Malik Fərrux

Tanınmış şair, jurnalist, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı Malik Fərrux (İbrahimov Malik Fərrux oğlu)
1948-ci ildə Laçın rayonunda doğulub. Uzun illər Azərbaycan Televiziyasənda
işləyib. 1998-ci ildə haqqın rəhmətinə qovuşub. Mərhum şairin bir neçə şeirini
“Kırımın sesi qazetesi”nin oxucularına təqdim edirik.
Nazim Əhmədli, şair-publisist.

Malik Fərrux

Nə biz doluxsunduq ayrı düşəndə,
Nə də ki göylərdən od tökülürdü.
Yarpaqlar gülürdü biz görüşəndə,
Ayrıldıq… yarpaqlar yenə gülürdü.


İndi nə “hələlik”, nə “əlvida” var,
Hərə bir tərəfə yola düzəldi.
Nə dolub göz yaşı tökdü buludlar,
Nə dəniz qabarıb üstümə gəldi.


Dünya bu itkidən xəbərsiz oldu,
Bir eşqin varlığı yuxuymuş demək,
Gözəl, ayrılıq ki, kədərsiz oldu,
Görüş sevinci də yoxuymuş demək.


Dönüb baxmadım da bircə yol barı,
Dedim, bəri başdan sönsün bu ocaq.
Ayrılıq çağı ki, görüş yolları
İlan tək ayağa dolaşmayacaq.


Yalanmış gözlərim,
Sənə baxmağım,
Yalanmış, əl əldən üzülən vaxtı,
O göz ki, ömürlük sənsiz qalmağım,
Acı qorxusuyla dolmayacaqdı…


Nə çəkdi sevməyim, yadırğamağım,
Unutmaq beləmi asanmış yəni?
Məni bu gedişlə yandırmamağın,
İnan ki, ömürlük yandırar məni.


Elə özümü də tanıdım gözəl,
Məndə bu soyuqluq nədir, bilmişəm.
İllərlə axtarıb tapdığım gözəl,
Səni zərrə-zərrə itirirmişəm…


Bəlkə ürəyimə ilk şübhə, güman,
Bir soyuq kəlmənin közündən düşüb.
Yanımda, gözündən göz olmamısan,
Sevdiyim baxışlar gözümdən düşüb.


Ya özgə gözündə donub heyrətin,
Qalmışam fikirlər dolaşığında.
Düşüb gözlərimdən boyun, qamətin,
Düşüb gözlərimdən yaraşığın da…


Bir gün yerişinin ürkəkliyini,
Bir gün gülüşünün qəşəngliyini,
Bir gün ürəyini itirmişəm mən,
İtkilər yığılıb… axır ömrümün,
Bircə çiçəyini itirmişəm mən…


Qoşa iz salsa da addımlarımız,
Ağrıda, acıda ürək qalırmış.
Bu günə – ayrılıq gününə yalnız,
Bircə yol “əlvida” demək qalırmış…

Bu gün gəlin köçdün
Könlüm haray salar, könlüm hay salar,
Bu necə karvandı, bu necə köçdü?
Bir “Gəlinatdandı” çaldı qayalar,
Bir gəlin atdandı, bir gəlin köçdü…


Ay gedən, könlümə od saldın yenə,
Sinəm ağrılardan oyma-oymadı.
Bu gün bənzəyirdin ağ göyərçinə
Bu gün gəlin köçdün, ellər oynadı…


Qərib tək boylandım yollara sarı,
Sandım ki, arxanca Laçın da köçdü.
O saf əllərimin ilk sığalları,
Qara tellərində, saçında köçdü.


Bu gün gəlin köçdün… yollar yuxaldı,
Bir çinar göz yaşı tökdü o ki, var,
Arxanca çırpındı, sonra yox oldu,
O ilk görüş yeri, ilk qızartılar…


İlk eşqi anaram, elə çağlaram,
O ki, bir görünməz əl idi, getdi.
Sevdalı günlərim, gözəl çağlarım
Vağzalı səsində əridi, getdi…


Qıy çəkib saçını yolan vağzalı,
Eşqimin sonuncu avazı oldu.
Ellərə qovuşuq olan vağzalı,
Mənimçün ayrılıq havası oldu.


Gərək gəlməyəydin
Sevinc göylərimi yağdırmamışdım,
Kədər buluduydum… könlümə dəydin.
Az qala sevməyi yadırğamışdım,
Gərək gəlməyəydin…
Sən gəlməyəydin…


Üzmüşdüm sevgidən, yardan əlimi,
Bu duyğu çıxmışkən yadımdan gərək.
Beş il görmədiyim gözəllər kimi,
Sən də yan keçəydin yanımdan gərək.


Yanırdım, ömürlük yanaydım elə,
Sevgi yoxluğunda, söz yoxluğunda.
Donurdum, ömürlük donaydım elə,
Uzaq bir sevdanın soyuqluğunda…


Bir cüt göz var idi ötən günümdə,
Mənə əzab verir… elə yanırdı.
Bir cüt hörük vardı, gözüm önündə,
Gecə də, gündüz də dalğalanırdı…


Gərək gəlməyəydin,
Sən gəlməyəydin,
Gəlmişdin,ömrümdə qalaydın barı,
Sən öz baxışınla yuya biləydin
Mənə gün verməyən o baxışları…


Sevdalı gözlərin od saça-saça,
Yanaydı bir eşqin qaranlığında.
İtəydi ömrümdən o qara saçlar,
Sənin saçlarının qaranlığında.


Bir az da yol getdim, yollar qısaldı,
Bu yolda qəm yüklü köhləndi ömrüm.
Qəlbimə ikinci qəm izi saldın,
Yollar ayrıcında təkləndi ömrüm…


Dağınıq dünyamı salaydın yenə,
Deyəydim, bir arzu yolda qalmadı,

Ondan xatirələr qalmışdı yenə,
Nə deyim, heç səndən o da qalmadı.

Ayrılıqdan sonra
Düşdü könlümüzə şübhələr iz tək,
Azdırdı yollarda, duman çən bizi.
Hardasa ilişib qalan bir istək
Tapıb qovuşdurdu yenidən bizi.


Yenə günlərimiz günəşli, aylı,
Görüşə gəlirik… yollar genişdi.
Gəlirik, amma ki, bu gəliş ayrı,
Gedirik, bu gediş ayrı gedişdi.


Qəlbə düşməmişdi yalan izləri,
Ömrün süd qoxulu günləri vardı.
İstək dumanında yatan hissləri,
Ayrılıq nə zaman üzə çıxardı.


Sanırdıq bizimdir yer də, səma da,
Dünya da heç ayrı bilməzdi bizi.
Gün gələr, bir zaman dönərik yada,-
Yatsaq, yuxumuza girməzdi bizim.


Gözlərin yalandan əhdi danması,
Bizi cinlədərdi, küsərdik? ancaq,
O təmiz gözlərdə nifrət damlası,
Gəzmək ağlımıza gəlməzdi heç vaxt.


İndi nə deyirik yapışmır bizə,
Günlər də ötüşür yaşımız təki.
Elə bil sevmək də yaraşmır bizə,

Qorxuruq… bir dəfə başımız çəkib.


Bəlkə də, nə bilim, bunlara görə,
Uyuşa bilmirik gör neçə aydı.
Ürəkdə inamı boğan hisslərə,
Gərək yaxamızı tanıtmayaydıq.


Təmiz duyğuların keçdik yanından,
Ömür köhləni də geriyə baxmır.
Tutar bu günlərin qızıl yalından,
Görək o sevgiyə çatacağıqmı…
Doğma yollar
Yenə qucağını açmısan Vətən,
Yenə səfərim var, yola çıxıram.
Nə vaxtdır qoynunda – yollardayam mən,
Gəzib ürəyinə yol axtarıram.


Gözümü gözündən yığa bilmirəm,
Yollarda saçıma külək olursan.
Gah dağsan – zirvənə çıxa bilmirəm,
Gah dönüb əlimdə çiçək olursan.


Qoy səni öyrənim nə qədər sağam,
Arabir düşəndə dara, çətinə.
O vaxtdan bürünürəm qoynundan axan
Çayların şəlalə cəsarətinə.


Deyim, qanad bildim küləklərini,
Günəşdə qəlbinin odunu gördüm.
Aranda qoxladım çiçəklərini,
Dağda gürşadının dadını gördüm.


Bax mənim torpağa bənzərimə də, –
Səsimə “Heyratı”, “Cəngi” keçibdi.
Gözünə baxmışam – gözlərimə də,
Elə bu torpağın rəngi keçibdi.


Hara getmişəmsə – əzizlənmişəm,
Gah yazda, gah da ki, qışın qarında.
Yuyunub gör neçə təmizlənmişəm,
Nurlu nənələrin baxışlarında,
Nurlu babaların baxışlarında…


Ayaq izlərimlə bəzəyim səni,
Yoldayam, hardasa yol gözləyən var.
Niyə qarış-qarış gəzməyim səni,
Bir ovuc torpağa “Vətən” deyən var…

Barı həsrətini çəkəydim sənin
Harada, nə zaman gözümə dəydin,
Mənə kim tanıtdı axı, kim səni?
Barı durmayaydın, ötüb-keçəydin,
Barı həsrətini çəkəydim sənin.


Qanad arzulardım arzularıma,
Gəlmisən… Bəs mənim qanadım hanı?
İnad arzulardım arzularıma,
Gəlmisən… Bəs mənim inadım hanı?


Bir doğma baxışçün dəliyəm, dəli,
Qıydın bu kədəri, ömrümə qıydın.
Mən ki, baxışınla ya isinməli,
Ya da yanıb-yanıb, kül olmalıydım.


Sən nəsən?
Dalğasız, dumanlı dəniz,
Yoxam günəşinə, yoxam qarına…
Bir dəniz olaydın, tufanlı dəniz,
Məni qərq edəydin dalğalarına!


Həsrətsiz, vüsalsız, səssiz neyəm, ney,
Susaram üstümə qəm yağa-yağa.
Arzuya dönəydim, can ataydım hey,
Sənə qovuşmağa, sənə çatmağa…


Sən mənim ömrümə dumansan, nəsən,
İstəyin baharmı, istəyin qışmı?
Görüşlər, söhbətlər nə qədər desən,
Bizim sevgimizdə ürək çatışmır!


Yenə də gözlərin yollara baxır,
Gör necə görkəmdə, necə gündəsən.
Deyəsən, bacara bilmirsən axı,
Qalasan bir sevgi orbitində sən.


Yadımdan çıxsınmı bir vida, bir səs,
Yenə yollar üstə, durummu, yenə.
Dəniz bildiyimiz eşqimizin bəs,
Nə tez yan alırıq sahillərinə?!


Sevinclər əriyib, həsrətlər sönüb,
Duyğular duyulub, qalıb düyündə.
Eşqim qəribsəmiş durnaya dönüb,
Dolanır qəlbinin maviliyində…


Duyuram, fikrindən keçəni danma,
Bilirsən çox sürməz, çox getməz belə.
Mən sənin yoluna çıxmışam amma,
Səninçün özgəsi yol gəlir hələ…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest