GenelGüncelKültür Sanat

Mənim Lenin Ordenim (Hekayə) Etibar Əbilov

Nazım Ahmedli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Mənim Lenin Ordenim

         (Hekayə)

         Əvvəlcə Kolyagilin dəmir darvazalarının səsini eşitdim. Darvazanın zirələri paslanmışdı deyə, eşitdiyim səsdən ətim ürpəşdi. Sonra asfalta zərblə çırpılan dəmir stulun səsi gəldi. Sonra mən Kolyanın stuldan bərk-bərk yapışmış əllərini gördüm. Kolya bütün gücünü qollarına verib özünü stulun qənşərinə tərəf dartdı. Və bu dəfə Kolyanın özünü gördüm. Kolya yenə də həmin zərblə stulu özündən irəli atıb, yenə də irəli dartındı. Bu vəziyyət daha bir neçə dəfə təkrar olundu və Kolya nəhayət qapılarının ağzında, həyətlərindən küçəyə düşən  tut ağacının kölgəsində stulunu sahmanlayıb, sonra da stula əyləşdi. Məndən iki, bəlkə də üç yaş böyük olan Kolya anadan şikəst doğulmuşdu – hər iki ayağından çolaq idi. O, bu stulun köməkliyi ilə hərəkət edə bilirdi. Hərəkət edirdi demək bir qədər düz olmur: Kolya bu stulun köməkliyi ilə sürünürdü desəm, daha düz olmuş olar… Mən (təkcə mən yox, kiçik qəsəbəmizdə hamı) Kolyanı belə görmüşdü.

        Belə yeksənək istidə, adamsız və darıxdırıcı küçədə Kolyanı görməyimə sevindim. Çünki Kolyadan yaxşı həmsöhbət bu dəm mənə kim ola bilərdi ki?..

       Saat 4 olardı, ya da 5-ə işləyərdi. Bayaq anama acdığımı demişdim. Anam da səhər obaşdan, həyətdə ocaq qalayıb sac üstə bişirdiyi iri bir yuxanın arasına pendir, pomidor və xiyar dilimlərini düzüb iri bir dürmək eləmişdi. İndi həmin dürmək əlimdə idi. Bayaq anama acdığımı desəm də, iştaham elə bil birdən-birə yox olmuşdu və mən əlimdə həmin dürmək, uzaqdan-uzağa  Kolyaya əl elədim və Kolya da əlinin işarəsi ilə məni yanına çağırdı.

       50-55 addım atıb Kolyaya çatdım. Kolya qəsəbəmizdəki əksər ruslar kimi Azərbaycan dilində səlis bilirdi. Ümumiyyətlə, biz həm məhəlləmizdə, həm də qəsəbəmizdə yaşayan ruslarla adətən Azərbaycan dilində danışırdıq. Qəribəsi bu idi ki, kiçik qəsəbəmizdəki ruslar, Azərbaycan dilində səlis danışdıqları halda, biz rusca o qədər də səlis danışa bilmirdik. Bilmirdik deyəndə ki, rusca fikirlərimizi sərbəst ifadə edə bilirdik, amma bir az əvvəl dediyim kimi, rusların Azərbaycan dilində rəvan danışdıqları kimı, biz Azərbaycan uşaqları rus dilində onlar kimi rəvan danışa bilmirdik. Rusların Azərbaycan dilində belə rəvan danışmalarının ən əsas səbəbi,onların ailələrində də çox vaxt Azərbaycan dilində danışmaları idi… Kolyaya çatdım. Qara, ucuz ayaqqabısının üstü yerlə sürünməkdən rəngi getmiş Kolya (Kolya üçün hər ay bir ucuz çəkmə alırdılar), şalvar cibindən ciddi-cəhdlə nəyisə götürmək istəyirdi. Amma cibindəki nə idisə Kolya onu cibindən çıxarmağa çətinlik çəkirdi (Kolya adətən cibindən nəyisə çıxartmaq istəyəndə,bütün bədəni gərilirdi). Şalvar cibindən çıxan nazik, qızılı sərt teldən bildim ki, onun cibindən çıxarmaq istədiyi ya bir nişandır, ya da nişana bənzəyən başqa bir şey. Kolyanın bütün diqqəti öz işinə yönəlmişdi, mənə də fikir vermirdi və mən də əlimdə yuxa dürmənci Kolyanın cibindən nə çıxaracağını gözləyirdim. Axır ki, Kolya istədiyinə nail oldu. Kolyanın cibindəki Lenin ordeni imiş. Mən o vaxt 5-ci, ya da 6-cı sinifi bitirmişdim – indi onu dəqiq xatırlaya bilmirəm. Amma hər bir Sovet məktəblisi tək, Lenin ordenini görən kimi, onun həqiqi Lenin ordeni olduğunu bildim. Əvvəla bu ordendən qəsəbəmizdə bir neçə adamın yaxasında görmüşdüm,ikincisi bu ordenin şəkli dərsliklərimizdə var idi, digər tərəfdən də,o vaxt hər gün gecə saat 10-da Moskva televiziyasından yayımlanan “Vremya” adlı xəbərlər proqramında, o vaxt ölkə rəhbəri olan Leonid İlic Brejnev tərəfindən həmin ordenin böyük-böyük vəzifə sahiblərinə, adlı-sanlı adamlara verilməsinə dəfələrlə tamaşa etmişdim… Amma Lenin ordenini bu qədər yaxından görməyim  və Lenin ordeninin nə qədər yaraşıqlı,gözoxşayan olduğunu ilk dəfə idi ki, bu qədər yaxından,əyani şəkildə görürdüm. Kolya ordeni əlinə alandan sonra, nəhayət ki, əvvəl mənə,sonra da əlimdəki dürməyə baxdı… O, gözünü mənim əlimdəki dürməncə, mən isə gözümü onun əlindəki ordenə zilləmişdim. Ürəyimdən o ordendən məndə də olması arzusu keçirdi və Kolyanın əlindəki ordenə baxa-baxa, o ordeni Kolyadan necə almağın yollarını fikirləşirdim… Sən demə, mən keçirdiyim hissi Kolya da keçirirmiş. Amma bir qədər fərqli şəkildə. Mənim ürəyimdən Lenin ordeni keçən kimi,onun da ürəyindən, içərisi pendir, pomidor, xiyar dilimləri ilə “bəzənmiş” dadlı yuxa dürmənci keçirmiş.

       – Ondan bir az mənə ver də… – Kolya dilləndi… Başqa vaxt olsaydı mən sevinə-sevinə dürmənci Kolyaya verərdim və buna görə evdə valideynlərim tərəfindən təriflənərdim də… Çünki Kolyaya nəinki bütün məhəllə,hətta bütün qəsəbəmizin adamları da hörmət edirdilər.Onun xətri,necə deyərlər,hamının yanında əziz idi və bu da əlbəttə onun şikəstliyinə görə idi.

       …Amma mən:

       -Vermirəm- dedim.

       -Nə olar…- Kolya az qala xahiş elədi.

       -Özüm yeyəcəm…Acmışam…

       -Hamısını istəmirəm ki…Özün nə qədər yeyəcəksən kəs götür,qalanını da ver mən yeyim.

       Kolyanın həqiqi mənada olan yalvarışları,mənim Lenin ordenini əldə etmək ümidlərimi artırırdı.

       Günəş şüaları altında ordenin üstündə Leninin bərq vuran şəkli,ordenin üzərindəki qızıl sünbüllü zərif naxışlar,Lenin yazılmış hərflərin,sumaxı rəngli oraq çəkicin gözqamaşdırıcı parlaqlığı…gözümü necə tutmuşdusa,birdən-birə qəddar bir adama çevrilmişdim…Yəni Kolyanın yalvarışlarına məhəl qoymayıb  özümün də iştahım çəkməyən bir salatlı-pendirli dürmənci ondan əsirgəyirdim.

       -Nə olar,o dürməncdən ver də mənə…

       -Kolya…

       -Nədi?

       -Onda gəl belə edək…Mən bu dürmənci verim sənə…Özü də hamısını…Sən də əvəzində o əlindəkini mənə ver.

       Kolya əvvəl deyəsən bir şey başa düşmədi…Amma bu bir anlıq oldu.

       -Bunu? –Kolya təəccüblə ovcundakı Lenin ordenini göstərdi

       -Hə…Onu…

       -Al!.. –Doğrusu əvvəl o boyda ordeni belə asanlıqla əldə edəcəyimə inana bilmədim.

       -Düz deyirsən?

       -Götür… – Kolya əminliklə və sidq ürəklə Lenin ordenini mənə uzatdı.

       Ordeni əlimə alanda,yayın bu cırhacır istisində,sanki ürəyimə bir sərinlik yayıldı.

       Dürmənci Kolyaya verdim.

       Kolya dürməncdən dir dişdəm götürüb iştahla çeynəməyə başladı.

       -Əlində niyə tutmusan?

       -Nəyi?

       -Ordeni.

       -Bəs neynim?

       -Vur yaxana da.

       -Maykama vurum?

       -Nə olacaq ki?..Yaxın gəl.

       Yaxın gəldim.

       -Ordeni ver mənə.Qorxma.Evdə bilirsən ondan nə qədər var? Bunu sənə bagışlamışam.

       Ordeni Kolyaya verdim.Kolya əlindəki  dürmənci dizlərinin üstünə qoyub,ordeni bir göz qırpımında maykamın yaxasına sancdı.Fərəhimdən yerə-göyə sığmırdım.

       -Yaxşıdı?

       Kolya baş barmağını şax tutub:

       -Vot!- dedi.Yəni əla.

       İçərisinə pendir,pomidor,xiyar dilimləri yığılmış yuxa dürməncinə görə Kolya məni təntənəli şəkildə olmasa da,hər halda ürək açıqlığı ilə Lenin ordeni ilə mükafatlandırdı.Təkcə Brejnev kimi qucaqlayıb üç dəfə o üzümdən,bu üzümdən öpmədi.Düzünə qalsa onun məni öpməsini,bu dəm,heç mən özüm də istəmirdim.Çünki Kolyanın dodaqlarının ətrafı başdan-başa pendir,xiyar,pomidor və yuxa qırıntılarına bələnmişdi.

       Məhəlləmizin uşaqları yavaş-yavaş Sərdar dayıgilin darvazasının qarşısına yığışırdılar.Bir azdan futbol oynamağa gedəcəkdilər.

       -Yaxşı Kolya,mən getdim.

       -Hara?

       -Uşaqların yanına.

       -Bundan evinizdə yenə var?- Kolya yuxanın son tikəsini mənə göstərdi.

       Yenə qəddarlığım tutdu,hə desəydim Kolya yenə istəyəcəkdi.Lakin mən hələ evə getmək istəmirdim.

       -Yoxdu,Kolya.

       -Onda,olanda yenə gətirərsən?

       -Gətirərəm.

       -Amma əla yaraşır ha.

       -Nə?

       -Ordeni deyirəm.

       Bir neçə addım atmışdım ki,Kolya məni səslədi:

       -Bura bax,Ordeni məndən almağını onlara demə ha  (məhəlləmizin uşaqlarını göstərdi)…Yoxsa hamısı gəlib məndən orden istəyəcək.

       -Demərəm.

       Uşaqların yanına gəldim.Maykamın yaxasında Lenin ordeni,özümü uşaqlardan bir yox,bir neçə pillə yuxarı hesab edirdim.Çünki bu uşaqların heç birinin belə ordeni yox idi.

       Maykamın yaxasındakı ordeni birinci görən Adil oldu:

       -Ay da…Hardan tapmısan bunu?

       Bütün diqqətlər mənə,daha doğrusu maykamın yaxasına cəmləndi.Kimi təəccüblə,kimi heyrətlə,kimi həsədlə,kimi də saymazyana maykamın yaxasındakı ordenə baxırdı.

       Məndən bir neçə yaş böyük olan,həmişə də özünü məhəllə uşaqlarından böyük kimi aparan,bir qədər də lovğa təbiətli Elxan yaxına gəldi.Əli ilə Lenin ordeninə toxundu.Sanki ordenin həqiqiliyini yoxlayırdı:

       -Hardan almısan bunu?

       -Sənə nə var –Əlini kənara itələdim.Ondan onsuz da acıgım gəlirdi.Özü də,özünü böyük kimi apardığına görə.

       -Nə olar…Adamdan söz soruşarlar də…

       Elxanın səsindəki yumşaqlıq ürəyimi yumşaltdı.Di gəl ki,Kolyanın -Onlara bir söz demə- sözünü xatırlayıb yalan danışmalı oldum:

       -Dayımgilə getmişdim.Dayımın bir dostu var,o bağışladı.

       -Necə yəni bağışladı?

       -Bağışladı da…Ürəyi istədi bağışladı.

       -Özünün idi o orden?

       -Bəs kimin olacaq?

       Bu vaxt qonşu məhəllədə yaşayan Stepan adlı bir kişi bizim yanımızdan keçirdi.Stepan ikinci dünya müharibəsinin veteranı idi.Qəsəbəmizdə ən səliqəli və ciddi adamlardan biri kimi tanınırdı.Həmişə də,yay-qış,qara kostyumda gəzirdi.Kostyumunun da yaxası müharibədə aldığı orden-medallarla dolu.Biz bilirdik ki,yayın ən cırhacır istisində belə o,qara kostyumunu  müharibədə aldığı və şəstlə yaxasında gəzdirdiyi orden-medallara görə geyir.Amma onun Lenin ordeni yox idi.Mən öz Lenin ordenimi ona göstərmək üçün iki addım irəli yeridim,elə dayandım ki,Stepan mənim ordenimi görə bilsin…Qoy görsün ki,mənim bir Lenin ordenim,onun neçə-neçə orden-medalına dəyər.

       Və istədiyimə nail oldum.Kişi maykamın yaxasındakı ordeni gördü.Görməyi ilə də sifəti elə dəhşətli bir vəziyyətə düşdü ki…Stepanın üzündəki ifadə o qədər qorxulu idi ki,hətta canımdan soyuq bir gizilti keçdi.Amma həmin an Stepanın  canından keçən gizilti deyəsən daha dəhşətli idi və bu dəhşətli giziltini o,hirslə yerə tüpürüb –Bezobrazie- deməklə biruzə verdi.Və xam at kimi ayaqlarını yerə bərk-bərk vuraraq,deyinə-deyinə uzaqlaşıb getdi.

       -O niyə belə edir? –Bəşir təəccüblə soruşdu və məhəlləmizdə mənim ən yaxın dostum olan, eyni sinifdə oxuduğum İlqar:

       -Paxıllığından – dedi- Elə bilir bütün ordenləri ancaq o ala bilər.Başqası ala bilməz…

       Artıq saat 7-yə qalardı.İş vaxtı qurtarmışdı.Və bu vaxt Kolyanın atası Karpenkonun əlində bir kağız bağlaması işdən gəldiyini gördüm.Bayaqdan ordenimi başqalarına  nümayiş etdirmək istəyən mən,hiss etdim ki,həyəcanlanıram.Üzümü uşaqlara tərəf çevirdim ki,Karpenko yaxamdakı ordeni görməsin.Karpenko neft mədənlərində işləyirdi.Bütün məhəllədə onun kimi qaraqabaq,həmişə hirsli görünən,demək olar ki,heç kəslə ünsiyyəti olmayan Karpenkonun qəribə yeriməyi var idi;elə bil əlləri ilə nəyisə çırmaqlayırdı.Özü də yaman içən idi.Çox içdiyinə görə,arvadı,kök-daha doğrusu şişman,yeriməyə çətinlik çəkən,qaraqabaqlıqda ərindən geri qalmayan Maşa ilə (biz uşaqlar ona tot Maşa deyərdik) tez-tez davaları düşürdü və onların səs-küylü dava-dalaşları bəzən qonşu küçələrə qədər gedib çixardı…İndi də Karpenkonun əlindəki kağız bağlamadakı yəqin ki,araq idi.Karpenko üzümüzə belə baxmadan  gəlib yanımızdan keçdi…Dərindən nəfəs aldım.Bayaq ki,həyəcanım da keçib getdi.

       Daha küçədə qalmağa darıxırdım.İndi də Lenin ordenimi evdəkilərə göstərmək istəyirdim.

       İlqara dönüb:

       -Mən evə gedirəm –dedim.

       -Bəs futbol oynamağa getmirsən? –Adil soruşdu.

       -Yox –dedim- Bu gün nədənsə həvəsim yoxdur.

       -Daha onun ordeni var,neynir futbolu –Elxan mənə söz atdı.Mən də söz altında qalan deyildim:

       -Səndə bu ordendən olsaydı,forsun yerə-göyə sıgmazdı.

       Məktəb vaxtı biz futbolu ancaq küçəmizdə oynayardıq.Tətil günlərində isə futbol oynamağa məhəlləmizin yaxınlığında yerləşən məktəbimizin idman meydançasına gedərdik.İndi də tətil olduğundan  uşaqlar məktəbimizin idman meydançasına getdilər.

       Evə gəldim.Atam,anam,bibim,bibim oğlu, qardaş və bacılarım  böyük aynabəndimizdə idilər.Ayaqqabılarımı çıxarıb şəstlə içəri keçdim.Yaxamdakı ordeni birinci olaraq məndən kiçik qardaşım gördü:

       -Bunun ordeninə bax!

       Hamı dönüb mənə baxdı.Atam qəzet oxuyurdu.Gözünü qəzetdən ayırıb,eynəyinin altından maykamın yaxasındakı ordenə baxa-baxa:

       -Hardandı bu səndə? –deyə soruşdu.

       -Kolya verib.

       -Kolya kimdi?

       -Karpenkonun oğlu.

       -Aç onu yaxandan.

       -Özü bağışladı.

       -Dedim ki,aç.

       -Əvəzində yuxa vermişəm- Təslim olmaq istəmirdim.

       -Eşitmirsən sənə nə deyirəm? –Atamın səsinin ahəngindən vəziyyətin nə qədər ciddi olduğunu anladım.

       Ordeni açdım.

       -İndi də o ordeni apar qaytar yiyəsinə.

       -Yuxa verib almışam- Ordeni özümdə saxlamaq üçün sonuncu cəhdimi edirdim.

       -Bu dəqiqə apar qaytar…Bu dəqiqə!

       Başa düşdüm ki,artıq məsələ həll olunub.Ordeni geri qaytarmalı idim.Hökmən.

       Kor-peşman ayaqqabılarımı geyindim.

       Yenə də atamın səsini eşitdim:

       -Özü də Kolyaya yox,Karpenkonun özünə qaytar.Eşitdin?

       – …

       -Eşitdin?! –Atam səsini qaldırdı.

       – Eşitdim- dedim.

       Kor-peşman küçəyə çıxdım.Yaxşı ki,uşaqlar küçədə deyildi…Ürəyim qan ağlaya-ağlaya  Karpenkogilə gedirdim.Ordendən ayrılmaq mənə o qədər ağır idi ki…

       Kolyagilin qapısına az qalmış evlərindən gələn dava-dalaş səsini eşitdim (Bu istidə qapılarını bağlamışdılar.Səs-küy açıq pəncərədən gəlirdi).Həyətə keçdim.Maşanın qəzəbli səsi gəlirdi:

       -Az iç də bu ….

       -Zamolçi.

       -Nə zamolçi.Bu qədər içmək olar? Hər gün içirsən.

       -Yaxşı edirəm.

       -Mən səndən şikayət edəcəm.Ya budu jalovatsya milisiyu…Prokurora deyəcəm.

       -Nu idi…Çevo jdyoş- Karpenko ironiya qarışıq hirslə qışqırdı.

       Və mən daha bu mərəkəyə qulaq asa bilməzdim:

       -Ded Karpenko- Hündürdən səsləndim- Ay ded Karpenko!

       Səs-küydən mənin səsimi eşitmirdilər.

       Yenə çağırdım.Yenə eşitmədilər.Məcbur olub qapını döydüm.

       Karpenko susdu.Amma Maşa dayanmadan deyinirdi:

       -Tı nostayaşiy alkoqolik!

       Karpenko qapını açdı və zəhrimar sifəti ilə mənə baxdı.

       -Bunu atam verdi.

       Karpenko heç nə başa düşmədən əlimdəki ordenə baxdı.

       Maşa isə dayanmadan elə hey deyinirdi…

       Heç nə başa düşməyən Karpenko geri çevrildi,hirslə iki addım irəli yeridi,arvadının üstünə qışqırdı.Yenidən mən dayandığım yerə- qapının agzına gəldi…

       Orden hələ də əlimdə idi.

       -Bunu atam göndərdi.

       Karpenko yenə də mat-mat mənə,əlimdəki ordenə baxdı.

       -Padles!- Maya növbəti dəfə ərini söydü –Tı zver!!!..

       -Zomalçi qovoryu tebe!!! -Korpenko həmişə dilinin ucunda olan bir ana söyüşü söyərək qışqırdı  və mən bu vaxt imkan tapıb otağa baxdım.Qəzet sərilmiş stolun üstündə qaynanmış kortoflar,iki-üç sarı qabıqlı soğan,çörək,duz…Bir də başı yarımçıq araq butulkası (Bir daş stəkan araqla dolu idi).Kolya köhnə ,bir neçə yerdən burma telləri çıxmış divanda oturmuşdu.Yalnız evdə istifadə etdiyi qoşa qoltuq ağaclarını divanın ona yaxın olan küncünə qoymuşdu..Yəqin evlərində belə davalara adət etdiyindən sakit görünürdü.

       -Tı merzaves- Maşa yenə qışqırdı.Zalım qızının elə bil ətini kəsirdilər.

       Və bu vaxt Karpenko qeyri-şüuri olaraq əlimdəki ordeni alıb arvadına tərəf tulladı  və tərs kimi,orden Maşaya yox,araq dolu stəkana dəydi.Və ordenin stəkana dəyməsi ilə,araq dolu stəkanın kağız süfrəyə aşması bir oldu…Və əsl mərəkə də bundan sonra başladı.Karpenko qəzəblə arvadının üstünə yeridi və sol əli ilə arvadının ağzının üstünə var gücü ilə bir yumruq vurdu.Ərindən yumruq zərbəsi almış Maşa elə qışdırdı ki…Yox,buna qışqırtı demək olmazdı.Allaha açıq getməsin,Maşa ölümcül zərbə almış köpək kimi zingildəyə-zingildəyə,ərinə yumruq,sillə atmağa başladı.Ağzı-burnu qanın içərisində olan Maşa,həm də dayanmadan ərinin üzünə tüpürürdü.Tüpürcəklərinin bəzisi süfrəyə düşürdü.Korpenko get-gedə özündən çıxırdı.Ər-arvad əlbəyaxa olub evin içərisində süpürləşirdilər.Kolya da əsəbiləşmişdi.Əlindəki qoltuq ağacını irəli uzada-uzada atasının ünvanına:

       -Ubyu tebya…Ubyu tebya…- deyərək qışqırırdı.Bütün bədəni gərilmiş yazıq Kolyanın gözləri az qala hədəqəsindən çıxacaqdı.

       Amma ər arvadın gözünə nəinki Kolya,nəinki mən,ümumiyyətlə,deyəsən heç nə görünmürdü.Bir-birlərini necə gəldi çırpırdılar.Karpenkonun zərbələrinə Maşa necə dözürdü?- bu bir sirri xüda idi.İndi Maşanın təkcə ağzı,burnu,sinəsi yox,paltarı,hətta süfrə,hətta döşəmə də…qan ləkələri içərisində idi…Yazıq Kolya,ayağı yox ki,durub anasını müdafiə eləsin.Elə:

       -Ubyu tebya,ubyu tebya- deyərək qoltuq ağacı ilə atasını vurmağa çalışırdı…Nəhayət dözməyib qoltuq ağacını var gücü ilə atasına tərəf tulladı və qoltuq ağacı atasına yox,üstündən cəmi 100 qram götürülmüş (bayaq süfrəyə dağılan) araq butulkasına dəydi.Zərblə tullanmış qoltuq ağacının butulkaya dəyməsi ilə butulkanın süfrədən “uçub” otağın küncündəki polad qaz sobasına çırpılaraq çilik-çilik olması bir oldu…

       Daha mən burada qala bilməzdim.Qaçaraq onların həyətindən çıxdım.Dilim dodağım təpimiş halda evimizə gəldim.Atamın –Ordeni qaytardın?- sualına qeyri-ixtiyarı halda:

       -Qaytardım- dedim.

       -Karpenkonun özünə verdin?

       -Hə.

       -Nə dedi?

       -Heç nə.

       Həmin gecə səhərə qədər yata bilmədim.Mən ki,o davanı gördüm,o davada nəsə bir xəta baş verəcəyini,ya Maşanın,ya Karpenkonun,ya da Kolyanın öləcəyini düşünürdüm.Karpenkonun gözü elə qızmışdı ki,arvadını boğub öldürə bilərdi.Maşanın gözü elə qızmışdı ki,ərini bıçaqlaya bilərdi.Kolyaya da nəsə ola bilərdi…Hava açılar-açılmaz geyinib qorxa-qorxa küçəyə çıxdım…Şükür ki,sakitlik idi.

       O hadisə mənə çox ağır təsir etmişdi.Onlarla üz-üzə gəlməkdən həm utanır,həm də çəkinirdim.Amma narahatlığım,əndişəm yersiz imiş.Bir neçə gündən sonra Karpenko ilə də,Maşa ilə də üz-üzə gəldim.Sanki o hadisə heç olmamışdı- hər halda özlərini heç nə olmamış kimi aparırdılar.Yəqin belə hadisələrə öyrəncəli idilər.Kolya da həmişəki Kolya:

       -Salam qoşi (Kolya qonşu yox,qoşi deyərdi),nə var,nə yox?..

       Bax belə…

       Həmin hadisədən heç iki il keçməmiş Karpenko qəfildən dünyasını dıyişdi.Gecə yatıb səhər durmamışdı…Ərinin ölümündən sonra,onsuz da özünü güclə idarə edən,yeriməyə çətinlik çəkən şişman Maşa da xəstələndi.Üç ilə yaxın yataq xəstəsi kimi yatdı.Nəhayət günlərin bir günü o da dünyasını dəyişdi.O zaman səhv etmirəmsə 10-cu sinifdə oxuyurdum.Maşanı da,qəsəbəmizdəki rus qəbristanlığında,ərinin yanında dəfn etdilər…

       …Üstündən illər keçdi…

       1980-ci illərin ortaları idi.Mən artıq  qəsəbəmizdəki İnternat məktəbində müəllim işləyirdim…Artıq yaşa dolmuş,arıqlamış,xəstəhal Kolya da,daha küçəyə əvvəllərdə olduğu kimi tez-tez çıxmırdı.Təbii ki,aldıgı təqaüdlə dolanırdı və onun üçün bazarliğı həmişə Petya adlı bir dostu edirdi.Petya da fiziki qüsurlu  biri idi,amma Kolyadan fərqli olaraq o, yeriyə bilirdi.Əsl sadiq dost elə Petya kimi olardı.Hətta Kolyanın paltarlarını da o yuyurdu,hətta çimməyinə də kömək edirdi…Petyanın da Kolya kimi heç kəsi yox idi…

       Bax,həmin ərəfələrdə,günəşli,eyni zamanda küləkli,tozlu-torpaqlı,həm də çox darıxdırıcı bir gündə Kolyanın qapılarının ağzında,əlil arabasında (Hökumət ona əlil arabası vermışdi) əyləşdiyini gördüm.Onu görməyimə sevindim.

       Kolya özü də bu dəm darıxdırıcı payız fəslinə bənzəyirdi.

       -Salam Kolya.

       -Salam.
       -Necəsən Kolya?

       -Belə də… –Kolya həmişəki kimi cavab verdi.

       Artıq bəlalı Lenin ordeni məsələsini hamı unutmuşdu.Amma mən unutmamışdım… Məni gerçəkdən də o ordenin taleyi çox maraqlandırırdı…

       -Popirosun var?

       -Var Kolya.

       Cibimdən “Radopi” siqareti çıxarıb Kolyaya uzatdım.

       -Mən bundan çəkə bilmirəm.Mənimki “Prima”dır.

       -Onda gedim sənin üçün “Prima” alım. –Sidq ürəkdən dilləndim.

       -Yox,lazım deyil,Petya alıb gətirməlidir.

       -Onda bundan çəkmirsən?

       -Yox.

       -Kolya…

       -Nədi?

       -Səndən bir söz soruşa bilərəm?

       Kolya təəccüblə mənə baxdı.Üzündəki ifadədən –Məndən söz soruşmaq nə vaxtdan icazə ilə olub – ifadəsini oxudum.

       -Kolya,o ordenin axırı necə oldu?

       -Hansı ordenin?

       -Mənə verdiyin ordenin.O Lenin ordeni indi hardadır?

       -Orda –Kolya çiynini atladan gülüşlə gülüb yaxınlıqdakı kanalizasiya lükünü (qapağını) göstərdi.

       -Başa düşmədim, Kolya.

       -Nəyi başa düşmürsən? Sən Lenin ordenini soruşursan,mən də deyirəm ki,həmin orden kanalizasiyanın içərisindədir.

       -Zarafat edirsən?

       -Nə zarafat…düz sözümdü.

       -Ordeni ora kim atıb ki?

       -Atam.

       -Bir düz-əməlli danış, Kolya.Heç nə başa düşmürəm.

       -Danış deyirsən danışım də…- Kolya bir anlıq susdu.Gözləri yol çəkdi.Mənə danışacağı hadisəni yadına salırdı sanki…

– Bir dəfə atam yenə möhkəm içmişdi.Piyan idi.Atam çox içəndə anam həmiçə nervçat olurdu.Sən özün görmüsən ki… – Demək o qanlı əhvalat Kolyanın yadından çıxmamışdı- Televiziyada da Brejnev danışır.Atam başladı Brejnevi söyməyə.

       -Niyə söyürdü ki,Brejnevi?

       -Nə bilim…Acığı gəlirdi Brejnevdən…Anamda  bir xasiyyət var idi.Atam piyan oldu,olmadı, kimisə söyəndə,anam həmin adamı atamın acığına tərifləyirdi.Atamın acığına anam hər şeyi tərsinə edirdi. Qəribə adam idi anam.Əslində anamın da Brejnevdən acığı gəlirdi.Amma atamın acığına həmin gün anam  Brejnevi  təriflədi.Təki atam hirslənsin…Atam nervçat oldu.Başladı Brejnevi yıxıb sürüməyə.Anam da deyir ki,Brejnev sənə nə pislik edib? Sənə o boyda Lenin ordeni verib,ona görə söyürsən?

       Atam:

 -O ordeni mənə zəhmətimə görə veriblər- dedi.

       -Yox,Brejnev verib.

       -Sənə dedim ki,o ordeni mənə zəhmətimə görə veriblər.Özü də Brejnev yox,Sovet dövləti verib.Brejnev kimdi? Anam da başladı,nə başladı:

– Sən nə pis adamsan.Brejnev sənə o boyda orden verib.Sənə verilən ordenin dokumentinə o qol çəkib. O razı olmasaydı,kim idi sənə o ordeni verən?

       Kolya susdu.Yola baxdı:

       -Bu Petya da gəlib çıxmadı ki…

       -Sonra nə oldu Kolya?

       -Nə olacaq?Anamın bu sözündən sonra görərdin atam necə hirsləndi.Başqa vaxt olsaydı  o ordeni günlərlə axtarsaydı da tapa bilməzdi.Həmin gün isə elə bil əli ilə qoymuşdu ordeni.Şfonerdən,ayaqqabı qutusunun içərisində olan Lenin ordenini də,ordenin dokumentini də  götürüb ayaqyalın küçəyə çıxdı.Bax,o lükün deşiyi var ha…bax,o deşikdən knijkanı da,ordeni də  kanalizasiyanın içərisinə tulladı.

       Mən mat-mat Kolyaya baxırdım:

       -Bəs sonra atan peşiman olmadı?

       -Peşiman olub olmamağının nə mənası?

       Belə…Kolya,başıbəlalı Lenin ordeninin acınacaqlı taleyini danışıb dərindən ah çəkdi.

       -Of…Axır ki…-Kolya baxan tərəfə baxdım.Əyri pəncəli Petya tələsik addımlarla bizə tərəf gəlirdi.Əlində Kolya üçün aldığı 7 qutu “Prima” popirosu var idi.

         O günəşli, küləkli,tozlu-torpaqlı və eyni zamanda çox darıxdırıcı  olan payız günündən 30 ildən artıq vaxt keçir.İndi Kolya da həyatda yoxdur.Onu da,qəsəbəmizdəki rus qəbristanlığında (indi qəsəbəmizdə tək-tük rus yaşayır) anası ilə atasının yanında dəfn ediblər.Onun ata-anasının məzarının baş ucunda,təxminən 1 metr hündürlüyündə  dəmir xaç var… Kolyanın məzarının baş ucunda isə heç dəmir xaç da yoxdur.Təkcə kiçik bir baş daşıdır.Kolyanın baş daşına  çox primitiv şəkildə (sanki mismarla)  adı,atasının adı və soyadı yazılıb:

                          “Nikolay (Kolya) İvanoviç Karpenko”

       Küləyin,yağışın,günəşin ovduğu,üstündəki yazıları belə güclə oxunan baş daşında Kolyanın nə doğum tarixi yazılıb,nə də ölüm tarixi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest