Genel

Mərhum şair dostumuz Şaiq Vəli Şeirləri

Onun yoxluğuna  heç inanmaq olmur…

  Şair Şaiq Vəli aramızdan vaxtsız gedib. Moskvadkı M.Qorki adına Ədəbiyyat İnstitunda oxuyurduq.Şaiq qiyabi təhsil alırdı.İlin yaz və payız aylarında sesiyalara gələrdi. Şaiqin hər gəldiyində  bayram əhvalı yaşayar,  hamımız- Zahir Sarıtorpaq, Murad Köhnəqala, Səfər Alışarlı   Ümüd Rəhimoğlu  və başqa tələbə yoldaşlarımız bir yerdə olardıq. Onunla bağlı xatirələr həmişə bizimlə yaşayir. Çılğın, cəsarətli, dostcanlı, xoş üzlü və zarafatcıl biri idi. Dost yolunda canından belə keçərdi… Şeirlərindəki tənhalıq dəli duyğularının sahillərindəki qayalara çırpılan hissləri xatırladır. O,  daha çox dəli bir azadlığın aşiqi idi.Heyif Şaiqdən…

    Onun bu dünyadakı yoxluğuna  heç inanmaq olmur…

    Ancaq şeirləri, sözləri, xatirələri bu dünyamızındır…

     Mərhum şair dostumuzun bir dəstə şeirini oxucularımazla paylaşıram…

         Nazim Əhmədli, şair-publisist,

“Kırımın sesi qazetesi”nin Azərbaycan təmsilçisi.

ŞAİQ VƏLİ

DUA

Eşq ver,məndən döndər,

Tək,məni tənhalığına.

Göydən qaldır,

Yerdən endir,

Çək məni tənhalığına.

         ***

Dünya məni usandırır,

Şaxtası məni yandırır,

Atəşi məni dondurur,

Bük məni tənhalığına.

                ***

Eylə, birdən eylə,

Möcüzədən,sirdən eylə…

Söz göyərdən bir dən eylə,

Ək məni tənhalığına.

                  ***

Heyin Olu necə,elə,

Olun halı necə,elə…

Halın xəyalı necə,elə,

Çək məni tənhalığına.

                ***

Çək məni tənhalığına!

Ək məni tənhalığına!

Bük məni tənhalığına,

Tək,məni tənhalığına!..

 AYRILIQ TÜRKÜSÜ

Al- bəyaz geyinib  gedirsən,

Baxıb mənə yanca- yanca.

Atıb ayrılıq oxunu

Ürəyimə sanca,sanca…

           ***

Bitməz çatlar,sınıqlar…

Axıb gedir irmaqlar.

İrmaqlar boyu yanaqlar

Açılıb qonça- qonça…

              ***

Arzular düyçə- düyçə…

Saraldı göyçə- göyçə,

Bəyim bəyə bəycə,bəycə…

Xanım xana xanca,xanca…

          ***

Gözləri nərgiz – yuxulu,

Saçları yovşan qoxulu.

Könül evim yıxılı,

Sızlaram qanca-qanca.

                ***

Əlim səndən üzülü,

Cehiz yüklü karvan düzlü…

Cehiziyin ən gözəli

Xatirələr…xonça- xonça.

                  ***

…Yanaqlar qonça- qonça,

Xatirələr xonça- xonça.

Ürəyim sanca- sanca,

Sızlaram qanca-qanca.

VAR

Hər zülmət gecənin başında

Bir ağ üzlü sabah var,var.

Hər almaz üzük qaşında

Bir damla zəhər var,ah var!..

                 ***

Bu dünyayla aran sərin,

Şam işığı göz yaşı pərvanələrin…

Səni ağladan dilbərin

Kipriklərində şeh var,var!

                    ***

O qapı var,axı,sən döyən döy,

Açılan deyil,ha döyəclə…yeyin döy.

Tərəzinin sən tərəfi əyən döy,

Hər sevdada bir zərər var,var.

                ***

Sanma insan quşdu,

Fələk daş atdı- uçdu.

Ölüm də bir doğuluşdu –

Əbədi bir dərgah var,var!

                  ***

Qismətin yer üzündə əvvəl yaranıb,

Göz yaşın gözündən əvvəl yaranıb,

Başdaşın özündən əvvəl yaranıb,

Alın yazısı var,tale var,var!..

   GÖZƏL NƏ GÖZƏL SƏNƏM

gözəl nə gözəl sənəm

sənəm nə sənəm- yer,yey

eşq  nə eşq- qəm

qəm nə qəm- mey,mey

                    ***

zülüm nə zülüm- zülmət tor

zülmət nə zülmət – zühur

zühur nə zühur-nur

nur nə nur- ay,ay

                    ***

ömür nə ömür- həvəs

həvəs nə həvəs- nəfəs

nəfəs nə nəfəs- səs

səs nə səs- ney,ney

             ***

könül nə könül- bülbül

bülbül nə bülbül- əsiri gül

gül nə gül- üzü tül

tül nə tül- göy ,göy.

BİR ULU EŞQ İLƏ

Mən bu cahan mülkünə,

Təxti- Süleyman mülkünə,

Can içində can mülkünə

Ağlaya- gülə gəldim.

               ***

Mən “mən “olmaq istəmirdim,

Açıb- solmaq istəmirdim,

Bir də gəlmək istəmirdim-

Bir ulu eşq ilə gəldim.

                  ***

Bu dərdli aləmə gəldim,

Sanma qalıma gəldim,

Mən sənə salama gəldim,

Düşüb haldan hala gəldim.

               ***

Ö gözəli bilirdim,

Qəm məzəli blirdim,

Mən əzəli bilirdim,

Mən sonu bilə gəldim.

                  ***

Sorma məndən handaydım,

Hər yerdə,hər yandaydım,

Əzəlin əzəli- sondaydım,

Sonun sonu əzələ gəldim.

OLACAQLAR,OLACAQLAR

Oldu,deyilənlər oldu,

Olacaqlar olacaqlar!

Soldu,açıldı gül…soldu,

Solacaqlar solacaqlar!

                ***

Almazlar almaz kamını,

Fələk söndürər şamını…

Haqdan dolan eşq camını

Alacaqlar alacaqlar!

                ***

Daş olacaq daşolacaq!

Quş olacaq quş olacaq!

Boşalacaq boşalacaq,

Dolacaqlar dolacaqlar.

               ***

Bitəcəklər bitəcəklər,

İtəcəklər itəcəklər!

Gedəcəklər gedəcəklər,

Qalacaqlar qalacaqlar!

             ***

Ağla,gülməzlər gülməzlər,

Öl!Ölməzlər ölməzlər…

Məni bilməzlər bilməzlər,

Biləcəklər biləcəklər!

DÜNYA GÖZƏLLƏR GÖZƏLİ

Dünya gözəllər gözəlidir-

Fateh dərdidir,sultan dərdidir.

Eşq quş dilidir,

Dərd Süleyman dərdidir.

                  ***

Yüyürüb enim qarşına,

Hərlənib dönüm başına.

Ulduzları Günün başına

Eşq yığıb- heyran dərdidir.

                  ***

Hər qul bir  qul quludur,

Hər hal bir hal halıdır,-

Hər bir çöl çöl çölüdür,

Çöl özü bir pünhan dərdidir.

                      ***

Ahım ki,ahındandır…

Günahım ki,günahındandır.

Ruhum ki ruhundandır…

Bu nə “sən- mən” dərdidir.

                  ***

Ömür dolu camdı içilir,

İçirsən,qəmdi- açılır.

Şaiq Vəli şamdı kiçilir,

Qeyb olur- toran dərdidir.

DÜNYA SƏRXOŞ,MƏN AYIQ

Dünyaya üz tutan divanəymiş,

Divanə devaneymiş!..

Bu dünya nəymiş,ah, nəymiş-

Şərab süz,dostum,mənə şərab süz!

                ***

Budaqda gül- tac,

gül- ismət,

gül- şan,

Bu nə gülüstan,bu nə gülşən?!-

Bülbül köksü qan…

gül gülür,gül şən…

Şərab süz,dostum,mənə şərab süz!

                      ***

Açıq pəncərədən daş gəlməz daha,

Xumar gözdən yaş gəlməz daha,

Acım acıdır,şirinim xoş gəlməz daha,

Şərab süz,dostum,mənə şərab süz!

                    ***

Yaşadım bir ömrü- xeyriyə oldu,

Xeyriyyə ömürün xeyri nə oldu?

Uduzdum- dünyanın xeyrinə oldu,

Şərab süz,dostum,mənə şərab süz!

                     ***

Mən insan deyiləm- insan qarışqa,

Tapdanmaq qoxusu hər bir qarışda…

Ömrün nə qədəri hələ qarşıda…

Şərab süz,dostum,mənə şərab süz!

                         ***

Daş daşıdım,söz daşımağa öyrəşəmmədim,

Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.

Bu dünyayla barışammadım-

yaşamağa öyrəşəmmədim,

Şərab süz,dostum,mənə şərab süz!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest