Mahir Qarayev

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Mahir N. Qarayev

17 iyul 1958-ci ildə doğulub.

1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini;

1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini;

1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

Nüxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının

«Elm» və «Tarix» qəzetlərində; «ABS» və «Cümə» müstəqil

nəşrlərində, həmçinin Mədəniyyət Nazirliyində mətbuat

xidmətinin rəhbəri vəzifəsində çalışıb.

2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti

yanında Tərcümə Mərkəzində çalışır.

DƏNİZ

Anam dəniz,

məni bir gecəlik ovudarsanmı –

ağrımı-acımı yuyub tərtəmiz

sel kimi, su kimi axıdarsanmı?

* * *

Sonam dəniz,

sökəcək içimi bu pıçıltılar –

öpdüyüm saçların kövrək eşqinə

bir də bu sahilə qayıdarsanmı?

* * *

Tanrım dəniz,

üz qoyub öpərəm bu qayaları –

bircə misralığa, bircə anlığa

Müşfiqi, Nazimi oyadarsanmı?

* * *

Sonum dəniz,

Bir qarış uzaqda ölən deyiləm;

Aparırsan apar səssiz-səmirsiz –

Getsəm, daha bir də gələn deyiləm…

YARPAQDAN, İŞIQDAN,

SULARDAN ÖNCƏ

Kiminsə ömrünü yaşayır kimi 

günahkar-günahkar yaşasam sənsiz!

* * *

Ağaca, günəşə, dənizə baxıb

səni görəcək olsam;

Yarpaqdan, işıqdan, sulardan öncə

səni sevəcək olsam!

* * *

Yoluna çıxsam,

həsrətlə bir anlıq üzünə baxıb

yalana çıxsam!

* * *

Gizlicə-gizlicə

udsam kinimi,

unutsam qar kimi ömrümə yağan

sonuncu günümün qəribliyini…

* * *

Və sonra yenə də səssiz-səmirsiz,

kiminsə ömrünü yaşayır kimi 

yaşasam sənsiz!

QARAÇI QIZ

Qara saçlar – kim oxşayar?!

Qəmli gözlər – kim acılar?!

         Bu nə gəzim diyar-diyar,

         Nə köçhaköç, qaraçılar?!

* * *

Cocuq körpə, nənəm qarı,

Yenə hara?! – Qışlamağa…

         …Qaçır kəndin uşaqları

         itlərini daşlamağa…

* * *

– Bu atımız, arabamız

qoşulmağa, çatılmağa;

         Olmadı bir xarabamız

         qaxılmağa, oturmağa…

* * *

…Daş yolları, toz yolları

atlar-itlər ötüb gedər…

         Aman tanrı! Aman tanrı!

         Ürəyimdə bu nə kədər?!

* * *

Bu nə kədər ürəyimdə?!

Nə vurğunluq qaraçıya?!

         Hərdən gəlir gülməyim də

         bu ağrıya, bu acıya…

* * *

O nə baxış, qaraçı qız?!

O nə şirin bir inləyiş?!

         Qıçın sınsın sənin, payız –

         Bu nə gəliş?! Bu nə gediş?!

SEVGİ MƏKTUBU

                            Ruhum uçar göyə sarı –

                                   sevgi məktubu kimi…

                                                  Ramiz Rövşən

Nə ceyran şəklidir,

nə durna şəkli,

nə şeytan məkridir,

nə tanrı dərki,

nə əcəl zəngidir – yazdığım şeir;

* * *

nə Babil qülləsi,

nə azan səsi,

nə bülbül nəğməsi,

nə ozan səsi

nə gül çələngidir – yazdığım şeir;

* * *

deyil

allı-güllü oylağım,

xeyr,

yamyaşıl ormanım, yaylağım

deyil –

yazdığım şeir;

* * *

xeyr,

üç boyalı bayrağım deyil,

ağ-qara, qara-ağ…

ikirənglidir,

ruhumun rəngidir – yazdığım şeir!

* * *

Nə ətdi, nə balıq,

nə yük, nə şələ –

nə xeyrə yarayar, nə də ki şərə;

xəlvəti yazılan, gizlin oxunan

sevgi məktubudur fahişələrə!

* * *

Başqa heç zad deyil,

heç bir şey deyil –

yazdığım şeir…

UVERTÜRA

Nə çoxdu dünyada şeir yazanlar –

bir deyil, yüz deyil, min deyil, atam;

Şairin şerinə qəbir qazanlar

bir deyil, yüz deyil, min deyil, atam –

şeirlər yazıram çap olunmasın!

 * * *

Şeirlər yazıram –

kimsə bilməsin, kimsə duynmasın!

* * *

Şairlər dünyanın dərdini yazar,

dərdlər tapışarlar, arxalaşarlar!

Hər şeir şairin qəbrini qazar:

islam qəbirləri – Nəsimiləşər,

ispan qəbirləri – Lorkalaşarlar…

* * *

Hadilər içinin dərdini yazar,

dərdlər üzə çıxar, adiləşərlər;

Hər şeir Hadinin qəbrini qazar –

qəbirlər bir ucdan Hadiləşərlər…

* * *

Nazimlər yurdunun dərdini yazar,

şarkılar Nazımın farkına enməz;

Şarkılar Nazimin qəbrini qazar

və Nazim Gülhanə parkına dönməz –

yurduna qayıtmaz, barkına dönməz…

* * *

Şeirlər yazıram çap olunmasın –

sən mənim halıma acıma, dostum!

* * *

Son şair asılar sonuncu dəfə,

son şair soyular… yenə də əbəs!

Yenə də açılar sonuncu dəfə

sonuncu şairə sonuncu məhbəs!

* * *

Çeynəyə-çeynəyə sonuncu şair

sonuncu dərdini – ölər acından;

Göynəyə-göynəyə sonuncu şair

asılar şeirinin dar ağacından!

* * *

Öz dərdim, öz yasım özümə bəsdir,

doğmaca göz yaşım gözümə bəsdir;

qanımın qarası üzümə çıxıb,

qələmin qarası sözümə bəsdir –

şeirlər yazıram çap olunmasın!

* * *

Daşın tanrısı var – uludan ulu,

göyün durnası var – qəribdən qərib;

Qulun tanrısıyam, tanrının qulu –

hər gecə ümidlə yerimdən durub

şeirlər yazıram çap olunmasın!

* * *

Sən mənim halıma acıma, dostum:

oxudum gecəmin tənhalığına;

oxudum anama-bacıma, dostum,

oxudum məhbəsin qaranlığına;

* * *

oxudum içimdə lap xısın-xısın,

bir dəfə yazmışdım, min dəfə pozdum!                

Şeirlər yazıram çap olunmasın –

sən mənim halıma acıma, dostum!..

YANVAR GECƏSİ

…bu yanvar gecəsi hər tərəf qara,

           ağappaq qar yağır qaranlıqlara…

Qar.

Qarlı gecənin sonsuzluğu qar.

Qar.

Qarlı küçənin sənsizliyi qar.

* * *

Uzağa çəkilmiş göy üzü yerdən,

Qaranlığın içi dərddi, qubardı;

Qartımış gecənin üfüqlərindən

Sonuncu qatar da ötdü, qurtardı…

* * *

Və qaldı dünyada bircə pəncərə –

Onu da duymamaq, sevməmək olmur;

Ölü duasıtək uzanır gecə –

Dərdi qaş-gözlə də söyləmək olmur.

* * *

Qar. Qarlı gecənin sonsuzluğu qar,

Qaranlıq küçənin sənsizliyi qar…

Allah, bu həsrətin insafı harda –

Bu daxmanın içi qəbirdən də dar?!

* * *

Qar.

Qaranlıq gecə.

Qarlı küçə.

Qar.

Sənsiz ölmədiyim bir də bu yanvar…

DƏMİR QAPI DƏRBƏND

Bu qarşı dağ Savalandı –

baxdım, könlüm havalandı;

nə yaram qaysaq bağlayan,

nə dərdlərim sağalandı…

            * * *

Hər nəyim var hədər mənim,

bu kəmfürsət qədər mənim;

ilimə bir sevinc düşür,

günümə yüz kədər mənim…

             * * *

Bəlkə yüz deyil, əllidi,

əlli də yüzə bəllidi;

dəmir qapı Dərbənddi bu,

billah,bu da təsəllidi…

              * * *

Bu evin içi bayırdı,

sərxoşdum, içib ayıldım;

beş sayıbsa, fələk sayıb,

mən hələ üçü sayırdım…

             * * *

Bu daş qala Əlincədi,

daşları əlcə-əlcədi;

əcəl məni girləməsin,

mənimki də ölüncədi…

          * * *

Ölüncə bayırdı yerim,

çöldəyəm, çayırdı yerim;

dəmir qapı Dərbənddi bu,

daş qapı Bayıldı yeri

Pin It on Pinterest