GenelGüncelKültür Sanat

Müxtəlif mövzulu üç romanın vahid qayəsi


Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səfər Alışarlı

Müxtəlif mövzulu üç romanın vahid qayəsi

Müasir Azərbaycan nəsrinin son illərin uğuru sayılan üç nümunəsi ədəbi tənqidin diqqət mərkəzində olub. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, “Mehriban Vəzirin “Gövhər ağa Cavanşir” və Kəramət Böyükçölün “Çöl” romanları. Bu əsərlər Azərbaycan reallığının müxtəlif zaman və məkanlarını əks etdirsə də, onların əsas hədəfi insanımızın mənəvi dünyası və yaşadığı gərgin psixoloji dramlardır.

Ş.Ağayarın “Arzulardan sonrakı şəhər” romanı bir sıra xüsusiyyətlərinə görə müasir dünya oxucusu üçün maraq doğura bilər. Bunlardan ən başlıcası SSRİ-nin dağılması zamanı Qafqazda baş verən milli münaqişələr fonunda multikultural dəyərlərin əsas götürülməsi, müharibə romantikasının alt-üst edilməsi və həm ailədaxili, həm də sosial basqılar altında əzilən stereotip müsəlman qadına yeni baxışdır.

Ötən əsrin 90-cı illərində Qafqazda baş qaldırmış milli münaqişələr zəminində alovlanan müharibənin həm də cəlbedici romantikası vardı. Adamlar könüllü dəstələr halında Azərbaycan və Ermənistan arasında silahlı münaqişəyə səbəb olan Qarabağ bölgəsinə yollanır, çox zaman şəhid və ya əlil olurdular.

Romanın qəhrəmanı yeniyetmə Həsəni müharibədən çox sevgi, dostluq, müxtəlif ölkələrə səyahət və xoş xəyallar qurmaq daha çox cəlb edir. Roman Qafqazda SSRİ-nin dağılması prosesini detallı izləmək üçün xeyli material verir. Nəhəng bir imperiya dağılır, dost və qardaş hesab olunan müttəfiq respublikalar arasında ərazi iddiaları başlayır. Xüsusən Qafqaz, o cümlədən Azərbaycan və Ermənistan uzun illər davam edən və bu gün də tam həllini tapmayan qanlı münaqişələrə cəlb olunur.

Roman milli ayrı-seçkilik etmədən müharibədə insan amilinə fokuslanır, onun faciəsinə işıq tutur. 

Həsənin nənəsi təhsil görməyən müsəlman qadındır. O, dini ayinləri yerinə yetirməsə də, xeyli dindardır. Şiə məzhəbinə məxsus olan bütün müsəlmanlar kimi İmam Əlini çox sevir, həmişə nəvəsinə onun ibrətamiz əhvalatlarından danışır. Tez-tez şəhərdəki Məhərrəmlik mərasimlərinə gedir.

O, həm də milli adət-ənənələrin əsiridir. Qızını – Həsənin anasını zorla qaçırdırlar, sonra isə feodal dövrünə xas tayfa düşmənçiliyi səbəbi ilə boşayırlar. Qadın xərçəng xəstəliyi taparaq ölür və Həsən nənəsinin ümidinə qalır.

Nənə onu və ailəsini bədbəxtliyə sürükləyən dini-mental dəyərlərdən heç cür qopa bilmir. Hətta geyim-kecimində belə bütün “qayda”lara əməl etməyi özünə borc bilir. Onun kimi düşünməyən qadınlara isə pis baxır, onların arxasınca deyinir.

Lakin Nənə qarşısına çıxan çətin sınaqlar zamanı milli və dini dəyərləri çox asanlıqla ayaq altına alır. Misal üçün, qaçqın kimi yığışdıqları evlə bağlı mübahisə düşəndə İmam Əliyə yalandan and içir. Bazarda ərzağı ucuz qiymətə almaq üçün satıcılara başına gələn fəlakətlərdən danışır və çoxunu da uydurur.

Əsər göstərir ki, zahiri rituallar həyat gerçəkləri qarşısında acizdir. İnsanın yaşamaq və xoşbəxt olmaq instinkti hər cür uydurulmuş müqəddəslikdən ucadadır.

Bütün bu hadisələrin Qədim Misir dövründə baş verən əhvalatla paralel verilməsi romanın məna qatını daha da dərinləşdirir. 

Qədim dövrdəki hekayə ilə müasir dövrdəki hekayənin bir-birini tamamlaması dünyanı təkcə məkan yox, həm də zaman baxımından vahid bir orqanizm kimi qavramağa imkan verir. Ona görə romanı üçüncü variantda oxumaq ən doğru oxumaqdır.

Yazıçı Mehriban Vəzirin 2017-18-ci illərdə yazdığı “Gövhər ağa Cavanşir” romanı ölkəmiz üçün bu gün də ictimai-siyasi aktuallığını saxlayan Qarabağ mövzusu ilə üzvi surətdə bağlıdır. Roman Qarabağ xanlığının tarixinin tədqiqi və təbliği baxımından, eləcə də bu haqda yayılmış düşmən yalanlarına qarşı qoyulası məntiqi sübutlar və həyati faktlarla zəngindir. Əsərin bədii estetik dəyəri orada cərəyan edən son dərəcə dramatik hadisələrin usta yazıçı və psixoloq qələmi ilə işlənməsindədir.   

     19-cü əsrin birinci yarısında çar Rusiyası tərəfindən addım-addım işğal olunan Azərbaycanın milli faciəsi Gövhər ağanın şəxsi taleyindən qırmızı xətlə keçir. İşğalçılar atası İbrahimxəlil xan Cavanşir başda olmaqla onun bütün ailəsini gülləbaran edərək qətlə yetirir. Qohum-əqrəbanın siyasi təhrikilə Gövhər ağanın iki dəfə qurduğu ailə həyatı uğursuz alınır. Bu haqda romanda baş qəhrəmanın daxili monoloqu vasitəsilə belə deyilir: “Sənə zəngin həyat və sərvət yazılıb, səadət yazılmayıb”. İşğalçı hakimiyyət Azərbaycanın şimalında öz mövqelərini möhkəmləndirmək üçün Gövhər ağadan siyasi məqsədlərlə istifadə etməyə çalışır. Onu bu işğala qarşı barışmaz mövqedən çıxış edən və müqavimət hərəkatında qüvvələrin səfərbərliyinin artırılması üçün əlindən gələn hər şeyi edən bacısı, İran şahının xanımı Ağabəyim ağaya qarşı qoymağa çalışır. Lakin Gövhər ağa bundan yayınaraq bütün imkanlarını və sərvətini xeyriyyəçiliyə, maarif və mədəniyyətin tərəqqisinə, müsəlmanlar arasında düşmənlər tərəfindən daim qızışdırılan dini qütbləşmənin qarşısının alınmasına yönəldir.

      Mehriban Vəzirin tarixi mövzuya yanaşma həssaslığı, ciddi axtarış və tədqiqatları, metaforik düşüncə tərzi və sözdən istifadə bacarığı romanda ən adi situasiyaların belə yüksək bədii zövq və keyfiyyətlə yaradılmasına xidmət edir. Romanda təkcə Qarabağın deyil, faktiki olaraq bütün Azərbaycan xanlıqlarının müqəddəratının həll edildiyi qanlı-qadalı illər əks olunub.     

          Əsər qələmə alınarkən Qarabağ, onun incisi və cövhəri Şuşa hələ düşmən əlində idi. Bundan doğan ağrı əsrlərin qatından müəllif təhkiyəsinə, obrazların dilinə sızaraq bütün roman boyu bizi ibrət götürməyə, səhvlərdən nəticə çıxarmağa, milli heysiyyət və milli ləyaqət uğrunda fədakarlığa, güclü olmağa səsləyir. Bu gün Şuşa müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın etmiş qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti sayəsində azaddır. Düşməndən təmizlənmiş azad Şuşanın zəfər azanına minarə verən Gövhər ağa məscidləri düşmənlərin təqdim etmək istədikləri kimi İran-fars mədəniyyətinin yox, doğma Azərbaycan, türk-islam mədəniyyətinin layiqli nümunəsi və canlı əfsanələrindəndir. Əsrlər keçəcək, Gövhər ağa Cavanşir, onun şanlı ailəsi və Qarabağ xanlığının heç də sadə olmayan taleyi haqda yeni-yeni sənət əsərləri yaranacaq. Heç şübhəsiz, onların arasında Mehriban Vəzirin “Gövhər ağa Cavanşir” romanı da öz layiqli yerini tutaraq soydaşlarımızın mənəvi yüksəlişinə xidmət edəcək.

     Gənc yazıçı Kəramət Böyükçölün bir neçə dəfə nəşr edilmiş “Çöl” romanında tərəkəmə həyatı təsvir olunur. Mövzu, ona uyğun seçilmiş səmimi intonasiya və sadə dil üslubu əsərin ilk cümləsindəncə özünü göstərir: “Bizə “tərəkəmə” deyirlər. Yayda yaylağa, payızda Mil-Muğan düzündə yerləşən “Şirinqum” qışlağına köçürük”. Təsvir edilən toplumda yazıb-oxumağı bacaran, demək olar ki, yoxdur. İnsanlar saf və dürüstdür. Mal-qoyun onların nitqində, məişətində bəzən ölçü vahidi kimi də çıxış edir. Onlar çölün, orada bitən və oradan barınan hər şeyin dostu, doğması və ömürdaşıdırlar. Bəslədikləri heyvanlar – qoyun, inək, at, it, toyuq-cücə, hətta çölün qurd-quşu da onların həyatının ayrılmaz, tərkib hissəsidir.

         Çöl insanı sivilizasiyaya doğru təbiətdən, dildən və ruhdan keçib gəlir. Onun zəhməti, reallıq duyumu, fantaziyası və instinktləri, eləcə də ləhcə və məişət ornamentləri min illərin süzgəcindən keçərək cilalanıb.

Azərbaycan nəsrində tərəkəmə həyatını əks etdirən əsərlər elə də çox deyil, amma nə yazılıbsa, tərəkəməliyin mahiyyəti Kəramət Böyükçölün əsərində olduğu kimi dolğun, canlı və parlaq işıqlandırılmayıb.

     Janrın tələb etdiyi təfərrüat genişliyi romanın başlıca məziyyətlərindəndir. Burada tərəkəməliyin çölçülük stixiyası, zahiri elementləri, maldarlıq, qoyunçuluqla bağlı incə detalları sıralanır. Özü də bunlar təhkiyəçinin tərəkəmə həyatı haqqında bilgilərinin çılpaq nümayişinə, məlumatfüruşluğa çevrilmir, müəyyən hadisənin və ya obrazın təsviri ilə sıx şəkildə əlaqələnir.

        “Çöl” metaforalar, xarakterlər və hadisələr romanıdır. Onların bir çoxu öz səciyyəsində keçmişlə bağlıdırsa, bir çoxu da təhkiyəçinin bilavasitə müşahidə etdiyi, gördüyü və izlədikləridir.  Romanda bütün hadisələrin bir məhvərdə birləşməsi, yəni cərəyan edən kolliziyaların vahid süjet xəttində cəm olması, birinin digərini üzvi şəkildə şərtləndirməsi gənc müəllifin mühüm yaradıcılıq keyfiyyəti kimi qiymətləndirilməlidir.

           Çölün ümman genişliyi onda yaşayan insanın – roman qəhrəmanlarının təfəkküründə də öz əksini tapır. Əşyalarla, sözə qədərki səslə ifadə olunan bəzi məna anlayışları mətnə təkrarsız naxışlar vurur. Əsər müəyyən bir dövrü ifadə etmir, insanı müxtəlif zaman, məkan və oxşar situasiyalarda göstərməklə xarakter paralelləri yaradır. Bu xarakterləri izləmək oxucuya əyləncə ovqatı deyil, ətrafda baş verənlərə şərik məsuliyyət hissi aşılayır.

          Romanda təsvir olunan tərəkəmə camaatının sanki çöldə Allaha ehtiyacı olmayıb, ona görə onların dindarlığı bir o qədər nəzərə çarpmır. Amma oturaq insan cəmiyyətə, onun qanun və qadağalarına qovuşduğu üçün Allahsız yaşaya bilmir. Romanın “Toy, molla və ərəb dilində döyüş” adlanan fəsli məhz bu məsələlərə həsr olunub. Müasir tərəkəmə çöllə şəhər arasında sıxıldığı kimi burada da fundamental dini ehkamlarla xurafat arasında  sıxılır.

       Əvvəli tərəkəmə həyatının gözəlliyi və romantikası ilə başlayan səhifələr sona doğru sanki bu romantikanın və gözəlliyin inkarına çevrilən təsvirlərlə, hadisələrlə əvəz olunur. Bu baxımdan romanda 90-cı illərdə rəvan tərəkəmə həyatına ildırım kimi şaxımış Qarabağ müharibəsinin müxtəlif səhnələri reallığın bir hissəsi kimi əlamətdar görünür. Qan-qada, yaşanan məğlubiyyətlər hazırlıqsız yaxalanmış bir toplumun hərbi həyatındakı ciddi problemləri faş edərək çöl əhlini də möhkəm sarsıdır

         “Çöl” romanının sonuna doğru müəllif sarkazmı bəzən absurda qədər yüksələrək yeni təhkiyə və yeni obrazlar yaradır. Biz burada məşhur dastan qəhrəmanımız Koroğlunu, onun dəlilərinin bir qismini, hətta restoran adı olaraq Çənlibelin özünü də görürük. Koroğlu Qıratın belində Toqat səfərinə yox, Boinqdə Amerika səfərinə çıxır. Məqsəd xanlardan, sultanlardan qisas almaq yox, Amerika ilə siyasi əlaqələr qurmaqdır. Bu fəsil tərəkəmənin müasir dünyada gedən hadisələrə baxışı kimi də yozula bilər.

     İndi tərəkəmələrin çoxu çölü tərk edərək Bakıya köçüb. Onları işğal olunan torpaqlardan didərgin düşmüş adamlara qatıb “qaçqın” da adlandırırlar. Bu, onları qüssələndirir. İndi tərəkəmənin böyük çölünü böyük Xəzər dənizi əvəz edir. Tərəkəmə Xəzərə baxıb çölü xatırlayır. Hərdən ona elə gəlir ki, çöl susuzluqdan əziyyət çəkdiyi kimi Xəzər də suyun çoxluğundan əziyyət çəkir.

Əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq, onlarda Azərbaycan insanın mənəvi dramı və psixoloji təbədüllatları öz əksini tapıb. Azərbaycanın 19 və 20-ci əsrdə itirdiyi milli azadlığının əsrlər sonra necə faciələrə gətirib çıxardığı, hadisələrin  ölkə ilə bərabər hər bir fərdin taleyinə təsir etdiyi bədii təsvir vasitələrilə göstərilir. 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması” layihəsi çərçivəsində “Vətəndaş Tribunası” İctimai Birliyinin layihə heyəti tərəfindən hazırlanıb.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest