Lətifə Orucun “Oyun dövrəsi” romanı nəşr olunub
Nazim Əhmədli – Kırımınsesi – Azerbaycan
“Sirli gedişlər” romanının müəllifi tanınmış vəkil Lətifə Orucun ikinci romanı “Oyun dövrəsi” nəşr olunub.Əsərdə real həyat hadisələrinin, hüquqşünas müşahidələrinin, qanun və cəmiyyətin harmoniyası və ziddiyətləri kimi məsələlərin bədii müstəvidə həlli təqdim edilir. Dedektiv janrında qələmə alınan əsərdə həyata fəlsəfi baxış notları da üstünlük təşkil edir. Bir qumar oyunun təsvirindən başlayan romanda həyatın oyunları, insanların bu oyunda rolu, qələbəsi və məğlubiyyəti, ömürdə rast gəlinən ağ xətləri keçməyin uçuruma doğru gedən aqibətə səbəb olması hüquqşünas təcrübəsi, idrakı və bədii təxəyyülün simbiozu şəklində təqdim edilir. Romanın Zeynəb kimi güclü irdaəyə malik, Rüstəm kimi daim haqqın yanında duran, Məhəmməd kimi təmizliyi və qürurlu, süpürgəçi Fatma kimi təzadlı, Mehman kimi mənəvi zəngin, Məşdi, Natiq və Tərlan kimi uçuruma yuvarlanan obrazları müəllif ideyasının gerçəkləşməsini təmin etmişdir. Romanda Vətən müharibəsi, Şuşa zəfəri ilə bağlı məqamlarda öz bədii əksini tapmışdır. “Elm və təhsil” nəşriyyatında çap olunan romanın korrektoru Şamil Tahirli, ön sözün müəllifi fil.f.d., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözovadır.
