Nadir Azayoğlunun şeirləri
Nadir Azayoğlu1962 ci ildə Azərbaycan Respublikasının Laçın rayonunda doğulub.Bakı Slavyan Universitetini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki şeirlər kitabının müəllifidir.
Nadir Azayoğlunun şeirləri
AĞRI
Çəkilib gedəsən özün özündən,
Kəsilə ayağın bu yer üzündən.
Bir də düşməyəsən Tanrı gözündən,
Bir də bu torpağa qayıtmayasan.
Dizin göynəməyə hər addım başı,
İtə qayaların çopur yaddaşı.
Gəzəsən göylərin quş qanadında,
Ordanca süzəsən yurdu,yurddaşı.
Bir də bu torpağa qayıtmayasan.
Nəyin var çəkilə haqq ayağına,
Bir üz sənin ola,bir üz Allahın.
Nələr çəkdiyini kimdə bilməyə,
Bir özün olasan,bir öz Allahın.
Bir də doğmaları didərgin düşən,
Eli yağmalanmış Türkmən yurdları,
Bir də hikgəsindən qovrulub bişən
Qaratel gecədə elat Qurdları
Ulaşa-ulaşa üstünə gələ.
Yaralı çiban tək göz-göz olasan,
Korun-korun yanıb köz-köz olasan,
Mələklər çığrışıb tüstünə gələ.
Kölgə tək yenəsən çay qırağına,
Azadlıq nə imiş? Fərqi deyəsən.
Viranə yurdlara,kar kahalara
Bəxtəvər-bəxtəvər şərqi deyəsən
Bir də bu torpağa qayıtmayasan.
NAZİM ƏHMƏDLİYƏ
Əllərin cibində,
Cibin əllərində,
sozalan ümidlərin içində,
bilirəm üşüyürsən
Üzü Laçına tərəf
Bakının bir küncündə.
Mən də üşüyürəm, qardaş
sənin qədər.
Mənim də sinəm doludu
Sinən qədər
Ayağımız altdan çəkiblər
Gözümüz çəkən yolları.
Ruhumuz ac-yalavac qurd kimidi,
Köksümüz xaraba qalmış yurd.
Deyirlər Laçına qar yağır,
Ürəyimdə bir şaqqıltı var.
Yəqin əkdiyim tutun
barını çırpanlar
qarını çırpmadılar.
GƏLİR
Ağ günlərə ağı dedik
Dalınca qarası gəlir.
Günün günorta vədəsi
Qapıya yarasa gəlir.
Öz içinə sıxılmışa,
Kölgəsinə yıxılmışa,
Bu məmləkət dağılmışa
Dərdlərin sarısı gəlir.
Mehlər ötür ağı-ağı,
Çiçəklərin ölən çağı.
Gül əkdiyim bu torpağın
Əlimə yarası gəlir.
GETSİN
Bu dünyanı kiprik-kiprik
gözlərində uyut getsin.
Dünya səni unudubsa,
sən də onu unut getsin.
Odun olma ocağında,
Buz bağlama sazağında.
Nə vecinə, qucağında
beşik getsin, tabut getsin.
Uğuru yox,sayası yox,
Bundan artıq boyası yox,
İsməti yox,hayası yox
bir gözələ tay tut,getsin.
YAŞAMIŞAM
Mən nə ölçüyə gəlmişəm,
nə biçimdə yaşamışam.
Varlığımı heç biliblər,
Öz “heç”imdə yaşamışam.
Açıq-aşkar vuran olub,
Gizli tələ quran olub.
Mən dərdimə sarvan olub
öz köçümdə yaşamışam.
Vaxt olub göyüm laxlayıb,
Vaxt olub suyum axmayıb
Mən bu dünyaya baxmayıb,
Öz içimdə yaşamışam.
“TƏKİ SƏN SƏSLƏ MƏNİ”
bu mahnını sevənlər üçün
Gələməzsən,yox
Sənsiz bir yalquzağın,
Yaraları sızıldar.
Ruhu qapını döyər,
Pəncərəndə quzuldar
Biləməzsən,yox
Duyğun daş-daş ləklənib,
Cingildəməz qulağın.
Bilsən necə təklənib
Qapındakı qonağın
Güləməzsən, yox
Sən ki qalsam qucağım,
Ölsəm mənə kəfəndin.
Derdin; ayrılıq qəfil
gəlsə ölləm,Əfəndim.
Öləməzsən,yox
Bir vaxt balın,pətəyin,
Bir vaxt şirin dilindim.
Ağzı yansın fələyin,
Ta yadından silindim
Diləməzsən,yox
Yenə səhər açılır
Yaralarım üzünə.
Gümanım yox”təki sən
səslə”gəlləm sözünə
Gələməzsən,yox.
YADINDA OLAR
Yadındolar,
Siyah tellərinçün
ağca güllər
bitirən torpaq,-
bax o torpaq qədər…
Yadındolar?!
Əllərinin nazından sürüşüb
Həkərinin sularına
can verən yarpaq,-
bax, o yarpaq qədər…
Bir də hənirtimizi
hənirtisində itirən bulaq
bax o bulaq qədər
sevmişdim səni.
Səni o torpaq qədər,
Elə o yarpaq qədər,
Hələ o bulaq qədər
sevsəm də,
indi əllərim
nə qara günlü Laçına,
nə də ağca güllü saçına
yetəndi.
BƏSİMDİ
Səndən nə gözləyib,nə umasıydım,
Sən elə mənimçün haxsan ,bəsimdi.
Bahar həvəsinlə payız ömrümə,
Bənövşə baxışı baxsan bəsimdi.
Hər gün bir “məclisdə” min qat enən var,
Hər gün bir ünvandan geri dönən var.
Sənin sevdiyin var, səni sevən var,
Sən ki gözü-könlü toxsan bəsimdi.
Daş altda çiçək var,ətrinə hayıf,
Ovunmaz,oxşanmaz xətrinə hayıf,
Şerimin bir-iki sətrini sayıb
Bir ətək qayğıdan çıxsan bəsimdi.
Bir belə haxsızlıq,bu şər içində,
Nadirin bir nisgil bişər içində
Belə başı pozuq bəşər içində,
Bütövsən bəsimdi,sağsan bəsimdi.
MƏNİM GÖZLƏRİMDƏ GÖYƏRÇİN AHI
Mənim gözlərimdə göyərçin ahı,
Mənim hənirtimdə durna səsi var.
Başımın üstündə xeyir allahı,
Yolumun üstündə şər nəfəsi var.
Başımdan basan var,dilimdən sıxan,
Tanrı bəndəsinə qənim ki olmur.
Bir vaxt yel əsəndə əlimdən çıxan
Əllərim yetəndə mənimki olmur.
Qara qasırğadı hər düşən axşam
Hərdən yollarıma qan qusur səhər.
Dərdini cütləyən cütçü qardaşam,
Arxamca çəkirəm ömrü bir təhər.
Bir təhər yaşamaq ölümdən betər,
Hələ çoxlarını güman sürüyür,
Görmüşdük torpaqda gül-çiçək bitər,
İndi torpaq üstə insan çürüyür.
Baxdığım ümidlər gözümdə zəlil,
Getdiyim yolların sonu uğursuz,
Mənim ki ürəyim özündə deyil,
Ay yetim arzular,hardan doğursuz.
Qara bulud oldum, daşa dammadım,
Siz bulud ömrümə bir daş atdınız.
Mən ötən ömrümü yaşadammadım,
Bəlkə qalanını siz yaşatdınız.
Adı: Nadir Azayoğlu
Doğum yeri: Laçın rayonu
Doğum tarixi: 1962 ci il
Təhsil: Bakı Slavyan Universiteti
Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki şeirlər kitabının müəllifidir.