Məhərrəm Qasımlı – ŞEİRLƏR
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Məhərrəm Qasımlı
ŞEİRLƏR
Yuxu içində
Yuxu kimi gəlir ötüb keçənlər,
Nağıldan qopmuşdu o yaz görünür.
Oyaq qaldığımız uzun gecələr
Ay Allah, necə də bəyaz görünür!
***
Nələrsə deyirdim düşüb tilsimə,
Göylərin ulduzlu yaraşığından.
Sən də heyran-heyran baxıb üzümə,
Möcüzə umurdun ay işığından.
***
Görən o sözlərdən varmı yadında? –
Göydən gətirmişdim durna telində.
De, nələr deyirdim könlüm adından
Bənövşə dilində, nərgiz dilində?!
***
Biz iki bəxtəvər duyurduq ancaq
Aylı gecədəki o həzin dili.
Telindən savayı, əlimdən özgə
Kim bilə bilərdi de, bizim dili?!
***
İndi yuxu kimi gəlir o gecə
Dalğalı axarı qəhətdi şerin:
Uşaqlı bir qadın gülür gizlicə;
– Demərəm yerini süd kəlmələrin…
Bu gecə
Bizə də yer varmış dünya üzündə,
Üz-üzə, göz-gözə gəldik axır ki…
İnana bilmirəm sənsən önümdə,
İlahi gözlərin elə yaxın ki…
***
O uzaq illərdən soraqmı gəlib? –
Tanrının nurudu bu sirli gecə.
Yaşın on beşindən qonaqmı gəlib? –
Saçların qoxulu, ətirli gecə.
***
Könlümü titrədən işıq əllərin
Baharı çağlayan bir quş olubdu.
Utancaq, həyalı, uşaq əllərin
Toxunub çiynimə bihuş olubdu.
***
Dayanaq beləcə könül-könülə,
Min illik yol qalsın gündüzə qədər.
Aya istəmirəm, ay yaxındadı,
Gəl gedək ən uzaq ulduza qədər.
Uzansın bu gecə sonsuza qədər…
Gərək olmur
Boşla getsin boş öyüdü,
Ürəksizdə ürək olmur.
Kim tanımır yaş söyüdü,
Əyiıləndi, dirək olmur.
***
Nə deyəsən, bu mizana,
Yazını əyri yazana.
Milyon yığa, min qazana,
Çörəksizdə çörək olmur.
***
Dünyanın oyunu çoxdu,
Yalanları yağlı oxdu,
Mərdin sözü “hə”di, “yox”du,
Onda “baxaq-görək” olmur.
***
Orxan Paşa, öyrət bizə,
Doğruları söylət bizə.
Qeyrət heç vaxt qeyrətsizə
Lazım gəlmir, gərək olmur.
Minarəli bir şəhər
Dəniz qırağında
minarəli bir şəhər,
Dalğalanır xəyalımda
axşam-səhər…
Sevimliydi o şəhərin
tez-tez yağmur tökən
buludlu göyləri,
quzeyinə bir az mamır çökən
qızıl kərpicli evləri,
qırmızı kirəmidli damları,
havasına, suyuna
oxşar adamları.
…Sehirli minarəsi
bir ayrıydı ancaq,
bir ayrıydı
minarənin
yanında qalmaq;
bir ayrıydı
ondan umud almaq,
işıq almaq.
İllərdi…
illlərdən bəridi
getmir gözlərimin önündən
kərpicli-kirəmidli
o yağmur şəhəri,
getmir
sehrli minarəçiylə
başlanan axşamı,
açılan səhəri…
Ürəyindən öpdüyüm
Bilsən, necə ürəyimə düşübsən,
Darıxanda biləyindən öpdüyüm.
Dalğalanıb yaxınımdan keçəydin,
Havasından, küləyindən öpdüyüm.
***
Harda qaldı öz-özünə küsməyin,
Qübarlanıb sərin-sərin əsməyin?!
Gözəliymiş hərdən asıb kəsməyin,
Tənbehindən, gileyindən öpdüyüm.
***
Necə çəkim bu verdiyin möhnəti?!
İndi mənəm dərdlilərin söhbəti…
Yarasına sığal çəkib xəlvəti
Ağrısından, göynəyindən öpdüyüm.
***
Nisgilimi gizlədirəm qələmdə,
Günahsızdı öldürən də, ölən də.
Tər geyinib, tər bəzənib gələndə
Baxışımnan kürəyindən öpdüyüm.
***
Orxan Paşa, uçub körpüm-dirəyim,
Heç demirmi hanı könlü kövrəyim?!
Ürəyindən nigarandı ürəyim,
Ürəyinmə ürəyindən öpdüyüm…
Yuva kimi
Sağıma-soluma keçib
bir bəhanəylə
əyilirsən çiynimə;
ilıq öpücüklər
səpirsən boynuma –
ovsun kimi,
dua kimi.
Mən də içimə çəkib səsimi
uduram doymadan
bənövşə ətirli nəfəsini –
işıq kimi,
hava kimi.
O ilıq öpücüklər boyu
canıma-qanıma yayılırsan
loğman kimi,
dərman kimi,
dava kimi,
şəfa kimi.
Beləcə hər gün
sığınıb gizli göz yaşına,
dolanırsan uçuna-uçuna
ürəyimin başına –
qonub isinmək istədiyin
yuva kimi…
Gedək Təbrizə-Təbrizə
Ayrılığa yoxdu dözüm,
Gedək Təbrizə-Təbrizə.
Nə durmuşuq, canım-gözüm,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
***
Baxmayıb qara, yağışa,
Qanad açıb dönək quşa.
Dolaylardan aşa-aşa
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
***
Həsrətli ellər gözləyir,
Açılı güllər gözləyir,
Sevgili dillər gözləyir;
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
Yol yormağa var atımız;
Qıratımız, Düratımız!
Təbriz bizim muradımız
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
***
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz,
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
Bayrağım
Nur saçırsan göy üzündə,
Çırağımsan, ay bayrağım.
Vətən boydasan gözümdə,
Torpağımsan, ay bayrağım.
***
Bahardı yaşılın,göyün,
Ayparalı al köynəyin.
Səcdənə gəlirəm hər gün,
Ocagımsan, ay bayrağım.
***
Eşqin yurdum yaşındadı,
Qayasında, daşındadı.
Yerin bağrım başındadı
Qucağımsan, ay bayrağım.
***
Andım, ruhum- dirəyimsən,
Havam,suyum, çörəyimsən.
Dalğalanan ürəyimsən-
Ürəyimsən, ay bayrağım!
Çırağımsan, ay bayrağım!
Ana yurdum Azərbaycan
(mahnı)
Sən əbədi ilk baharım,
Ana yurdum, Azərbaycan
Ürəyimdə şah damarım,
Ana yurdum, Azərbaycan.
***
Babaların ocağısan,
İsti ana qucağısan.
Ər oğullar oylağısan,
Ana yurdum, Azərbaycan.
***
Qoç Koroğlun çoxdu sənin,
Dəli nərən oxdu sənin.
Heç bənzərin yoxdu sənin,
Ana yurdum, Azərbaycan.
***
Gözəllərin çiçək kimi,
İgidlərin şimşək kimi.
Sinəmdəsən ürək kimi,
Ana yurdum, Azərbaycan.
***
Hər mahalın bir tamaşa,
Heyranındı Orxan Paşa.
Bayrağınla ucal, yaşa,
Ana yurdum, Azərbaycan.
Ordumuz
Kükrəyən aslandı mərd meydanında,
Göydən ildırımlar tökər ordumuz!
Harda olsa, durar haqqın yanında,
Yarar qaranlığı, sökər ordumuz!
Qəhrəman ordumuz, əsgər ordumuz!
***
Nərəsi dağ yaran nər oğlu nərdi,
Yenilməz ərəndi, ər oğlu ərdi.
Biləyi dəmirdi, köksü sipərdi,
Qılıncdır, qalxandır səngər ordumuz!
Qəhrəman ordumuz, əsgər ordumuz!
***
Qartal balasıdı –mərdin oğludu,
Vətən qalasıdı-yurdun oğludu.
Əsli var, soyu var-qurdun oğludu,
Meydana qırğı tək səkər ordumuz!
Qəhrəman ordumuz,əsgər ordumuz!
***
Girdiyi meydanı al-qan eyləyər,
Baxmaz sola-sağa, sel qan eyləyər.
Zəfər köynəyini yelkən eyləyər-
Vətən boyu bayraq çəkər ordumuz,
Qəhrəman ordumuz,əsgər ordumuz!
Gedəlİm
Ərənlərə salam olsun,
Durub pişvaza gedəlim!
Qandan qorxan qoy almasın,
Biz dəstəmaza gedəlim!
***
Haq yolunda can deməyə,
“Qan” deyənə “qan” deməyə.
Özünü qurban deməyə
Nəzir-niyaza gedəlim!
***
Yürü atlan dan yerindən,
Oynasın meydan yerindən.
Bahar doğsun qan yerindən-
Qış ötsün,yaza gedəlim.
***
Düşməninə öc igidlər,
Qurd ürəkli ac igidlər.
Xınalanıb qoç, igidlər-
Bayramımıza gedəlim.
***
Döyüş mərdin meydanıdı,
Dəli nərə nişanıdı.
Bayraq şəhidlər qanıdı,
Bayrağımıza gedəlim!
Azərbaycan əsgərinə
Son damla qanına söykən,
Möhkəm ol, möhkəm ol, möhkəm…
Məstan Günər
Dan yeridi son damla qan,
Doğulan danına soykən!
Meydan Vətən meydanıdı,
Dayan, meydanına soykən!
***
Dəli nərən qırılmasın,
Qızıl qanın qaralmasın.
Vuran qolun yorulmasın,
Oğuzun şanına soykən!
***
Mərd oğullar candan kecib,
Haqq deyib, divandan kecib.
Ərlik sənə qandan kecib,
Babanın qanına soykən!
***
Dar gunə hazırım, igid,
Sultanım, vəzirim, igid.
Boz atlı Xızırım, igid,
Ölümsüz canına soykən!
***
Savaş gunu ər aslan ol,
Tarix yarat, nər aslan ol.
Yazılmayan bir dastan ol –
Sən oz dastanına soykən!