Necibe İlkin – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nəcibə İlkin
Şeirlər
Azərbaycan əsgəri
Hər adın bir tarixdi, boy atdım qüdrətinlə,
Yaşadıq zaman-zaman, sənin rəşadətinlə,
Sarsılmaz hünərinlə, sönməz dəyanətinlə,
Lərzəyə sal dünyanı, titrət sən göyü, yeri
Azərbaycan əsgəri!
*
Dağsan, əzəmətin var, çinarsan, mən kölgənəm,
Mərmi-mərmi boy atan arzularında dinəm,
Ayağın dəyən yerə vətən deyib sürünəm,
Öləm sənin yerinə sən salamat dön geri,
Azərbaycan əsgəri!
*
Hər dönüşün and yerim, şəhidlik zirvəsisən,
Doğmasan balam kimi, vətən kimi əzizsən,
Polad kimi poladsan, Fəridsən, Mübarizsən,
Haqqıma can verənim, kim verər bu dəyəri!
Azərbaycan əsgəri!
*
Vətən adlı Qarabağ, bütöv Azərbaycanım,
Qələbə sorağınla hər gün açılır danım,
Qəhrəmanlıq simvolum, qeyrətim, haqqım-sanım,
Sən vətən xilaskarım, qalibiyyət zəfəri!
Azərbaycan əsgəri!
*
Neçə ildi can verən torpağına can verdin,
Susuz dodaqlarına su yerinə qan verdin,
Halallıqdan doymayan ömrümə cahan verdin
Azadlığın müjdəsi, ver qələbə xəbəri!
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
Gözün aydın olsun Azərbaycanım
Gözün aydın olsun Azərbaycanım,
Mübarəkdir, bu azadlıq nəfəsin!
Şanlı Ordumuzun rəşadətiylə,
Yayıldı dünyaya qələbə səsin!
*
Oğullar doğuldu, böyüdü ər tək,
Silaha sarılıb, vətən dedilər.
Doğma torpağını azad etməyə,
Hər biri ən əziz vətən idilər.
*
Neçə il işğalda olan Qarabağ,
Bu gün azadlığın nəfəsin duydu.
İgid oğullarım, mərd oğullarım,
Yeni bir tarixin təməlin qoydu.
*
Qarabağ adının azadlığını,
Yazdılar vətənin vətən adına.
İgidlik rəmzini bir əsgər kimi,
Bəzədi qəhrəman türk soyadına.
*
Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,
Aldı sinəsinə al bayrağını.
Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,
Sildi gözümüzdən həsrət dağını.
*
Qələbə qazandı Azərbaycanım,
Bu birlik tarixin silinməz yaşı.
Sevindi dünyanın hər bir yerində
Vətənin can deyən qərib soydaşı.
*
Budur qələbəmiz, Bayrağımız tək
Başımız üstündə hey dalğalanır.
Milli Birliyimiz, vətən sevgimiz
Ruhumuz önündə öz haqqın anır.
*
Qoy dünya tanısın, fəxrimiz kimi
Yumruq tək birləşib qürur, əzmimiz.
Haqqın sədasında dillənsin hər an,
Oxunsun hər yanda Vətən himnimiz.
*
Biz Turan elliyik, türk oğlu türkük,
Əl-ələ vermişik vətən göyündə.
Qoy bilsin hər bir kəs birliyimizlə,
Turan yaradırıq birlik deyəndə.
*
Azad yaşayacaq gələcək nəsil,
Bu birlik hər kəsə doğma ocaqdı.
Qələbə qazanan Azərbaycanım,
Həqiqət yolunda dayanacaqdı.
Eşqimizin qocalığı
Nə qəribə təsadüf…
Dayanmışdıq üz-üzə…
Ayaqlarımız elə bil yerdən üzülmüşdü,
Payız xəyallarımın üstünə
Yaz çiçəkləri düzülmüşdü…
Yenə göyün yeddinci qatında
Yenə sevgi atında
Çapırdıq dörd nala..
Sevgi yüklü baxışlarda
Əriyirdik az qala….
Susub, danışmırdıq…
Uzun illərin acısını gözündə söndürmək
üçün üşüyən baxışlarımız danışırdı…
Sevgi yaşlarını yarpaq-yarpaq
bükən ürəyimiz gizli-gizli alışırdı.
Həsrətindən donmuş dodağımıın pıçıltısında
eşitdim adını.
Sonra o səs qulaqlarımda, başımda uğuldadı:
-Niyə aldatdın o qadını?!
Gözümdəki buludların leysana dönüb
puçur-puçur yanağımda çiçəklənməsindən ayıldım.
Sönmüş eşqimizin çırağını yandırmaq üçün
əlimi sənə uzatdım
Donmuşdun xəyalların kimi…
Əlində buzlamışdı xatirələrin yanan dilləri
Nəfəsinin yaza dönən yolunu qar basmışdı
Birdən ayılıb görməmiş kimi yenidən tikdin üzümə baxışlarını…
Bilmədim qar yağmışdı…ya xatirələrin iziydi..
Bir anlıq qar adamını xatırladın…
Sən demə…..
Eşqimizin qocalıq çağı gəlmişdi!!!!
Gedəsən
Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib dağları doyunca
Sonra da gözdən itəsən.
*
Acını çəkə ev-eşik,
Yol gözləyə dost-tanışın.
Çiliklənən xatirələr
Ola sənin məzar daşın.
*
Dolasan bulud gözlərə
Payız olub, yaz güləsən.
Baş daşından gülümsəyib
Yağış kimi töküləsən.
*
Anan gələ görüşünə,
Atan qucaqlaya səni.
Sevincdən daşın çatlaya
Dərdlərin ağlaya səni.
*
Güləsən torpaq üzünə,
Güləsən külək yaşına.
Son gülüşün xatirinə,
Hamı yığıla başına.
*
Səni sevən könüllərin,
Qalasan qız yaddaşında.
Darıxdığın ölüm üçün
Ölməyəsən bu yaşında…
Gəlmə görüşümə
Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə…
Unut olub keçənləri,
O mənli xatirələri…
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələri toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi…
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına,
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə, gəlmə
Gəlsən də danışma, dinmə…
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə sənsizliyimi aparma….
Getmə gözlərimdən
Sevdamın yenicə dil açan çağı,
Söylə, məni hara qoyub gedirsən.
Bir körpə uşağam, kimsəm də yoxdu,
Bu yetim könlümü oyub gedirsən.
*
Sən çoxdan köçmüsən baxışlarıma,
Baxışımda gizli dayanmısan sən.
Gör neçə illərdi yatıb qalmışdın,
İndi ürəyimdə oyanmısan sən.
*
Çıxma ürəyimdən düşüb yağışa –
Olub gözlərimdə leysan, yağarsan.
Qırılar sevdamın qanadı, qolu,
Üzülən qəlbimi oda yaxarsan.
*
Getsən gözlərimdən inan ölərəm,
Qəsdinə duraram sən sevən canın.
Çevir ürəyinin başına məni,
Qurbanlığı olum mən bu sevdanın.
Mənə ürəyində yer elə
Mənə ürəyində yer elə bir az,
Baş qoyum sevgimin səcdagahına.
Səninlə bir sevgi ömrü yaşayım
Əl açım Tanrının xoş sabahına.
*
Mənə ürəyində yer elə bir az,
Dolaşıq düşməsin sevdamın toru.
Qapında məhəbbət dilənçisi var.
Eşqimə cığır sal, gözümün nuru.
*
Mənə ürəyində yer elə bir az,
Eşqin şərbətini doyunca içim.
Yuxular gözümdə yenə ban verir,
Arabir oyanıb gözündən keçim.
*
Mənə ürəyində yer elə bir az,
Həsrətin odundan qəlbim üşüyür.
Sökdüm ilmə – ilmə xəyallarımı,
O da gözlərimdə qalıb töşüyür.
*
Mənə ürəyində yer elə bir az.
Ürəyin qibləgah, gözlərin pirim.
Zəngin saatını ürəyində qur,
Çalanda səsinə oyana bilim.
Mənim də yerimə ağla, qərənfil
Quruyub gözümdə yaş da qalmayıb.
Mənim də yerimə ağla, qərənfil.
Dağılıb yurd-yuvam, daş da qalmayıb,
Mənim də yerimə ağla, qərənfil.
*
Solan ümidlərin doğrusu kimi,
Yanan ürəklərin arzusu kimi,
Ömrümün baharı axdı su kimi,
Mənim də yerimə ağla, qərənfil
*
Torpaq yaddaşında qalıb fəryadım,
Tutuldu atəşə əhdim, imdadım,
Zamanın dilində əriyir adım,
Mənim də yerimə ağla, qərənfil.
*
Ağla yetim kimi, ağla mən kimi,
Yağışa bükülən xatirəm kimi,
Əsliyəm, oduma yan, Kərəm kimi
Mənim də yerimə ağla, qərənfil.
*
Ağla külə dönmüş nəfəsim kimi,
Ağla donub qalan o səsim kimi,
Ağla arzum kimi, son kəsim kimi,
Mənim də yerimə ağla, qərənfil.
Mənim Ana dilim, mənim türk dilim
Sən mənim dünyamsan, mənim həyatım,
Sən mənim varlığım, toyum-büsatım,
Sən ana laylamsan, sən ilk bayatım,
Mənim ana dilim, mənim türk dilim.
*
Füzuli dünyamın sözü – söhbəti,
Nizami elminin şanı – şöhrəti,
Sən Oğuz yurdumun Qorqud qeyrəti,
Mənim ana dilim, mənim türk dilim.
*
Sənsən Üzeyrimin nəğməli dili,
Sənsən Babəkimin vuruşan əli,
Sənsən könlümüzün kükrəyən seli,
Mənim ana dilim, mənim türk dilim.
*
Səndə gözəlləşir ruhumun səsi,
Səndə doğmalaşır eşqin həvəsi,
Səndən ilham alır şerin nəfəsi,
Mənim ana dilim, mənim türk dilim.
*
Bu dildə tapmışıq haqqı, salamı,
Bu dildə tanıdıq şuru, muğamı,
Sən Ulu xalqımın müdrik kəlamı,
Mənim ana dilim, mənim türk dilim.
*
Səni qeyrətinə sığışdırmayan,
Səni ülfətilə qoşa tutmayan,
Gəlsin gözlərindən süd zaman-zaman,
Mənim ana dilim, mənim türk dilim.
Mənim ana dilim, mənim türk dilim.


