MƏSCİDİN DƏLİSİ – Aysel Fikrət

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Aysel Fikrət

MƏSCİDİN DƏLİSİ

Hekayə                                                                                                                                                

 Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evidi. Bax, Sənin də, Mənim də nə etdiyimizi, harda olduğumuzu bir o yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedəgedə. Sübh namazında: “Ay allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən, mələk qızımın nə günahı var idi ki, Onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da bəlkə sənə sözü var”. Güllü yorğanlardan gələn gülab iyinin gözəlliyində böyümüşdü Abdulla. Bir gün də tezdən oyanıb “Nənə” demişdi Abdulla. Ay nənə. Abdullanın dilinin açıldığı gün nənəsi o dünyaya köç etdi. Abdulla Ölümün nə olduğunu görməmişdi. Saatlarca Nənəsinin yanında oturub onu oyandırmaq üçün səslər çıxarmışdı. Abdulla özü də anlamadan sözlər deyirdi. Ac idi, susuz idi. Qonşu Zibeydə gəlməsə, bəlkə də Abdulla da ölüb gedəcəkdi. Qonşunun hay-küyünə adamlar yığıldı. Abdullanın nənəsini harasa apardılar. Abdulla nənəsiylə dua etməyə getdiyi evin ta yanında torpaq qazıldı. Abdulla Nənəsinin torpağa əkilməsini gözüylə gördü. Onda onun gözləri böyüyüb dünyanı aşdı. Abdulla bu dünyanı hələ bu günə qədər belə aydın görməmişdi. Nənəsi onu dua etmək üçün gətirdiyi məscid adamla dolu olardı. İsti idi. Yerə xalçalar, yorğanlar döşənmişdi. Nənəsi tez-tez Abdullaya “Gözlərini yum, bala, yat. Yuxuda sənə şəfa verilər”, – deyərdi. Abdulla çox yorulmuşdu. Adamların arasından qaçıb məscidin içində bir sakit yer tapıb uzandı. Gülab ətri verən yorğanı üstünə örtüb, nənəsinin sözlərini bir də uydurub yatdı. Kəndin adamları onu məsciddə tapanda çox kövrəldilər. Bu gecə ona dəymədilər.

Səhər azan səsinə oyanan Abdulla bir daha evinə getmək istəmədi. Hər gün obaşdan oyanıb ətrafı səliqəyə saldı. Su daşıdı. Nənəsinin qəbrinin yanına su tökdü. Hər dəfə su tökdükcə bir az böyüdü Abdulla. Axırda böyüyüb 19 yaşında bir gənc oldu. Kənddə hamı sevərdi Abdullanı. Təkcə Ağgüldən başqa. Uşaqlıqdan bəri gözünün tutduğu bu qız Abdullanın onun üçün dərdiyi gülləri yolun düzünə səpələyib, “məscidin dəlisi” deyib qaçmışdı bir dəfə. O gündən Abdulla heç ağıllı olub bir kəlmə deyə bilmədi. Lal baxışlarından, ağzından çıxan bir-iki sözünü də içinə susdu. Abdulla nənəsindən sonra sığındığı Allahdan, bir də Ağgüldən başqa bir həqiqət tanımırdı.  Məscidə baxan Hüseyn kişi də deyirdi ki, “Ay kişi, Abdulla olmasa, bu məscidin halı necə olar”. Abdulla səhər durub həyətin bütün işlərini görərdi. Darvazanı açar, insanlara yardım edərdi. Dua üçün gələn xəstələri əlində daşıyar, qocalara su verərdi.   Abdullanın başqa yönü yox idi. Abdulla üzü Allaha böyümüşdü. Dua vaxtı minbərin altında oyuq kimi bir yer tapıb gizlənərdi. İnsanların diləklərini Allahla bir eşidərdi Abdulla. Heç kimin onu görməyəcəyindən əmin olub yerini rahatlardı. Abdulla, qonşu Zərbəlinin Allaha pənah gətirib, “Ay allah, sən günahımdan keç” deyişinə xeyli gülmüşdü. Zərbəli bu kəndin malını, qarasını, kasıbını talayan qumarbazın biri idi.  Abdulla gülür, gülür, səsini içinə qısa bilmirdi. Zöhrəbəyim qarının “Allah, bilmirəm, bu insanlar mənim lal canımdan, dilsiz-ağızsız canımdan nə istəyir” deyişinə lap qəşş etmişdi. Çünki bu məhəllənin uşaqları, böyükləri Zöhrəbəyimin davalarıyla böyümüşdü. Abdulla burda nələr görmüşdü, nələr, dostunun malın yeyib, iman istəyəni, ev dağıdıb, aman istəyəni. Hərdən Abdulla ağlardı, Pakizə ananın xəstə canına, qonşusu Ağcanın itkin oğluna, Qasımın evsiz-eşiksiz, küçədə qalmağına. Hərdən də qəzəblənirdi sələmçinin, imansızın bura gəlişinə. Onda Abdulla əlində olan  xırda daşları göydən atardı. Günahlılar onun məscidində çox qalmasın deyə. Gecələr Nənəsinin qəbrinin daşını öpüb, qoxlayıb, yenə məsciddə yatardı. Bu minvalla Abdullanın gülüşü, göz yaşı da insan diləyi idi. O günə qədər ki Ağgül məscidə gəldi.            O gün Abdulla məscidin həyətindəki gülləri suvarırdı. Qapıda Ağgülü görüb yerində dondu. Əlində satılı, ayağının altında daşı hiss etməyib yıxıldı. Üstü-başı su içində, Ağgüldən qaçıb oyuqda gizləndi. Ağgül yaxasından bir məktub çıxardı. Gözəl sinəsində tövşüyən ürəyinin sanki səsi eşidilə-eşidilə. “Ay allah, – dedi, – məni bu məktubla aldatdılar. İndi mənə ölüm yaraşar.” “Bu məktubda o qədər gözəl sözlər var idi. Məni aldatdılar, – deyib dizlərini yerə qoyub ağladı. – Mən kirləndim. Mən sevginin belə eybəcər olduğunu, o yaraşıqlı oğlanın gözlərinin belə iyrənc olduğunu bilmirdim. Bilmirdim, Ay Allah. Ölməliyəm, bilirəm. Yalnız Sən məni bağışla. Keç günahımdan.” Abdulla heç nə anlamasa da, Ağgülün göz yaşlarına dözmürdü. Ona qoşulub xeyli ağladı. Ağgül hıçqırıq səsi eşidib qaçdı. O gecə qardaşı Ağgülü ölüncə döydü. Ağgülün səsi, naləsi bütün kəndi bürümüşdü. Onu aldadan oğlan da çoxdan qaçıb getmişdi. Ağgül qaçıb gedəndə Allahın evində unutduğu məktubu  oxuya bilməsə də, Abdulla onu bir dərd kimi qorudu.  Abdulla özü də bilmədiyi bir ürpəntinin ona daha Ağgülü sevə bilmərsən acısında üşüyürdü… Amma onu sevməyə bilmirdi. Abdulla bir səhər oyanıb, nənəsinin qəbrini bağrına basıb getdi… Danışa bilməsə də, son kəs Allahın dərgahında azan çəkdi. Var səsiylə göyə inildədi. Abdulla ürəyində bir söz gizləmişdi, onu heç vaxt demədi… Bir gün də nə su vedrələri, nə ağaclar, nə qəbirlər, nə minbər sevindi. Allahın lütfü düşən bu evdə Abdulla qədər işıq azaldı. Abdulla getdi. Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evidi. Bax, Sənin də, Mənim də nə etdiyimizi, harda olduğumuzu bir o yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da bəlkə sənə sözü var”.

Pin It on Pinterest