Genel

Şəfa Vəli

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Şəfa Vəli

 (Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009).

         “Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısıdır.  1-4 may 2014-cü ildə Eskişəhrdə keçirilən “Yunus Əmrə buluşması”  elmi simpoziumunun iştirakçısıdır.

         “Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil…”  hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015).

         Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvüdür.  Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016).  İki kitab- “Ümiddən olan qurbanlar” (esse və hekayələr, 2009), “Poçtalyona məktub” (şeirlər, 2017) kitablarının  müəllifidir. 

         “525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi “Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsində “Anamın boyat dərdi” essesi ilə qalib olub (2019).

Şəfa Vəli

Anam məndən gözəl olub mən yaşda!

əl-əl axtarıram şəkillərimi,
baxım görüm hansında
daha gözəl düşmüşəm…
baxım görüm
hardasa
anama söykənmişəm?!

marağımı qabardıb
itirəm şəkillərdə…
fikrim ilişib qalıb
dünəndə-anamgildə…

anamın şəkilləri
nə gözəldi, İlahi!
anamın hörükləri
de harda gizlənibdi?
hansı ildə, İlahi?!

mən öz şəkillərimdən
küsdüm bu gün bu başla…
Tək sevincim dünəndə:
“Anam məndən gözəl olub mən yaşda!”

2018

Ölüm ömrə boyunbağı…

Biz sonuncu ayrılığın
Sonuncu düşərgəsiyik.
İndi burdan da ayrılıb
Uzaqlara gedəsiyik…

Hələ bitməyib yeni gün,
Başlamayıb axşamçağı…
Hələ ki, sevgimiz sürgün,
Ölüm ömrə boyunbağı…

Nə yaxşıdı, ölüm üçün
Sonuncu rəqsi eləmək…
Şedevrdi, özüm üçün
Rekviem`i bəstələmək…

Bax, bu ayrılıq dediyin
Yazır dünya tarixini…
Bir barmağında oynadır
Heraklını, Axilini…

Sən də ki…
Nə bilim axı…
Hələ vüsal axtarırsan…
Utanmasan,
Ayrılığın
Havasına oynayarsan…

2018

Eşqdən ölsəm…

Sarı eşqə Tanrı ağlar,
Bəndə ağlamaz…
Ağlamaz…
Qoca palıd çal başına
Sarı bağlar…
Qara bağlamaz…
Bağlamaz…

Əyilib səcdə edərəm
Getdiyin hər dan üzünə…
Məcnuna qibtə edərəm,
Leylinin həya rübəndi
Yaraşmaz nakam üzümə…

Yandım…
Aman, sarı palıd,
Qoynunda koğuşun varmı?
Bu eşq səmalarla yaşıd…
Eşqdən ölsəm,
Ah, Tanrım, ah,
Bir də doğuluşum varmı?

Ömür sürüyürəm…

Boğulur sonuncu ulduz axını,
Boğulur Günəşin hər zərrəsində…
İndən belə neyləyirəm nağılı?
Yuxuma yol çıxır ceyran izindən…

Hamı can bəsləyir,
Təpər qoruyur,
Ömür sürüyürəm dərd çəkisində…
Gedirəm, çiynimdə çörək torbası…
Yeddinci cığırda bir qız ağlayır,
Yeddinci təpədə bir qurd ulayır;
Ölüm gəzdirirəm div şüşəsində…

Bu səhər

Bu səhər pəncərəmi
Döydü yağış damlası…
Ahənglə pıçıldadı:
-Nə haldasan, qadası?

Gülümsədim… Həyata
Elə gözəl naz etdim…
Bütün ayrılıqlara
Təbəssümlə əl etdim…

Gedənlərin ardınca
Bir göz yağış tullayıb
Baxdım göyə doyunca…
Gördüm səma ağlayıb…

Düşdüm ayaqlarına
Səmanın sevdasının…
Baş qoyub yollarına
Güldüm də xısın-xısın…

Qəfil döndüm güzgüyə,
Ürəyimdən soruşdum:
-Sən həyatı sevməyə
Axı nədən başladın?

Sən olan şeirlər…

bütün arzuların saçımda qaldı,
daraq tanımağı günah bilirəm…
mən səni dünyanın gözündən saldım,
yolumu kəsəcək min “ah”, bilirəm…

açıq pəncərəndə rəqs edən pərdə
qovuşmaz əlimin qırışlarına…
hədiyyə etmişəm səni bu dərdə,
sükutun yuvadır qu quşlarına…

bağışlama gedişimi, qadası,
üzü sənə tərəf iz qoymamışam..
sən olan şeirlər vicdan həyası;
bu gün qələmimi düz qoymamışam…

Ruhumuz -oyun yeri…

bütün zəlzələlər, qar uçqunları,
bir insan ruhunun sancısındandı…
şeirlər hisslərin uçurumları,
romanlar ən ucuz intiharlardı…

səhər “sevda!”-deyə yansa könlümüz,
axşam can ağrısı qor edir bizi…
uğrunda şeirlər öldürdüyümüz,
bir ağ gün eşqinə öldürür bizi…

Nə gözəl aldadır bizi bu dünya;
ayaq tutan hər nə varsa yeridir…
Təbiət Tanrının oyuncağıysa,
ruhumuz ən gözəl oyun yeridir…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest