadiq Turanın (və deməli, özünün) və xalqının müharibə illərində başına gələnləri təsvir edən “Qorxunc illər” (1956) və “Yurdunu qeyb edən adam” (1957) əsərləridir.

Yazıçının ilk romanlarından olan “Qorxunc illər”in baş qəhrəmanı Sadiq Turan müəllifin özü kimi müharibənin elə ilk aylarında almanlara əsir düşür, məhbuslar düşərgəsinə gətirilir. Bu düşərgədə yerlilərindən – “həmşəri”lərindən birini arayır. “Krımlılar deyə bağırdığında kəndisinə cavab verən olmaz. Üçüncü bağırışında Azərbaycanlı bir türk ona Krımlı olaraq kimsəni bulamayacağını söyləyir”. Amma İsgəndər isimli bir krımlını bulacağını Sadiq yenə Azərbaycanlıdan öyrənir.

Romanda adı çəkilməyən, sadəcə Azərbaycanlı kimi keçən personaj Sadiqin yaddaşında ancaq xeyirxahlığıyla qalır. O, əsl türk vətənpərvəri və türk təəssübkeşidir. Əsgi sovet respublikalarından olan türk xalqlarının nümayəndələrini toplamağa, xilas etməyə çalışır. Hətta yəhudiləri də qurtarmağa cəhd edir. Bu təşəbbüslərinə görə almanlar onu güllələyirlər.

Krım tatarlarının bolşevik istilasına qarşı etirazları romanda Sadiq Turanın diliylə belə ifadə olunmuşdur:

“Yalanla məmləkətimizi istila etdiniz. Himayənizə girməklə torpaqlarımız, malımız, dinimiz qorunacaq deyə sizdən öncəkilər söz verdilər. Təslim olduq. O millət yurdunu hər şeydən cox sevdiyindən təslim oldu. Silahlarımızı buraxdıq. Bəs siz? Məmləkətə gəldiyiniz gündən bəri o torpaq qan içindədi. Minarələrimizi devirdiniz, su kəmərlərimizi, çeşmələrimizi, heykəllərimizi, mərmər saraylarımızı atlarınıza axur yapdınız…. Ömürlərinin son günlərini duayla, namazla keçirmək istəyən ixtiyarlarımızı, səksən yaşlı nənələrimizi heyvan vaqonlarına doldurub həftələrlə pislik, sidik içində Sibiryaya daşıyanlar sizlər deyilmiydiniz?”

Müharibə əsnasında Sadiq Turan Türküstanlı türklərlə – özbəklərlə, qazaxlarla, qırğızlarla, türkmənlərlə də tanış olur. Onlarla təmaslardan bu nəticəni çıxarırlar ki: “Biz ruslar üçün vuruşmayacayıq”. 

Çingiz Dağçı “ruslar” desə də bütöv rus xalqını yox, bolşevik Rusiyasını nəzərdə tutur. Bu barədə fikirlərini çox aydın ifadə etmişdir:

“Heç bir zaman və heç bir romanımda rus düşmənliyiylə çıxmadım yola. Tərsinə, rus xalqına yaxınlıq duyğularıyla açıldı yolum, ədəbi sahədə çalışmalarım. Əslində rus kulturu içindən çıxdım. Rus kulturu və ədəbiyyatıyla bəsləndim. Əsərlərimdə bəzən bilərək, bəzən də fərqində olmadan rus ədəbiyyatının önəmli təsiri oldu. Rus imperializminin gerçəyini sənət əsərləriylə oxucuya duydurmaq rus düşmənliyi sayılmamalıdır. Mənim yazdıqlarımı məndən öncə və məndən çox daha güclü və təsirli şəkildə rus romançıları özləri yazmalıydı. Bu da rus xalqının faydasına olardı. Amma bunu nə Tolstoy, nə Dostoyevski etdi. Əksinə, başqa ünlü romançılar rus olmayan xalqları boyunduruq altında tutmanı Tanrı tərəfindən özlərinə verilən doğal və qutsal bir haqq olduğunu sandılar.

Bir neçə dissident qrupdan başqa rus yazarları Krım tatarlarının, çeçen və digər Quzey Qafqaz xalqlarının torpaqlarından qoparılıb sürülmələrini görməzlikdən və duymazlıqdan gəldilər”.

Romanın faciəvi mayası ondadır ki, bolşevik zülmündən olmazın əzab-əziyyət çəkmiş türk və müsəlman xalqları əvvəl-əvvəl almanların onları bu zülmlərdən xilas edəcəyini sanırlar. Amma çox qısa bir zaman içində – elə müharibənin almanların üstünlüyüylə keçən ilk mərhələsindəcə faşistlərin tamamilə başqa niyyətləri olduqlarını anlayırlar. Almanların məqsədləri heç də “əsir xalqları” azad etmək deyilmiş, onları öz əsarətinə salmaqmış. Qəddarlığa gəldikdə isə Ç.Dağçının romanlarında təsvir olunmuş dəhşətli səhnələrdən aydın olur ki, alman zülmü, SS əzazilliyi NKVD işgəncələrindən də betərmiş. Əyninə alman uniformasını keçirmiş Türküstan və Krım lejionerləri doğma torpaqlarının azadlığı uğrunda vuruşduqlarını zənn edərkən qısa bir zaman ərzində əslində yurdlarının – daha da amansız alman faşist əsarətinə düşməsi yolunda vuruşduqlarını anlayır və Polşanın müqavimət qüvvələrinə qoşularaq silahlarını almanlara qarşı çevirirlər.

“Yurdunu qeyb edən adam” romanında təsvir edilən hadisələr tarixi baxımdan çox ibrətamiz, bədii cəhətdən isə daha təsirlidir. Bu romanın da baş qəhrəmanı Sadiq Turandır.

Müharibənin elə ilk aylarında hələ Krımda yaşayan ailəsi Sadiq Turanın ölüm kağızını alır. Bu da sovet siyasətinin bir üsulu idi. Madam ki, əsir düşüb, deməli, vətən xainidir. Madam ki, xaindir, hələlik özünə əlimiz çatmırsa ailəsini cəzalandıraq, “müjdə” verək ki, oğulları davada həlak olub.

Amma müharibə illərində Sadiq Turanın ölüm kağızından başqa özü də – həm də sağ-salamat Krıma gələ bilir. 

Vətəninə işğalçı ordunun sıralarında daxil olur.

Alman qəsbkarlarının Krımı ağqvardiyaçılardan və bolşeviklərdən də betər günə qoyduqlarını öz gözüylə görür. Müsibətlər çəkmiş ailəsiylə görüşür və … gözlənilməz bir problemlə üzləşir. Kiçik qardaşı Bəkir sovet partizanlarıyla birlikdə dağlara çəkilib almanlara qarşı vuruşur. Alman hərbi libasında olan Sadiqlə partizan qiyafəli Bəkirin gecəyarı gizli görüşü romanın ən təsirli səhnələrindəndir. Bəkir heç cür böyük qardaşının səmimiyyətinə inanmır, onu, Bəkiri pusub tutmaq, almanlara təhvil vermək niyyətiylə görüşə gəldiyini zənn edir.

Krıma alman ordusuyla gəlmiş Sadiq heç cür kiçik qardaşını inandıra bilmir ki, o özü də almanların həqiqi məqsədlərindən və niyyətlərindən agahdır, amma Krıma gəlməkçün başqa imkan olmadığı üçün vətənə gəlməyin bu yolunu seçib. Bəkir heç cür buna inanmır və qardaşından acı sözlərlə ayrılır. Bəkirin sonrakı taleyi romanda açılmır. Krım sovet qoşunları tərəfindən azad edildikdən sonra o da valideynləri, bacı-qardaşları, qohum-əqrəbaları, bütün xalqı kimi doğma torpaqlarından didərgin düşübmü, ya işğal olunmuş ərazidə qalmış, vətən xaini kimi dərhal güllələnibmi?

“Yurdunu qeyb etmiş adam” romanında Sadiq Turan artıq hərb bitdikdən sonra Romada, ölüm-itim təhlükəsi olmayan azad, hürr bir şəhərdə yaşayır.

Qəhrəman həmin qəhrəmandır, onun ovunmaz dərdi, təsəllisiz nisgili də həmindir.

Sadiq Turanın – Çingiz Dağçının ürək parçalayan acı etirafı:

“Yurdunu qeyb edən adam üçün hürriyyətin belə mənasının qalmadığını indi anlayıram. İçində doğulduğun, gülüb oynadığın yerlərdə mənim dilim danışılmayır artıq. Bir zamanlar bu torpaqlarda dilimdə danışan insanların necə olduqlarını da bilmirəm”.

Yaralı xalqın yazarının əbədi nisgili bundandır.

Amma o da var ki, ən dözülməz dərdlərin məlhəmi bu dərdlərin ən azı ədəbiyyat səhifələrində əks olunmasıdır. Bu ulu və müqəddəs yazıçı missiyasıdır və hərbin odundan-alovundan, müdhiş həbs düşərgələrindən keçərək Çingiz Dağçı Qədərin onun boynuna qoyduğu bu vəzifəni layiqincə yerinə yetirib. Doğma xalqının müsibətini yazıb. Doğma yurd-yuvalarından didərgin salınmış, pərən-pərən olub çeşidli yerlərə səpələnmiş xalq Çingiz Dağçının əsərlərində daima və əbədi olaraq öz doğma torpaqlarındadır.

17-20 dekabr 2023

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest