M.Ə.Sabirin “Məktəbə tərğib” (Mənim bağım, baharım) iqtibası və tariximizin açılmayan səhifələri

M.Ə.Sabirin  “Məktəbə tərğib”  şeiri  babalarımızı əzbər bildikləri, nəğməyə çevrilən məşhur əsərlərindən biridir. İlk dəfə 1907-ci ildə “Milli nəğmələr”  məcmuəsində çap olunmuşdur. Bu şeir  Azərbaycan-rus ədəbi əlaqləərini  öyrənmək baxımından bir sıra  maraqlı müşahidələri,çözələmə və incələmələri  ortaya çıxarır.

  M.Ə.Sabirin bu şeiri iqtibasdır. ( “İqtibas” ərəb mənşəli sözdür, bir fikri və ya sözü eyni ilə və ya məzmunca başqasından köçürmə ” mənasına uyğundur N.N.). Məşhur rus pedaqoqu,Zaqafqaziyada qadın təhsilinin inkişafında,  Avropa pedaqoji fikrinin Rusiyada geniş yayılmasında, K.D.Uşinskinin pedaqoji irsinin təbliğində əhəmiyyətli işlər görən Lev Nikolayeviç Modzalevskinin 1864-cü ildə yazılmış  və elə həmin il  K.D.Uşinskinin “Родное слово” dərsliyinin ilk nəşrində işıq üzü görmüşdür.

   Sözün kəsəri üçün L.N.Modzalevskinin (1837-1896) müzakirəyə çıxarılan “Məktəbə çağırış” ( “Приглашение  в школу” ) şeirini  olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

                                               Дети! В школу собирайтесь,

                                                Петушок  пропел давно!                                       

                                                 Попроворней одевайтесь-

                                                Смотрит солнышлко в окно!

                                                             ***

                                                 Человек,и зверь,и пташка-

                                                 Все берутся задела;

                                                 С ношей ташится букашка,

                                                 За метком летит пчела.

                                                           ***

                                                  Ясно поле,весел луг,

                                                  Лес проснулся  и шумит,

                                                  Дятел носом тук да тук!

                                                  Звонко  иволга  кричит.

                                                         ***

                                                   Рыбаки уж тянут сети,

                                                   На лугу коса звенит…

                                                    Помолясь , за книгу, дети!

                                                    Бог  лениться не велит!

   L.N.Mozdalevskinin  “Məktəbə çağırış” şeiri  K.D.Uşinskinin  “Родное слово” dərsliyinin bütün nəşrlərinə  daxil edilmişdir. Maraq naminə söyləmək istəyirik ki, bu dərslik  1864-cü ildən indiyədək 146 dəfə nəşr olunmuşdur. Azərbaycan dərslik tarıxinin bütün nümunələrində K.D.Uşinskinin dərsliklərinə yaradıcılıqla yanaşılmış, onlardan səmərəli və milli mentalitetə uyğun şəkildə istifadə olunmuşdur. Bu cəhətdən Səid Ünsizadə və Rəşid bəy Əfəndiyevin dərsliklərində,  risalə və məqalələırində  K.D.Uşinskinin pedaqoji  irsinə bələdlik diqqəti daha çox cəlb edir.

  K.D.Uşinskinin ən yaxın ideya və əqidə dostlarından biri olan  L.N.Modzalevskinin  poetik və pedaqoji irsinə ilkin müraciət edənlərdən biri rus və Azərbaycan dillərində mükəmməl təhsili olan,  A.İ.Krılovun

(1769- 1844) 60-dan çox təmsilini,  eləcə də A.U.İsmaylovun (1779-1831), A.A.Pçelnikova adı ilə əsərlər yazan A.A.Şeydlerin (1830-1891) bədii nümunələrini  Azərbaycan dilinə özünəməxsus tərzdə tərcümə edən  Həsənəli ağa Xan Qaradağskinin (1848-1929) rolu xüsusilə qeyd  olunmalıdır.

   Həsənəli  ağa Xan Qaradağskinin  L.N.Modzalevskidən etdiyi tərcümə  bu mövzuya ilkin müraciət kimi maraq doğurur.   1878-ci ilə aid olan bu tərcümə ilk dəfə  1882- ci ildə  A.O.Çernyayevskinin “Vətən dili” dərsliyində  işıq üzü görmüşdür.Tərcümə məsnəvi formasında  işlənmiş,şairin fikirləri  kiçik dəyişikliklərlə  oxuculara çatdırılmışdır. Tərcüməçi çətin başa düşülən sözlərdən qaçmış, fikrin ifadəsi üçün münasıb bədii təsvir və ifadə vasitələrindən səmərəli istifadə etmişdir:

                                                          Uşaqlar,hazırlaşın,durun,gedin məktəbə,

                                                          Təlim alıb oxuyun, adət edin ədəbə.

                                                          Gün çıxıbdır, qalxıbdır,xoruz çoxdan banlayır,

                                                          Tez geyinin,  gün, xoruz sizi tənbəl anlayır.

                                                           Adam,xoruz, yırtıcı -hamıları gedirlər                     

                                                           İş dalınca,hər biri durub bir şey edirlər.

                                                           Qanadlı qarışqalar şələ çəkir,  arılar

                                                           Bal çəkməyə gedirlər  çiçəklərdən hər nə var.

                                                           Çöllər çəmən olubdur, ayılıbdır meşələr

                                                           Ağacdələn taqu-tuq eyləyibdir peşələr.

                                                           Qamu çaylar da axır,şırıldıyıbən gedir,

                                                           Torçu balıq ovlayır, oraq biçir, bəhs edir.

                                                           Həmd eyləyin Allaha, dərs oxuyun bəhs edin,

                                                           Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.

                                                           Qaradağı,hər bir kəs bir iş gərəkdir edə,                   

                                                           Çalışıban səy edə ,onun dalınca gedə.

    M.Ə.Sabir  L.N.Modzalevskinin  “Məktəbə çağırış” şeirininin məzmununu  8 bəndə yerləşdirmişdir. Şeir 6-lıq bənd  formasında yazılmlşdır. Hər bənd eyni nəqərat  beyti ilə müşayiət olunur.Birinci bənddən başqa, digər bəndlərin qafiyələnməsi  bayatı qafiyələnməsinə uyğun gəlir.

                                                           Mənim bağım, baharım!

                                                           Fikri işıqlı oğlum!

                                                           Məktəb zamanı gəldi ,

                                                           Dur, yaraşıqlı oğlum!

                                                          Ey gözüm, ey canım!

                                                           Get məktəbə, cavanım !               

                     II bənd                          Gün çıxdı,sübh açıldı,

                                                          Qaranlıqlar qaçıldı,

                                                          Pəncərədən gün düşdü,

                                                          Otaqlara saçıldı.

                                                                    (nəqərat)

                     III bənd                          Oğul,oğul, amandır,

                                                           Çox yuxlamaq  yamandır,

                                                           Çox yuxlamaq -şeytandan,

                                                           Tez durmaq -Allahdandır.

                                                                     (nəqərat)

                    IV bənd                           Nəsihət al,nəsihət,

                                                           Qıl kəsbi-elmə qeyrət!

                                                           Elmsizlik bəlası,

                                                            Müşkül olur,həqiqət.

                                                                      (nəqərat)

                     V bənd                           Məktəbdə var şərafət,

                                                           Dəftərdə var lətafət.

                                                           Cari olur qələmdən

                                                           Şirin-şirin hekayət.

                                                                       (nəqərat)

                      VI bənd                         Allah olsun sədiqin,

                                                           Məktəb sənin şəfiqin;

                                                           Dur ,məktəbə get ,oğlum,

                                                           Dəftər sənin rəfiqin.

                                                                        (nəqərat)

                       VII bənd                       Müəllimin kəlamın

                                                            Al, saxla ehtiramın;

                                                           Həqdən edər təmənna

                                                            Məktəbinin dəvamın.

                                                                        (nəqərat)

                        VIII bənd                     Elm öyrən, imtahan ver,

                                                           Öz fəzlini nişan ver;

                                                           Qədrini bil elmü fəzlin,

                                                           Elmin yolunda can ver.

                                                                         (nəqərat)

   Şeirdən görünür ki, M.Ə.Sabir  məktəbdə verilən  təlim və tərbiyənin insan həyatındakı rolunu çox yüksək qiymətləndirir, tənbəlliyi pisləyir , elmsizliyi bəla sayır,  elmi və fəziləti   insanı dəyərləndirən amil hesab edir.         Əruz vəznində yazılmış bu şeirin dili sadə, sintaksisi çevikdir.  Şeirdə  155  söz işllənmişdir. Nəqərat beytində olan  7  söz  8  dəfə təkrarlanmışdır. Deməli, 56 sözün   bir dəfə əzbərlənməsi  şeirin  yadda qalmasını xeyli asanlaşdırır.Şeirdə cəmi bir izafətdən (kəsbi-elm) istifadə olunmuşdur. Şeirdə  cingiltili samitlərdən daha çox istifadə olunmuşdur ki, bu da fonetik  obrazlılığın  dəyərini artırır.  Təkcə birinci bənddə  44 cinğiltili samit işlənmişdir.

   Şeirdəki alınma sözlərin,demək olar ki, hamısı milliləşən alınma sözlərdir.

   Maraqlıdır ki, M.Ə.Sabir “Məktəbə tərğib” şeirini yazanda hələ müəllim deyildi.Onun müəllimliyi  1908-ci ilin may ayında Zaqafqaziya Şiə Ruhani İdarəsindən müəllimlik və prixod mollalığı attestatı alandan sonra başlayır.

   L.N.Modzalevskinin şeirində olduğu kimi, M.Ə.Sabirin iqtibasında da çağırış  valideynin dilindən deyilir.

                                                                                            ***

   L.N. Modzalevski kimdir?

   O,1837-ci il   fevralın 14-də  (A.S.Puşkinin ölümündən bir neçə gün sonra-N.N.) Sankt-Peterburq quberniyasının  Qdovski uyezdinin  Qari kəndində- MIZAsında  ( indiki indiki Pskov vilayətinin Porxov rayonunun Qari kəndində-N.N.)  anadan olmuşdur. Atası dvoryan Nikolay Lvoviç,  anası Olqa Kuzminiçnadır.  Əvvəlcə gimnaziyada oxumuş, sonra Peterburq Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Peterburq Universitetini  bitirəndən sonra  iki il Almaniyanın Qeydelberq və İen Universitetlərində mükəmməl təhsil almış, Avropa pedaqoqlarının pedaqoji irsini dərindən öyrənmişdir.

   O,  təhsilini bitirdikdən sonra Peterburqun bir neçə məktəbində işləyib. K.D.Uşinskinin təklifi ilə “Xalq Maarif Komissarlığının  jurnalı”nda  əməkdaşlıq edib,eyni zamanda Hüquq Məktəbində tarix fənnindən dərs demişdir. Daha sonra princ P.Q.Oldenburqskinin  Xüsusi Rejimli Məktəbində müfəttiş vəzifəsində çalışıb.Smolnıdakı Nəcib Qızlar mMəktəbində müəllimlik edib.1867-ci ildə Qafqaz canişini  Mixail Nikolayeviç Romanovun  (1832-1909) təklifi ilə Tiflisə gəlib, burada iki il onun uşaqlarının    müəllimi ,  hami-nəzarətçəsi olub.  ( Mixail Nikolayeviç Rusiya çarı I Nikolayın 7-ci övladı,4-cü oğludur-N.N.) .

   L.N.Modzalevski   Tiflisdə M.F.Axundzadənin ünsiyyətdə olduğu  ziyalılardan olmuşdur.  O,1880-1883- cü illərdə  Qafqaz Senzor Komitəsinin sədri olmuş, “Ziya” (Ziyayi-Qafqasiyyə”) qəzetlərinin , eləcə də “Kəşkül” adlı jurnal və qəzetin  fəaliyyətinə vəzifə borcu çərçivəsində qayğı göstərmişdir.

  L.N.Modzalevski Azərbaycanda yaradılan bir sıra məktəblərin  yeni üsul və texnologiyalarla  fəaliyyət göstərməsində də  əhəmiyyətli işlər görmüş, müəllimlərə  tövsiyə və məsləhətlər vermişdir.

  L.N.Modzalevski 1883-cü ildə ,Tiflisdəki 16 illik  pedaqoji və məmur həyanından uzaqlşmaq qərarına gəlmiş, istehfa verərək Tiflisdən Peterburqa köçmüşdür..O,1889-cu ildə yenidən pedaqoji fəaliyyətə başlamış, Marian İnstitutunda sinif müfəttişı və Şura üzvü vəzifələrində çalışmışdır. Axırıncı iş yeri Sankt-Peterburq Lal-Kar Məktəbi olmuşdur.), o,burada  direktor vəzifəsində çalışmış,1896-cı il mayın 5-də gözlənilmədən  beyin iflicindən həyatını başa burmuşdur.

   L.N.Modzalevski   5  övladının hamısı  layiqli vətəndaş kimi tərbiyə edib böyütmüşdür. Onun kiçik oğlu Boris Lvoviç (20.04.1874- 03.04.1928) görkəmli puşkinşünas alim olmuş, A.S.Puşkinin  həyat və yaradıcılığının  elmi təblğat  mərkəzi olan Puşkin Evinin direktoru  vəzifəsində işləmişdir.

   L.N.Modzalevski  234  mətbu elmi əsərin , 50-yə yaxın dillər əzbəri olmuş, dərsliklərə düşmüş şeirin  müəllifidir. Rusiyada  xarici ölkə alimlərinin pedaqoji irsinin öyrənilməsində  onun 3 cildlik    “Qədim dövrdən bu günümüzə qədər tərbiyə və təlimin  tarixi oçerkləri” adlı fundamental əsəri  dünya pedaqoji fikrinin qiymətli mənbələrindən sayılır. “Oçerklər”in 1-ci  nəşri 1866-1867-ci , 2-ci nəşri 1874-1877-ci, üçüncü nəşri isə 1892-1899-cu illərdə işıq üzü görmüşdür.

   L.N.Modzalevskinin ədəbi, elmi-pedaqoji və Senzor Komitəsindəki məmurluq fəaliyyətinin dərindən öyrənilməsi ictimai -fikir  triximiz üçün bir sıra maraqlı faktları ortaya çıxara bilər.

  Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,

TQDK-nın Azərbaycan dili üzrə eksperti, 

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi.

18.09.2013. 

Ədəbiyyat

1.Модзалевский Лев Николаевич.// Энциклопедический словарь Брокгауза и Ефрона: 82  т.  и 4   доп. СПб.,1890-1907.

2.Çernyayevski A.O. Vətən dili,I hissə; Çernyayevski A.O.,Vəlibəyov S.H. Vətən dili,II hissə, Faksimili nəşr. Tərtib və transfoneliterasiya edən , ön söz,qeyd vəşərhlər,sözlük və cədvəllərin müəllifi: Vüqar    Qaradağlı.Bakı,”CBS” 2007.,740 səhifə

3.M.Ə.Sabir.  Hophopnamə, Bakı,1960.

4.Ərəb və fars sözləri lüğəti.Bakı,1967.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest