Papaq və qalstuk məsələsi
Vaxt olub ki,öz işimin,
sənətimin,peşəmin
çobanı da olmuşam,
qananı da,
o biri də,
yaxşısı da ,
yamanı da olmuşam.
Hər bir halda
bir kimsədən
təmənnam yox,
bir kimsəyə
borcum yox.
Dostlar ilə salam-kəlam
öz yerində,
söz deyilir,söz yerində…
Bütün bunlar,
yaxşıdırmı, yoxsa pisdir?
Neyləyək ki,qocalıq da ,
ahıllıq da,
bu da ömür,bu da işdir.
…Meyvələri möcüzəsi-çiçək vaxtı ,
uşaq ikən ağsaqqalıq,
lap elə
üz ağlığı-ağ birçək vaxtı,
bir az keçir ,
kallıq ötür -sütül vaxtı …
Kaş ki bircə olmayaydı
lılıx vaxtı…
işlətmirəm mən o sözü,
filan vaxtı,filan vaxtı…
ən yaxşısı
insan olan adamların insan vaxtı…
Mən bunları
zamanında,ünvanında
yaşamışam…
İndi hələ,ağıl başda,
papaq başda,
işim-gücüm
əyriliklə,
yamanlıqla bir savaşda…
Artıq çoxdan, çıxıb oxdan
çoxlarına yaraşmayan
qalstuku,şlyapanı atmışam mən…
İndi sərbəst bir babayam,
bu dünyanı
sorğu-sual etmək üçün
vaxtım çoxdur,
dünya malı öz yerində…
gözüm toxdur…..
Mərd yaşayıb bu dünyada
mən arzuma,
istəyimə çatmışam.
Bayaqkı söz-
papağımı saxlamışam,
qalstuku atmışam..
Nazım Nasreddinov