GenelGüncelKültür Sanat

Qulu Ağsəs – Görsən üşüyürsən , yandır özünü

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Qulu AĞSƏS

                Görsən üşüyürsən , yandır özünü

                              ————-

      Hərdən mənə elə gəlir ki, əlimdə qələm, gözümdə eynək doğulmuşam. Qələm də — aydın məsələdir — yazmaq üçündür, eynək bəzən görmək üçün olmasa da…

     Dağların, qayaların mühasirəyə aldığı uzaq bir kənddə dünyaya gəldim.

     Quşlar evlərin damında yaşayır, buludlar yallarda yalmanırdı. Adamlar Günəşi yandırıb işə çıxır, söndürüb yatırdılar. Ağaclar elə sürətlə pöhrələyirdi ki, deyirdin, “qəhrəman ana” olmaq istəyirlər.

      Hələ dəryazı gendən çağıran biçənəklər!

      Hələ nənələrə il uzunu şalvar dalı yamadan Sürüşəkdaş!!

       Hələ kibrit qutusundan mobil telefon (bəşəriyyət çox sonralar bizə gəlib çatacaqdı) düzəltdiyimiz günlər!..

         Hələ… Nə hələ?..

          Bəyəm buna görə şeir yazmağa başladım?..

          Uşaqlar Allahın verən günü qayaya dırmaşırdılar. Əllərində də dəmir çəkic. Qayaların qəlbi yerləri oğlanların yazı stoluydu. Sevdiklərinə ürək sözlərini çəkiclə daşa yazırdılar. Üstündən illər ötəndən sonra məlum olacaqdı ki, qayaya qoşa dırmaşan iki dost bir-birindən xəbərsiz eyni qızın eşqinə külüng vururmuş. Məsələn: “Məmməd + I…..” şəklində. Qızın adını qorxusundan kim bütöv yaza bilərdi! Adamı qayaya mismarlayardılar. Özü də — aşağılara qadın, uşaq da qalxdığından — mütləq zirvəyə dırmaşmalıydın. Sirr açırsan axı! Sirri aşağıya etibar eləmək olmaz! — ancaq Allaha, ona əlin çatmır, qayanın başına! Hə, indi o yerlər əsirlikdədir: o qaya qarışıq, o sirr qarışıq. Hərdən yuxumda kəndə gedirəm, qayaya çıxıram, zirvədəki yazıları çəkiclə latına çevirirəm ki, düşmən sirrimizi bilməsin. “Tak-tarak-tak-tarrra…” Əlimin ufultusuna yerimdən dik atılıram. Yuxumda həmişə sol əlimi əzirəm, ayılandasa görürəm ki, ağrıyan sağ əlimin orta barmağıdır. Qələmin yağır elədiyi yer.

          Amma uşaq vaxtları heç yuxuda da qayaya dırmaşmazdım; keçi deyildim — bu bir, yaxşı oxuyurdum — bu iki, qorxurdum — bu da üç.

         Mən sirrimi varağa yazası oldum, özü də qələmlə. İşin ən yüngülündən yapışdım. Neçə ildir şeir yazıram, deməli, ömrümün çoxunu qaya başında keçirmişəm. Havam çatmayanda yazıram. Çıxıram varaq — qayaya, nəfəsim geniyir. Qolum xamlayanda qələm — çəkicə cumuram. Ona görə kompüterə öyrəşə bilmədim. Ona görə qələmdən ayrılmaq istəmirəm.

         Ona görəmi şeir yazmağa başladım?.. İkinci sinfə təzəcə keçmişdim, böyük qardaşıma dərslərimi, yəqin ki, üçüncü dəfə danışıb qurtarmışdım. Təzədən ağzımı doldururdum ki, Etibar imkan vermədi. Domino oynamağı təklif elədi. Şərtə görə, uduzan şeir yazmalıydı. Qardaşımı uddum. O, bir satirik şeir yazdı. Etibar pis oxuyurdu, o, mənim zənnimcə şeir yaza bilməzdi. Odur ki, ikinci partiya uduzan kimi o biri otağa çəkilib yazmağa başladım. A-ha! Bu, deyəsən, şeirdi. Əlbəttə, şeirdi! Axı mən qardaşımdan ağıllıyam, yaxşı oxuyuram. O yazan — bu yazan. Bakıda çap olundum. Hələ beşinci sinifdə oxuyanda. Çox tez şöhrət qazandım. Hamısı domino oynaya bilməməyin ucbatından.

          Amma ona görəmi şeir yazmağa başladım?..

                           ————————–

          Hərdən soruşurlar: sizcə, Qarabağ Azərbaycan və Türk dünyası üçün nə deməkdir?

        Yaxşı olardı ki, bu suala Azərbaycan cavab versin. Amma Azərbaycan bu suala cavab verə bilməz, çünki Qarabağın yanında Azərbaycanın dili qısadır.

