Küsmüş mələk  – (sənədli hekayə)


 

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Etibar ƏBİLOV

Küsmüş mələk 

(sənədli hekayə)

Sərginin dördüncü günü idi. Yenə də həmin qız “Küsmüş mələk” tablosunun qarşısında dayanmışdı. Əlində bir bağlama var idi. Diqqətlə tabloya baxırdı. Yenə də qəmli görünürdü. Sərgisi keçirilən məşhur rəssam dördüncü gün idi ki, bu qızı sərgidə görürdü. Sanki bu qız sərgiyə, qarşısında dayandığı “Küsmüş mələk” əsərinə görə gəlirdi. Arada başqa tablolara da tamaşa edirdi. Amma az qala saatlarla “Küsmüş mələk”in qarşısından çəkilmirdi.

Sərginin birinci günü möhtəşəm “Crystal Hall”da izdiham yaşanmışdı. Rəssamların göz yaddaşı güclü olur. Elə birinci gün məşhur rəssam təxminən 20 il əvvəl çəkdiyi “Küsmüş mələk” tablosunun başına yığışmış izdihamın içərisində bu qızı görmüş və təhtəlşüur hiss eləmişdi ki, bu qızla “Küsmüş mələk” tablosu arasında nəsə bir bağlılıq var. Qız hər iki əlinin barmaqlarını hindlilər sayaq, çənəsinin qarşısında birləşdirib heyrətlə, eyni zamanda kədərli bir ovqatla tabloya tamaşa edirdi.

Sərgi 10 gün ərzində nəzərdə tutulmuşdu. İkinci gün də sərgidə böyük izdiham vardı. Tələbələr, ayrı-ayrı yaşda olan insanlar, gənc rəssamlar, məktəblilər, rayonlardan, hətta xarici ölkələrdən gəlmiş insanlar hər bir tabloya maraqla tamaşa edirdilər. Bir-biri ilə hər bir əsəri müzakirə edirdilər. 60 yaşı yeni tamam olmuş, ağ saqqallı məşhur rəssam da salonda idi, hər bir işi haqqında ondan nəsə soruşanda, həvəslə izah edirdi. Kimi onunla şəkil çəkdirir, kimisi də hansısa bir əsərinin repreduksiyasına avtoqraf yazdırırdı.

Məşhur rəssam yenə də həmin qızı. “Küsmüş mələk” tablosunun qarşısında dayanan görmüşdü. Sakitcə dayanıb tabloya tamaşa edirdi. Elə bil bura yalnız bu əsərə tamaşa etmək üçün gəlmişdi. Heç kimə, heç nəyə resaksiya vermirdi.

Vəziyyət üçüncü gün də təkrar olundu.

Dediyimiz kimi sərginin dördüncü günü də məşhur rəssam həmin qızı “Küsmüş mələk”in qarşısında görəndə, özü qıza yaxınlaşmaq qərarına gəldi. Qızı bu tabloya bağlayan səbəb görəsən nə idi. Rəssam məhz bu səbəbi bilmək istəyirdi. Qız əlində səliqə ilə ağ kağıza bükülmüş bir bağlama “Küsmüş mələk”in qarşısında dayanmışdı.

Böyük salon yenə də qələbəlikdi. Şöhrəti bütün dünyaya yayılmış bu ünlü rəssam hər kəsin diqqət mərkəzindəydi. Bu sərgi, sərgidə görkəmli rəssamın özünün istirakı, onun sənətinin heyranları üçün ələ düşməz bir fürsət idi. Hamı bu fürsətdən yararlanmaq istəyirdi.

Rəssam “Küsmüş mələk” tablosunun qarşısında dayanmış qıza yaxınlaşdı və

– Salam – dedi.

Qız, ona salam verənin məşhur rəssamın özünün olduğunu görəndə, özünü itirən kimi oldu və qeyri-ixtiyari:

– Salam müəllim – dedi.

– Siz rəssamsınız? – Rəssam qızın ona müəllim deməsindən elə zənn etdi ki, qız hansısa rəssamlıq məktəbində oxuyur.

– Xeyir müəllim – Qız tələsik, bir qədər də həyəcanla cavab verdi. Əslində bu gün mən özüm Sizə yaxınlaşacaq idim. Sizinlə söhbət etmək istəyirdim.

– Amma, gördüyünüz kimi, özüm gəldim – təbiətən alicənab, müdrik və xeyirxah olan rəssam gülümsədi. Eşidirəm Sizi.

– Bilirsiniz? – Qız söhbətlə başlamağa sanki çətinlik çəkirdi heç bilmirəm hardan başlayım – çəkindiyi, həyəcan keçirdiyi aşkar hiss olunurdu… Bu vaxt ərzində onların ətrafına xeyli insan toplaşmışdı. Kimi telefonu ilə onların söhbətini yazıya alır, kimisi də müxtəlif rakuslardan gizli – rəssamın şəklini çəkirdilər.

– Mənim adım Mələkdir. Sizin çəkdiyiniz bu şəkli qız divardan asılmış “Küsmüş mələk”ə baxa-baxa əlindəki bağlamaya işarə etdi – mən gözümü açandan, lap körpəlikdən, evimizdə, çarpayımın baş ucundakı divardan asılı görmüşəm.

Qız sanki fikirlərini cəmləyə bilmirdi. Yenidən divardan asılmış “Küsmüş mələk” tablosuna baxdı. – Əlimdəki həmin tablonun surətidir. Atam mənim bir, ya iki yaşım olanda, o şəkli hardansa alıb gətirib, çərçivəyə salıb, sonra dediyim kimi, yataq otağımın divarından asıb. Başa düşürsünüz, hər gün mən bu şəkillə oyanıb, bu şəkillə yatmışam.

Qız danışığına ani ara verdi, heç kim danışmırdı.

– Ağlım kəsəndən sonra isə, anam mənə deyirdi ki, bu şəkildəki qız sənsən. Mənim uşaqlıq şəkillərimə baxsanız, görərsiniz ki, həqiqətən də, uşaqlıqda mən eyni ilə bu şəkildəki qıza oxşamışam.

Rəssam xəfifcə gülümsədi. Belə vəziyyətlərlə o, dəfələrlə qarşılaşmışdı. Dünyanın ən böyük şəhərlərində keçirilən fərdi sərgilərində nə qədər tamaşaçı, onun çəkdiyi portretlərdə özlərini “görmüşdülər”. Hətta bu fikirlərində israr da etmişdilər. Bu mövzuda nə qədər məktublar da almışdı.

Qız elə bil rəssamın ürəyindən keçənləri anladı.

– Bilirəm, Siz mənim kimi düşünən insanlarla çox qarşılaşmışsınız. Amma mənim “Küsmüş mələk” hekayəm, onların hekayələrindən tamamilə fərqlidir.

– Mən Sizi başa düşürəm. – Rəssam mehribanlıqla dilləndi.

Qızın bayaqkı çəkinkənliyi ötüb keçsə də, həyəcanı hələ keçməmişdi. Əksinə…

– Bilirsiniz, mən özümdə bu şəklin, mənim şəklim olduğuna əmin idim. Hətta evimizə gələn qonaqları, yataq otağıma aparır – baxın, bu mənim şəklimdir – deyirdim. Mən uşaqlıqda çox dəcəl birisi olmuşam.

Yenə də bir anlıq susdu. Yenə də xəyala daldı.

Təxminən 4 yaşıma qədər. 4 yaşında uşaq hər şeyə inanan olur. Mən də inanmışdım. Amma günlər keçdikcə düşünürdüm ki, deyəsən valideynlərim məni aldadır.

Rəssam güldü. Amma onun gülüşündə bu qızın uşaqlıq məsuliyyətinə açıq-aşkar bir rəğbət hissi duyulurdu.

– Məni belə düşünməyə vadar edən, bax qız yenidən tabloya tərəf döndü – bu qanadlar idi. Şəkildəki qızın qanadları var idi. Mən özümü əvvəllər olduğu kimi inandırmaq istəyirdim ki, onlar qanad deyil, aydır. Amma o ay, eyni zamanda qanada bənzəyirdi. O zaman artıq 5 yaşımın ərəfəsində idim.

– Bəs sonra nə oldu?

Rəssam üçün də, bu söhbətə qulaq asanlar üçün də qızın söhbəti o qədər maraqlı idi ki… Rəssamın sualına qızın nə cavab verəcəyi hamını eyni dərəcədə maraqlandırırdı.

– Sizə dedim axı, mən uşaqlıqda çox dəcəl idim. Mənə çoxbilmiş deyirdilər. Uşaq ağlımla başa düşdüm ki, bu sualımın əsl düz cavabını mənə atam verə bilər. Niyə belə fikirləşirdim? Bilmirdim.

– Atanızdan soruşdunuz? – Tamaşaçılardan kimsə hövsələsizlik elədi.

– Soruşdum… Atam – qanaddır – dedi.

Tamaşacılardan bir necə qız, bir filmdə gördükləri təsirli səhnədən həyəcanlanıbmış kimi içlərini çəkdilər.

– Bilirsiniz nə hala düşdüm? Valideynlərimdən məni bu qədər vaxtı aldatdıqları üçün küsdüm. Yazıq anam (atam soyuqqanlı adam idi. Neft daşlarında işləyirdi. Günlərlə evdə olmurdu) məni inandırmaq üçün daha nə qədər səbəb gətirirdi. Qızım – deyirdi – Sənin adın nədir? Mələk. Mələklər də qanadlı olur. Sən anadan qanadlı doğulmuşdun. Sən lap körpə olanda, həmişə uçmaq istəyirdin. Mən də, atan da sənin uçub getməyindən, göydə azacağından, geri – evimizə qayıda bilməyəcəyindən qorxurduq… Şəklə bax. Bir dəfə də səni uçmağa qoymadığımız üçün, dizlərini qucaqlayıb beləcə küskün oturmuşdun. Bax, bu şəkil də o vaxt çəkilib.

– Mənim qanadlarım yoxdur axı? Hanı mənim qanadlarım?

Mən israr edirdim. Belə olanda, anam məni təskin etmək üçün, növbəti yalanı danışdı.

– Mən də, atan da nə vaxtsa sənin uçub getməyindən qorxduğumuz üçün, bir gün gecə, sən yuxuda olanda sənin qanadlarını qopardıq.

– Belə bir şeir də var – Rəssam dilləndi. Türk şairi Faruk Nafiz Camlıbel yazıb.

– Bilirəm müəllim… həmin şeiri mən sonralar oxudum. Əzbər də bilirəm.

– Maraqlıdır, bəs sonra nə oldu?

– Sonra mən depresiyaya düşdüm. Yemək yemirdim. Otaqdan bayıra çıxmırdım, heç kəslə danışmaq istəmirdim.

Elə bil uşaqlıq dünyamın ən əziz xatirəsini məhv etmişdilər. Qəribəsi bilirsiniz nədir? Gecələr yuxuda mən özümü qanadlı görürdüm. Anamın mənə danışdığı yalan yuxularımda gerçəyə çevrilirdi. Uçduqca uçur – göydə qanad çalmaqdan yorulmurdum. Yuxularımda o qədər xoşbəxt olurdum ki… Mən valideynlərimin bu hərəkətini onlara bağışlaya bilmirdim. Siz indi atamla, anamın vəziyyətini düşünün. Onlar başımın üstündəki bu şəkli əlində tutduğu bağlamanı göstərdi, götürüb gizlətdilər. Amma bu şəklə mən o qədər bağlanmışdım ki, inad etdim. Şəkli yenidən gətirib yerinə asdılar. Amma müəllim – Qızın səsi titrədi. O uşaq inadıma görə valideynlərimə o acıları yaşatdığıma görə, özümü heç cür bağışlaya bilmirəm.

Qızın birdən-birə belə kövrəlməsi, səsinin titrəməsi, rəssama, hətta onların ətrafına yığışmış adamları da narahat etdi.

– Bayaq Sizə demədim. Məni həkimə də aparmışdılar. Həkim məndəki halın tezliklə keçib gedəcəyini demişdi. Sadəcə məsləhət görmüşdü ki, məni tez-tez təmiz havada gəzintiyə çıxarsınlar, insanlarla, xüsusilə yaşıdım olan uşaqlarla ünsiyyətimə şərait yaratsınlar. Həkim imkan olarsa bir neçə gün kiçik uşaqları olan qohum evlərində qonaq qalmağımı da məsləhət görmüşdü. Həmin vaxtlar idi… Bibim Sumqayıtda yaşayır. Atamın maşını ilə bibimgilə qonaq getdik. Yağışlı bir payız günü idi… Mən ailənin tək övladı olmuşam. Bibimin isə üç qızı var idi. Mən həmişə onlarla ünsiyyətdə olmağı çox xoşlayıram. Axşama qədər onlarda qaldıq. Sonra anam dedi ki, Mələk, sən iki gün bibingildə qalacaqsan. Mən razılıq verdim. Onlar gecə yola düşdü.

Qızın səsi yenidən titrədi.

– Həmin yağışlı gecənin səhəri atamın idarə elədiyi maşın qəzaya düşmüşdü. Anam da yanında imiş. Hansısa marketə gedirmişlər. Qış geyimləri almaq üçün.

Qız danışa bilmədi. Cibindən yaylığını çıxarıb gözlərinə tutdu. Çiyinlərinin titrəməsindən ağladığı bilinirdi.

Rəssam da, ətrafda olanlar da heyrətlərindən donmuşdular. Rəssam nə edəcəyini bilmirdi. Qızı necə ovundura biləcəyini kəsdirə bilmirdi.

Qız nəhayət ki, özünü ələ ala bildi.

– İstəməzdim ki, mənim bu kədərli əhvalatım Sizin ürəyinizi sıxsın. Ümumiyyətlə, mən bu kədərli əhvalatı kiməsə danışmağı xoşlamıram. Amma Sizə danışmağa ürəyimdə bir zərurət hiss elədim. Mən valideynlərimin vəfatından sonra, bibimin himayəsində yaşayıram. Bu il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Sizin bütün yaradıcılığınızı izləyirəm. Sizin bütün uğurlarınıza sevinirəm. Sizi özümə doğma bir insan bilirəm.

Rəssam xəfifcə ah çəkərək.

– Sizə təşəkkür edirəm – dedi.

– İndi məni bura gətirən əsas səbəbi deyim Sizə. Deyim ki, hər şeyə rəğmən “Küsmüş mələk”i get-gedə daha çox sevməyə başladım. İndi bu əsər, mənim ən çox sevdiyim rəsm əsəridir. Özümü bu şəkilsiz təsəvvür belə edə bilmirəm. “Küsmüş mələk” mənim həyatımın bir parçasıdır. Bu əsər mənim əziz xatirələrlə dolu uşaqlıq dünyamdır. Atalı-analı illərim bu şəkildə cəmlənib hətta məndə belə bir təsəvvür var ki, atamla-anamın ruhları hər gün, otağımdakı bu şəklə baş çəkir. “Küsmüş mələk”lərinin könlünü almağa çalışırlar… Onu da bilirəm ki, onların ruhları istədiklərinə nail də olurlar. Bir müddət əvvəl şəklin çərçivəsinin köhnəldiyini gördüm. Çərçivəni dəyişmək qərarına gəldim. Şəkli çərçivədən çıxartdım.

Və şəklin arxasında anamın əl yazısını gördüm. Ölümündən bir qədər əvvəl yazıbmış. Mən depresiyada olan zaman.

Qız danışa bilmirdi. Titrək əlləri ilə çərçivəni bükdüyü ağ kağızı açdı.

– İstəyirəm o yazını Siz də oxuyasınız.

Qız… “Küsmüş mələk” tablosunun surəti vurulmuş çərçivəni rəssama uzatdı. Rəssam çərçivəni alıb ətrafa baxdı və axtardığı adamı tapıb.

– Aqşin, bu çərçivənin arxasını aç – dedi.

Aqşin rəssamın tələbələrindən idi. Səliqə ilə çərçivənin arxalığını çıxarıb “Küsmüş mələk”in surətini ehtiyatla götürərək rəssama verdi.

Məşhur rəssam şəklin arxasındakı yazını oxudu.

“Mələk, qızım. Sən bil ki, anan sənə həmişə həqiqəti deyib. Bu sənin şəklindir. Böyük qız olanda, buna sən özün də əmin olacaqsan. İmza Səni hamıdan çox istəyən anan”.

Rəssam şəkil əlində bir müddət dayanıb qaldı. Sonra stula əyləşdi. Pencəyinin döş cibindən qələmini çıxarıb, Mələyin anasının yazdığı yazının altından bu sözləri yazdı.

“Mələk, qızım. Anan düz deyib. Bu sənin şəklindir. Mən bu tabloda sənin şəklini çəkmişəm. Amma sənə bir tövsiyyəm var. Küsmüş mələyin könlünü almaya çalış. Belədə atanla ananın ruhunu sevindirmiş olarsan, – yazdıqlarını tələsmədən oxudu. Sonra imzasını və tarixi yazdı: Sakit Məmmədov. 18 mart, 2019-cu il

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest