Mahir Qarayev
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Mahir N. Qarayev
17 iyul 1958-ci ildə doğulub.
1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini;
1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini;
1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.
Nüxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının
«Elm» və «Tarix» qəzetlərində; «ABS» və «Cümə» müstəqil
nəşrlərində, həmçinin Mədəniyyət Nazirliyində mətbuat
xidmətinin rəhbəri vəzifəsində çalışıb.
2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Tərcümə Mərkəzində çalışır.
DƏNİZ
Anam dəniz,
məni bir gecəlik ovudarsanmı –
ağrımı-acımı yuyub tərtəmiz
sel kimi, su kimi axıdarsanmı?
* * *
Sonam dəniz,
sökəcək içimi bu pıçıltılar –
öpdüyüm saçların kövrək eşqinə
bir də bu sahilə qayıdarsanmı?
* * *
Tanrım dəniz,
üz qoyub öpərəm bu qayaları –
bircə misralığa, bircə anlığa
Müşfiqi, Nazimi oyadarsanmı?
* * *
Sonum dəniz,
Bir qarış uzaqda ölən deyiləm;
Aparırsan apar səssiz-səmirsiz –
Getsəm, daha bir də gələn deyiləm…
YARPAQDAN, İŞIQDAN,
SULARDAN ÖNCƏ
Kiminsə ömrünü yaşayır kimi
günahkar-günahkar yaşasam sənsiz!
* * *
Ağaca, günəşə, dənizə baxıb
səni görəcək olsam;
Yarpaqdan, işıqdan, sulardan öncə
səni sevəcək olsam!
* * *
Yoluna çıxsam,
həsrətlə bir anlıq üzünə baxıb
yalana çıxsam!
* * *
Gizlicə-gizlicə
udsam kinimi,
unutsam qar kimi ömrümə yağan
sonuncu günümün qəribliyini…
* * *
Və sonra yenə də səssiz-səmirsiz,
kiminsə ömrünü yaşayır kimi
yaşasam sənsiz!
QARAÇI QIZ
Qara saçlar – kim oxşayar?!
Qəmli gözlər – kim acılar?!
Bu nə gəzim diyar-diyar,
Nə köçhaköç, qaraçılar?!
* * *
Cocuq körpə, nənəm qarı,
Yenə hara?! – Qışlamağa…
…Qaçır kəndin uşaqları
itlərini daşlamağa…
* * *
– Bu atımız, arabamız
qoşulmağa, çatılmağa;
Olmadı bir xarabamız
qaxılmağa, oturmağa…
* * *
…Daş yolları, toz yolları
atlar-itlər ötüb gedər…
Aman tanrı! Aman tanrı!
Ürəyimdə bu nə kədər?!
* * *
Bu nə kədər ürəyimdə?!
Nə vurğunluq qaraçıya?!
Hərdən gəlir gülməyim də
bu ağrıya, bu acıya…
* * *
O nə baxış, qaraçı qız?!
O nə şirin bir inləyiş?!
Qıçın sınsın sənin, payız –
Bu nə gəliş?! Bu nə gediş?!
SEVGİ MƏKTUBU
Ruhum uçar göyə sarı –
sevgi məktubu kimi…
Ramiz Rövşən
Nə ceyran şəklidir,
nə durna şəkli,
nə şeytan məkridir,
nə tanrı dərki,
nə əcəl zəngidir – yazdığım şeir;
* * *
nə Babil qülləsi,
nə azan səsi,
nə bülbül nəğməsi,
nə ozan səsi
nə gül çələngidir – yazdığım şeir;
* * *
deyil
allı-güllü oylağım,
xeyr,
yamyaşıl ormanım, yaylağım
deyil –
yazdığım şeir;
* * *
xeyr,
üç boyalı bayrağım deyil,
ağ-qara, qara-ağ…
ikirənglidir,
ruhumun rəngidir – yazdığım şeir!
* * *
Nə ətdi, nə balıq,
nə yük, nə şələ –
nə xeyrə yarayar, nə də ki şərə;
xəlvəti yazılan, gizlin oxunan
sevgi məktubudur fahişələrə!
* * *
Başqa heç zad deyil,
heç bir şey deyil –
yazdığım şeir…
UVERTÜRA
Nə çoxdu dünyada şeir yazanlar –
bir deyil, yüz deyil, min deyil, atam;
Şairin şerinə qəbir qazanlar
bir deyil, yüz deyil, min deyil, atam –
şeirlər yazıram çap olunmasın!
* * *
Şeirlər yazıram –
kimsə bilməsin, kimsə duynmasın!
* * *
Şairlər dünyanın dərdini yazar,
dərdlər tapışarlar, arxalaşarlar!
Hər şeir şairin qəbrini qazar:
islam qəbirləri – Nəsimiləşər,
ispan qəbirləri – Lorkalaşarlar…
* * *
Hadilər içinin dərdini yazar,
dərdlər üzə çıxar, adiləşərlər;
Hər şeir Hadinin qəbrini qazar –
qəbirlər bir ucdan Hadiləşərlər…
* * *
Nazimlər yurdunun dərdini yazar,
şarkılar Nazımın farkına enməz;
Şarkılar Nazimin qəbrini qazar
və Nazim Gülhanə parkına dönməz –
yurduna qayıtmaz, barkına dönməz…
* * *
Şeirlər yazıram çap olunmasın –
sən mənim halıma acıma, dostum!
* * *
Son şair asılar sonuncu dəfə,
son şair soyular… yenə də əbəs!
Yenə də açılar sonuncu dəfə
sonuncu şairə sonuncu məhbəs!
* * *
Çeynəyə-çeynəyə sonuncu şair
sonuncu dərdini – ölər acından;
Göynəyə-göynəyə sonuncu şair
asılar şeirinin dar ağacından!
* * *
Öz dərdim, öz yasım özümə bəsdir,
doğmaca göz yaşım gözümə bəsdir;
qanımın qarası üzümə çıxıb,
qələmin qarası sözümə bəsdir –
şeirlər yazıram çap olunmasın!
* * *
Daşın tanrısı var – uludan ulu,
göyün durnası var – qəribdən qərib;
Qulun tanrısıyam, tanrının qulu –
hər gecə ümidlə yerimdən durub
şeirlər yazıram çap olunmasın!
* * *
Sən mənim halıma acıma, dostum:
oxudum gecəmin tənhalığına;
oxudum anama-bacıma, dostum,
oxudum məhbəsin qaranlığına;
* * *
oxudum içimdə lap xısın-xısın,
bir dəfə yazmışdım, min dəfə pozdum!
Şeirlər yazıram çap olunmasın –
sən mənim halıma acıma, dostum!..
YANVAR GECƏSİ
…bu yanvar gecəsi hər tərəf qara,
ağappaq qar yağır qaranlıqlara…
Qar.
Qarlı gecənin sonsuzluğu qar.
Qar.
Qarlı küçənin sənsizliyi qar.
* * *
Uzağa çəkilmiş göy üzü yerdən,
Qaranlığın içi dərddi, qubardı;
Qartımış gecənin üfüqlərindən
Sonuncu qatar da ötdü, qurtardı…
* * *
Və qaldı dünyada bircə pəncərə –
Onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə –
Dərdi qaş-gözlə də söyləmək olmur.
* * *
Qar. Qarlı gecənin sonsuzluğu qar,
Qaranlıq küçənin sənsizliyi qar…
Allah, bu həsrətin insafı harda –
Bu daxmanın içi qəbirdən də dar?!
* * *
Qar.
Qaranlıq gecə.
Qarlı küçə.
Qar.
Sənsiz ölmədiyim bir də bu yanvar…
DƏMİR QAPI DƏRBƏND
Bu qarşı dağ Savalandı –
baxdım, könlüm havalandı;
nə yaram qaysaq bağlayan,
nə dərdlərim sağalandı…
* * *
Hər nəyim var hədər mənim,
bu kəmfürsət qədər mənim;
ilimə bir sevinc düşür,
günümə yüz kədər mənim…
* * *
Bəlkə yüz deyil, əllidi,
əlli də yüzə bəllidi;
dəmir qapı Dərbənddi bu,
billah,bu da təsəllidi…
* * *
Bu evin içi bayırdı,
sərxoşdum, içib ayıldım;
beş sayıbsa, fələk sayıb,
mən hələ üçü sayırdım…
* * *
Bu daş qala Əlincədi,
daşları əlcə-əlcədi;
əcəl məni girləməsin,
mənimki də ölüncədi…
* * *
Ölüncə bayırdı yerim,
çöldəyəm, çayırdı yerim;
dəmir qapı Dərbənddi bu,
daş qapı Bayıldı yeri