GenelGüncel

Gülnar Ümid 

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Gülnar Ümid                           

Bir yer göstər gözlərimi asmağa

Mən sevəndə xatırlamırdım səni,

İtirəndən yaddaşımdan çıxmırsan.

Darıxmaq da ürəyimi kiçildib,

Darıxanda ürəyimə sığmırsan.

***

Gecə ayın göy üzündə kölgəsi,

Günəş çıxar, izi itər hər səhər.

Bir yer göstər gözlərimi asmağa,

Özüm qurudaram hər gün birtəhər.

***

Biraz danışaram, dəniz dinləyər,

Biraz da,danlayar Xəzri, Giləvar.

Gecə təkliyinə çəkilər süfrəm,

Səndən söhbət açar çayla gilənar.

***

Onda,bax çiynimin yükü yorulub,

Biraz dincəlməkçün dizimə çökər.

Baxar dinləməyə kimsəsi yoxdur,

Ürək dərdlərini içinə tökər.

***

Bir ümid aparar özüylə məni,

Gəzdirər şəhəri səndən bixəbər.

Xəyal qayığında oturar gözüm,

Kirpiklər yuxumun avarın çəkər.

Köç qəlbimə

Bəsdir kirayə qaldın,

Yır-yığış et, köç qəlbimə.

Hər yanağa çəkilən təbəssüm isti olmur!

Bir gün boyat yeyirsən,

bir gün də ac yalavac

gözünü qucaqlayıb,

yuxunun küçəsində əl açıb dilənirsən…

Bir qurtum sevgi qalıb ömrümün fincanında,

Adımı unutduğun dodağının çatına saxlamışam onu da,

Ya gəl islat dodağı,

ya da yad qapıların səksəkəsində boğul…

Darıxır, yenə darıxır….

Başın heç çiynimdə darıxmamışdı,

İndi köynəyimdə ilişib qalan

bircə o telindi baxır üzümə,

lal-dinməz darıxır,

yenə darıxır…

***

Qucağım qoxunu gizlədir səndən,

gündüzlər geyinir, gecə soyunur.

“Sən”imdə gizlicə pıçıldadığın

qulağım darıxır,

yenə darıxır….

***

Ovcuna sıxdığım yanaqlarımı,

baxışın şəkildən güldürür indi.

Gözümü çağırır görüş yerinə

Xəyalım darıxır,

yenə darıxır…

***

Səni də, məni də, ötürən qapı

Bizim arxamızca göz atır hər gün.

Hər gələn qapının şıkkıltısına

Addımlar darıxır,

yenə darıxır…

Kədər yanaq üstdə qəmzə saxlamır

Bəlli deyil bu ömrümün havası,

Ümidin sən adda bir yazı qalıb.

Qışın soyuğunu öpən dodağım,

Sənin dodağına tamarzı qalıb.

***

Bu ömür ötəni itirib gedib,

Mənə gözləməyi ötürüb gedib.

Razı da,başını götürüb gedib,

Bizim payımıza, “narazı”qalıb.

***

Heç bir dayanacaq gözləmir məni,

Yol üstdə kölgəm də,izləmir məni.

Gələnlər,gedənlər söz edir məni,

Yolun çoxu gedib, lap azı qalıb.

***

Bir vərəq tapmışdım,yazdım üstünə,

Düzü düzə vurdum ,gəldim üstünə.

Qələmi çağırdım haqqın üstünə,

Bitirə bilmədim,birazı qalıb.

***

Ömrün dişi düşsə, diş bitmir daha,

Ölüm, səninlə də iş bitmir daha.

Qulaq azanını eşitmir daha,

Sevgi, ürək üstdə namazın qalıb.

***

Heç bir şəkil bilirik ki,ağlamır,

Kədər yanaq üstdə qəmzə saxlamır.

Yaşamaq da, zamana bel bağlamır,

Alnımda nə yaxşı bir yazı qalıb.

Gözlərimin darağı…

Gözlərimin darağıyla açıram,

Yollarının dolaşmış hörüyünü.

Sən düşmüsən yadıma, yelləyirəm

yuxum ilə gecənin yüyrüyünü.

***

Dilim boğur səssizliyin boğazın,

Qalmır daha danışmağa həvəsi.

Darıxanda nəfəsim də tükənir,

Vallah olmur darıxmağın nəfəsi.

***

Otağım bağlayıb qara yaylığın,

Xəyallarım gəlib hal-əhval tutur.

Göz yaşımı dəmləmişəm gecəyə,

Gör necədir, biraz yaxın gəl otur.

***

Gözlərinlə öpdüyüm pəncərəmi,

Külək örtür, öpür yağışlar indi.

Ömürdən fəsillər töküldü bir-bir,

Nə məni, nə səni bağışlar indi.

Yanağım pay verir səfil gülüşdən

Ayrılığın səhəriydi bu səhər,

Görünmürdü göy üzündə bir dilək.

Ağacların yarpağına sığınıb

Üşüyürdü yağış altında külək.

***

Bir-biriylə pıçıldaşıb küçələr,

Məni qınayırdı adam içində.

Enişli yolların izinə düşdüm,

İndi doğmaların, yadam içində.

***

Gözlərim gecənin qoynundan çıxıb,

Səhərlərin dan yerini sökürdü.

Dabanlarım təngənəfəs,tələsik,

Küçələrin yanağından öpürdü.

***

İndi dizlərini qatlayıb arzum,

Əlləriylə su götürür gözündən.

Dilimdən nəm çəkən ümidlərim də,

Quruyub, asılmaz daha sözümdən.

***

İşığı göndərmə daha üstümə,

Hürküb qaranlığım qəfil gedişdən.

Süfrəmə hər gələn qonağa indi,

Yanağım pay verir səfil gülüşdən.

Misralar dərdimi bölürlər indi

Yarım xəyalları uçurtmaq üçün,

Mənim gözlərimin qanadi vardı.

Sənlə ayrıldığım o son gecənin,

Kəpənək ömründə bir andı vardı.

***

Duamda hər gecə göyə qalxanım,

İndi göz yaşımla yerə düşürsən.

Sənə hörmətim də birə-beş idi,

Heyif, indi beşdən birə düşürsən.

***

Nə oldu yolunu azdıran belə,

Hansı yol nişanı çaşdırdı səni?

Sən məndən gedəndə bağışlamışdım,

Bəlkə səbir kasam daşdırdı səni?

***

Nə yazsam onsuz da, mənası yoxdu,

Misralar dərdimi bölürlər indi.

Qınadığım əsər qəhramanları,

Mənim hekayəmə gülürlər indi.

Kimsəsiz ayrılıqlar…

Səhərin bir ümid parıltısına

Yuxum gözlərimdə sakit yatardı.

Günəşin yuxusu şirindir deyə,

Ulduz yuxusuna haram qatardı.

***

Süpürüb şəhərin arzularını,

Külək aparardı dənizə sarı.

Aşardı siqaret kötükləri də,

Unut deyənlərin izinə sarı.

***

Bütün sevgilərin bir içkisi var,

Dəm alır “ayrılıq” qəmdə, qəhərdə.

Kimliyi cibində gəzən adamın,

Kimsəsi olmadı yetim şəhərdə.

***

Sevgiyə yazılan bütün yazılar,

Kağız qayıqların avarın çəkdi.

Dalğanın nazını çəkənlər indi,

Görən sahilboyu bəs niyə təkdi?

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Gülnar Ümid 

  • Samama

    MasAllah.Cok guzel siirler.Yureyinize saglik😍

Yorumlar kapatıldı.

Pin It on Pinterest