GenelGüncelKültür Sanat

Namiq Zaman – Şeirler

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Namiq Zaman (Zamanov Namiq Zaman oğlu) – 1971-ci ildə Laçında dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.

“Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvü, “Gənclərin Söz Birliyi” İctimai Birliyinin katibi, “Sosial Xəbər” qəzetində və “SOSİALXEBER.İNFO” xəbər agentliyində İdarə Heyətinin üzvü, “SÖZ ODASI” qəzetində publisistika şöbəsinin redaktoru kimi fəaliyyət göstərib. “Bənövşə” jurnalının Aran bölgəsi üzrə təmsilçisidir. Ağdaş rayonunda ixtisası üzrə kimya- biologiya müəllimi olaraq fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Şeirləri, hekayələri və publisistik yazıları dövri mətbuatda, antologiya və almanaxlarda, o cümlədən, çeşidli müasir mediada – internet saytlarında çap olunmaqdadır.

2020-ci ildə “Qanun” nəşriyyatında  “SƏNİ DÜŞÜNÜRƏM”  adlı şeirlər kitabı çap olunub.

NAMİQ ZAMAN

             Şeirlər

ZƏFƏR GÜNÜN MÜBARƏK

Sən ey səsi-sədası min illərdən gələnim,

Taleyimə, ömrümə günəş kimi gülənim,

Sənsən qürur mənbəyim, sənsən iftixar yerim,

Damarda coşan qanım, köksümdə çarpan ürək

Ey şanlı məmləkətim, Azərbaycanım mənim,

Sənə zəfər yaraşır, zəfər günün mübarək!

                         * * *

Dünya qədər ulusan, sən tarixin özüsən,

Zülmətlərə nur saçan sökülən dan üzüsən,

Məramın haqq yoludur, haqqın görən gözüsən,

Şəhidlərin haqqını unutmayaq biz gərək

Ey şanlı məmləkətim, Azərbaycanım mənim,

Sənə zəfər yaraşır, zəfər günün mübarək!

                         * * *

Qanlarıyla yudular torpağını, daşını,

Bahara döndərdilər xəzanını, qışını,

Yarana məlhəm olub, dikəltdilər başını,

İgidlərin-ərlərin öz canından keçərək

Ey şanlı məmləkətim, Azərbaycanım mənim,

Sənə zəfər yaraşır, zəfər günün mübarək!

                         * * *

Həmişə zirvələrdə dalğalansın bayrağın,

Qaliblər cərgəsindən yetsin bizə sorağın,

Pozulmasın heç zaman çal-çağırın, növrağın,

Nə qədər ömrümüz var, səni belə şad görək

Ey şanlı məmləkətim, Azərbaycanım mənim,

Sənə zəfər yaraşır, zəfər günün mübarək,

zəfər günün mübarək!

08.11.2021

ŞƏHİD ATA-ANALARINA

Sən ey şəhid anası,

Sil gözünün yaşını!

Sən ey şəhid atası,

Sən də dik tut başını!

           * * *

Yurdunun dar günündə

Dada yetən oğulun,

Şığıyıb düşmən üstə,

Öndə gedən oğulun

Nə anası ağlayar,

Nə atası yas tutar…

           * * *

Siz böyütdünüz onu –

İgid oldu, ər oldu.

El-obaya fəxarət,

Vətənə əsgər oldu.

           * * *

Qan uddurdu yağıya,

Məzar qazdı oğlunuz.

Öz canıyla-qanıyla

Tarix yazdı oğlunuz.

           * * *

Məğlub etdi bir anda

Zülməti, əsarəti.

Dillərdə dastan oldu

Hünəri, cəsarəti.

           * * *

Sınmadı, əyilmədi,

Haqqa tutdu üzünü.

Vətən yaşasın deyə,

Qurban verdi özünü.

           * * *

Yoxluğuyla doğulub,

O, təzədən var oldu.

Şəhadətə yüksəlib,

Əbədiyaşar oldu.

           * * *

Ruhuna dua edib,

Rəhmət olsun – deyirik.

Məzarının önündə

Qürurla baş əyirik.

           * * *

İgid oğul böyüdən

Əlinizdən öpürəm.

“Vətən sağ olsun” deyən

Dilinizdən öpürəm.

           * * *

Sən ey şəhid anası,

Sil gözünün yaşını!

Sən ey şəhid atası,

Sən də dik tut başını!

           * * *

Yurdunun dar günündə

Dada yetən oğulun,

Şığıyıb düşmən üstə,

Öndə gedən oğulun

Nə anası ağlayar,

Nə atası yas tutar…

BİLMİR

Nə qədər düşünüb-daşınır insan,

Hələ də dünyanın sirrini bilmir.

Açmağa can atır neçə mətləbi,

Birini bilsə də, birini bilmir.

                   * * *

Hökm edir savaşlar, qanlı talanlar,

Saxta təbəssümlər, şirin yalanlar.

Pul ilə hər şeyi satın alanlar

Yaxşı ki, Allahın yerini bilmir.

                   * * *

Namiq, kimsə qorxmur məhşər odundan,

Göz nurundan düşür, ağız dadından…

İnsanlıq insanın çıxır yadından, –

Bilmir, qibləsini, pirini bilmir.

ÖMÜR, HARA GEDİRSƏN

Ötən gün ələ gəlməz,

Qovuşar ilə, gəlməz.

Söhbətim dilə gəlməz…

Ürəyimi didirsən,

Ömür, hara gedirsən?!

             * * *

Ağardı qara saçım…

Dərdimi kimə açım?

Əlindən hara qaçım? –

Sən də fürsət güdürsən,

Ömür, hara gedirsən?!

             * * *

Nadan səni saymadı,

Qanan sənə qıymadı,

Heç kim səndən doymadı,

Yağ-bal belə yedirsən,

Ömür, hara gedirsən?!

             * * *

Sanki şirin yuxusan,

Xoş ətirli qoxusan.

Bir nakamın oxusan,

Könlüm viran edirsən,

Ömür, hara gedirsən?!

             * * *

Ləzzətini duymadım,

Sığalına uymadım.

Mən ki səndən doymadım,

Sən məni tərk edirsən.

Ömür, hara gedirsən,

Axı hara gedirsən?!.

QƏLBİMİN NƏĞMƏSİ

Eşqin qəlbimin nəğməsi,

Susdurmaq olmur bu səsi!

Belə istəklə heç kəsi

Sevməmişdim, hələm-hələm.

              * * *

Yollarında oldum çıraq,

Hey dolandın məndən iraq.

Oxunduqca varaq-varaq,

Çilikləndim qələm-qələm.

              * * *

Bir gün gülə bəxt üzümə,

Düşəm vüsalın izinə:

Çəkiləsən göy üzünə,

Dönüb sənə gələm, gələm…

YAĞIŞ

Bu yağış

yuyub aparacaq dünyadan

bütün çirkabları;

nə müharibələr olacaq,

nə sülh,

nə barışıq…

Bu yağış

yuyub aparacaq dünyadan

bütün çirkabları,

insan qarışıq!

HARA QAÇIM Kİ…


Yaşamaq durub gözümə,

Tale də gülmür üzümə.

Gəlib dirəndim dözümə

Dözümdən hara qaçım ki…

             * * *

Bir ocağam – öləziyən,

Mən belə də öləsiyəm! –

Haqq sözümün köləsiyəm,

Sözümdən hara qaçım ki…

             * * *

Bezib hər şeydən, qaçaram,

Düşüncə heydən, qaçaram.

Bu yerdən, göydən qaçaram,

Özümdən hara qaçım ki…

“OPTİMİSTLİK”

Min illərdi dəyişmədən

yaşayırıq, – necə varıq;

nə şərə düşmənik,

nə xeyrə yarıq.

Biz,

qanadı qırılmış quşa:

“təki sınan qanad olsun,

arzuların, ümidlərin sınmasın”, –

                                         deyə,  

təsəlli verən adamlarıq.

ÜMİD GÖYƏRİR

Özü də bilmir neyləsin,

Danışır, sözü böyüyür.

Yeyəndə ağzında tikə,

Baxanda gözü böyüyür.

             * * *

Dərdə-qəmə qucaq açır,

Nəfəsi od-alov saçır.

Yoxsa taleyindən qaçır,

Bu uşaq hara yüyürür?

             * * *

Bilən yoxdu hardan gəlir,

Qışdan, ya bahardan gəlir.

Çölündə arzular ölür,

İçində ümid göyərir…

TƏCNİS

Əcəl yetişəndə, baş alıb gedər,

Yaxşı da, yaman da bir yerə keçər.

Demə ki haqsızlıq baş alıb gedər –

Məzlumun da ahı bir yerə keçər.

                     * * *

Hər adam sandığın söz bilən olmaz,

Deməsən, sənindi söz, – bilən olmaz.

Alim var, sözünü söz bilən olmaz,

Nadanın fərmanı hər yerə keçər.

                     * * *

Bəxt gülsə üzünə, bir gün görərsən

Həqiqət axtarsan, bir gün görərsən.

Ərzin çarxı çönər bir gün, görərsən

Göy göyə çəkilər, yer yerə keçər.

GƏLƏRSƏNMİ…

Qalanmışam gözlərinin oduna,

Yandığımı görərsənmi, – bilmirəm.

İstəyirəm yetişəsən dadıma,

Haraylasam, gələrsənmi, – bilmirəm.

                    * * *

Eşqin məni dara çəkib gözümdən,

Həsrətimə qala qurdum dözümdən.

Sənə sarı yol gəlirəm özümdən,

Mənə uğur dilərsənmi, – bilmirəm.

                   * * *

Vüsalını gözlədiyim sevginin,

Gecə-gündüz səslədiyim sevginin,

Sənin üçün bəslədiyim sevginin

Dəyərini bilərsənmi, – bilmirəm.

                   * * *

İstəyirəm yetişəsən dadıma,

Haraylasam, gələrsənmi, – bilmirəm…

KEÇƏR

Eşit bir an sözlərimi, bədbin olan ey insan,

Üz döndərmə şən həyatdan, küsüb olma bədgüman.

Namərdlərə bel bağlama, kömək umma heç zaman,

Mərdanəlik zatdan gələr, – insana qandan keçər.

                             * * *

Gün gələcək, cəzasını çəkəcəkdi müxənnət,

Yağılardan alınacaq Qarabağım, – o cənnət!

Yurdumuzun başı üstən çəkiləcək bu zülmət,

Al günəşli xoş səhərlər süzülüb dandan keçər.

                             * * *

Namiq, de ki: Odlar Yurdu, – daşında da gül bitən,

Hökmdarı kamil olsa, əl uzatmaz hər yetən.

Qovğalardan qalib çıxar, məğlub edilməz Vətən,

Sərkərdəsi mərd olarsa, əsgəri candan keçər!..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest