Nəriman Qasımoğlu: Şahsuvar bəy Kələntərov (Hüseynov)
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Nəriman Qasımoğlu
Şahsuvar bəy Kələntərov (Hüseynov)
Şahsuvar bəyin portreti qalmayıb. Yeganə bir fotosu varmış ki, oğlu Mustafada imiş. Mustafa sevimli atasının şəklini ürəyinin üstündə, döş cibində gəzdirirmiş. Bir gün Kəlbəcərdə necə olursa özü də hiss etmədən şəkil cibindən yerə düşür. Əhvalat camaatın gur yerində olur. Bir də baxır adamlar yığışıb yerdə bir şəkli diqqətlə nəzərdən keçirir, şəkildəki paqonlu adamın kimliyini xoflu-xoflu müzakirə edirlər. Cümhuriyyət dövrü paqonlusunun övladı olmaq o qorxulu illərdə hakimiyyət dairələri üçün yetərli idi ki, beləsini ciddi təqibə, həbsə, hətta Sibirə sürgünə məruz qoysunlar. Bütün bunları göz önünə gətirən Mustafa qorxudan deyə də bilmir ki, şəkil onun cibindən düşüb, bir-iki dəqiqə atasının fotosuna baxa-baxa qalır, sonra da ürəyi qan ağlaya-ağalaya oradan uzaqlaşır…
Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində bir əsr öncə milli dövlətimizi qurmuş böyük şəxsiyyətlərimizin ruhlarını minnətdarlıqla anırıq.
Bir əsr öncə dövlət müstəqilliyimizin möhkəmlənməsində, torpaqlarımızın düşmənlərdən qorunmasında ulu babam Şahsuvar bəy Kələntərovun (Hüseynov) da xidmətləri olub.
Şahsuvar bəy Şuşa qəzasının Xocamsaxlı kəndində (indiki Qubadlı ərazisinə aid) Həzrətqulu bəyin ailəsində dünyaya gəlmişdir. Babası Hüseyn bəydir. XIX əsrin əvvəllərində Qafqazda əhalinin siyahıya alınması üzrə rus imperiyasının arxiv sənədlərində (Tiflis arxivi) gedən məlumata görə, Hüseyn bəy Qarabağ bəylərbəyliyində ordu sərkərdələrindən olubmuş.
İbtidai təhsilini mədrəsədə alan Şahsuvar bəy sonradan Yelizavetpol (Gəncə) klassik gimnaziyasında oxumuş, 1906-cı ildə isə Kiyev Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsini bitirmişdir. Çar hökuməti 1911-ci ildə Şahsuvar bəyi Zəngəzurun Dondarlı bölgəsinin pristavı təyin etmişdi.
Azərbaycan Cümhuriyyəti dövründə Şahsuvar bəy Zəngəzur qəza rəisinin (Həbib bəy Şəkinski) 1-ci müavini vəzifəsində çalışmışdır.
Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Şahsuvar bəy, ailəsi təqiblərə məruz qalmışdır. Özü bir müddət ev dustağı qismində nəzarətdə saxlanmış, sonra sərbəst buraxılmışdır. 1934-cü ildə 54 yaşında ürək xəstəliyindən vəfat etmişdir.
Şahsuvar bəy Kələntərov fəaliyyəti müddətində Zəngəzurda erməni terrorçularının qənimi kimi məşhurlaşmış, həm də bölgənin xalq qəhrəmanlarından birinə çevrilmişdi. Onun Sultan bəy və Xosrov bəy Sultanov qardaşları ilə birgə keçirdiyi əməliyyatlar, eləcə də Nuru paşanın ordusunda iştirakı və onunla əlaqəsi barədə maraqlı məlumatlar var. Deyilənə görə, Şahsuvar bəyi bəzən Nuru paşanın kələntəri adlandırırmışlar. Bu yaxınlarda Şahsuvar bəyin oxşar qəbildən fəaliyyətinin XX əsrin əvvəllərinə gedib çıxdığına dair tarixi bir qeydlə də rastlaşdım.
AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa 1905-1906-cı illərdə Zəngəzur qəzasında törədilən qırğınlar haqqında yazdığı məqalədə əsl adı Hovannes Ter-Martirosyan olan, əsərlərini A-do imzası ilə çap etdirən bir erməni müəllifinə, onun “Qafqazda erməni-türk toqquşmaları: sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, ermənicə) əsərinə istinad edərək yazır: “Ermənilərin Sisyan, Ağudi, Dərəbas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar ki, məşhur quldurbaşı Keri Əngələkət (Angeğakot) kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış türklərin böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi”…(A-do, s.286-287).
Başqa bir epizod haqqında isə çoxları bilir, bu barədə az yazılmayıb. Yeri düşür, bir daha xatırladım. Əhvalat yenə də həmin bölgədə baş verir. Andronikin dəstəsində məşhur Stepan varmış, olduqca əzazil birisi imiş. Şahsuvar bəyə xəbər çatdırırlar ki, Stepan qonşu kəndlərin birində növbəti vəhşiliklərini törədib, silahsız insanları qətlə yetirib, məscidə toplaşan camaatı işgəncələrə məruz qoyub.
Heç kimə bir söz demədən beşatılanı götürüb atına minir və hadisə baş verən kəndə doğru çapır. Tabeliyindəkilər də Şahsuvar bəyi at belində, əlində beşatılan görüb niyyətini anlayır, atlanıb arxasınca çapırlar. Stepanın dəstəsi ilə qarşılaşanda atışma baş verir. Şahsuvar bəyin gülləsi Stepanı yerə sərir… Dəstəbaşının xurcunundan yarımçıq araq şüşəsi çıxır. Hadisənin təfərrüatı əhali arasında sürətlə yayılır. Camaat Şahsuvar bəyi böyük təntənə ilə qarşılayır, başları üstünə qaldırıb gəzdirir, şənlik edirlər. Əhvalat şeir misralarına çevrilərək aşıqların dilində Zəngəzur və Qarabağı başdan-başa dolaşır:
Şahsuvar bəy beşatılan bağladı,
Ermənilər zarı-zarı ağladı.
Hayın getdi, vayın qaldı, İstepan,
Bodulqada payın qaldı, İstepan.
“Bodulqa” dedikləri Stepanın xurcunundakı araq şüşəsi “butulka”ya işarədir. Bu misralar sovet dövründə də unudulmur. “Qaçaq Nəbi” filminin quruluşçu rejissoru Əbdül Mahmudov erməni quldurlarından da bir epizod çəkmək üçün Qubadlı əhalisi arasında filmə uyğun gələ biləcək səciyyəvi əhvalatları soraqlayarkən ona Stepan yüzbaşı adlı bir quldurdan, onun camaata qan uddurmasından danışıblar. Filmdə bu qəbildən epizodların canlandırılmasına o zaman Moskvanın törətdiyi maneələrdən danışan rejissor modern.az saytına verdiyi bir müsahibədə əhvalatı təfərrüatlandırmasa da, yuxarıdakı son iki sətri “Hayın getdi, vayın qaldı Stepan/ Rumkada payın qaldı Stepan” kimi ifadə edərək bunları ərazinin folklor deyimi kimi qeyd edir.
Şahsuvar bəyin qızı Arəstə xanımın dilindən aşıqların bəyi vəsf edən başqa ifadəsini də eşitmişəm: “Atlananda at bağrı çatladardı, düşəndə düşmən bağrı…”
Azərbaycan Cümhuriyyəti devriləndən sonra Şahsuvar bəy Kələntərovun acı günləri başlayır. Ancaq o da təsəllisini camaatın şəxsinə olan ehtiramında tapır.
Şahsuvar bəyi həbs etmək üçün göstərilən birinci cəhd uğursuz nəticələnir: onu məhbəsə aparmaq üçün ardınca gələn bolşevik dəstə kütlənin müqaviməti ilə üzləşir. Bolşeviklərin sosial baza hesab etdikləri kəndli kütləsi axışaraq onun evinin qarşısında canlı çəpər qurur, həbsinə imkan vermir.
