MÜSTƏQİLLİYİMİZİN İLK VƏ SON SEVİNCİ – İŞĞALDAN 3 AY ƏVVƏL

Azərbaycan Cumhuriyyətinin 12 yanvar 1920-ci ildə dövlət olaraq tanınması haqqında yazılan məqalə Cumhuriyyətin millət vəkili olmuş Məmməd Sadıq Aran tərəfindən qələmə alınıb.
Tanınma xəbəri İstanbulda necə qarşılandı?
Bundan 49 il əvvəl qurulan ilk Türk-İslam Cumhuriyyəti Azərbaycanın, Parisdə yığılan Versal Sülh Konfransında mədəni dünya dövlətləri tərəfindən 12 yanvar 1920-ci ildə təsdiqi, o tarixdə baş verən bu xoşbəxt hadisə üçün İstanbulda edilən mitinqdə deyilirdi:
“… Hilal birkən iki oldu,
Salam bizdən ikinciyə…”
Bəli, 12 yanvar 1920-ci il tarixi. Bu ərəfələrdə Türkiyə-Osmanlı dövləti siyasi həyatının ən ağrılı günlərini yaşayırdı: imperiya çökmüş, Anadolu və Rumelində türk torpaqları və şəhərləri Qərbin böyük dövlətləri tərəfindən bölünərək parçalanmış və işğal edilmişdi. Osmanlı səltənət idarəsi çaşqınlıq və acizlik içində idi… Ölkə matəmə bürünmüş, ürəklərə sıxıntı salan qara buludlar yurdun üfüqünü başdan-başa örtmüş, o dövrdə paytaxt olan İstanbul şəhəri də müharibədə qalib gələn dövlətlər tərəfindən ağır bir işğal şəraitində qalmışdı. Küçələrində ədəbaz yadelli əsgərlər gəzir və hər tərəfdən xaricilərin himnləri eşidilirdi. Anadoluda hərəkətə gəlməyə başlayan milli qurtuluş hərəkatı isə, hələ ümidverici şəkildə canlanmamışdı. Bu səbəblə də şəhər əhalisi dərin bir kədər və ümidsizlik içində idi. Elə bu günlərdə Parisdən türk xalqını coşduran bir teleqraf gəldi:
Azərbaycan Cumhuriyyətinin İstiqlaliyyəti Versal Sülh Konfransında bütün dünya dövlətləri tərəfindən (de fakto) təsdiq edildi.
Bu hadisəni qeyd etmək üçün Azərbaycanın şərəfinə mitinq təşkil edildi. Xalq sevinc içində Sultanəhməd meydanına qaçır, kürsüyə çıxanlar əllərində Türk və Azərbaycan bayraqlarını yelləyərək: “Türk hilalı sönməyib… Baxın! Hilal birkən iki olub… Yaşasın Azərbaycan Cumhuriyyəti! Yaşasın Türklük!” sədaları ilə göyü lərzəyə gətirirdi. Həyəcanlı natiqlər bu şeiri sevinclə hayqırıblar:
Anamız bir, atamız bir,
Azərbaycan özqardaşdır.
Hilal artıq söndü deyə,
Sevinmişdi düşmən yenə,
Hilal birkən iki oldu,
Salam bizdən ikinciyə.
Azərbaycan, Azərbaycan!
Alqışlarıq səni candan!
Bu tarixi şənlik, qaranlıq bir gecədə könüllərə işıq saçan bir ulduz kimi o gün üçün İstanbul əhalisinin yas və kədərini unutdurmağa səbəb oldu.
Bəs, Bakıda nələr yaşandı?
Digər tərəfdən bu şad xəbər Azərbaycanın paytaxtı Bakıda da gecənin irəliləyən saatlarında elan olundu. Tezdən insanlar küçələrə axışdı. Milli Məclisin önü və meydanlar, xüsusilə, Qoşa Qala qapılarının önü insanlarla dolub-daşırdı. Qəzetlər ikinci dəfə dərc olunan zaman “Müstəqil Azərbaycan” ifadəsini böyük başlıqlarla qeyd etmiş və əhali tərəfindən sürətlə alınmışdı… Dövlət başçıları xalqın çiyinlərində gəzdirilirdi. Teatr aktyorları bütün tarixi şəxsiyyətlərin geyimləri ilə orkestrin müşayiətində şəhərin küçələrini gəzir, hər tərəfdə sevinc səsləri və musiqinin gurultusu göylərə yüksəlirdi… Küçələrdə qruplar halında milli marşlar oxuyaraq addımlayan əsgərləri əhali çılğınlıqla alqışlayırdı. Yollarda qarşılaşanlar tanış oldu ya olmadı fərq etmədən qucaqlaşır və bir-birini təbrik edirdilər. Təsdiq qərarından əvvəl Avropa dövlətləri, hətta Papalıq belə nümayəndə heyətləri göndərərək Azərbaycandakı mədəni vəziyyəti müşahidə etmişdilər.
Dövlət rəsmiləri necə qeyd etdi?
Günortadan sonra Milli Məclis toplandı. Sədr müavini doktor Həsən bəy Ağayev (bu dəyərli dövlət xadimini erməni terrorçuları Tiflisdə alçaqlıqla öldürdülər) yığıncağı açıq elan etdi və Azərbaycanın Paris Sülh Konfransına yollanan nümayəndə heyətinə, eyni zamanda, parlamentə sədrlik edən Əlimərdan bəy Topçubaşı tərəfindən Parisdən göndərilən teleqrafı o dövrdə xarici işlər naziri olan Fətəli xan Xoyskiyə oxutdular (bu dəyərli diplomatı da yenə ermənilər Azərbaycanın ruslar tərəfindən işğalından sonra Tiflisdə xain şəkildə öldürüb). Teleqrafda eynən belə yazılırdı:
Azərbaycanın milli istiqlalını Antanta dövlətləri de fakto təsdiq etdilər.
Bundan sonra millət vəkilləri bir-birləri ilə yarışa girmişcəsinə Məclis kürsüsündə həyəcanlarını bildirmək üçün az qala söz tapa bilmirdilər.
Məclisin önü və küçələr məhşərə bənzəyən insan kütləsi ilə dolu idi. O gün və gecə əhali küçələrdə çılğınlıqla əyləndi. Gecə şəhər klubunda tərtib olunan əyləncədə səhnəyə çıxanlar həm bu şad hadisənin sevinci ilə ağlayır, həm də düz yanımızdakı matəmli Türkiyəni anaraq ağrılı şəkildə hönkürürdülər. Nəhayət dəyərli şair gəncəli Əhməd Cavadı səhnəyə dəvət etdilər. O, ilk cümləsindən sonra işğal altındakı İstanbulu xatırladaraq hönkürə-hönkürə bu şeirini oxudu:
Mən sevdiyim mərmər sinəli yarın,
Deyirlər qoynunda yad əlləri var.
Baxıb üfüqlərə, uzaq yollara,
Ağlayırmış mavi gözlər axşamlar..
Ah, o solğun üzlü, dalğın İstanbul!
Mavi gözlərin pək bayğın İstanbul!
Bu misralar salonda bir matəm havası yaratdı. Hər kəsin gözləri dolmuşdu. Təbii olaraq! Hələ dünən öz sevgili övladlarını Bakının işğalçı rus və parazit ermənilərdən qurtulması üçün qurban göndərən istanbullu, anadolulu türk, bu gün qara taleyin təsr gətirmiş cilvəsi ilə düşmən istilasında inildəyirdi. Azərbaycanlı türk buna necə biganə qalsın, necə ağlamasın? O da oğlunu Türkiyəyə qurban dedi və göndərdi.
Azərbaycan Cumhuriyyətinin süqutu haqqında
Bu tarixdən iki ay yarım sonra Sovet Rusiyası hökuməti də o dövrdə xarici işlər komissarı olan Çiçerinin göndərdiyi teleqrafla rəsmi şəkildə Milli Azərbaycan İstiqlalını təsdiq etdi. Ancaq qısa müddət sonra ani hücumla səbəbsiz və müharibə elan etmədən Azərbaycanı qanlı şəkildə istila etdi və quldur kimi qarət etdi. İlk partiyadaca 800 milyon qızıl-gümüş, 7,5 milyon ton xam neft, 350 vaqon dolusu qiymətli xalça və ərzaq qarət olundu və dərhal Moskvaya yola salındı… Bir həmlədə 7000 ziyalı siyasətçi və gənc öldürüldü. Bu faciələrə qarşı izləmə mövqeyi tutmayan Azərbaycan türkləri işğaldan 29 gün sonra ilk dəfə Gəncədə və daha sonra ölkənin hər yerində qanlı və davamlı üsyanlara başladı. Bu üsyanlar 56 dəfə təkrarlansa belə ölkə təəssüf ki, hələ də rus işğalından qurtulmayıb və 47 ildir ki, rus zülmü altında inildəməkdədir. Qanlı istila faciəsi bütün ağırlığına baxmayaraq, Azərbaycan türklərinin qurtuluş və istiqlal mübarizəsini söndürməyib. Bu səbəblə də imanlı bir mücahidimizin dediyi kimi bir gün:
Doğacaq taleyin parlaq günəşi,
Dan yeri söküləcək, açılacaq səhər.
Azərbaycan türkünün güləcək üzü.
Ağlamaz alovdan törəyən Azər…
Hə, biz qurtulacağıq və müstəqil olacağıq!
Qaynaq
Məqalə Hüseyn Nihal Atsız tərəfindən Türkiyədə 1964-1975-ci illər aralığında 143 sayı dərc olunan Ötükən dərgisinin 1967-ci ilin aprelində çıxan 40-cı sayında “Milli Azərbaycan İstiqlalının dünya millətləri tərəfindən təsdiqinin 47-ci ildönümü” başlığı ilə Azərbaycan Cumhuriyyəti parlamentinin üzvü olan Məmməd Sadıq Aran
tərəfindən yazılıb.

Əli Qurbanlı

Sənan Qacar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest