Lövbərsiz gəmi – Bəhram Rəsulov

Lövbərsiz gəmi

Lövbərsiz gəmiyəm, üzürəm çayda,
Qorxudur əks əsən küləklər məni.
Məqsədim limana çatmaq olsa da,
Aparır tərsinə fələklər məni.

Dalğalar qəsdimə çıxıbdır yaman,
İmkan da vermirlər – üzüm mən rahat.
Sanma, yoxdur lövbər, çatmaram daha,
Gəl sil bu istəyi, düşünmə heç, at.

Arzular limanda dolaşdı, qaldı,
Köhnə xatirələr yenə canlandı.
Sonsuz ümidlərim qalxdı, ucaldı,
Bəhramı bu yolda görən anladı.

                İttiham
Təbiət qoynunda gəzdikcə gəzdim,
Yox idi sənintək belə bir gözəl.
Zahirən nur olan, daxilən zülmət,
Bağışla, adına yazıram qəzəl.

Hissimlə yaşadım, aldatdın məni,
Hardan biləydim ki, şeytan olmusan.
Üzü parıldayan, zülmət nurunun,
Altında dayanıb qəmə dolmusan.

Cildini dəyişib, insan cildində,
Don geyib, şəhvətə yollar açmısan.
Zəif insanların qəlbinə girib,
Gah sağa, gah sola, yana qaçmısan.

Neçə insanların ürəyinə də,
Ad yazıb, adını mələk qoymusan.
Günahdan yoğrulan eybəcər məxluq,
Yazıq adamların gözün oymusan.

Vətən övladları!

Cığır salırdılar,
Şəhid olurdular,
Qarda qalırdılar.
Vətən övladları!

Tarix yazırdılar,
Bəzən azırdılar,
Səngər qazırdılar.
Vətən övladları!

Şuşa yollarında,
Əsgər qollarında,
Dağın kollarında.
Vətən övladları!

Həsrət qoxuyurdu,
Məktub oxuyurdu,
Mərmi toxuyurdu.
Vətən övladları!

Kama çatırdılar,
Çaxmaq çaxırdılar,
Güllə atırdılar.
Vətən övladları!

          Xatirələr yaşadır

Necə unudum ki, keçmişi indi,
Axı, xatirələr yaşadır məni.
Dəyişib zamanla xasiyyətini,
Guya tanımayıb heç vaxtı səni.

Bədbin adamların sayı çoxalıb,
Narazı-narazı gəzirlər, vallah.
Şükür yox dilində, çəkmir əziyyət,
Bağışla, əfv elə, bunları Allah.

Biri önə gedir, çatmaq istəyir,
Tanrıya ərz edir, şikayət edir.
Ədalət görməyir, həvəsdən düşür,
Bu adam ömrünün sonuna gedir.

Ümiddir yaşadan insan övladın,
Aparır gələcək həyata onu.
Bəxş edir sevinci, bəxtiyar olur,
Daha tez bitməyir bu ömrün sonu.

İmansız etmə məni

Yatmışdım, yuxuda fikir edirdim
Düz yollar çox idi, əksin gedirdim.
Oyanıb, Allahı zikir edirdim,
İlahi, imansız etmə sən məni.

Qəlbləri fəth etdim, yolunda azdım,
Axtardım şeytanı bir quyu qazdım.
Əhd-peyman bağladım, imandan yazdım,
İlahi, imansız etmə sən məni.

Zövq aldım hər zaman təqva-imandan,
Qaçdım hey qaçdıqca, bilin nadandan.
Mənasız sayılar, iman – zamandan
İlahi, imansız etmə sən məni.

               Ədalət yolçusu

Qaranlıq dünyalar içində gəzdim,
İşıqlı dünyadan görən olmadı.
Aşkar görünürdü bütün sifətlər,
Qəflət yuxusundan duran olmadı.

Yatanlar çox oldu, oyadanı yox,
Sakitcə seyr edib geri qayıtdım.
Oyatmaq həvəsim olmadığından,
Sildim bu həvəsi, qəlbimdən atdım.

Ta əzəldən belə, yuxular şirin,
Qiyamət günləri olacaq çətin.
Cansız cisimlər də gələcək şahid,
İnsanı vahimə edəcək mətin.

Elə düşünmə ki, bu bir sonluqdur,
Qayıtmaq gec deyil, dərk edin bunu.
Ədalət yolçusu olan insanın
Anlayın, cənnətdir, şübhəsiz, sonu.

        Dünyanın vəhşəti

Elə bir səkidə addımlayıram,
Sağımda ot basmış ayaq izləri,
Divarda yazılan yazılar dəhşət,
Zalım, bu dünyada, bax budur vəhşət.
Düşünmək çətindir, necə düşünüm?
Ayaqlar büdrəyir, fikirləşəndə,
Neçə gözlər indi, qəmə batıbdır,
Yuxusuz gecələr, keçirənlər çox.
Əriyir şam kimi həsrət çəkənlər,
Solumda elə bil uşaq ağlayır,
Düşmən tərəfindən çox odlar yağıb,
Yaşıl otlar belə alovla yanıb.
Bəlkə də tanrının bir qismətidir,
Qovuşur sevənlər, intizar bitir,
Şəhidlər ən Ali zirvəyə yetir!



Bəhram Rəsulov

Pin It on Pinterest