İkinci həbs cəhdi də uğursuz olur. Bu dəfə Şahsuvar bəyin, necə deyərlər, xarizmasını sındırmaq üçün “rəiyyət” komissarları onu həbs edərək qollarını bir atın quyruğuna bağlayıb kənd-kənd gəzdirmək istəyirlər ki, camaatın gözləri önündə bu məşhur bəyi hörmətdən salıb alçaltsınlar. Şahsuvar bəyin qohumu Xansuvar bəy məsələdən xəbər tutan kimi əlində tüfəng özünü dərhal hadisə yerinə çatdırır, həmin atı tüfənglə vurub gəbərdir. Şura hökumətinin nümayəndələrinə də səslənərək deyir: “Kim Şahsuvar bəyə qarşı bu hərəkəti etməyə cəhd edərsə, onu da bu at kimi gəbərdəcəm”. Məcbur qalıb geri çəkilirlər. Bu əhvalatdan sonra Şahsuvar bəy qızı Arəstəni qohumu, təəssübkeşi Xansuvar bəyə ərə verir.
Üçüncü cəhd Şahsuvar bəyin ev dustaqlığı ilə nəticələnir. Yerli hakimiyyət “qoçaqları” yenə də onu hörmətsiz etmək ümidi ilə camaata müraciət edirlər ki, bəs bu adam sizə hər zaman zülmlər verib, onu həbs etmişik, yeni qurulan hökumət sizin, zəhmətkeşlərin hökumətidir, onun hökuməti isə xanların, bəylərin hökuməti olub, indi qoy biriniz irəli durub onun evinin qarşısında keşik çəksin, bəy qaçıb canını qurtara bilməsin. Şahsuvar bəyin nüfuzu qarşısında kim buna razı olardı ki… Amma yenə də bir nəfər nankor tapılır. Həmin rəiyyət fəalı Şahsuvar bəyin ev dustaqlığına nəzarət işinə boyun olur. Camaat bunu namussuzluq kimi qəbul edir və o nankorun layiqli cəzasını verir.
Azərbaycanda sovet hökumətində vəzifə sahiblərindən olan, Şahsuvar bəyin erməni quldurlarına qarşı mübarizədə göstərdiyi xidmətləri yaxşı bilən Nəzər Heydərovun zəmanəti ilə Şahsuvar bəyə sərbəstlik verilir. Buna baxmayaraq, özü də yaxşı bilir ki, şura hökumətinə bel bağlamaq olmaz. Övladlarının gözlənilən təqiblərdən yaxa qurtarması üçün onlara doğma yurdlarından uzaqlaşmalarını tapşırır…
Təəssüf ki, zəngin həyat yolu keçmiş Şahsuvar bəy haqqında məlumat olduqca azdır. Və bir də ona təəssüf edirəm ki, qızı Arəstə xanımın danışdıqları var idi və həmin xatirələri vaxtilə yazıya almadığımıza görə çox şey unudulub. Qohumlarımızın bildiyi bir epizodu da qeyd edim.
Cümhuriyyət dövründə Bakıda hökumət üzvlərinin iştirakı ilə keçən hansısa tədbirdən sonra Hacı Zeynalabdin Tağıyevin düzənlədiyi bir ziyafətdə Şahsuvar bəy də varmış. Birdən gözü qonaqlara xidmət edənlərin arasında uzaq bir qohumuna sataşır. Onu səsləyib yanına çağırtdırır, “sənin burada nə işin?” deyə tənbeh edir. Yəni özü məşhur bir bəy, qohumu nökər, bəs camaat nə deyər. Bu qohumu iş tapa bilmədiyinə görə xidmətçiliyə məcbur olduğunu bildirəndə Şahsuvar bəy cibindən bir dəst pul çıxarıb ona uzadır. Söhbətin şahidləri digər qonaqlar da səxavətlə iri məbləğdə pulları Şahsuvar bəyin qohumuna verirlər ki, götürsün, gedib özünə güzəran-filan qursun. Bir neçə dəqiqə ərzində baş verən bu ekspromt xeyriyyə aktından Şahsuvar bəyin qohumunun əldə etdiyi məbləğ bəs edir ki, yurd saldığı Yevlaxın Malbinəsi kəndində bir ev tikdirsin.
Bəyin övladlarının taleyi də elə gətirir ki, sovet hökumətinin diqqətindən yayınmaq üçün bir neçə dəfə yaşayış yerlərini dəyişə-dəyişə, nəhayətdə gəlib çıxırlar həmin kəndə və ilk sığınacaqlarını da elə həmin evdə tapırlar. Qohumları olan, Şahsuvar bəyin yaxşılığını unutmayan ev yiyəsi Arəstə xanımla Xansuvar bəyin əsl kimliyini camaatdan da, yerli hökumətdən də gizlədir. Bu gənc cütlük öncə onun evində, sonra da, necə deyərlər, iz azdırmaq üçün, yerli camaatın nəzərində kasıblıq ucbatından dağlıq ərazilərdən aran yerinə pənah gətirmiş rəiyyət qismində görünməkdən ötrü bir müddət çadırda yaşamağa başlayır.
Arəstə xanım həyat yoldaşının tövsiyəsi ilə kolxozda işə düzəlir. Fərasətli gənc xanım olduqca qısa zamanda özünü necə göstərirsə, onu ferma müdiri təyin edirlər. Və bir-iki ildən sonra olur kolxoz sədri, bunun da ardınca hakim partiya sıralarına daxil olur. Bir gün də Azərbaycan Kommunist Partiyasının növbəti qurultayına nümayəndə seçilir. Qurultayda öz təşəbbüsü ilə çıxış üçün söz istəyir, təsərrüfat məsələlərindən nitq edir. Mərkəzi Komitə üzvlüyünə seçilmiş şəxslərin əvvəlcədən hazırlanmış siyahısı oxunanda Mir Cəfər Bağırov daha bir namizədi də özünün irəli sürmək istədiyini deyərək Arəstə Hüseynovanın adını çəkir: nitqi xoşuna gəlibmiş. Beləliklə, Arəstə xanım Azərbaycan KP MK-nın üzvü seçilir. Ertəsi gün Bağırova onun kimliyi haqqında geniş bir arayış təqdim edən Xalq Daxili İşlər Komissarlığının sədri bildirir ki, ölkə rəhbərinin namizədi Azərbaycan Cümhuriyyətində Zəngəzur qəza rəisinin müavini işləmiş məşhur Şahsuvar bəyin qızıdır. Bağırov da qəzəblə göstəriş verir yoxlasınlar bəy qızı Arəstə xanım bu qurultaya necə gəlib düşüb. Araşdırırlar və öyrənirlər ki, xanımı qurultaya nümayəndə kimi o zaman məsul vəzifədə çalışan yazıçı Əli Vəliyevin tövsiyəsilə göndəriblərmiş. Əli Vəliyevi sorğuya çəkirlər, o da izahatında bildirir Şahsuvar bəy sovet hökumətinə müqavimət göstərməyib, öz əcəli ilə rəhmətə gedib, qızı da sovet hökuməti üçün təsərrüfat işlərində fəallıq göstərir və s. Əli Vəliyevdən əl çəkirlər. Arəstə xanım isə MK-nın rəsmən üzvü qalsa da, onu MK-nın qurultayarası dövrlərdə keçirilən plenum yığıncaqlarının heç birinə dəvət etmirlər. Sinfi mənşəyinə görə bir müddət bu etimadsızlıq mühitində çalışmalı olur.
Şahsuvar bəyin adı övladlarını yenə də bir müddət təqib qorxusu altında saxlayır. 1951-ci ildə nəvəsi Qasım Qasımzadəni babasına, sinfi mənşəyinə görə aspiranturadan çıxarmış, sonradan Ali Sovetin Rəyasət Heyətinin sədri Nəzər Heydərovun müdaxiləsi ilə aspiranturaya bərpa etmişdilər.
Şahsuvar bəyin portreti qalmayıb. Yeganə bir fotosu varmış ki, oğlu Mustafada imiş. Mustafa sevimli atasının şəklini ürəyinin üstündə, döş cibində gəzdirirmiş. Bir gün Kəlbəcərdə necə olursa özü də hiss etmədən şəkil cibindən yerə düşür. Əhvalat camaatın gur yerində olur. Bir də baxır adamlar yığışıb yerdə bir şəkli diqqətlə nəzərdən keçirir, şəkildəki paqonlu adamın kimliyini xoflu-xoflu müzakirə edirlər. Cümhuriyyət dövrü paqonlusunun övladı olmaq o qorxulu illərdə hakimiyyət dairələri üçün yetərli idi ki, beləsini ciddi təqibə, həbsə, hətta Sibirə sürgünə məruz qoysunlar. Bütün bunları göz önünə gətirən Mustafa qorxudan deyə də bilmir ki, şəkil onun cibindən düşüb, bir-iki dəqiqə atasının fotosuna baxa-baxa qalır, sonra da ürəyi qan ağlaya-ağalaya oradan uzaqlaşır…
Şahsuvar bəyin şəxsiyyəti haqqında müəyyən təsəvvürümüz daha çox yuxarıda sadaladığım epizodların təsiri ilə gəlişmişdi. Arəstə xanım atasının əsasən mərdliyindən, at belində bəy vüqarlı duruşundan, göstərdiyi xidmətlərdən, əhali ilə xoş rəftarından, tabeliyindəkilərlə doğmaları kimi münasibətindən danışmağı xoşlardı. Onun şəxsiyyətinə işıq tutan başqa bir maraqlı məqam isə çox sonralar, ötən əsrin 60-cı illərinin ortalarında bizdən ötrü yenilik oldu.
Bir gün Qasım Qasımzadəyə xəbər çatdırırlar ki, Gürcüstanın Tsxinvali rayonu Qromi kəndinin sakini, milliyyətcə osetin olan Mixail Qiqolayev adlı birisi Azərbaycanın hökumət orqanlarına müraciətlər edərək Şahsuvar bəy Kələntərovu, övladlarını axtarır. Demə bu ahıl kişi xeyli müddət imiş bu işlə məşğul olurmuş. M.Qiqolayev Şahsuvar bəyin tabeliyində xidmət keçibmiş. Rəhbərindən hədsiz yaxşılıqlar görən gənc Mixail sovet hakimiyyəti illərində bunu unutmur. Xruşşovun gətirdiyi ilıq siyasi ab-havada fürsət qazanır ki, yaddaşına xeyirxahlıq simvolu kimi ömürlük həkk etdiyi Şahsuvar bəyin sağ qalıb-qalmamasını, qohumlarından kimlərin qaldığını araşdırsın və ixtiyar çağında Azərbaycana məktublar yazır. Məktubların birini Q.Qasımzadəyə çatdırırlar. Beləcə, M.Qiqolayevin Q.Qasımzadə və onun dayısı Şahsuvar bəyin oğlu Yusif Hüseynovla əlaqəsi yaranır. Q.Qasımzadənin arxivində bu əlaqəni sənədləşdirən on dörd məktubdan on biri M.Qiqolayevin yazdıqlarıdır. Arxivdəki ilk məktub 1965-ci ildə avqustun 20-sində yazıb göndərdiyidir. Ruscası qrammatik yanlışlıqlarla yüklüdür deyə sadəcə tərcüməsini təqdim edirəm: “Salam, bizim keçmiş rəisimiz Şahsuvar bəy Kələntərov. Xatırlayırsınızsa, mən sizin yanınızda 1916-1917-ci illərdə xidmət etmişəm. Xahiş edirəm mənə yazasınız. Sağdırsa yazsın. Sağ deyilsə, atasının əvəzinə övladları yazsınlar bizə”. Məktubun sonunda da ünvanı qeyd edir. Q.Qasımzadə bu məktubu belə cavablayır: “Çox hörmətli Mixail Maksimoviç! Gec cavab verdiyimə görə çox xahiş edirəm məni məzur tutasınız. Biz – Şahsuvar bəyin törəmələri məktubunuzdan xeyli mütəəssir olduq. Sizə minnətdarıq ki, yarım əsr müddətində sevimlimiz Şahsuvar bəyi unutmamısınız. Çox təəssüf ki, Şahsuvar bəy indi həyatda yoxdur, 1929-cu ildə vəfat edib. Hazırda Şahsuvar bəyin törəmələrindən üç qızı, iki oğlu var. Mən onun nəvəsiyəm, böyük qızı Arəstənin oğlu. İndi Şahsuvar bəyin nəvələri arasında müəllimlər, aspirantlar, tələbələr, hüquqşünaslar, partiya-hökumət orqanlarının əməkdaşları var. Özüm yazıçıyam, elmlər namizədiyəm. Sizinlə görüşmək bizə maraqlı olardı, babamız haqqında təəssüratlarınızı eşidər, Sizinlə, ailənizlə tanış olardıq. Çətin deyilsə, yazın Sizinlə harada, nə zaman və hansı şəraitdə görüşmək mümkündür. Sizi öz evimizdə də qəbul etməyə çox şad olardıq. Hələlik. Sizdən cavab gözləyirik”. Nədənsə Q.Qasımzadə babasının, başqa müəlliflərin yazdığı kimi 1934-cü ildə deyil, 1929-cu ildə rəhmətə getdiyini düşünürdü…
Qasım Qasımzadənin Mixail Qiqolayeva yazdığı məktub
Növbəti məktublarda M.Qiqolayev Şahsuvar bəy haqqında olduqca səmimi duyğularını ifadə edir, başqa millətdən olmasına baxmayaraq, Şahsuvar bəyin onu “oğlum” çağırmağından, ona həqiqi mənada himayədarlıq və atalıq etməyindən, bəydən gördüyü yaxşılıqları ölənə qədər unutmayacağından yazır. Bir məktubunda da xidmətinin başa çatdığı zaman Şahsuvar bəyin onu şəxsən özü müşayiət edərək Yevlax stansiyasınadək ötürdüyünü, ayrılanda hər ikisinin ağladığını duyğusallıqla qeyd edir.
Bir-iki il davam edən məktublaşmadan sonra Q.Qasımzadə öz ailəsi və dayısı Yusiflə 1968-ci ildə M.Qiqolayevi ziyarət edir. Mixail kişi üçün bu, hadisəyə çevrilir. Həm də ona görə ki, gəlişimiz onun üçün gözlənilməz olur: sürpriz olsun deyə ziyarət planımız barədə onu sadəcə xəbərdar etməmişdik. Avtomobili sürmüşdük Tiflisə. Nəzərdə tutmuşduq ki, oradan birbaşa yollanarıq Qoriyə, sonra da Mixail kişinin yaşadığı kəndə. Elə olur ki, Gürcüstanın Yazıçılar İttifaqına baş çəkən Q.Qasımzadə Azərbaycanda öz tərcüməsində poetik toplusunu (“Qonaq gəlin Gürcüstana”) çap etdirdiyi İosif Noneşvili ilə qarşılaşır. Nə illah edir, İ.Noneşvili ondan əl çəkmir ki, “sizi buraxan deyiləm, qonağımızsınız” və s. Qasım müəllim xeyli dil-ağız edib yol üstə olduğumuzu ona anladandan sonra gürcü dostunu onunla yalnız nahar etməyə razı sala bilir. Noneşvili dostunun şərəfinə tələm-tələsik təşkil etdiyi nahara başqa yazıçıları da dəvət edir. Onların yeyib-içmək məclisi gürcü adətincə bir xeyli çəkir. Yanımıza qayıdanda gülə-gülə “əllərindən güc-bəla ilə xilas oldum” deyib nahar məclisinin necə təntənəli keçdiyindən danışır və məsləhət edir ki, Tiflisin bir mehmanxanasında qalıb gecələyək, səhər tezdən yolumuza davam edərik. Ertəsi gün Qoridən keçərək gəlib çıxırıq M.Qiqolayevin kəndinə. Camaatdan onu soraqlaya-soraqlaya evini tapırıq. Bu görüşün hər anı xatirimdədir. Qapını döyürük. Qasım müəllim özünü və bizi təqdim edəndə ziyarətçilərin, bu qəfil qonaqların Şahsuvar bəyin törəmələri olduğu Mixail kişiyə o qədər inanılmaz gəlir ki, çaşdığındanmı, həyəcandanmı deyir “xahiş edirəm pasportlarınızı göstərəsiniz ki, sizə inanım”. Qasım müəllim dayısından pasportu alıb Hüseynov Yusif Şahsuvar oğlu yazılan səhifəsini ona göstərir və oxuyur. O gün Mixail kişinin sevinci yerə-göyə sığmır.
Qiqolayev Şahsuvar bəyin axtarışında
Q.Qasımzadənin arxivində bir məktub da M.Qiqolayevin oğlunun yazdığıdır, atasının həyatında onunla görüşümüzün hansı dərin və xoşbəxt iz buraxdığından yazır, buna görə təşəkkürünü bildirir. Yaşı 80-ni ötmüş M.Qiqolayev isə Şahsuvar bəyə sevgisini yazdıqlarında ifadə etməklə yetinmir, bir neçə dəfə də ünvanımıza öz bağının meyvə məhsullarından ibarət bağlamalar göndərir. Qasım müəllim bu bağlamalara işarə ilə bizə təbəssümlə “babanızın sizə göndərdiyi sovqatdır” – deyir. Üzünü görmədiyimiz ulu babamız bizim üçün beləcə nağıllaşır. Şahsuvar bəy haqqında xalq dilində səslənən və bir növ artıq folklor nümunəsinə çevrilmiş poetik misraların təsiri altında ilk gəncliyimdə bir şeir yazmışdım: “Şahsuvar bəy və onun nəticəsi”. Şeirdə yuxarıda qeyd etdiyim misraları da xatırladaraq yazımı belə bitirmişdim.
Q.Qasımzadənin arxivində bir məktub da M.Qiqolayevin oğlunun yazdığıdır, atasının həyatında onunla görüşümüzün hansı dərin və xoşbəxt iz buraxdığından yazır, buna görə təşəkkürünü bildirir. Yaşı 80-ni ötmüş M.Qiqolayev isə Şahsuvar bəyə sevgisini yazdıqlarında ifadə etməklə yetinmir, bir neçə dəfə də ünvanımıza öz bağının meyvə məhsullarından ibarət bağlamalar göndərir. Qasım müəllim bu bağlamalara işarə ilə bizə təbəssümlə “babanızın sizə göndərdiyi sovqatdır” – deyir. Üzünü görmədiyimiz ulu babamız bizim üçün beləcə nağıllaşır.
Şahsuvar bəy haqqında xalq dilində səslənən və bir növ artıq folklor nümunəsinə çevrilmiş poetik misraların təsiri altında ilk gəncliyimdə bir şeir yazmışdım: “Şahsuvar bəy və onun nəticəsi”. Şeirdə yuxarıda qeyd etdiyim misraları da xatırladaraq yazımı belə bitirmişdim:
Ondan neçə il sonra
şeir yazıram
çapı müşkül,
dərd çəkirəm
tabı müşkül.
Dərdimin nə gündüzü var, nə gecəsi.
Beləcə acizdi Şahsuvar bəyin nəticəsi.
Şeirlərimin çapı sovet dövründə həqiqətən müşkül idi, amma bunu “dərd” eləməklə öz aləmimdə yazılarımın anti-sovet məzmununa işarə vururdum…
İndi Azərbaycan Cümhuriyyətinin yüz illiyini bayram etdiyimiz günlərdə üçrəngli bayrağımızı 88-ci ildə ilk dəfə bir Azərbaycan gəncinin əlində görən Qasım Qasımzadənin necə duyğulandığını xatırlayıram.
Sahil bağından çıxıb evimizə tərəf getmək istəyirdik ki, M.F.Axundov Kitabxanasının yanından ötən nümayişçiləri gördük. Etirazçılar torpaqlarımıza ermənilərin ərazi iddiaları əleyhinə kütləvi tədbir keçirirdilər. Gənclərin biri bayrağımızı yelləndirirdi. Qasım müəllimin gözü yaşardı. Məndən aralanıb həmin gəncə yaxınlaşdı. Bayrağı öpdü, sonra bayraqla göz yaşlarını qurutdu. Gəncə xeyir-dua verib alqış oxudu. Simasına bir hüzur çökmüşdü. Mənzilimizə bayram ovqatında gəlib çatdıq. İndi mənə elə gəlir bu günümüzün Cümhuriyyət bayramını Q.Qasımzadə düz otuz il əvvəl, məhz bayrağımızla vüsala qovuşduğu həmin o gün yaşayıb. Və təkcə qanı qanından olan Şahsuvar bəy Kələntərovun nəvəsi kimi deyil, həm də ideallarına səcdə etdiyi qurucu babalarımız M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, H.Ağayev, N.Usubbəyov, S.Mehmandarov və b.-nın mənəvi varislərindən biri kimi…
Qasim Qasimzadenin Mixail Qiqolayeve yazdigi mektub
Qiqolayev Shasuvar beyin axtarishinda 1