          Yaxşı olardı ki, bu suala Türk dünyası cavab versin. Amma Türk dünyası bu suala cavab verə bilməz. Çünki Qarabağın yanında Türk dünyasının dili qısadır.

           İndi görün Qarabağ Azərbaycan və Türk dünyası üçün nə deməkdir!

           Mənim ana tərəfim azman saz-söz ustası Aşıq Valehə gedib çıxır. Anamın dayısı Azərbaycanın ünlü tarzəni Qurban Pirimovdur. Ata tərəfimsə qaradinməz nəsildir. Onların nəinki yazmaq, heç danışmaqla da arası olmayıb.

        Mən doğulanda atam Ağsəs kişinin əlli üç, anam Səmayə xanımın əlli yaşı olub. İki yaşımda atamı itirmişəm. Ondan mənə qalan yeganə sərvət adıdır: Ağsəs. Təsəvvür eləyin ki, bu kişinin adını qadınlar heç vaxt çəkməzmişlər. Çünki atam arvadlara nə salam verər, nə də onların salamını alarmış. Hətta anamı da “a kişi” deyə çağırarmış.

                               ———————-

           Deyir, bir gün iki köhnə tanış küçədə rastlaşır. Biri o birinə qayıdır ki, nə var, nə yox? İkinci yoxdan başlayır: ev yox, iş yox, pul yox, kef yox…

             Tanışı ona təpinir ki, ə, ürəyimi üzdün, adla vara. Adla adla da! Deyir, borcum var, düşmənim var, azarım var, ayıb olmasın, bir-iki ayıb işim var… Birinci təzədən partlayır: dayan, sən Allah — deyir — sənin varın yoxundan pisdi ki…

            Mənimsə varım çox azdı, yoxum çox çoxdu. Kasıbın da aydındı ki, dili qısa olar. Xəsisliklə çap olunmağın bir səbəbi də budu. Yəni az yazmağım. Həm də jurnal işi yaradıcılığıma əməlli-başlı mane olur. Şeirsə çox qısqancdı, bir ayrı yazıya ondan çox vaxt ayırdınsa, qanın getdi, o da özünə bir yar qaralayacaq, necə ki qaralayır da. Amma… səbəb təkcə bu deyil axı! Təzə nəsə yazmaq, özünü təzədən kəşf eləmək adama həmişəmi nəsib olur?! Bəs aylarla cızığından çıxa bilmədiyin uğursuzluq zolağı? Bəs yolda qəzaya düşən misraların reanimasiya stolunda gözün görə-görə can verməyi? Bəs, Allah, qardaşım, Allah?! Hər şey insanınmı əlindədi. Yox, atam, yox!..

         Bayaq soruşdun ki, nə var, nə yox; Allah var, Allah! Yoxu var, varı yox eləyən…

                             ———————-

              Mən şivədən istifadəyə çox yaxşı baxıram, məsələn, qazaxlıların “dərdiş” sözünü misraya gətirmək şeirin xalq ruhunu bir az da artırır. Amma şivədə yazmağa lüzum görmürəm. Bircə elə o qalıb ki, ədəbiyyatımızı da regionlaşdıraq…

                            ————————-

             Vəziyyət həmişə sonradan yaxşılığa doğru gedir. Ölən ölür, qalan qalır. Bəzən də əksinə: ölən qalır, qalan ölür. Amma hamımızın bir təsəllisi var: “ruhumuz göy qübbəsinin altında qalacaq” deyə… (N.Hikmət), “dünya duracaq yer deyil”. deyə.. (İ.Nəsimi); deyə-deyə duracağıq, susa-susa danışacağıq, baxışlarımızın tirajı indiyəcən çap olunmuş bütün əsərlərin sayını geridə qoyacaq, duyğularımızın auditoriyasında “sükut əl çalacaq” (V.Səmədoğlu) və sonda… ən sonda… baxıb görəcəyik ki, “sənsən hər yer, İlahi”… (Q.Ağsəs).

                                ————————-

              Tərcümeyi-halı Hüseyn Cavidlə üst-üstə düşən ərəb filosof-şairi Cəbran Xəlil Cəbranın bir kəlamında deyilir: “Şairlə alim arasında bir zolaq var. Bu şəffaf zolaqdan əgər alim şairə sarı adlayırsa, o, müdrik, şair alimə tərəf istiqamətlənirsə, o, dahi olur”. Mən həmişə aralıq bir zonada yaşamağın tərəfdarı olmuşam. İki əks qütbün arasında dayanmağa çalışıram. Hətta publisist yazılarımda da öz mövqeyimlə cəmiyyətin mövqeyi arasındakı mövqeyi qələmə almağa cəhd edirəm.   Şeirdə isə Allahla özüm arasında olanları tapıb yazmaq istəyirəm. Bütün bunları deməkdə məqsədim odur ki, yuxu ilə oyanmağım arasındakı müddət ən gözəl bir haldır mənim üçün. Çoxseriyalı, bəzən də rəngli yuxular görürəm. Ona görə də yuxudan adi həyata qayıtmaq mənim üçün çətin olur. Yuxudan ayılıb təzədən həyata qayıtdığıma görə yox, həmin aralıq məsafəyə görə Allaha şükür edirəm. Razılaşdığım bir məsəl də var: “İnsan hər axşam ölür, hər səhər təzədən doğulur”. Yuxu haqqında nə deyirlər-desinlər, o, mənim üçün elə bir əsrarəngiz şeydir ki, heç ayılmaq istəmirəm. Bəzən gerçəkliklə yuxunu səhv salıram. Həyatda gördüklərim mənə yuxu kimi gəlir…

         … Həm də elə istəklərim, arzularım var ki, onları məndən başqa kimsə bilməməlidir. Hətta onları özümə belə danışmaqdan çəkinirəm. Və çox çəkmir ki, həmin istəkləri yuxuda görürəm. Dünyanın heç bir güzgüsü məni yuxudakı kimi göstərə bilməz.Yuxuda düşünülməsinə belə qadağa qoyduğum hisslərimlə, duyğularımla birgə oluram. Hətta onlara əllə toxunuram elə bil. Hesab edin ki, yuxular mənim əsl həyatımdı. Mənim orijinalım yuxularımdadır.

                        ————————

             Yazmağa çox erkən — 9 yaşımdan başlamışam. Onda vərdişdən, vergidən, ilhamdan xəbərim yox idi. Təxminən 6-7 ildən sonra yazmaq məndə “xroniki xəstəliyə” çevrildi. Bir ucdan oxuyub-yazırdım. Sonradan müəllimlər mənə şeir yazmağa qadağa qoydular, çünki dərslərimlə məşğul olmurdum. Müəllimlər məndə psixoloji dəyişiklik yarandığını, get-gedə məktəbdən, adamlardan qorxduğumu hiss etməmiş deyildilər… İynə vurdurmaqdan qorxsam belə, əsgərlikdə olanda dişlərimi çəkdirib qospitalda yatırdım ki, şeir yazmağa vaxtım olsun. Rilkenin “Gənc şairə məktub”unda oxumuşdum: “Əgər hesab edirsənsə ki, yazmaya bilməzsən, özünü yoxla — çəkil ədəbiyyatdan, başqa işlə məşğul ol. Gör əgər yazmaya bilmirsənsə, təzədən qayıt yazmağa”. Bunu oxuyanda çox pis oldum. Hətta bir müddət yazmadım. Yəni bunu vərdiş kimi qəbul eləməyim bəs edəcəkdi ki, bir də əlimə qələm almayım. Amma “yoxlama”dan uğurla çıxdım — təzədən yazmağa baş ladım. Vərdiş — peşəkarlıq yarada bilər. Amma mən peşəkar ola bilmirəm. Ürəyim istəyəndə yazıram, istəməyəndə yox. Ürəyim lap istəyəndə, qışqıranda, məni əldən salanda çalışıram yazım. Ədəbiyyatda, şeirdə belə peşəkarlığı qətiyyən qəbul eləmirəm. Mən jurnalistikaya ona görə bağlandım ki, bədii sözlə heç vaxt pul qazanmayım.

                               ————————–

               Bir vaxtlar, xüsusən Sovet dövründə ədəbiyyat və incəsənətlə bağlı güclü ənənə olduğu üçün ədəbiyyata gələnlərdə seçilmək duyğusu olurdu. Mən özüm də şeirlərimə görə həmişə bütün rayonda tanınmışam, məktəbdə seçilmişəm. İnsanın özünün əlləşib-vuruşması azdır. Gərək onu Tanrı seçsin. Çox populyar adam ola bilərsən, amma Allah səni seçməyə bilər… Zəhmət çəkib əməkdar pambıqçı olmaq mümkündür. Amma yazıçının qabiliyyəti hələ çox kitab oxumaqla, zəhmətlə ölçülmür. Allah sənin “qabına nə qoyubsa”, onunla seçilməyin tərəfdarıyam.

                             ————————-

            Səmimi şəkildə deyirəm bunu: kiminsə mənə dəyər verməsindən sevinməyə bilmirəm, xüsusilə depressiya vaxtı, o məqamda eşidəndə ki, hörmət etdiyim adamlardan biri mənim haqqımda xoş sözlər deyib, deməli, ovqatın növbəti küt zərbəsindən – nokautdan məni xilas etmiş olur. Amma həmişə xoş söz eşitmək fikrində də deyiləm. Və elə bir qələm adamı tanımıram ki, birmənalı şəkildə onun yazılarına baxıb “bundan yoxdur” deyəsən. Yaradıcılıq yol getmək kimidir, məsafə qət etməkdir. Uşaq vaxtı bir şeyə marağım var idi – kəndimizdən görünən “yerlə göyün birləşdiyi” yerə qaçırdım. 3-5 km qaçandan sonra ordan baxırdım ki, indi evimizin yanında göylə yer birləşib. Bir də o üzə gedirdm. Həmişə gedirdim, gedirdim… Heç vaxt yerlə göyün birləşdiyi yerə çata bilmirdim. Mənim üçün Allah da, mütləq həqiqət də, sözün yuvası da ilğım kimi uzaqdadır. Həmişə yerlə göyün birləşdiyi yerə getmək istəyirəm. Və hər dəfə gedəndə görürəm ki, əlim boşa çıxır.

                                  ———————

          Kənar yerdə yazmağı bacarmıram. Şeir yazmaq üçün əlimə qələm alanda özümü paltarsız kimi hiss edirəm, utanıram. Hətta gizlədib bir müddətdən sonra üzə çıxarıram. Normal şəkildə oturub şeir yazım – məndə belə şey olmayıb. Belə deyək, “dəmi gələndə” yazıram. Yaradıcılığımla bağlı qabaqcadan nə isə açıb danışandan sonra heç nə yaza bilmirəm. Görünür, bu, şeirlə ikimizin aramızda olan gizli münasibətdən doğur. Mənim aləmimdə yazı prosesində qələmlə kağızın münasibəti var. Bəlkə də məntiqə uyğun deyil, kağızı qız kimi, qələmi oğlan kimi görürəm. Yazanda elə bilirəm elçilik edirəm, evləndirirəm onları. Toydan sonra, təbii ki, onların balaları olur.

                                —————————

                Məhəbbət yeganə təmənnasız münasibətdir. Burda şərt qoyulmur ki, səni istədiyimə görə məni sevməlisən, sevgi ünvanını, şəklini dəyişə bilir, amma itmir, iti, pişiyi, torpagı, insanı da sevmək olar. Sevgi olmayanda təmənnalı münasibət olur, proporsiya, balanslaşma yaranır. Mən yuxuda uçuram, amma sevəndə elə gerçəkdə də uçuram. Əgər sevgi xəstəlikdirsə, onu hamıya arzulayıram, taundursa, qoy bəşəriyyət ondan məhv olsun. Sevgi ona görə görmür, eşitmir ki, o, dünyanın cazibə qanunundan kənara çıxır.

                           —————————–

                  Fatalist deyiləm, alın yazıma inansam da, məncə, redaktə, düzəlişlər eləmək insanın öz əlindədir. Baxdığım tamaşalarda komediya ilə faciə bir-biri ilə o qədər bağlıdır ki, komediya baxımından ölmək, faciə baxımından sevinmək olur. Amma inanıram ki, bizim yerüstü qanunlarımız Allahın yanında işləmir. Ona görə də Allah bizi bu janrlara aid etməz. Ola bilər ki, daban-dabana bir-birini izləyən qarışıq şeydir alın yazımız. Komediya və faciənin uğurla bir-birini əvəz etdiklərinə inanıram. Yadda qalan isə adam olduğumu unutmamağımdır…

                  Ədəbiyyat su kimi bir şeydi. Dünyanın yetmiş faizi sudu, onun da üç faizi içməli. O üç faizdən ikisi Şimal buzlu okeanında. Qalan bir faiz də aşağıda, yerin altında. Onu da tapmaq lazımdı. Faradey işığı tapana qədər işıq var idi də. Necə olmağından asılı olmayaraq, söz həmişə olur. Bir var, mən on birinci əsrdə yaşayaydım, bir də var, iyirmi birinci əsrdə yaşayıram. Gör nə boyda fərq var. O vaxt sözə təşnəydilər. Sözə əl dəyməmişdilər. Sözlərin hamısı bakirəydi. İndi hansı birinə üz tutursan, görürsən ki, bunu Nizami tapdayıb, Füzuli suya göndərib, Vaqif oynadıb-oynadıb atıb qırağa, Aşıq Valeh Dərbəndə qədər sürüyüb. Bizə indi təkrar emal olunmuş sözlərdən fikir demək qalıb. Söz ağacı da yoxdu. Onu da kəsiblər, gərək kökünə gedəsən. Əlimizə bir dənə söz bayrağı veriblər, çatdırın estafetə. Kim haracan apara bildi – bildi! Nizami səkkiz yüz ildi qaçır, Füzuli beş yüz ildi, Molla Pənah Vaqif üç yüz ilə çatacaq. Əli Kərim yetmiş ildi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest