Genel

Məhəmməd Əmin Rəsulzadə 31 Mart soyqırımı haqqında

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Nəsiman Yaqublu
(Tarix elmləri doktoru, professor)

31 Mart soyqırımının əsas günahkarı
 
31 Mart soyqırımına uzun illər müddətində düzgün mövqedən yanaşılmayıb.Sovetlər
Birliyi dövründə bu hadisəyə yanaşmada əsas olaraq “Müsavat” və bir qədər də
“Daşnaksütun” partiyası tənqid edilirdi.Soyqırımın başlıca mahiyyəti isə
aşıqlanmırdı.Sovet dövrü tarixçiləri də “araşdırmalarında”  bu zərərli
konsepsiyalarından əl çəkə bilmirdilər.Sovetin təsirindən hələ də yaxa qurtara
bilməyən bir tarixçi isə( o hələ də Akademiyanın Tarix İnstitutunda çalışmaqdadır)
bir-neçə il əvvəl keçirilən konfransda bu soyqırıma sinfi və iki partiyanın
ziddiyyətlərinin acı bir sonucu kimi yanaşmışdı(Siz buna təəccüblənməyin.Bəzi tarixçi
professor və akademiklərin dissertasiyalarına, mövzularına baxın.Onda çox acı bir
mənzərənin şahidi olacaqsınız.Və burda Şaumyanı, Mikoyanı  araşdırıb əsərlər
yazmış, cəmiyyətimizin çox nüfuzlu  alimlərini  görəcəksiniz).
     31 Mart Soyqırımına ən düzgün qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə
verilmişdi.Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti bu faciənin əsas səbəbkarlarını
müəyyənləşdirmişdi.Təəssüflər ki, bolşeviklərin işğalı buna imkan vermədi.Bu
faciənin dünya ictimaiyyətinə çatdırılmasında isə müstəsna rolu M.Ə.Rəsulzadə
oynadı.1923-cü ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında və

“Yeni Qafqasiya”, “Odlu Yurd” jurnallarında 31 Mart soyqırımı haqqında Türk
ictimaiyyətinə geniş bilgilər verdi.Bunu nəzərə alıb M.Ə.Rəsulzadənin 1925-ci ilin 31
martında “Yeni Qafqasiya” jurnalında nəşr olunan “Mart faciəsi” məqaləsini
oxuculara təqdim edirəm.
 
M.Ə.Rəsulzadə
 
MART  FACİƏSİ
(17-21 mart 1918)
 
Azərbaycan təşəkkülü tarixində fəcaətlə seçilən günlərdən biri də 17 Martdır(köhnə
tarixlə 31 mart-red). “Mart faciəsi” namıyla  məşhur olan və bu tarixdə başlayan üç
günlük qətliam başı bəlalı Bakının keçirdiyi pək qara və məzlum günlərini təşkil edir.
Yıl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan bolşevik rəisi Lenin
tərəfindən bütün Qafqasiya Fövqəladə Komisarlığına təyin olunmuş, Türkiyə
Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) də
verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət
etmək üçün fövqəladə səlahiyyətlər bəhs ediyordu.
Şaumyan, Qafqasiya Komisarı sıfətiylə Tiflisə getmiş ikən kəndisinə müxalifət edən
Mavərayı Qafqas Komisarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis
sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən, bir tavırla sıvışmış, təkrar
Bakıya dönmüşdü.
Şaumyanın şu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib
buradan Tiflisə qarşı  bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə
qərar vermişlərdi.
Bu qərarın qüvvədən feilə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək,
Bakıda toplu bir halda bulunan rus ordusu saldatlarını min dürlü iğfal və təşviqlərlə
məmləkətlərinə getməkdən çəkindirirdilər, onları siyasi məqsədləri üçün kullanmaq
istədilər. Bu xüsusda bir tərəfdən Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq
üçün aldıqları əmr, digər tərəfdən də rəislərinin milliyyət etibarıyla erməni oluşu
bolşevikləri erməni Daşnaksütyun Firqəsi ilə anlaşmaya sövq ediyordu. Bilxassə ki,
Bakıda  alıkolunan saldatlar arasında birkaç alay erməni əskərləri var idi.
İştə hökuməti Bakı Sovetləri ələ alıb komunist diktaturasını təsis etmək üçün salifüz-
zikr əvamilin təsiri ilə Bolşevik Firqəsinin Qafqasiya Komitəsi, Erməni Daşnaksütyun
Firqəsi ilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, şimdi artıq iş təcavüzə
keçmək üçün bir bəhanə aramaya qalmışdı. Təcavüzün Bakı türklərinə qarşı icra
ediləcəyi kəndiliyindən məlum. Həm kolay bir müvəffəqiyyət istehsalı üçün bu
cəbhəyə təcavüzdən daha münasib bir tərzi hərəkət bulunamazdı. Çünki vaxtında rus
çarizmi tərəfindən mükəlləfiyyəti əskərliyə tabe tutulmayan türk xalqı əskəri təşəkkül
nöqteyi nəzərindən pək zəif bir halda idi.
Bəhanə bulundu. milli türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya
göndərilən əskəri heyətin bir kaç gün əvvəl tövqif edilməsi səbəbiylə zatən

elektriklənmiş bir halda bulunan türk əhalisi ikinci bir hadisə ilə daha ziyadə həyəcana
verildi.
Lənkəranda təşəkkül etməkdə olan türk milli alayında bir qrup qəzaən vəfat edən
arkadaşlarının cənazəsini Bakıya təşyi ilə geri dönmək istəmişlər. Sovet mühafizləri
tərəfindən limanda bir istimbota minmək üzərə ikən mühasirə edilmiş, tərki silah
etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli türk
təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzərə ikən
sayğısız birtaqım cahilin qərəzkar müfəttinlərə alət olması ilə fitnə təkrar alovlanmış,
zatən günlərdən bəri qətliama hazırlaşmış bulunan bolşevik erməni qüvvəyi
müsəlləhəsi müharib bir vəziyyət alaraq şəhərin müsəlman məhəlləsini bombardman
etməyə başlamışdır.
Bu təərrüz qarşısında istər-istəməz müdafiəyi nəfs etmək zərurətində qalan türklər
təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən biz-zərurə silahlarına
sarılmışlarsa da, qeyri müsavi bir mükatilədə bittəbii məğlub olmuşlardır. Türk əhalisi
üç gün tamam müdhiş bir qətliama uğramış, şəhərin müsəlman hissəsi dini, milli və
ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.
Bu surətlə başlayan Mart faciəsinin nə kibi bir vəhşət və kin mənzərəsi təşkil
eylədiyini təsvir edə bilmək üçün bulunan bir vəsiqəni iqtibas edəlim: Bu vəsiqə Mart
hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim
edilmişdir. Kulka namını daşıyan bu zat milliyyətcə türk və müsəlman olmayıb xristian
olduğundan kəndisini türklər lehində mübaliğə ilə ittiham etmək, əlbəttə, caiz
olamaz. İştə bu bitərəf mühəqqəq Mart faciəsinə aid təsvir etdiyi lövhələrdən birər
parça:
“… Münhəsırən müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhalini
öldürüyor, şimşirlərlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evlərə atəş veriyor,
çocuqları bu atəşlərə ataraq diri-diri yaxıyor, üç-dörd günlük südəmər çocuqları isə
süngülərə taxıyorlardı…”
“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam nəəşı bulundu. Bunların qulaqları,
burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.
“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda
sokaklarla sevq və kəndilərini tüfəng dibçikləri ilə dərb ediyorlardı”.
“Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədiyi kibi, ixtiyarlara da aman
yoxdu. Məsəla Əlizadə Hacı Əmirin evində 80 yaşlı annəsi, 60 və 70 yaşlı qadınları
öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivilənmişdi”.
“Məqdul bir müsəlman erkəyinin aləti tənəsüliyəsi kəsilib bir az ötədə düşən məktulə
bir İslam qadınının ağzına verildiyi kibi, çocuğunu əmizdirir bir vəziyyətdə yerlərə
sərilən zavallı qadın nəəşləri və daha bir çox fəci və kərih mənzərələr təşkil edən
cinayət əsərləri görülmüşdür” diyor.
Kulka Əfəndi divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə bulunan
çoluq-çocuq nəəşlərinin fotoqraflara təsbit olunmuş canhıraş vəqalardan da bəhs
ediyor. Fəqət bu vəqaları biz burada tamamıyla təfsil edəcək deyiliz. Qarelərimizin
zatən mütəəssir bulunan əsəbini daha fəzlə əzmək istəməyiz!.. Mart hadisəsi
günlərində Qızıl Rusiya müməssilləri ilə rus siyasətinin zavallı aləti olan bir qisim

erməni xalqının Azərbaycan türklüyünə qarşı nə müdhiş bir kin və ədavət bəslədiyini
göstərmək üçün bu qədərini söyləmək də kafidir.
Bu ədavət, türk xalqının mövcudiyyəti təbiiyəsinə olduğu kibi, mənəviyyatına da
tövcih edilmişdi. Üç gün zərfində 15.000 islam öldürülmüş; Türk müəssəsəatı
milliyyəsinin sarayını təşkil edən İsmailiyyə binası ilə “Açıq Söz” və “Kaspi” mətbəələri
atəşə verilmiş, Bakının ən böyük camii top mərmiləriylə dəlik-deşik edilmişdi.
Əvət, Ermənistan muxtariyyat və istiqlalının fərmanının cibində daşıyan Şaumyanın
qəzetəsi “Bakinski Raboçi” milliyyətçi azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar
bulursunuz!” demişdi. Həm 17-21 Mart günlərində əldə etdiyi kolay müvəffəqiyyəti
mütəaqib Şaumyan diktaturası bu vədini tamamıyla ifaya qalxmışdı. Bakıdan sonra
sıra Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda islam məhəlləsinin
daşı daş üstündə qalmamış, ərəb fatehləri zamanından qalan, müdhiş Şirvan
zəlzələlərinə dayanan, birkaç əsrin mədəniyyət şahidi bulunan Camii Kəbirə belə
acımamış, bütün şəhəri atəşə vermişlərdi.
Bolşevik − Daşnaksütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günkü hərəkəti
möhtəməl Türkiyə təcavüzünə qarşı hər növ tədbir görmək, Qafqasiya cəbhəsini tərk
edən mütəlaşi rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki,
Lenin, Şaumyan namına yazdığı dekretdə Türkiyədən çəkilən rus ordusunun yerinə
erməni alaylarının təşkilini əmr ediyordu. Ermənilər Türkiyə əleyhdarı olduqlarından
iltizam, azərbaycanlılar isə lehdar olduqlarından rədd və qəhr olunuyorlardı. Nitəkim
mənhus Mart günlərinin nəticəsində əqd olunan “müsələha” mərasimindən sonra
iniqad edən Sovet ictimaında Müsavat Firqəsinin bayrağını çeynəyən bir bolşevik
komisarı Suxoçev “Türkiyənin Bakı cəbhəsi alındı!” deyə elanı şürur eyləmişdir.
Anadolu böyük qardaş fədakar məhmətçiyin tarixi yardımı ilə Bakını istirdad edən
Azəri xalqı, heç şübhəsiz ki, Türkiyənin deyilsə də, türklüyün  Bakı cəbhəsini
düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdir.
Heyhat ki, sui talih bu milli cəbhəni təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o
fəci mart günlərini xatırlarkən bu əlim faciənin hələ təmadi etməkdə olduğunu
görməklə dağdarız!.. Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliyinin bu
mənhus istila hökuməti ilə barışamaz bir mücadiləyə girişdiyini görməklə də
mütəsəlliyiz. Bu təsəlli bizə türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan
Cumhuriyyətinin təkrar hürriyyət kəsb edəcəyini və istiqlalını istirdad ilə çəkdiyi bu
acıların mükafatına haqqıyla nail olacağını qüvvətli ümidlərlə təlqin edər.
 
“Yeni Qafqasiya”, 31 Mart 1341 / 7 ramazan  1343, 
il:2, №13, s. 6-8

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest