Qədiməli ƏHMƏD
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Qədiməli ƏHMƏD
SƏNƏ GÖRƏ DEYİL AXI…
Satılan oyuncaq kimi
kimsə almaq istəyər ürəyini.
Sənsə qaçarsan özündən,
qaça bilməzsən
zamanın əzablarından.
Gözlərini sehrləyən,
ayaqlarını buxovlayan
yalançı vədlərdən,
aldadıcı oyunlardan
keçər həyatın.
Bilməzsən,
bir anda
baş verir hər şey-
məhkumluğun da,
azadlığın da…
…sonra
özünə yüyürməyin
uduzmağındı…
Bir qayıt bax,
oyun sənə görə deyil axı…
XATİRƏ ADAMLAR UNUDULANDA
Xatirə adamlar çıxır aradan,
Silinir dünyanın mehri, ülfəti.
Boş küçələr qalır,
kimsəsiz dayanacaqlar,
Bir də
çörək növbəsində duran adamlar…
Bir də ürəklərdə ağrı yerləri…
Hələ də bilmirik kimik, nəçiyik,
Susuruq,
səssizliyimiz yeyir içimizi.
Bu da bir ruzidi əsəbimizə.
Hər şey arxiv olur yaxşı nə varsa…
Günün hesabını vərəqlədikcə
Kimsənin
cibləri isitmir barmaqlarını.
Xatirə adamlar unudulanda
Rəngini- ruyunu dəyişir hər şey…
Xatirə adamlar çıxır aradan,
Yox olur dünyanın tamı, ləzzəti…
SUSDURMA…
Özümlə alışdığım,
yandığım gecələrdə
Söndürmə bu yanğını,
odu göz yaşlarınla.
***
Gecələrdə otaq da
qəfəsdi tənhalara.
Yer-göy sükut içində,
susur küləkləri də…
***
Qoy bir az da yaşayım
gecələri özümdə.
Səsyetməz xəyalları
vərəqləyim gözümdə.
Susdurma gözlərimi…
YAŞAYIRSAN
Qürurunu sındırmaq istəyir
bu zalım zaman.
Sən
ixtiyar yaşındasan,
Saçlarına düşüb qar.
Bilirsən, illərin keşməkeşində
Hər yolun özünün bir xisləti var.
Bir ömür qonaqsan, qonaq,
Bunu axı necə danaq?
Ağrını göndəriş sanaq,
Yoxsa ki, tale işidi?
Sən sevirsən həqiqəti,
Sən sevirsən ədaləti,
Təkcə sən…
Dilənçi həyata atdı
səni bu kirəçi dünya,
Sən hələ də usanmadan
bir sevdayla yaşayırsan…
OCAQ YANIR
Bir ömür də payızına qovuşdu,
Uçan quşlar bir lələk də salmadı.
Kəpənəklər küsüb getdi çəməndən,
Bircəsi də gələn yaza qalmadı.
***
Dürlü-dürlü hala düşdü axşamlar
Bir az ilıq, bir az soyuq havalar.
Sahibləri köçüb gedən evlərtək
Quşsuz qaldı bağlı qalan yuvalar.
***
Bu duyğu da belə gəldi misraya ,
Ocaq yanır, buxarlanır sanki vaxt.
İllər keçir bu qəribə zamanda,
Yaşamırıq, vaxt keçirik baxtabaxt.
Bir ömür də payızına qovuşdu…
SÖZARDI
Bu da şeirlərimə
sözardıdı, deyəsən,
Yolçutək yorğun düşüb yolların
ayağında.
Dostdan, həbibdən keçib,
Loğmandan, təbibdən keçib,
Çarə yox tənhalığına…
Bir ömrün qapısında
Qocalır ,
Can çürüdür.
Günlər keçir içindən
dəmir barmaqlıq kimi.
Təkcə
ağacların duasına sığınıb,
Quşların nəğməsinə
ovunub baxışları…
Ayrılıqdı,
ölümdü müharibə yolları,
Bir əsgərin yollarda düşən çəkmələridi,
içindəki barmaqlar yeriyir qan içində.
Uşaqlar hələ diksinir silahların səsinə…
MÜHARİBƏ UŞAQLARINA…
Sənin taleyindi demirəm buna,
Dünyanın suçudu,
soyuq dünyanın…
Qətlinə yazdığı ölüm hökmüdü…
Gözlərində ağrıları unudub,
Yuxusuz gecələrə
sinəsini qucaq edib vaxt.
Məzarların balacası,
göyçəyi səninki…
Baxıb sənə
utanmır,
usanmır ölüm mələyi…
Mənsə durub baxıram,
içimdə yanır səsim …
DÜNYAYLA BAŞ-BAŞA
Meşələrin saralmaq,
Quşların ovlanmaq,
Adamların
qocalmaq dərdləri var…
Bu sevdalı yollar keçir
günəşli dayanacaqlardan,
Sonda günün bitməsi var…
Silahların səsi bitmir,
Mövsümüdü ümidlərə
ölüm yazan əllərin.
Mən dünyayla baş-başayam
savaşlara nifrətimlə.
O ixtiyar,
o cavan da,
o uşaq da
bu zamanla ağrıyır.
Əllərini göyə açıb,
Allah-deyib, çağırır…
Dayan, “dostum “,
Sən dünyanın yiyəsi ki deyilsən…
BİR ŞEİR YAZMIŞDIN
Sənin baxışında ümid var hələ,
Nədənsə göylərə duası yetmir.
Solur yarpaq-yarpaq tale ağacın,
Qəmin ağrıları içindən getmir.
***
Bir şeir yazmışdın ötən zamanda,
Çölü qürbət idi, içi vətəndi.
İsinə bilmirsən yad məmləkətdə,
Qəlbində vətənin gülü bitəndi.
***
Bu payız da yağır ağ saçlarına,
Təkliyin önündə nə əyil, nə sın.
İnanma, şairim, doğmalar, yadlar,
Uzaqlar, yaxınlar səni unutsun.
***
Bu bitən payızın rəngi başqadı,
Hələ ki son yarpaq durur budaqda.
Bir ümid şeiriydi o vaxt yazdığın,
Həsrət nəğməsidi indi dodaqda…
VƏ YOL KEÇƏR…
Və yol keçər ayrılıqdan
o tərəfə,
Görəcəksən,
hamı gedib,
yol lal qalıb.
Taleyinə acı-acı rüzgar əsib,
Sənin üçün bir ömürlük xəyal qalıb…
Gündüzlərin,
gecələrin dizi üstə
Darıxmaqlar çəkib səni ağuşuna.
Görəcəksən, etibarsız illər keçib,
Kimsəyə yox, inanmısan
öz ağlına,
öz huşuna…